Azərbaycanca

“Əkrəm Əylisli və Rüstəm İbrahimbəyov bir medalın iki üzüdür”

09.04.2013 | 10:32

1365488959_fezailZiyalılar Forumunun üzvü, “Daş yuxular” əsərinin müəllifi Əkrəm Əylisliyə erməni cəmiyyətində münasibət, Ermənistanda onun haqqında kitab nəşr edilməsi, Rüstəm İbrahimbəyovun Rusiyanın “Rostbalt” informasiya agentliyinə müsahibəsi, kinorejissorun Dağlıq Qarabağ probleminin həlli barədə söylədiyi ziddiyyətli fikirlərə dair “Kaspi”nin suallarını Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı cavablandırır.

– Fəzail müəllim, bu günlərdə Ermənistanda yazıçı Əkrəm Əylisli haqqında kitab çap edilib. Bununla da Ə.Əylislinin Azərbaycanda erməni millətçilərinin mənafelərinin müdafiəçisi, Ermənistanda isə arzu edilən insan olması fikri bir daha təsdiqlənib. Sizin bu hadisəyə münasibətiniz necədir?

– Ermənistanda Əkrəm Əylisliyə aid kitabın nəşr edilməsi ona gözlənilən bir münasibət idi. Çünki “Daş yuxular”ın yazılmasıyla ermənilərə özlərinin heç arzu edə bilmədikləri, yuxularında görə bilmədikləri bir imkan düşdü. Əkrəm Əylisli milli xəyanət yolu tutan, Azərbaycana xəyanət mövqeyi nümayiş etdirən bir adamdır. Onun utanmadan, çəkinmədən axıra qədər də bu mövqeyində, bu xəyanətin üzərində israrla dayanmasından ermənilər yararlanmalıydılar. Son baş verənlər göstərir ki, artıq ermənilər bundan yararlanıblar və hələ xeyli müddət də yaralanacaqlar. Nə zaman Azərbaycan-Ermənistan münasibətləri ortalığa gələcəksə, o zaman “Daş yuxular” ermənilərin əlində ciddi bir silah kimi bizim əleyhimizə istifadə olunacaqdır. Buna şərait yaradan Əkrəm Əylisli əslində ermənilər içində yaşasaydı, bu, onun üçün daha məqbul olardı. Çünki onun Azərbaycanla hər hansı bir bağlılığı yoxdur. Damarlarından Azərbaycan qanı axan, özünü Azərbaycan vətəndaşı hesab edən hər bir kəs Əkrəm Əylisliyə çox nifrətlə yanaşır. Bu nifrəti onun özü qazanıb. Ona görə də şübhə etmirəm ki, Azərbaycanda bu nifrəti qazanan, ermənilərin tərəfində olan, daşnakların törətmiş olduqları əməllərə, vandalizmə haqq qazandıran, azərbaycanlıları vəhşi obrazda təqdim edən Əkrəm Əylisliyə nə vaxtsa Ermənistanın hansısa bir yerində heykəl də qoyacaqlar.

– Əkrəm Əylisli kimi kinorejissor Rüstəm İbrahimbəyov da erməni təəssübkeşi rolunda çıxış edir. Bəlkə bu, onların hər ikisinin Ziyalılar Forumunun üzvü olmağı ilə bağlıdır?

– Əkrəm Əylisli qədər Rüstəm İbrahimbəyov da Azərbaycana olan xəyanətini ortalığa qoymaqdadır. Əkrəm Əylisli və Rüstəm İbrahimbəyov bir medalın iki üzüdür. Onların hər ikisinin Azərbaycan torpağı ilə hər hansı bir bağlılığı yoxdur. Onları Azərbaycanla bağlayan yalnız Azərbaycan vətəndaşı olmaları, adlarının, soyadlarının və atalarının adlarının Azərbaycan mənşəli olmasıdır. Bundan başqa onları Azərbaycana bağlayan heç nə yoxdur. Rüstəm İbrahimbəyov kosmopolit insandır. Onun Azərbaycanın nə dünəni, nə bu günü, nə də sabahı ilə hər hansı mənəvi bağlılığı yoxdur. Onların ermənilərə məhəbbəti hələ bir neçə il bundan qabaq müsahibələrinin birində ifadə olunubdur. Hələ o zamanlar bu məsələ Milli Məclisdə çox pis qarşılandı. Həmin vaxt onun qardaşı Maqsud İbrahimbəyov da Milli Məclisin deputatı idi. Qardaşı ilə bağlı müzakirələrdə o, çıxış etmədi. Ancaq, Milli Məclisin dəhlizində ayaqüstü söhbət edəndə deyirdi ki, Rüstəm ermənilərin yanında olmaqla, onları müdafiə etməklə çox böyük səhv etdi. Rüstəm İbrahimbəyov bu gün də o ənənəni davam etdirir. Faktiki olaraq ermənilərin sözçüsü kimi çıxış edir. Azərbaycanın çətin anlarında Əkrəm Əylisli kimi Rüstəm İbrahimbəyov da xalqla bərabər olmayıb. Nə 20 Yanvar hadisələrində, nə də Xocalı soyqırımı hadisələri zamanı onların heç birini Azərbaycan xalqının yanında görmədik. Baxmayaraq ki, onların belə bir imkanları var idi. Rüstəm İbrahimbəyov həm 20 Yanvarla bağlı hadisələr zamanı Qorbaçovu vandalizmdə, vəhşilikdə, diktatorluqda, həm də Xocalı soyqırımı zamanı erməniləri, bu soyqırımı törədənləri hərbi cinayətdə ittiham edə bilərdi. Dağlıq Qarabağ münaqişəsi və bir çox hadisələrlə bağlı erməni yazıçıları Zori Balayana, Silva Kaputikyanın sərgilədiyi mövqeyə də baxın, adlarını azərbaycanlı qoyan Əkrəm Əylisli ilə Rüstəm İbrahimbəyova mövqeyinə də. Baxın görün, adları çəkilən şəxslərin ayrı-ayrılıqda millətinə, xalqına münasibəti necədir.

