Azərbaycanca

“Ən ağır döyüşlər Cəbrayılda olub”

18.06.2013 | 14:04

1371549570_111Qarabağ bölgəsində əksər insanın tanıdığı, adı dillər əzbəri olan bir seyid var idi – Seyid Həsən Ağa. Deyilənə görə, seyid ona verilən nəzirlərin üstünə öz halal zəhmətindən də əlavə edərək kasıba, imkansıza verərmiş. Qarabağda və yaxın bölgələrdə bir çox evlərin mötəbər yerində Seyid Həsən Ağanın şəkili olardı. Bu şəxsiyyəti xatırlamağımız təsadüfi deyil. Növbəti müsahibimizlə olan söhbətin sonunda Seyid Həsən Ağanın nəvəsi olduğunu deməsi, söhbətimizin başlanğıcı oldu həm də.  

Seyid Tahir Məmmədovu Zəngilanda hamı yaxşı tanıyır. O, Qarabağ müharibəsi zamanı qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyub. Zəngilan alayında bölük komandir olmuş Qarabağ müharibəsi əlili, 7 dəfə güllə və qəlpə yarası alan, yaralı vəziyyətdə xəstəxanadan çıxıb döyüşlərə atılan, sağ qalması belə möcüzə sayılacaq Tahir Məmmədov hazırda Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin Xətai rayon təşkilatının sədridi. Onunla elə keçdiyi döyüş yolundan,  Zəngilan alayının qəhrəmanlığından, müharibənin ağrı-acılarından danışdıq…   – 1987-ci ildə Smolensk Ali Zenit-Raket Məktəbinə daxil olmuşam. 1989-cu ildə dördüncü kursun birinci semestrində oxuduğum vaxt Sumqayıt hadisələri baş verdi. Məktəbdə 16 erməni təhsil alırdı, hamısı da Xankəndindən idi, Azərbaycan dilində mükəmməl bilirdilər. Məzuniyyətə gedən ermənilərdən biri Ermənistanda dərc olunan bir jurnal gətirmişdi. Jurnalda yazılmışdı ki, guya azərbaycanlılar Sumqayıtda ermənilərə qarşı “soyqırım” törədiblər. Məktəbdə azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşdü. Azərbaycanlılar 5 nəfər idi. 5 çeçen də bizim tərəfimizi saxlayırdı. Burun sümüyümün sındığı o davada lomdan, beldən istifadə edildi. Ermənilərdən birinin başı partladı, çox ağır vəziyyətdə xəstəxanaya aparıldı. Ermənilər o davada qaçdılar. Mən Qarabağ bölgəsindən olduğuma görə, məktəbdə baş verən olayın adını siyasi oyun qoyub, günahı mənim üstümə yıxdılar.  Məni 49 sutka hauptvaxtda (əsgəri vəzifədə olan şəxsləri həbsdə saxlamaq üçün xüsusi bina) saxladılar. Ancaq məhkəmədə günahı üstümə qoya bilmədilər. Məhkəmədən sonra məni buraxdılar. Çox təəssüflər olsun ki, dördüncü kursun ikinci semestrində həmin söhbətə görə məni məktəbdən xaric etdilər, zabit rütbəsi ala bilmədim, gizir rütbəsi verdilər. Ondan sonra hospitalda “starşina” işləməyə başladım.   