Azərbaycanca

“Əsgərlərdə ermənidən qorxu hissi yox idi”

09.10.2014 | 12:06

Şəkil0223_001Qarabağ qazisi Hüseyn Allahverdiyev: “Bir qarış torpaq gedəndə elə bilirdim dünya uçub qalmışam altında”

 

Çoxdan onunla görüşüb müharibə təəssüratlarını almaq istəyirdim. Hər dəfə bir bəhanə ilə söhbəti yayındırır , “qaqa, neyləmişik e, qoy, qolunu, ayağını itirən oğlanlar danışsın” deyib imtina edirdi. Bu dəfə birtəhər yola gətirə bildim. Hüseyn 18 yaşında 3 ay təlim gördükdən sonra Qarabağ müharibəsinin ən odlu nöqtələrində olub . Ağdamın Şelli, Güneypəyə döyüşlərində iştirak edib, Qalayçılarda döyüşüb. Hərbi xidmətə yollananda yaşı çatmırdı. Ən azı 3 ay ləngiyə, bu müddətdə bir sıra yaşıdları kimi Bakıya işləməyə, oxumağa gedə, “çağırış problemin”dən bir yolluq qurtarmaq üçün Rusiyaya yollana bilərdi. Amma bunu etmədi. Ona görə ki, bütün Quzanlı-Xındırıstan camaatı arasında hörmət qazanmış dövrünün nüfuzlu ruhanisi, ziyalısı Molla Məhəmməd kişinin ocağında böyümüşdü. Sakit, ağır təbiətli, kəndin bütün xeyrinə-şərinə yarayan atası Həsən kişinin ailəsində tərbiyə almışdı.

 

 

Məndən bir sinif yuxarı oxuyub. Müəllimlərinin, sinif yoldaşlarının sevimlisi idi. Hüseyn güclü, qürurlu, cəsur olsa da, bir o qədər də sadə və təvazökardı.
Yeniyetməlik yaşlarından böyüklərlə oturub-durar, yüngül təbiətli, şit insanları sevməzdi. Hüseyndə ermənilərə qarşı nifrət boşuna yaranmamışdı. Qışda soba başında əmisi Məhəmməd Sadiqin, atası Həsən kişinin erməni-müsəlman savaşı ilə bağlı söhbətlərini çox eşitmişdi. Sovet rejiminin “xalqlar dostluğu” təbliğatının hər gün aparıldığı illərdə belə müəllimləri Vüqar, Bəhmən, Raqifdən ermənilərin əsil kimliyi haqqında məlumat almışdı. Sovet ordusundan tərxis olunan tanış gənclər də Hüseynə ermənilərin, rusların xarakteri haqqında bilgilər vermişdi.
Bizim məktəb illərimiz də qanlı-qadalı illərə düşdü. Hadisələr başlanan 1988-ci ilin fevralından hər gün bir qara xəbər gəlirdi məktəbə. Yuxarı sinif şagirdi olduğumuz 1991-92-ci illər isə müharibənin ən qızğın vaxtları idi. Hüseyn hərbi xidmətə yollanan il artıq Qarabağda aktiv döyüş əməliyyatları gedirdi.
Hüseynin gənc əsgər dövrü Bakıda daxili qoşunlarda, N sayllı hərbi hissədə keçib. Birinci çağırışda saxlamaq istəsələr də Hüseyn israrla orduya getmək istəyib: “Çox istəyirdim ki, Natiq, Səməd və Rafiqlə bir gedəm. (adları çəkilən gənclər 1992-ci ildə Ağdərədə itkin düşüblər. Onlardan bu günə qədər xəbər yoxdur-müəll.) Hərbi komissarlıqda gördülər ki, çox israr edirəm, apardılar. Bir həftədən sonra manqa komandiri idim. Bir ay karantində oldum 27-ci gün andiçmə oldu. Bölük komandirim məni özü ilə döyüş bölgəsinə aparacaqdı. Ancaq hissə komandiri başqa qərar verdi. Bizi 8-ci bölüyə Güzdəyə göndərdilər. Bizimlə düşən adamlar 2 ay təlim keçdilər. Ancaq mən gedən kimi dedim ki, məhbus üstə çıxmaq istəyirəm. Ay yarım məhbus üstündə olduq. Bu ərəfədə 2 dəfə həyəcan siqnalı oldu. 2 dəfə ərizə yazdım ki, döyüşə getmək istəyirəm. Komandir dedi ki, hələ tezdi. Üçüncü ərizədə komandir etiraz etmədi. 10 gün Biləcəridə qaldıq. Sonra bölüşdürüldük, bizi Ağdamın Qalayçılar kəndinə gətirdilər. Qalayçılar, Manik, Orta Güneypəyə, Baş Güneypəyə bizim ərazimiz idi. Posta Qalayçılara çıxırdıq. Bizim hərbi hissədən 32 nəfər idik. Birinci döyüşə Baş Güneypəyədə çıxdıq. 1992-ci ilin dekabrı idi. Maşın yolu yox idi. Posta qədər bir neçə kilomtetr qarlı, daşlı yollarla posta gedirdik. Baş Güneypəyə Qazançının üst tərəfi idi. Ermənilər yüksəklikdə mövqe tutmuşdu”.

