Azərbaycanca

“Əsir düşmüş erməni əsgərləri ayağımıza düşüb yalvarırdılar”

25.09.2014 | 15:58

962925_765129883533857_282185870_nQarabağ uğrunda döyüşlərdə iştirak edən döyüşçülərimizdən biri də Rövşən Sadıqovdur. Müharibə onun gənclik illərinə təsadüf edib. 17 yaşında hərbi xidmətə çağrılan Rövşən qısa müddətli hərbi təlimdən sonra döyüş bölgəsinə yollanıb. Onunla söhbətimizdə Azərbaycan ordusunun o vaxtkı döyüş hazırlığından, təlim keçmiş hissələrimizin uğurlarından danışdıq.

 

 

Rövşən İldırım oğlu Sadıqov 7 yanvar 1975-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçib. 2001-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və iqtisadi kibernetika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda neft sahəsində çalışır.

 

 

Rövşən xidmətin ilk günləri belə xatırlayır:

 

 

“1993-cü ilin mayın 20-də hərbi xidmətə çağrıldım. Bizi Biləcəridən birbaşa NZS adlanan qəsəbədə yerləşən hərbi hissəyə gətirdilər. Bu, N saylı xüsusi təyinatlı hərbi hissə idi. Hissədə bircə tabor var idi. Komandirimiz hazırkı Milli Qəhrəman Rövşən Əkbərov idi. Təlim keçib hərbi and içdikdən sonra bizi iyun ayında Goran poliqonuna çıxartdılar. 15 gün təlim keçəndən sonra bizi iyulun 23-də Ağdam alınan gün Ağdama gətirdilər.

 

 

-Cəmi 15 gün təlimdən sonra döyüşə getmək tez deyildi ki?

 

rosan

-O zaman canlı qüvvəyə ehtiyac var idi. Döyüşə getməyə adam çatmırdı. Canlı qüvvə lazım idi. Biz də hazırlıqsız deyildik, qısa müddət olsa da təlim keçmişdilər. Təlimi hərbi hissənin özündə türklər, poliqonda isə özümüzünkülər aparırdı. Biz Ağdama gələndə şəhər artıq ermənilər tərəfindən işğal olunmuşdur. Bizi Əfətlidə yerləşdirdilər. Əfətlidə 1 həftəyə yaxın öz mövqeyimizi möhkəmləndirdik. Səngərlər qazdıq. Ermənilərin hücumlarının qarşısını aldıq. Ergi və Novruzlu kəndləri ermənilərin əlində idi. Biz hətta Ergini və Novruzlunun bir hissəsini azad etdik. İyul ayından avqustun 23-dək Ağdamda olduq. Sonra bizi Füzuliyə göndərdilər. Biz Füzuliyə girəndə camaat kütləvi şəkildə köçürdü. Şəhər artıq boşalmışdır. Orada bir Əhmədbəyli kəndi var idi. O kəndin yüksəkliyində dayanan ermənilər tanklardan və toplardan əsas yolu vurur, köç edənlərə imkan vermirdilər. Biz də axşamı gözləyib qaranlıqda hücuma keçdik. Əhmədbəylini sonra isə Aşağı Seyidəhmədlini, Yuxarı Seyidəhmədlini azad etdik. Alxanlıya qədər gedib çıxdıq.

 

Alxanlıda mühasirədə

 

