Azərbaycanca

Əbülfət Mədətoğlu: “Minlər ölməlidir ki, milyonlar yaşasın”

17.02.2014 | 10:54

1392619979_ebul1992 – ci il fevral ayının  17-də mənfur düşmənimiz olan ermənilər Xocavənd rayonunun Qaradağlı kəndi ərazisini işğal etdi. Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 km qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə , Xonaşen çayının sahilində yerləşir.

 Əslən Xocavənd rayonundan olan şair, publisist, əməkdar jurnalist Əbülfət Mədətoğlu “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verdi:

 

– Fevral ayı Azərbaycan tarixinə ağrılı-acılı günlərimizi xatırladan ay kimi daxil olub. Bu ayda XX əsrin ən böyük qətliamı Qaradağlı  və Xocalı faciəsi baş verib. Qaradağlı faciəsi barədə sizin fikriniz bilmək istərdik?

 

Fevral ayı milli təqvimdə kiçik çillə kimi qeyd olunur. Kiçik çillə də hər zaman özünün qar-çovğunu, qada-balası ilə yadda qalıb. Kiçik çillə hədə-qorxu ilə qədəm qoyub.  Görünür, bizim faciəmizin bir hədəsidə oradan gəlib ki, fevral ayında olub.  1988-ci il fevralın 9-da Xankəndində ilk mitinq olub. Elə fevral ayında da ermənilər öz istəklərinə çatır. Bu paralellik bilmirəm təsadüfdür yoxsa, həyatın yazısıdır. Bu ayda ermənilər həm Qaradağlını, həm də Xocalını işğal edir.

 

Qaradağlı Füzulidən Xankəndinə, Şuşaya gedən yolun üstündə yerləşir. Bu kənd strateji bir mərkəz idi. Gedib gəlmək ermənilər üçün  qorxulu olub. Ona görə də, onlar geniş əl-qol aça bilmirdilər.  Bütün güclərini toplamışdılar ki, Qaradağlını yolun üstündən götürüb,  Martunuya və oradan Tuğ kəndinə keçib rahat hərəkət etsinlər.

 

Onların öz məqsədlərinə çatmasında ruslar yardımçı oldu. Qaradağlı işğal olunana qədər yaşadığı bütün zülmləri mən ancaq Xatın kəndinin zülmləri ilə eyniləşdirə bilərəm.  Xatın kəndində hər dəqiqədən bir sükutu pozan zəng mənə Qaradağlıda  silos quyusuna atılan 78 nəfərin fəryadını xatırladır. Qaradağlı işğal olunanda ermənilərin necə şadyanalıq etdiyini unuda bilmirəm. Qaradağlı işğal olunan zaman ermənilərin bir-birinə verdiyi göz aydınlığını biz rabitə vasitəsilə eşidirdik.

 

Ermənilər bir-birlərinə göz aydınlığı verərək, deyirdilər ki, yollar açıldı və Martuniyaya rahat gedib-gələ bilərik.  Qaradağlı faciəsi ermənilərin əl-qolunu daha da açdı.

 

Beləliklə, mənfur düşmənimiz olan ermənilər Stepanakerd yolu ilə Xocalıya daha rahat hücum etdilər. Çünki arxada onlar üçün əlavə təhlükə yox idi. Qaradağlının işğal olunmaması üçün mübariz döyüşçülərimiz var gücləri ilə vuruşsalar da biz, Qaradağlını itirdik. Qaradağlı gözümüzün qabağında süqut etdi…

 

Qaradağlı faciəsi, həm huquqi, həm də elmi cəhətdən necə araşdırılıb?