 

 

Hüseyn cəbhədə rastlaşdığı kəndliləri, tanışları da onu ön cəbhədən uzaq tutmağa çalışsalar da, daim döyüşə can atırdı. Ağdam şəhərindən olan kəşfiyyatçı Nadir də belə insanlardan idi. Hüseyni qorumağa çalışsa da, döyüşün incəliklərini də elə Nadirdən öyrənib. Onunla birgə kəşfiyyata gedib, düşmən hücumu dəf edib, əməliyyatlarda iştirak edib: “Çox cəsur oğlan idi Nadir. Mən bu adamda qorxu hissi görmədim. Könüllü gəlmişdi, ən təhlükəli yerlərə o gedirdi. Sonra minaya düşdü, ayağını dizdən aşağı kəsdilər… Nadir kimi cəsurlar çox idi. 17 yaşlı bir bakılı oğlan vardı, 3 bacının 1 qardaşı. Dəfələrlə valideynləri gəlib aparmağa çalışsa da, getmədi. Əksər döyüşlərdə mənimlə, Nadirlə birgə olmuş, kəşfiyyata getmişdi. Sonra şəhid oldu”.

 

 

Hüseynin ilk döyüşü Baş Güneypəyə postunda olub. Postda olduğu ikinci gün 7 nəfər erməni diversant Hüseyngilin postuna hücum edir: “Təpədən dırnağa silahlanmışdılar. Biz də gənc əsgərlər idik. Düz postun qarşısına gəlib çıxmışdılar. Dəstəmizdə həyəcan yarandı. Ancaq özümüzə gəldik. Ermənilərlə atışdıq. Uşaqlar şir kimi döyüşürdülər. Onlarla erməni öldürdük, ancaq təcrübəsizlik öz sözünü dedi. İtkimiz də çox oldu. Həmin döyüşdə 29 şəhid verdik”.

 

 

Hüseyn deyir ki, bu məğlubiyyət və itkilər ona pis təsir edib: “Şəhid olan yoldaşlarıma üzülürdüm. Həyatın gənc çağında şəhid oldular. Ancaq onu da dərk edirdim ki, vətən şəhidlərin qanı ilə suvarılır. Uğrunda ölən olmasa, topraq vətən olmaz. Bir qarış torpaq gedəndə elə bilirdim dünya uçub qalmışam altında.
Döyüş zamanı insanın bütün xarakteri üzə çıxır. Mülki həyatda edilən “artistlik”, oynanılan qəhrəman rolları da burada keçmir. Hüseyn deyir ki, özündən deyənlərin bəzisi ilk döyüşdəcə sınır, qaçmaq istəyirdi: “Ancaq yaxşı ki, belələri az idi. Yoxsa torpağı qorumaq olmazdı. Qorxanları da qınamaq olmazdı. Vətənpərvərlik təbliğatı düzgün aparılmırdı. 2-3 təlim silah tutmaq, atmaq öydərəndən sonra döyüşə aparırdılar”.

 

 

“Qalayçılar camaatı kəndi tərk etmirdi”

 

 

Bu döyüşdən sonra Baş Güneypəyə işğal olunur. Hüseyngilin hissəsi Orta Güneypəyə və Manikdə qərar tutur. Bir gündə 3 postu təhvil verən hissənin qərargahı isə Qalayçılar kəndində yerləşirmiş. Soyuq hava, şəraitsizlik, bərbad qidalanma belə Hüseyni hərbi xidmətdən soyutmur, əksinə düşmənə nifrət hissini artırırdı: “Bizim hissənin uşaqları bir sıra yaşlı könüllülərdən daha cürətli, cəsur idilər. Sadəcə, təcrübəsizlik bizi uğursuzluğa düçar etmişdi. Əsgərlərdə ermənidən qorxu hissi yox idi. Kaş o vaxt ordumuz indiki səviyyədə, gücdə olaydı”. Bölükdə 3 əsgər və bir bölük baş çavuşu qalır. Döyüşdən sonra Quzanlıdan atası mərhum Həsən kişinin evə getmək təklifinə də yox deyir. –Elə bilirdim ki, yoldaşlarımı qoyub qaçıram. Halbuki, gedib 3 gün qalmaq, pal-paltarı təmizləmək olardı. O soyuğun qarşısında əzilmirdim. İdman edirdim, özümü formada saxlamağa çalışırdım…