Alxanlıda dumana düşdük, ermənilər bizi mühasirəyə aldı. Bir gün mühasirədə qaldıq. Arxada möhkəmlənmiş topçularımız atəş açaraq düşməni çaşdırdılar və biz mühasirədən çıxdıq. Mühasirədə qalmaq çox çətin idi. Zənn edirdik ki, artıq bu sondur. Ya öləcəyik, ya da bizi əsir götürüb əzab verəcəklər. Bizim hissə ermənilərin canına qorxu salmışdı. Yəqin ki, əsir düşsəydik bunun bədəli ağır olacaqdı. Mühasirədə 1 gün qalsaq da, bu çox uzun görünürdü. Amma maraqlıdır ki, elə bir vəziyyətdə adamın beyni daha yaxşı işləyir və çıxış yolu axtarırsan. Yaxşı ki, briqadamızın savadlı, peşəkar rəhbərliyi vardı və bizi darda qoymadılar. Mühasirədən çıxandan 1 gün sonra Alxanlını düşməndən azad etdik. 150-dən çox erməni əsir götürdük. Çoxu hərbçi idi, ancaq mülki ermənilər də vardı. Ora qarətə gəlmişdilər. Özüm minatan batareyada idim. Ağdamda Hava Hücumundan Müdafiə hissəsində olmuşdum. Çox sərrast atıcı idim. Hərbi təyyarə vurmaq üçün sistemimiz vardı. Ancaq o vaxt ermənilərin təyyarəsi yox idi. Ona görə də bizi irəli göndərirdilər. Səngərdə ermənilərə atəş açıb yerimizi dəyişirdik. Füzulidə də bir neçə ay HHM sistemində oldum. Sonra minatan batareyaya keçdim. Alxanlı əməliyyatından sonra bizi arxaya çəkdilər. Arxa cəbhədən ön cəbhəyə dəstək verirdik.

 

 

Əhmədbəylinin yanında bir Kültəpə deyilən yer var. Həmin Kültəpədə gündüz vaxtı bir erməni maşını minaya düşmüşdü. İçində bir neçə nəfər vardı. Birini vurduq, qalanını isə əsir götürdük. Azərbaycan dilində çox təmiz danışırdılar. Məni əsəbləşdirən də bu oldu. Düşünürdüm ki, buna bax, bizim ölkədə yaşayırlar, dilimizi bilirlər, ancaq bizimlə müharibə edirlər.

 

“Döyüş yoldaşlarımı qoyub geri çəkilmək arıma gəlirdi”

 

sadiqovRövşən döyüş yoldaşlarına o qədər bağlanıbmış ki, arxa cəbhədə döyüşməyə razı olmayıb. Evdən doğmalarının yanına gəlməsinə icazə vermirmiş: “Bilirdim ki, orduya getmişəm və ordu həyatı çətindir. Həm də müharibə gedirdi. O zaman atamla qardaşım Füzulidə hərbi prokurorluqda işləyən bir tanışla yanıma gəlmişdilər. Hərbi hissədə başqa bir Rövşən Sadıqov da vardı. Səhvən onu çağırmışdılar. Gecə saatlarında gəlib bizimkilərin yanına çıxa bildim. 8 ay idi ki, məni görmürdülər. Əslində 8 ay idi kənddə məndən xəbər yox idi. Xəbər yayılıbmış ki, itkin düşmüşəm. O vaxt hərbi prokurorluqda olan qohumumuz təklif etdi ki, məni arxa cəbhədəki Təmir bölüyünə (Remrota) gətirsin. Ancaq mən razı olmadım. Təmir bölüyünə keçmək barədə düşünmədim belə. Çünki döyüş yoldaşlarımı qoyub geri çəkilmək arıma gəlirdi. Bilirsiz, döyüş əsgəri yetişdirir. Bəlkə də əsgərliyə yeni gedəndə psixoloji cəhətdən o qədər də möhkəm olmursan. Amma bir döyüşə girib çıxandan sonra psixoloji durum başqa cür olur. Döyüş yoldaşların sənin üçün ən əziz adamlar olur. Yanında əsgər yoldaşın şəhid olursa, düşmənə münasibət bir az da sərtləşir”.