 

Gəlin etiraf edək ki, biz özümüzdən başqa, heç kimin yanında bu gerçəkliyi sübut edə bilməmişik. Çünki dünya Xocalı faciəsini indi-indi qəbul etməyə başlayır. Qaradağlı  Xocalı ilə müqayisədə qismən az itki verdiyindən və coğrafi məkanı kiçik olduğundan Xocalının kölgəsində dayanıb. Amma heç kim fikirləşmir ki, birinci addım olmadan ikinci mümkün deyil. Əvvəlcə Qaradağlı işğal olundu və  sonra ermənilərin əli-qolu açıldı. Ona görə də biz Qaradağlını hələ  öz daxilimizdə tanıyırıq.

 

Bəlkə Azərbaycanda elə insanlar var ki, Qaradağlı faciəsi barədə məlumatsızdırlar. Çünki bizdə təbliğat başqa səmtə yönəlir. Yəni birini deyib, digərini unuduruq. Əksər insanlar Xocavəndlə Xocalını qarışdırır.

 

-Əbulfət müəllim, sizdə Qaradağlısınız. O bölgədən olan həmyerlilərinizlə əlaqəniz varmı?

 

Təbii ki, mən Xocavənd bölgəsinin sakinləri ilə əlaqə saxlayıram. Mənim valideynlərim Yeni Xocavənd qəsəbəsində yaşayır. Mən sizə fakt deyim ki, Dağlıq Qarabağın yeganə işğal olunmamış ərazisi Xocavəndin aran hissəsidir. Qaçqın qəsəbələri də məhz bu ərazidə salınıb. Şəhərdə yaşayan insanlar öz həmkəndlisinin, ellisinin yanına qayıdır. Mənim valideynlərim ona görə Xocavənddən ayrılıb Bakıya gələ bilmir ki, onlar doğma torpağın gözəlliyini heç bir yerə dəyişə bilmirlər. O bölgədə yaşayan insanlar öz doğma torpağını tərk edə bilmir. Ən dəhşətlisi odur ki, insan artıq torpaq dərdinə alışıb. Biz o dərdin müalicəsi ilə vaxtında məşğul olmadıq. Müəyyən siyasi oyunlar bizi o dərdə öyrəşdirdi. İnsanın dərdə öyrəşməsi çox təəssüfedici haldır.

 

– Müasir dövrün gəncləri Qaradağlı faciəsindən xəbərsizdirlər. Gənclərimizin xalqımızın başına gələn faciələrdən xəbərdar olması üçün nə etmək lazımdır?

 

Mənəviyyatımızı erroziyaya uğrayır. Ekranlarda yayımlanan bayağı verilişlər bizi mənəvi cəhətdən uzaqlaşdırır. Biz, ilk növbədə özümüzə qayıtmalıyıq. Məşhur bir deyimde deyilir ki “Türk özünə qayıdanda  böyük olur”. Biz birinci mənəviyyatımızı müalicə etməliyik ki, kimliyimizi bilək. Bunu edə bilsək onda Qarabağ dərdinin müalicəsini tapa biləcəyik.

 

– Xocavənd rayonunun Tuğ kəndi  qədim tarixə malikdir. Doğulub, boya başa çatdığınız Tuğ kəndindən uzaq düşmək sizin üçün çətin deyilmi?

 

Balığı suda çıxaranda necə çırpınırsa, biz də elə yaşayırıq. Hərdən dostlarıma həsəd aparıram ki, onlar şənbə-bazar günlərində öz rayonlarına istirahətə gedir. Amma mənim getməyə yerim yoxdur.

 

– Əgər ölkə başçısı sərəncam imzalasa ki, işğal altında olan torpaqlarımızın geri alınması üçün əli silah tutan hər bir kəs döyüşə yollanmalıdır. Sizin bu qərara münasibətiniz necə olar?

 

Müharibə şinelini geyinib döyüşdə iştirak etmişəm. Barıt qoxusu mənim üçün təzə qoxu deyil. Təki döyüş əmri verilsin. Ayrı heç nə istəmirik. Biz düşünmədən döyüşə yollanarıq.  Minlər ölməlidir ki, milyonlar yaşasın.

 

 

 

Günel Cəlil

  

“KarabakhİNFO.com”

 

 

17.02.2014 10:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*