 

 

Hüseyngilin bölüyündən qalan əsgərlər kapitan Şəfi Məmmədovun bölüyünə qatılır. Orta Güneypəyə, Sığnaq artıq işğal olunmuşdu. Həmin vaxt Hüseyngilin bölüyü hücuma keçir, bir neçə post alır, onlarla erməni hərbçisini məhv edirlər: “O döyüşdə Nadirgilin dəstəsi böyük rol oynadı. Postu aldıq, şəhidlərimizi götürüb qayıtdıq. 3 nəfər qalmışdı bizim bölükdə. Bölüyün baş çavuşu Niyazi Allahverdiyev bizə geri çəkilməyi, arxadakı hissələrə keçməyi təklif etdi. Lakin mən razı olmadım”.

 

 

Sığnaq yenidən işğal olunur, Hüseyngil 10 gün mövqe tutaraq düşmənin qarşısını kəsirlər. Hüseyn yerli əhalinin guya orduya kömək etməməsi, qaçması ilə bağlı deyilənləri də təkzib edir: “Ətraf kəndlər getmişdi. Qalayçılar əhalisi qalmışdı. Həmin vaxt biz Qalayçılar əhalisini kənddən çıxara bilmirdik. Dirənirdilər ki, kəndi qoyub getməyəcəyik. Hətta qadınlar, qocalar da getmirdilər. Deyirdilər ki, ölsək də burada öləcəyik, qəribliyə getməyəcəyik. Kənd camaatı da ordu ilə bərabər hərəkət edirdi, ordu ilə bərabər itki verirdi. Mən bu mənzərəni başqa heç yerdə görmədim, heç eşitməmişəm də”.

 

 

“Kənddə məni öldü bilirdilər…”

 

 

Qalayçılar döyüşləri Hüseynin xidmət həyatında ən çətin günlər kimi qalıb. Döyüşdə Şükran adlı əsgər yoldaşı onurğa sütunundan güllə yarası alıb yuxarıda qalıbmış. Hüseyn 2 əsgər yoldaşı ilə birgə erməniləri başını qatır, digər yoldaşları isə yaralını ərazidən çıxarırlar.

 

 

Şəkil0225Qalayçılar işğal olunandan sonra Hüseyn yaralıları Qaradağlı hospitalına gətirir. Bölük dağılmış, yaralılar hospitala yerləşdirilmiş, sağ qalanlar isə məzuniyyətə getmişdi. Tək qalmış Hüseyn silahını və hərbi paltarını Qaradağlı sakininin evinə qoyub Quzanlıya – evlərinə qayıdır: “Bu vaxt kəndə xəbər yayılmıbmış ki, Qalayçılar işğal olunub, daxili qoşunların əsgərləri tələf olub. Elə bilirdilər ki, mən də şəhid olmuşam. Mən kəndə gəlirəm, atamgil də babamın maşınında Qalayçılara gediblər. Qalayçılarda da onlara mənim itkin düşdüyüm deyiblər. Mən evdəyəm, anam da yanımdadır. Bayıra çıxanda gördüm gedənlər qayıdıb. Məni görüb şoka düşdülər…Bir həftə evdə qaldım. Sonra Qaradağlıya gəldim, silahımı, paltarımı götürüb N saylı hərbi hissəyə gəldim. Mənə xidmət etdiyim bölüyün dağılması haqqında təqrir yazmağı tapşırdılar. Yazdım, daxili qoşunlardan milli orduya keçdim”. Hüseyn N saylı hərbi hissənin 4-cü (Kötəl) batalyonuna göndərilir. Bu batalyona mərhum Ərşad Nadirov rəhbərlik edirdi. Bakıda müalicə olunan Ərşad Nadirovu qərargah rəisi Abbas Məlikov əvəz edirmiş. Hüseyn burda da əxlaqı, cəsarəti, döyüşçü xarakteri ilə zabit və əsgərlərin, könüllülərin hörmətini qazanır. Hüseyn Kötəl batalyonunun bir sıra döyüş əməliyyatında iştirak edib.