– Ziyalılar Forumunun yaradıcısı, kinorejissor Rüstəm İbrahimbəyov Rusiya mətbuatına müsahibəsində Dağlıq Qarabağı azərbaycanlılarla ermənilər arasında mübahisəli ərazi kimi qələmə verib. Belə fikirlər Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almırmı?

– Rüstəm İbrahimbəyov bununla növbəti dəfə çox böyük səfhə yol verib. Bu adam Azərbaycana milli xəyanət yolu tutubdur. O əvvəl-əvvəl özünün şəxsi iddialarını həyata keçirmək üçün intiqam almaq müstəvisində görünürdüsə, bu gün o daha geniş bir miqyasda Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına, millətinə qarşı total mübarizənin önündə getməkdədir. O, hətta ermənilərdən də önə keçərək bu mübarizəsini davam etdirir. Görünür, onun tarixdən qətiyyən xəbəri yoxdur. O yaxşı anlamalı və bilməli idi ki, ermənilər Dağlıq Qarabağ ərazisinə 1828-ci il Türkmənçay müqaviləsindən sonra İrandan, Türkiyədən köçürülüblər. Bununla yanaşı, həmin illərdə ermənilər Azərbaycanın digər ərazilərinə, o cümlədən Ağsu, Şamaxı rayonlarına, Qərbi Azərbaycan torpaqlarında yerləşdiriliblər. XX əsrin əvvəllərində Rusiyanın xüsusi layihəsi əsasında ermənilərin yerləşdirildiyi ərazidə- Qərbi Azərbaycan ərazisində Ermənistan dövləti yaradıldı. Bunu Azərbaycanda orta məktəbdə təhsil alan istənilən 7-8-ci sinif şagirdi də bilir. Rüstəm İbrahimbəyov tarixi faktları bilmirsə, bu, artıq onun faciəsidir. Əgər bilərəkdən belə fikirlər ortalığa gətirirsə, artıq bu, onun son dərəcə diletantlığı və öz millətinə qarşı qərəzli münasibətini özündə ehtiva edir.

– Rüstəm İbrahimbəyov müsahibəsində Dağlıq Qarabağ probleminin hərb yolu ilə həllini cinayət kimi qələmə verib. Əgər münaqişə sülh yolu ilə tənzimlənməsə, Azərbaycanın öz suverenliyini hərbi yolla təmin etməsi cinayət sayıla bilərmi?