1991-ci ildə Azərbaycana gələn Tahir Məmmədov Ali Sovetin qərarı ilə 1991-ci il oktyabrın 9-da yaradılmış özünümüdafiə taborunun, eləcə də Zəngilanda N saylı hərbi hissə yaradıcılarından olur, maddi bazaların yaradılmasında iştirak edir. “Bir ailədən 3 qardaş, ikimiz zabit, birimiz sıravi kimi xidmətdə olmuşuq. Mən zabit kimi xidmət etmişəm. İlk dəfə avtobölüyün komandiri, daha sonra avtoxidmətin rəisi, radioələqə xidmətinin, daha sonra da döyüş texnikasının rəisi olmuşam. Sonra tank əleyhinə bölüyün komandiri, maddi təchizat bölüyünün komandiri işləmişəm. Alayın komandiri Firudin Şabanov Əfqanıstandakı sovet qoşunlarında kəşfiyyat rəisi olub, Rusiyada hərbi akademiya qurtarıb. Zəngin hərbi biliyə malik şəxsdir. Zəngilandakı hərbi hissə bir müddət Füzuli briqadasına, sonra Qubadlıya baxıb. Zəngilandakı hərbi hissə 1993-cü ilin aprelində alay olub. Mən bütün döyüş əməliyyatlarında şəxsən iştirak etmişəm. 1992-ci ilin dekabrında ermənilər Qafan istiqamətindən hücuma keçmişdilər. Şayıflı, Ağkənd, Qazançı, Canbaz, Seyidlər, Küyümqışlaq, və Pirveyisli kəndlərinə səhər saat 4-də birdən basqın etmişdilər. Həmin döyüşdə mən döş qəfəsimdən güllə yarası almışam. O zaman Şayıflı, Prisatını, Aşağı Gəlini azad etdik. Qazançı, Ağkənd qaldı. O kəndlər də neytral zonada, yaşayışı təmin etmək mümkün deyildi. Dekabrın 19-da qardaşım Aşağı Gəlidə mühasirədə qalmışdı. Aşağı Gəli Qafana yaxındır, ortadan bir çay gedir. Çayın o tərəfi Qafan, bu tərəfi Aşağı Gəli kəndi idi. O kənddə ağır döyüşlər gedib. Mən xəstəxanadan çıxıb ora döyüşə getmişəm. O döyüşdə körpücük sümüyümdən qumbara qəlpəsi yarası almışam. Şayıflı kəndinə ermənilərin hücumundan sonra 1993-cü ildə alay komandiri Firudin Şabanov bir əməliyyat hazırladı. Müdafiə Nazirliyi bu əməliyyata icazə vermirdi, əməliyyat alayda hazırlanıb. Xocalı soyqırımından sonra səhər saat 5-də əməliyyat başlayıb, Qafanla Mehri arasındakı 4 yaşayış məntəqəsini – Hənd, Kilsə, Şıxavuz və Safı götürdük. Bu, Qafanla Mehrini birləşdirən dəhlizdir. Oradan tank, “Kamaz” belə gətirdik. O ərazini 24 saat əlimizdə saxladıq. Bu, çox strateji bir plan idi və gözəl də həyata keçirilmişdi. Firudin Şabanov güclü kadr olduğu, xəritəni güclü bildiyi üçün Sumqayıt kimi iki böyük şəhəri iki yerə parçaladıq, cəmi 2 şəhid verdik. Onu da deyim ki, Qafanın komendantı Əfqanıstanda Firudin Şabanovun müavini olmuşdu”.   “Ən ağır döyüşlər Cəbrayılda olub”   “Çoxları xatırlayar bu hadisəni, 1993-cü ilin əvvəlində Füzulinin Qarğabazar kəndinin üstündəki bir kəndinə toy günü ermənilər hücum edib, insanları girov aparmışdılar. Mən həmin vaxt həyəcan siqnalı ilə tağımımla ora getmişəm. Orada da çox ağır döyüşlər gedib, başımın ön hissəsindən qəlpə yarası almışam. Biz 20 gün orada qaldıq. Kəndi işğaldan azad etdik, ancaq girovlar artıq aparılmışdı.

