Azərbaycanca

Əhməd Davudoğlu: “Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün enerji layihələrindən kənarda qalıb”

22.11.2014 | 14:59

Ahmet-Davutoglu-5İstanbulda ABŞ Atlantik Şurasının (Atlantic Council) “Enerji və iqtisadiyyat” mövzusunda toplantısı keçirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, toplantıda ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyənin baş naziri Əhməd Davudoğlu da iştirak edib.

 

Ə. Davudoğlu enerji mövzusunda 3 istiqamətli təhlillə çıxış edərək 1-ci istiqamət kimi məsələnin insani tərəfini qeyd edib: “Bu gün dünya əhalisinin beşdə biri enerjidən istifadə edə bilmir. Məsələn, mən 3 il əvvəl Somaliyə gedəndə enerjinin nə qədər həyati bir ehtiyac olduğunu şəxsən gördüm. Türkiyə üçün enerji məsələsi vətəndaşlarımızın həyat standartını yüksəltmə məsələsidir. Enerji təhlükəsizliyi siyasi sabitliyin bir hissəsidir və demokratik cəmiyyətlər üçün sabitliyin, insani həyat standartlarının bir təminatıdır”.

 

 

Baş nazir məsələnin 2-ci tərəfinin iqtisadi istiqamət olduğunu söyləyib: “Bizim Türkiyə olaraq üstünlüyümüz çox çalışqan, cəsur və təşəbbüskar insan potensialına və vacib coğrafiyaya sahib olmağımızdır. Zəif tərəfimiz isə enerji asılılığımız və bundan qaynaqlanan büdcə kəsiridir. Biz enerji qaynaqlarımızı çeşidləndirmək (diversifikasiya etmək) istəyirik. Nüvə enerjisi və yenilənən enerji sahələrində ciddi çalışmalarımız var”.

 

 

Ə. Davudoğlu məsələnin 3-cü istiqaməti kimi strateji istiqamətə diqqət çəkib: “Hörmətli Bayden də gözəl ifadə etdi, enerji nəyin alətidir? Enerjidən siyasi təzyiq məqsədilə istifadə edilsə, bunun qazanan tərəfi olmaz. İstehsalçılarla istehlakçılar eyni marağa sahibdir. Bu baxımdan hamımızın eyni gəmidə olduğunun fərqinə varmalıyıq. Enerjini inkişafın bir vasitəsi olaraq görməliyik. Geosiyasət, geoiqtisadiyyat və geoenerji. Bunlar Türkiyə üçün önəmlidir. Biz ətrafımızda iki şey istəyirik: sabitlik və etibar. Türkiyə üçün sabitlikdən önəmli heç nə yoxdur. Suriya, İraq, Qafqaz, Ukrayna və Yəmənə qədər yaşanan qeyri-sabitlik Türkiyəyə neqativ təsir göstərib. Ətrafımızdakı qeyri-sabitlik və terror Türkiyəyə təhdiddir”.

 

 

Ə. Davudoğlu xatırladıb ki, 1990-cı illərdə Qafqaz və Balkanlar qeyri-sabit bölgələr kimi tanınırdı: “TANAP sayəsində bu bölgələr barış bölgəsi olaraq anılmağa başlayıb. Azərbaycan-Ermənistan münaqişəsi zonası da enerjinin sülh məqsədilə istifadə oluna biləcəyi bir yerdir. Kimsə Bakı-Ceyhana inanmırdı, amma bu layihə gerçəkləşdi. Lakin Ermənistan bu layihədən kənarda qaldı. Niyə? Çünki Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Azərbaycan və Ermənistan arasında yaranacaq əlaqələrdən ən çox məmnun qalacaq ölkə Türkiyə olacaq. Azərbaycan bu gün iqtisadi rifaha qovuşmuş ölkədir. Ermənistan da barış layihələrinin iştirakçısı ola bilər, sadəcə olaraq, siyasi iradə lazımdır. Ümid edirik ki, helikopter hadisəsindən sonra yaranan gərginlik ATƏT-in Minsk Qrupunun səyləri ilə azaldılacaq”.

 

“KarabakhİNFO.com”

 

 

22.11.2014 14:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*