Əhməd bəy Ağdamski 1884-cü ilin yanvar ayının 5-də Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Əhməd Bəşir oğlu Bədəlbəyli hələ kiçik yaşlarında ikən teatra çox böyük maraq göstərirdi. O, teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçıları sırasında öz bacarığını səylə nümayiş etdirirdi.
1910-cu ildə “Nicat” Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlamışdır. Teatrda çalışdığı illərdə o, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, H.Hacıbababəyov və sair sənət fədailəri ilə dostluq, əməkdaşlıq edirdi. Üzeyir Hacıbəyov teatr səhnəsində qadın aktrisaları olmadığı üçün çalışırdı ki, öz opera və musiqili komediyalarında qadın rolları az olsun və ya heç olmasın. Bu isə necə deyərlər, vəziyyətdən çıxış yolu demək deyildir. Şərq aləminin ilk operası olan “Leyli və Məcnun” operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi.
“Leyli və Məcnun” operasının 1909-cu ildəki proqramı. Ağdamskinin adı “Leyli” rolunda “Miri” kimi qeyd olunub
Üzeyir bəyin anası Şirin xanımla Əhməd Bədəlbəylinin anası Əzizə xanım doğma bacı idilər. Üzeyir bəy xalası oğluna üz tutur. O zaman onun ən böyük arzusu müəllim olmaq idi, lakin teatra olan məhəbbət onu səhnəyə gətirib çıxarır. O illərdə Əhməd tələbə idi, tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Belə bir icazə alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, adını “Miri” yazdırır. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski familiyasını götürür. 1934-cü ildən başlayaraq ömrünün sonunadək, yəni 1954-cü il aprel ayının 1-nə kimi Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul olur. O, Ağdaş rayonunun musiqi məktəbində tardan dərs verirdi. Ağdaşa gəldiyi gündən rayon ziyalıları arasında hörmət qazanaraq və el məclislərində yaxından iştirak edirdi. Rayona gəldiyi gündən Ə. Ağdamski kaman ustası, gözəl musiqiçi Habil Əliyevgilin evində kirayənişin qalmışdır. Uşaqlıq çağlarından Habil Əliyev onu “Əhməd əmi” deyə çağırmış, indi də xatirələrində “Əhməd əmi” kimi qalıb. Sirr deyil ki, Habil Əliyevin musiqiyə gəlişində, müşayiətçi kimi yetişməsində də Əhməd müəllimin faydalı məsləhətləri və tövsiyələri çox böyük rol oynamışdır. Onun fədakar əməyinin bəhrəsi olaraq hökumətimiz tərəfindən 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
“KarabakhİNFO.com”