 

  …Ən ağır döyüşlər Cəbrayılda olub.

 

1371549812_333Avqustun 16-da həyəcan siqnalı verildi. Mənim bölüyümdə Xəqani Cəbrayılov adlı bir tağım komandiri vardı. Həyəcan siqnalı verilən gün onun bir oğlu dünyaya gəlmişdi. Biz təminat-təchizat bölüyü idik, 4 tağımı vardı. Tağımlardan biri ehtiyat tağım sayılırdı. Bu tağım ağır döyüşlər olan yerlərə göndərilirdi. Xəqani həyəcan siqnalı verilməmişdən əvvəl mənə müraciət etdi ki, “oğlum dünyaya gəlib, komandir, icazə versəniz, kənddə oğlumu görüb, geri qayıdardım”. Xəqaniyə 1 saatlıq izn verdim, nəzərinə də çatdırdım ki, Cəbrayıla çıxmalıyıq. Xəqani kəndə gedib qayıtdı, Cəbrayıla yollandıq. Bölük komandiri mən, müavinim Əsgər Quliyev idi, Əsgər dayı deyirdik. Tağım komandirlərindən Oruc və Xəqani vardı. Bölük komandirinin müavini və iki tağım komandiri olmaqla, bir tağım ora getdik. Orada çox ağır döyüşlər getdi. Avqustun 16-da artıq Füzuli işğal olunmuşdu. Füzuli ilə Cəbrayılın arasında böyük kəndlər var. Cəbrayılın girişində teleqüllədən sağa gedəndə oradakı böyük kəndlərin bir hissəsi Füzulinin, bir hissəsi Cəbrayılındır. Artıq orada ağır döyüşlər gedirdi. Cəbrayıl rayonu tam boşaldılmışdı. Ayın 18-də gecə saat 4-də Cəbrayıla daxil olduq. Rayon mərkəzində polis idarəsinin yanından iki yol gedirdi. Həmin yollar rayon İcra Hakimiyyətinin binasının yanında birləşirdi. Rayon İcra Hakimiyyətinin binasının yaxınlığında ermənilər vardı. Atışmadan sonra erməniləri qəbiristanlığa sıxışdırdıq. Ermənilər qəbiristanlıqdakı təpənin arxasında özlərinə mövqe seçdilər. Biz avqustun 21-dək rayon İcra Hakimiyyətinin yanında qurduğumuz mövqeni qoruduq. Bizə Zəngilandan bir minomyot bölüyü və kəşfiyyat bölüyü köməyə gəlib. Cəbrayıl alayı orada yox idi, Müdafiə Nazirliyinin əmri ilə Beyləqana çağırılmışdı. Biz Cəbrayıl rayon mərkəzini avqustun 21-dək saxlamışıq. Avqustun 21-də səhər minomyotdan atılan mərmidən beynimdən və onurğanın bel fəqərə sümüyündən zəhərli iynə ilə yaralandım. 1 saatdan sonra başımda və belimdə böyük şiş yaranmışdı. Məni oradan Zəngilan Mərkəzi Xəstəxanasına aparıblar. O zaman tağım komandiri, oğlunun üzünü bir saatdan artıq görməyən Xəqani və tağımdan iki əsgər – Azər və Açı dediyim əsgərlər itkin düşdülər. Azər Günqışlaqdan, o biri də mərhum general Məhəmməd Əsədovun kəndi Baharlıdan idi. Çox ağır döyüşlər getdi. Üzbəüz ermənilərlə döyüşürdük, geri çəkiləndə də ermənilərlə qarşılaşdıq. Halbuki orada bizim postumuz vardı. O postda, teleqüllədəki qərargahda Bakıdan göndərilən topçular otururdular. Avqustun 21-də bizə arxadan, Füzuli istiqamətindən ermənilərin hücumu olubmuş. Ermənilər Cəbrayılın girişindəki teleqülləni bağlayıblarmış”.

 

“Ermənilərə təzyiq göstərilə bilərdi, amma bu, olmadı”  

 

