Azərbaycanca

Əsir düşən Qarabağ florası

05.06.2014 | 09:41

10153449_10203923128221316_1949226986_nİnsanların vətəni, qohum-əqrəbası, yaxını olduğu kimi, bitkilərin də var. Bitkilər də qürbət acısı çəkir, yad nəfəslərdən darıxır, yağı çəkmələri altında əzilir, kədərlənir, əzaba düçar olur. Əvvəllər yaşlı adamlar deyəndə ki, ağaclar, güllər, otlar, bitkilər nəfəs alır, ətrafda baş verənləri duyur, insanlara alqış və qarğış edir, buna inanmaq istəmirdik, elə bilirdik ki, onlar nağıl, əfsanə danışır.

Ancaq mütəxəssislərlə söhbət zamanı deyilənlərin quru söz olmadığını anladıq. Doğrudan da bitkilər danışır, gülür, ağlayır, insanları təhlükədən qoruyur. Azərbaycan torpaqlarında bitən bitkilər də eyni hissləri yaşayır. Elə bitkilər, flora növləri var ki, məhv olma təhlükəsilə üzləşib. Məlumatlara görə, hazırda Azərbaycan təbiətində çoxlu sayda nəsli kəsilmək təhlükəsilə üzləşən bitki növü var. 1989-cu ildə nəşr olunan Azərbaycan Respublikasının “Qırmızı Kitab”ında nəsli tükənmək təhlükəsində olan 140 bitki növünün adı qeyd edilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli 1368 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiq edilib, onun 1.1.3-cü bəndində 2009-cu ildə “Qırmızı Kitab”ın II nəşri nəzərdə tutulubdur.

 

Qarabağ florasının vəziyyəti dözülməzdir…

 

Məlumatlara görə, hazırda işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumatlar yoxdur. Çünki Qarabağ ermənilər tərəfindən işğal olunan zaman bu bölgənin flora növləri məhv olub ya da məhv olmaq həddindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, erməni işğalında olan Dağlıq Qarabağın florasının vəziyyəti ağırdır. Torpaqlar işğal olunan zaman zəbt olunmuş ərazilərin başına gətirilən oyunlar bitki örtüyünü sıradan çıxarıb.

 

Elə bitkilər var ki, yalnız Qarabağda bitir. Bu gün nəinki o torpağın didərgin sakinləri, hətta adi vətəndaşlar belə Qarbağ florasının erməni daşnaklarının əlində salamat qalacağına inanmır. Torpaqlar yandırılırsa, meşələrə od vurulursa bitkilərin də çox hissəsinin əvvəlki vəziyyətdə qalması şübhə doğurur. Qarabağ torpağı işğal olunarkən, əhalisi didərgin düşməyib. Onun florası, bitkilər aləmi də işğala məruz qalıb və yad nəfəsləri duyduqca acılar çəkir. 20 ildən çoxdur ki, Qarabağ florasından bir xəbər yoxdur.

 

Yalnız Qarabağda bitən bitkilər…

 

Botanika İnstitutunun herbari şöbəsinin müdiri, aparıcı elmi işçi, əslən qarabağlı olan Pərvanə Qaraxani “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında bildirdi ki, Qarabağda, Kəlbəcərdə, Laçında elə zəngin bitkilər aləmi mövcud olub ki, dünyanın heç yerində onun təkrarı yoxdur: “Heç Azərbaycan ərazisində də o bitkilərin çoxuna rast gəlinmir. Çünki onlar endemikdir, yəni sırf o torpağa uyğundur.

Əməköməcikimilər fəsiləsinə aid olan sağsağan gülxətmisi ancaq Yuxarı Qarabağ – Şuşa, Xankəndi şəhərləri ətrafında, Saxsağan dağı və Cıdır düzündə bitirdi. Yalnız Zəngilan rayonu Pirçevan kəndində bitən və nadir endemik növ olan Zəngilan gəvəni, eləcə də bu rayonun Sağar dağı ətəyində göyərən Ağşüalı dağçiçəyinə başqa bölgələrdə rast gəlinmir.

Daralagöz stenoteniyasına Xankəndinin Daşaltı kəndində, endemik növ olan gözəl təkəsaqqala isə Əsgəran rayonu Topxana meşəsində rast gəlinirdi. Ağıriyli Ardıc, Araz palıdı kimi ağac növləri də ancaq işğal olunmuş Zəngilanda bitirdi.

