Azərbaycanca

“Əshabi-kəhf” möcüzəsi

15.04.2014 | 15:35

1397561594_esebu-kehf111“Əshabi-Kəhf” – Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağara ziyarətgahdır. “Əshabi-Kəhf” təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı “Qurani-Kərim”də də bu tarixi abidə, ziyarətgahın adı çəkilir. Rəvayətə görə, bir qrup Allaha iman gətirmiş şəxs təqiblərdən yaxa qurtarmaq üçün bir itlə mağarada gizləniblər. Onlar dincəlmək üçün uzanmış və Allah onları bir neçə yüz il yatırmışdır. Bu insanlar oyandıqdan sonra dünyanın nə qədər dəyişildiyini görüb, Allahdan əbədi olaraq dünyadan köçmələrini istəmiş və qeyb olmuşlar.   “Əshabi-Kəhf” mağarasının quruluşu, təbii coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə əsas verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşilərin hücumundan qoruyurmuş. Mağarada bir neçə kitabə də var. Mağaranın əsas inancları daş, su, ağac kultu ilə 1397561776_esebu-kehf222bağlıdır. “Əshabi-Kəhf”in ətrafındakı yol boyu bütün kol və ağaclara əl yaylıqları, əski və parça  hissələri bağlanır ki, bunlar da “niyyət”, “dilək” adlanır.   “Əshabi-Kəhf”ə çatmamış, yolun kənarında çoxlu qəbirlər var. Qəbirlərin burada nə vaxtdan və kimə məxsus olduqları məlum deyil. Mağaranın divarında izlər var. Bu, sanki divara söykənmiş insan izləridir ki, onlara da “Yeddi kimsənə” deyilir. Xalq arasında olan inama görə, həmin izləri öpmək vacibdir.    Məscidin qabağındakı “Qara daş”ın və “Damcıxana”nın ziyarəti əsas məqamlardan hesab edilir. Qara daş müqəddəs hesab edildiyindən isanlar onu öpürlər. Bəzən xəstələr niyyət edib qaradaşın yanında yatırlar. Bir sıra xəstələrin buradan nicat tapıb qayıtması söylənilir. “Damcıxana” məscidin yuxarı tərəfində, bir neçə metr hündürlükdə yerləşir. Açıq salon şəklində olan həmin yerdə tavandan su damır. Maraqlıdır ki, ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada damcı kəsilmir. Bu məqamda hər cür niyyət etmək olar. Yəni həm xəstələr, həm də hər hansı bir arzusu olan niyyət edib oturur damcının altında. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez hasil olacağı, aşağı ətraflara, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli niyyət qəbul olmur. Ziyarətgahda ən uca (yüksək) məqam “Cənnət bağı” adlanan yerdir. Əvvəllər bura çıxmaq çox çətin idi. İndi isə dəmir pilləkənlər bu işi asanlaşdırıb. Silindrik formalı, hər tərəfdən yüksək qayalarla əhatə olunan bu məqam duaların qəbul olduğu yer sayılır.   Gün ərzində yüzlərlə insan buranı ziyarət edir. “Əshabi-kəhf”ə  tək Azərbaycan əhalisi deyil, dünyanın dörd bir tərəfindən insanlar gəlir. Həmçinin onu da qeyd edək ki, “Əshabi-kəhf”  ölkə turizminə gəlir gətirən sahələrdən biridir.   Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, millət vəkili İsa Həbibbəyli “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına 1397561759_esebu-kehf33açıqlamasında qeyd etdi ki, Naxçıvan blokada şəraitində olmasına baxmayaraq, Azərbaycanın hər bir bölgəsindən etiqad insanları “Əshabi-kəhfi”i ziyarətə gəlir. Millət vəkilinin sözlərinə görə, “Əshabi-Kəhf”i təkcə ölkə daxilindən deyil, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi  və digər ölkələrin vətəndaşları da görməyə gəlirlər: “Hətta Avropa ölkələrinin nümayəndələri də “Əshabi-kəhf”i ziyarət edib.  “Əshabi-Kəhf” tək dini ziyarətgah deyildir. Həm də təxminən 5000 illik tarixə malik bir abidədir”. İ.Həbibbəylinin fikrincə, “Əshabi-kəhf” dünyada Təkallahlığın beşiyi sayılır.  Həmsöhbətimiz bildirdi ki, 2007-ci ildə ”Əshabi-kəhf”  təmir olunaraq istifadəçilərin ixtiyarına verildi.   Millət vəkilinin sözlərinə görə, ermənilərin təcavüzü nəticəsində Naxçıvanın quru yolu bağlanıb. Naxçıvan-Bakı istiqamətində olan dəmir yolu dağılıb.  

Günel Cəlil  

“KarabakhİNFO.com” 

15.04.2014 15:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*