1371549780_222“…Zəngilan ən axırıncı işğal olunan rayondur. Ərazicə Ermənistanla sərhəd olan ən böyük rayondur. Zəngilan Ermənistanın 3 böyük şəhəri – Mehri, Qafan və Gorusla sərhəddir. Bunların hər biri Sumqayıt kimi böyük şəhərlərdir. Avqustun 23-də Füzuli və Cəbrayıl işğal olunub, 8 gün sonra, avqustun 31-də Qubadlı işğal olunub. Həmin işğal olunmuş rayonların bütün döyüş texnikası müdafiə nazirinin əmri ilə Beyləqana çıxarılıb. O texnikaların hamısı, Laçının da, Qubadlının da, Şuşanın da, Cəbrayılın da, Füzulinin də texnikası Zəngilan üzərindən çıxıb. Hətta Qubadlının texnikası çıxanda Məmmədbəyli postunda – bu post Zəngilanın girişidir – böyük mübahisə olub. Onlar bizə deyiblər ki, əmr verilib, bu texnika və silahlar Beyləqana çıxarılmalıdır. Əgər işğal olunmuş rayonların texnikası, döyüşçüləri Zəngilanda qalsa idi, Zəngilan getməyəcəkdi. Zəngilan alayının döyüşçülərinin bir çoxu keçmiş Əfqanıstan döyüşçüləri idi və böyük döyüş qabiliyyətinə malik idilər. Hətta bir ara Qubadlının Mahrızlı kəndindən Cəbrayılın Xudafərin körpüsünə qədər döyüş zolağı balaca bir Zəngilan alayının üstündə qaldı. Ayın 1-dən 29-a qədər Zəngilana heç bir tərəfdən kömək olmadı. Artıq o vaxt Milli Məclisdə Zəngilanın mövqeyini bərkitmək yox, Ələkrəm Hümbətovla Rəhim Qazıyevin tutulub-tutulmaması müzakirəyə qoyulmuşdu. O vaxt Zəngilanda nə işıq, nə yanacaq, nə mərmi yox idi. Zəngilana ilk hücum Bakı şosesi istiqamətində oldu. Təsəvvür edin ki, Bakıya tərəf 120 kilometr ermənilər işğal edib, sonra dönüb Zəngilana hücum edir. Arxada Beyləqan, Daşburun, Horadiz vardı. Erməni Araza qədər girir, Horadizi zəbt edir, Bakı şosesini bağlayır və sağa yol boyu Zəngilana hücum edir. Həmin vaxt Müdafiə Nazirliyindən göstəriş olmayıb və Beyləqandan ermənilər bir güllə atılmayıb. Ermənilər bizə Bakı şosesi istiqamətində hücum ediblər, arxadan ermənilərə təzyiq göstərilə bilərdi, amma bu, olmadı.   Zəngilan 32 min əhalisi də içərisində olmaqla, 29 gün mühasirədə qalıb. Təsəvvür edin, Bakıya qatar getdi, yol bağlandı, geri qayıtmadı. Ayın 12-də saat 11:30-da Arazboyu yol bağlanıb. 29 gün Zəngilanda çox ağır döyüşlər getdi. Zəngilan işğal olunan vaxt biz artıq Xudafərin körpüsü istiqamətində mühasirədə qalmışdıq. 7 nəfər idik, yoldaşlarımızın çoxu artıq şəhid olmuşdu. Əlaqə saxlamaq mümkün deyildi, araya ermənilər düşürdülər. Onlar da Azərbaycan dilini yaxşı bilirdilər, bizim parolları götürürdülər. Heç kimə inanmaq mümkün deyildi. Yanımda Sərvər Cəbrayılov vardı, indi polkovnikdir. Əsgərlərdən Oruc, Sərvər, Ziyarəddin və Asif Əhmədov da yanımızda idi. Bir də bir PDM vardı. PDM-in qülləsi artıq avtomatik atmırdı. Mexanik-sürücü qalmışdı, nişançı isə artıq yaralı idi. Biz hara çıxacağımızı bilmirdik. Çünki, arxa da, ön də bağlı idi. Qarşıdan da hücum olurdu. Məcbur olub PDM-i İranla sərhəddə neytral zonaya keçirdik və Aşağı Akara kəndinə doğru hərəkət etdik. Biz PDM-lə gedəndə arxadan bir erməni tankı gəlirdi. Neytral zonada şumlanmış hissə ilə gedirdik. Tank hara, nişançısı yaralı, qülləsi işləməyən PDM hara?! Bəlkə də tanklarının mərmisi yox idi, vura bilərdilər, yalnız bizə tankdakı pulemyotdan atəş açırdılar. Biz məcburiyyət qarşısında PDM-i sola, Araz çaya vurduq. PDM-dən bir dəfə yıxıldım, barmağım qırıldı, başım yarıldı. Akara körpüsünə çıxdıq. Biz körpüyə çıxanda erməni tankı dayandı. Qorxudan keçmədilər, elə bildilər ki, körpü minalıdır. Biz Zəngilanın kəndinə girdik. Bir müddət də oradan atışma getdi. Ancaq artıq döyüşmək mümkün deyildi. Onlarda artilleriya vurur, sonra piyadalar hücuma keçirdi. Ancaq bizdə artıq avtomatlarda belə güllə qalmamışdı, tankların mərmisi də yox idi. Kömək gəlmirdi…

 

Elə vəziyyət yaranmışdı ki, üzbəüz gələn insanı tanımırdın, çünki, ermənilər də Azərbaycan dilində danışırdılar..  

 

…İkinci qrup Qarabağ əliliyəm, 7 dəfə yaralanmışam. Ayağımdan başıma qədər güllə, qəlpə yarası var. 3-ü yüngül, 4-ü ağır yaradır. Bu gün də o yaraların əziyyətini çəkirəm. 10 ilə Respublika Hərbi Hospitalında müalicə olunmuşam, beyin təzyiqindən, qan laxtalanmasından əziyyət çəkirəm. Başımda kəskin ağrılar olur. Hətta 2003-cü ildə Moskvada Nevroloji İnstituta göndərilmək üçün sənədlər hazırlanıb, sonra məsləhət bilinməyib. Deyilib ki, beyində qalan xırda qəlpələrin çıxarılması zamanı sinir damarlarına toxunula bilər. Buna zəmanət verilmədiyi üçün əməliyyat olunmamışam, elə də qalıb… Amma Ali baş komandan əmr versə, yenə də döyüşlərə atılmağa, o torpaqları düşməndən azad etməyə hazıram…”

 

Naibə Qurbanova

“KarabakhİNFO.com “

18.06.2013 14:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*