Fişer Şternbergiyası da Füzuli, Ağdam, Şuşa torpağında xarakterik idi. Yoxa çıxmaqda olan Kuznetsov əsmərinə ancaq Cənubi Qarabağda təsadüf olunurdu. Azərbaycanda yalnız Zəngilanda bitən Şoranyer Qarğasoğanı da endemik növdür. Endemik növə aid olan Qarabağ dağlaləsi də başqa bölgələrdə bitmir. Sayı məhdud olan Uzunyarpaq tozbaş səhləbə əvvəllər Xankəndi ətrafında rast gəlinərdi. Füzuli rayonunun Dövlətkərli ərazisində bitən Qafqaz Xədicəgülü də Qarabağ torpağının bağrında bitirdi. Nadir bitki olan gözəl telekiyası Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində, çox az rast gəlinən Təkdənli buğda isə Xankəndi, Şuşakənd, Şuşa və Laçında becərilirmiş. Tükənməkdə olan endemik növ-Şimit dağlaləsi Xocavənd rayonu, Kuropaktin kəndi, Qaraçul dağı, Şuşanın Topxana meşəsi, Cəbrayıl rayonunun Soltanlı kəndinə xarakterikdir. Qara dovşanalması yalnız Zəngilanın Ağbədən kəndində olub. Giləli qaraçöhrəyə Füzulinin Domu kəndində, Vələsyarpaq azata isə Xankəndi, Şuşa ətrafında, Füzuli rayonlarında təsadüf olunurdu. Alp vudsiyası Cəbrayılın Xoca-əlif təbii sərhədində olurdu. Qarabağda bitən bitkilərin sayı, çeşidi heç də təqdim etdiyimiz siyahı ilə məhdudlaşmır. Qarabağda hələ növü müəyyənləşməmiş yüzlərlə bitki var”.

Şuşanın əsrarəngiz florası

P.Qaraxaninin sözlərinə görə, o Qarabağ təbiətinə dərindən bələddir və Cıdır düzünün florası təkrarsızdır: “İnanmıram ki, Şuşanın əsrarəngiz florası Azərbaycanın digər yerində olsun. Xüsusən də Topxana meşəsində, Xankəndində, Cəbrayılın bəzi yüksəkliyində elə flora növləri var ki, onlara başqa yerdə rast gəlməmişəm. Daşaltının gözəl bitki aləmi vardı. Həmin ərazidə ermənilər insanlarımızı kütləvi şəkildə qətlə yetirmişdir. O insanlarla birgə bitkilər də “qətlə” yetirilmişdir. Orada elə bitkilər vardı ki, onlar tarixdə bir daha olmayacaq. Şuşa dolaylarında elə bitkilərə rast gəlmişəm ki, onlar heç yerdə yoxdur. Qarabağda olan nadir və nəsli kəsilməkdə olan bitkilərin bir çoxu üçüncü dövr buzlaşmasından qalıb. Bitkinin hansısa bir torpaqda qədimliyi orada yaşayan xalqın özünün qədimliyindən xəbər verir. Bitkilər də bizim tariximizdir. Ermənilər ona görə onlara sahib çıxa bilmir ki, onların bu bitkilərlə əlaqəsi yoxdur. Bizim nadir, relik üzüm növlərimiz var ki, onlar başqalarında yoxdur. Qarabağ təbiəti çox zəngindir, düşünürəm ki, ermənilər onu tam məhv edə bilməyəcək, dağlarda, meşələrin dərinliklərində özünü bizimlə görüşə saxlayan flora növləri də, erməni tapdağını, yağı nəfəsini, yad adamların hənirini qəbul etməyib “intihar edən” bitkilərdən olacaq. Onlar ermənilərlə bir torpaqda yaşamağı, nəfəs almağı öz qüruruna sığışdırmayan bitkilərdir”.

P.Qaraxani söhbətin sonunda onu da əlavə etdi ki, barəsində əfsanələr dolaşan Xarı bülbül çiçəyi yalnız Şuşada – Cıdır düzündə bitir. Başqa bölgələrdə rast gəlinən və Xarı bülbül olduğu iddia edilən çiçəklər isə Xarı bülbülün özü yox, bənzəridir.

 

 

Günel Cəlil

“KarabakhİNFO.com”

 

05.06.2014 09:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*