 

 

Hüseyn deyir ki, Dağlıq Qarabağ və ətraf əraziləri ermənilər təkbaşına işğal edə bilməzdilər: “Onlar müharibəyə bizdən əvvəl hazırlaşmışdılar. Ermənilərin tərəfində Livandan, Suriyadan, Fransadan gələn muzdlular döyüşürdü. Ermənilər çox qorxaq idilər. Onları sanki bu işə təhrik edən vardı. Bəlkə də Rusiyanın fitnəkarlığı olmasaydı, Dağlıq Qarabağ ermənilərinin bizə asi olmağa cürəti çatmazdı. Dəfələrlə döyüş meydanında zənci, rus meyidi görmüşəm. Atıcı silahları, xüsusən də snayperləri ermənilər tərəfdə ruslar atırdı.

 

 

 

 

 

Şelli döyüşləri Hüseynin yadında ürək sıxan hisslərlə qalıb. Çünki ən cəsur döyüş yoldaşlarını bu kənddə itirib: “Gecə saat 4-də həyəcan siqnalı verildi. Bütün cəbhə boyu hücum başlandı. Artilleriya atəşi yeri-göyü lərzəyə gətimirşdi. Bir anlıq elə bildim dünya qopdu. Güclü döyüş oldu. İtki verib geri çəkildik. Qarqarı keçib Şellinin yuxarı hissəsində oturmuşduq. 18 nəfər idik. Şişqayanın yanından bir erməni tankı hərdən çıxıb atəş açır, sonra gizlənirdi. Biz döyüşdən çıxmış, fiziki və mənəvi baxımdan yorğun-əzgin idik. Bir sözlə sayıqlığımızı itirmişdik. Həmin yerdə oturmamalı idik. Hətta mülki adamlardan biri də bizə dedi ki, orda oturmayın, tank sizi vuracaq. Amma yorğunluq, laqeydlik, hücumun alınmaması öz işini görmüşdü. Oturmuşduq, ancaq Qarqarda bizim uşaqların hərəkətlərin izləyirdik. Bir də gördüm ki, Kötəl batalyonunda “adamyeyən Kənan” adlı bir könüllü əsgəri vurdular, başından qan fışqırdı. Fikrim onun yanında qaldı. Birdə onu gördüm ki, elə bil qarşımda günəş doğdu. Düz yanımıza tank mərmisi düşdü. Şişqayadan atmışdılar. Gözümü açanda tüstü, qara duman gördüm, bağırtı eşitdim. Özümə gələndə gördüm ki, heç kim sağ qalmayıb. Mərmi hamısını parça-parça etmişdi. Ayılanda əlimi gəzdirdim ki, görüm hansı yerim salamatdı. Bütün sifətimə çarpanaq dolmuşdu. Başıma, bədənimin müxtəlif yerlərinə çarpanaq dolmuşdu. Bir çarpanaq iki qabırğamı sındırmış, ciyərimi zədələmişdi. Burada həm yaralandım, həm də kontuziya aldım. 10 addım gedib yıxılmışam. Ondan sonrası yadımda deyil. Məni ölü bilib meyitlərin arasında atıblar. Kötəl batalyonunun əsgəri Firudin (şəhid Nurəddin Yolçuyevin qardaşı F.Yolçuyev-müəll.) sonra mənə danışırdı ki, “Qaz-53” maşınında meyitləri gətirirdik. Hiss etdik ki, meyitlərin altından xırıltı gəlir, çıxarıb baxıblar ki, mənəm, yaralanmışam. Hələ nəfəsim gəlir. Çarpanaq qolumun altından girib deyə, elə biliblər ürəyimə dəyib. Maşında bir dəfə ayıldım. Bir də gözümü hospitalda açdım. Əvvəl Qaradağlıya, ordan da helikopterlə Bakıya gətiriblər”. Müalicə alandan sonra yenə orduya qayıtmaq istəsə də, həkimlər icazə verməyiblər. İkinci qrup əlillik dərəcəsi ilə Silahlı Qüvvələrdən ehtiyata tərxis olunur. Sağlamlığını vətən yolunda itirmiş Hüseyn yaşadığı günlərə görə peşman deyil: “Müharibə başlasa yenə gedərəm. Gözlərin ancaq irəlini götrür, sağı-solu görmürəm. Demirəm ağır silahlardan atəş aça bilərəm, yox. Ancaq ən azı yolu-rizi tanıyıram. Yaşım da az deyil, gənc əsgərlərə mənəvi dəstək olaram. Hesab edirəm ki, 9 milyonluq xalq torpağını bir ovuc dığanın əlində qoymamalıdır”.

 

 

Elman Cəfərli
“KarabakhİNFO.com”

 

 

 

 

09.10.2014 12:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*