– Qətiyyən cinayət sayıla bilməz. Mən doğrudan da Rüstəm İbrahimbəyovun bu qədər diletant olduğunu, son dərəcədə məlumatsız olduğunu təsəvvürümə gətirə bilməzdim. Görünür, Allah-təalanın ona vermiş olduğu istedadı o, konkret bir sahə üzrə məhdudlaşdırıb. Ümumiyyətlə, ən kiçicik məsələlərdə özünün ssenarisindən, kinosundan kənara çıxmayıb, ən xırda bir məlumat almaq imkanları belə olmayıb, yaxud baş verənlər barədə özündə təsəvvür formalaşdırmayıb. Dünyada cərəyan edən hadisələrlə bağlı məlumatı ya öyrənməyib, ya da bilibsə deməyib. Əslində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Birləşmiş Millət Təşkilatının nizamnaməsi ilə təsbit olunubdur. Birləşmiş Millət Təşkilatı isə dünyada beynəlxalq hüquq normalarının prinsiplərinin başlıca təminatçısı rolunda çıxış edir. Ona görə də işğal olunmuş Azərbaycan torpaqlarının istənilən bir yolla geri qaytarılması Azərbaycanın müstəsna səlahiyyətidir. Bir daha təkrar edirəm, bunu Birləşmiş Millət Təşkilatının nizamnaməsi birmənalı şəkildə ortalığa qoyur. Azərbaycanın ərazisi indiki işğal olunmuş torpaqlarımızla bərabər bütövlükdə 86,6 min kv.km həcmində Birləşmiş Millət Təşkilatı tərəfindən tanınıbdır. Belə olan halda Azərbaycanın hüquqlarına arxa çevirmək, Azərbaycanın beynəlxalq hüquq normalarına və prinsiplərinə görə öz ərazi bütövlüyünü təmin etmək səlahiyyətlərinin şübhə altına alınması Rüstəm İbrahimbəyovun savadsızlığından, məlumatsızlığından, diletantlığından irəli gəlir. Yaxud da bunu bilərəkdən, qəsdən bu şəkildə ortaya qoyur. Cinayət Azərbaycan torpaqlarını işğal edən Ermənistanın üzərindədir. Əgər Rüstəm İbrahimbəyov zərrə qədər də olsa içərisində vicdan və ədalət hissini daşıyırsa, hesab etməli idi ki, bu gün Ermənistan təcavüzkardır, bu dövlət Azərbaycan torpaqlarını işğal edib. Bayaq qeyd etdiyim kimi, Dağlıq Qarabağda yaşayan ermənilər vaxtilə Rusiya və dünyanın ayrı-ayrı yerlərindən Azərbaycana köçürülmüş olan ermənilərin bir hissəsidir. Bu torpaqlarda biz onlara imkan vermişik yaşasınlar. Əgər indi münaqişənin müharibə yolu ilə həll olunması istənilmirsə, ermənilər başa düşməlidirlər ki, azərbaycanlılarla bərabər, dincə şəkildə yaşamaq üçün mütləq Azərbaycanın ərazi bütövlüyü onlar tərəfindən tanınmalıdır, işğalçı qoşunlar oradan çıxıb getməlidir, xalqlar arasında sülh yaranmalıdır. Rüstəm İbrahimbəyov bu cür mövqe ortaya qoysaydı, olardı Nobel mükafatının halal bir sahibi. Yox, əgər Nobel mükafatının sahibi də bu cür qərəzli danışacaqsa, lənətə gəlsin o mükafat. Qorbaçovun timsalında təcavüzkarlığı müdafiə edib Nobel mükafatı alanı görmüşük. İndi də deyəsən bunu Rüstəm İbrahimbəyovun simasında görəcəyik. Burdan belə bir məntiqi nəticə çıxır ki, əgər kimsə dünyada təcavüzkarlığı, vandalizmi müdafiə edirsə, Nobel mükafatçıları sırasına daxil olur. Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun son müsahibəsində dilə gətirdiyi fikirlər ona qarşı olan şiddətin dozasını daha da artırır.

– Sizcə, milli hislərdən uzaq, Dağlıq Qarabığı Azərbaycan torpağı hesab etməyən, ermənilərlə dostluğun təbliğatçısı kimi çıxış edən və siyasi bəyanatlar verən bir şəxsin arxasınca getmək olarmı?

– Rüstəm İbrahimbəyovun arxasınca heç kim getmir. Azərbaycanda onun arxasınca gedən yoxdur. Ola bilsin özü kimi iki-üç nəfər kosmopolit adam bir yerə cəmləşiblər. Belə adamlar da Azərbaycan xalqı tərəfindən heç zaman qəbul olunmayıb. Rüstəm İbrahimbəyov Azərbaycanın ictimai həyatına, şüuruna, siyasi proseslərə təsir etmə gücündə deyil. Bu adamın istifadə edəcəyi bir özüdür, Əkrəm Əylislidir, bir də hər ikisinin kölgələridir. Bir də siyasi baxımdan onların imkanlarından istifadə etməyə çalışan bəzi adamlar var ki, istəyirlər öz məqsədlərini həyata keçirsinlər. Bu da onların fəaliyyətidir.

– Bütün bunlardan sonra müxalifətin ümid yeri kimi baxdığı, hakimiyyətdən narazı qüvvələrin uzun müddətdir təbliğ etdiyi Milli Şuranın yaradıldıqdan sonra Azərbaycanın deyil, xarici qüvvələrin maraqlarının təmin olunmasına çalışacağını iddia etmək olarmı?

– Mən belə bir Milli Şuranın yaradılmasının perspektivini görmürəm. O da indiyə qədər yaradılan bu və buna bənzər əsası olmayan, arxasında sosial dayağı, ictimai rəydə həlledici nüfuzu olmayan, bir sözlə, cəmiyyət, xalq tərəfindən müdafiə olunmayan qurumlar kimi məhvə məhkumdur. Onun hər hansı bir perspektivini görmürəm. Düşünürəm ki, bu ideya ölü uşağın dünyaya gəlməsinə bənzəyir. Yəni Milli Şuranın konkret bir real nəticə verəcəyini təsəvvür etmirəm. Hadisələrin gedişi bunun həqiqət olduğunu bir daha təsdiq edəcək.

 

 

Rufik İsmayılov

KASPİ

09.04.2013 10:32

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*