-Aqil bəy, 31 mart soyqırımı haqda nə deyə bilərsiniz? Ümumiyyətlə, bu hadisələrin baş verməsinin arxasında hansı amil və səbəblər dururdu?
-31 mart hadisəsi Azərbaycan tarixində ən faciəli hadisələrdən biridir. Düzgün olaraq bu hadisələr soyqırım adlandırılır.
Həmin dövrdə Azərbaycan xalqı məkrli düşmənlə üz-üzə qalmışdı. Bir tərəfdən, vahid və bölünməz Rusiya uğrunda mübarizə aparan şovinist ruslar, digər tərəfdən, tarix boyu çörəyini yeyib, suyunu içdiyi xalqa dönük çıxan ermənilər Azərbaycanın müstəqil dövlətə çevriləcəyi ilə barışa bilmirdilər.
Məhz buna görə də, onlar xalqımıza qarşı soyqırmına başladılar. Göyçədə, Dərələyəzdə, Zəngəzurda, Qarabağda, Bakıda, Qubada, Şamaxıda, həyata keçirilən bu soyqırımı nəticəsində 100 minlərlə günahsız insan məhv edildi.
Bakı məmləkətimizin başkəndi olduğu üçün xüsusi önəm daşıyırdı. Daşnaklar-bolşeviklər heç cür Bakını güzəştə getmək fikrində deyildilər. Onun üçün də dinc əhaliyə qarşı soyqırım tətbiq edildi. Onlar bu faciəyə müxtəlif don geydirməyə cəhd etsələr də, sinfi mübarizə kimi qələmə verməyə çalışsalar da, faciənin əsl mahiyyətini heç cür gizlədə bilmədilər. Bu hadisələrin soyqırım olduğunu hətta bolşeviklərin özləri də etiraf etmək məcburiyyətində qaldılar. Bu faciəni törətməklə isə həm etnik təmizləmə, həm də müstəqillik,milli dövlət uğrunda mübarizə aparan milli qüvvələrə, ilk növbədə isə Müsavatçılara dərs vermək istəyirdilər. Hələ o zaman S.Şaumyan yazırdı: “Azərbaycanın müstəqilliyini istəyən qüvvələr onun əvəzində xarabazar alacaqlar”
-Sizcə, ermənilər istədiklərinə nail ola bildilərmi? Əgər ermənilərin istəkləri gerçəkləşsəydi, proseslər hansı istiqamətdə cərəyan edəcəkdi?
-Bu hadisələrdən sonra aşkar üstünlüyə nail olan antimilli qüvvələr şəhərlərimizi talan edə-edə, gənc dövlətin ilk paytaxtı olan Gəncəyə doğru irəliləyirdilər. Məhz belə bir vaxtda Nuru Paşanın başçılıq etdiyi Türk-Qafqaz İslam Ordusu öz qan qardaşlarının köməyinə gəldi. Göyçay yaxınlığında ağır döyüşlərdə qələbə çalan türklər ardıcıl olaraq, şəhər və qəsəbələri ermənilərdən azad etməyə başladılar. Nəhayət, 3 ay davam edən qanlı döyüşlərdən sonra 1918-ci il sentyabrın 15-də qəhrəman türk ordusu Bakını erməni-rus hərbi birləşmələrindən azad edərək, Azərbaycanı coğrafi ərazi kimi yer üzündən silinmək təhlükəsindən xilas etdi. Əgər ermənilərin istəkləri gerçəkləşsəydi Azərbaycan adlı dövlətin və xalqın mövcudluğundan söhbət gedə bilməzdi.
-Bəs, ermənilərə qarşı hansısa müqavimət olubmu?
-Şübhəsiz ki, erməni-rus hərbi birləşmələrinə qarşı Azərbaycan oğulları məmləkətimizin hər yerində müqavimət göstərmişlər. Vedibasar bölgəsində Abbasqulu bəy Şadlinski öz silahdaşları ilə, Borçalıda İsrafil ağa, Laçında Sultan bəy və digərlərini misal çəkmək olar. Bakının özündə də düşmənlə mübarizə aparılıb. Vətənini, millətini sevən oğullar düşmənə layiqli müqavimət göstəriblər. Bu zaman Bakı qoçularının, xüsusilə Qoçu Nəcəfqulunun da igidliyini unutmaq olmaz.
Elnur Eltürk
“KarabakhİNFO.com”