Azərbaycanca

Əflatun Amaşov dezinformasiya yayan saytların adlarını çəkdi

05.09.2014 | 17:27

Aflatun_Amasho_v_021009_4gBu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib.
“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalını APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin media nümayəndələri ilə görüşü barədə danışıb. MŞ sədri bildirib ki, görüşdən bir həftəyə yaxın vaxt keçib və ümummilli məsələlərlə bağlı səslənən fikirlərin KİV-də hansı dərəcədə nəzərə alınması əhatəli müzakirə olunub: “Biz bu tədbirdə daha çox bundan sonra neyləməli olduğumuzu müzakirə edib, media rəhbərlərinin konkret təkliflərini dinləmək istəyirik. Ümummilli məsələlərdə kütləvi informasiya vasitələri eyni mövqedən çıxış etməlidir. Təəssüf ki, cəbhə bölgəsindən gələn xəbərlərdə kifayət qədər anlaşılmazlıq, dağınıqlıq vardı. Yanlış xəbərlər ictimaiyyət arasında çaşqınlıq və ruh düşkünlüyü yaradır”.

 

 

Ə.Amaşov atəşkəsin pozulması, hərbi əməliyyatlar haqqında xəbərləri qeyri-peşəkar şəkildə yayan saytların adlarını çəkib: “Əsasən bu xəbərləri “azinform.az”, “gündəmxeber.az”, “sfera.az”, “veteninfo.az”, “olke.az” və s. saytlar tirajladılar”.

 

 

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da bu il avqustun əvvəlində ermənilərin cəbhədə törətdikləri təxribat zamanı medianın peşəkarlıq probleminin üzə çıxdığını bildirib. O qeyd edib ki, bu prosesdə qeyri-peşəkarlarla yanaşı məhz qəsdən və planlı şəkildə təxribat xarakterli informasiyalar yayanlar da oldu: “Bu, qəbuledilməzdir”.

 

 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında bildirib ki, elektron kütləvi informasiya vasitələrinin qeydiyyat məsələsinə yenidən baxılmalıdır: “Məsələ ondadır ki, informasiya agentlikləri, qəzetlər qeydiyyatdan keçirlər, amma saytlarda vəziyyət fərqlidir. Onlar yalnız domen alıb fəaliyyətə başlayırlar və məlum olur ki, həmin saytlar bir çox hallarda xaricdən idarə olunurlar. Təklif edirəm ki, saytların qeydiyyat məsələsinə yenidən və ciddi şəkildə baxılsın. Bəzi jurnalistlər peşəkardırlar, amma ümummilli məsələlərdə ziyan gətirən xəbərləri qəsdən yayırlar. Onlar Azərbaycan xalqının düşmənidir”.

 

 

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxışında yalan xəbər yazan resurslarla bağlı həm Mətbuat Şurasının, həm də qanunvericiliyin tələblərinə uyğun sərt addım atılmasını təklif edib.

 

 

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının üzvü Musa Qasımlı isə deyib ki, jurnalistlər cəmiyyətin onlara inandığını, yazdıqlarının tarixdə qaldığını, bu yazılarla həm də saxta tarix formalaşdırdıqlarını unutmamalıdırlar.

 

 

O deyib ki, cəbhə xəttində 11 əsgərin öldüyünü yazıb, adları açıqlamayanlar həm də orda xidmət edən minlərlə əsgərin valideyninin intizarda qoyurlar: “Mətbuatın azad olması hələ hər şeyi, xüsusilə yalanı yazması demək deyil. Bu problemlərin həlli üçün jurnalistlər məsuliyyətli olmalı və ixtisaslaşmalıdırlar”.

 

 

“KarabakhİNFO.com”

 

 

05.09.2014 17:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*