 

Azərbaycan ordusunun Qapanlı zəfəri

 

Rövşən Sadıqovun ən çətin döyüş günləri Tərtərdə olub: “1994-cü ilin aprelində bizim hərbi hissəni Tərtərə gətirdilər. Dördyolda istirahət etmək üçün maşınlar dayandı. Bizi irəlidə nəyin gözlədiyini bilmirdik. Hava qaralana yaxın əmr gəldi, ön xəttə doğru hərəkətə başladıq. Buludlu hava yağışa çevrildi. Sanki qara bulud və güclü yağış da qanlı döyüşün olacağından xəbər verirdi. Gecə səhərə qədər düşmənlə döyüş davam etdi. Bütün paltarlarımız suyun içində idi. Həmin vaxt bir həftə Tərtərdə yağış yağdı. Biz Qapanlıda möhkəmlənmişdik, ermənilər Seyidsulanda mövqe tutmuşdular. Ən güclü döyüşümüz Qapanlıda oldu. Səhərə yaxın Qapanlıya hücum etdilər. Qapanlı düzənlik yerdi, oranı alsaydılar ki, bütün Tərtər təhlükəyə düşəcəkdi. Hərbi hissəmiz toparlandı. Qapanlı məktəbində mövqe qurduq. Mənə minatan manqası ilə Qapanlı kəndinə gedib orada mövqe tutmaq əmri verildi. Gecə saat 2-də tanımadığımız yollarla Qapanlıya gəldik. 4 saat dayanmadan səngər qazdıq. Əsgərlərin 3-ü yeni gələnlər idi. Səhər açılanda kəşfiyyat məlumatları ilə bildik ki, tutduğumuz mövqe düzgün deyil. Yeni mövqe tutduq və möhkəmləndik. Mayın 10-u idi. Əsgərlərə yemək hazırlamağı tapşırmışdım. Yemək yeməyə hazırlaşırdıq ki, döyüş başladı. Mərmilərin hardan gəldiyini belə müəyyən edə bilmirdik. Güllə yağış kimi yağırdı. Bilirdim ki, minatanla heç nə edə bilməyəcəyik. Durduğumuz yer təhlükəli olduğunda evin arxasına keçdik. Bu zaman 50 metr aralıda Qrad mərmisi partladı. Göydən iri torpaq parçaları başımıza tökülməyə başladı. Özümüzə gəlməmiş 2 metr aralıda başqa bir mərmi partladı. Gözümü açanda göydən yerə düşdüyümü gördüm. Möcüzə nəticəsində o mərmidən qurtula bildim. Bəzən sağ qaldığıma inana bilmirdim. Minaatanı götürüb arxaya çəkildik. Yolda rast gəldiyimiz zirehli transportyorla Qapanlı məktəbinə gəldik”. Rövşən deyir ki, ordumuz Qapanlıda ermənilərə birinci Qarabağ savaşının ən ağrı-acılı günlərini yaşadıb. Komandanlığın hazırladığı taktika nəticəsində ermənilər tələyə düşüblər: “Hissə komandanlığı yaxşı bir taktika qurdu. Tanklarımız geri çəkildi, erməni tankları hamısı düzə çıxdılar. Əvvəl biz-minatanlar başladıq, sonra tanklar atəş açdı. Güclü döyüş artilleriya zərbələri ilə Qapanlıda bütöv bir erməni tank diviziyası məhv edildi! Ermənilər tankları qoyub qaçırdılar. Biz ermənilərin qorxaqlığını bir də onda gördük. Beləki onlar hərbi texnikanı, hətta bütün xırda silahlarını qoyub qaçırdılar. O hücumla erməniləri Ağdama qədər qovmaq olardı”.

 

“Erməninin yaşlısı da qorxaq idi, cavanı da…”

 

Qarabağ qazisi deyir ki, birinci Qarabağ müharibəsində ciddi təlim keçmiş hissələrimiz çox olsaydı, nəticə başqa cür olardı: “Biz tək erməniyə qarşı döyüşmürdük. Bu, qeyri-bərabər döyüş idi. Ermənilərin tərəfində ruslar, muzdlu livanlılar, zəncilər döyüşürdü. Dəfələrlə bunun şahidi olmuşuq. Öldürdüyümüz düşmən əsgərləri arasında qara dərililər, ruslar daha çox idi. Kəşfiyyat məlumatlarına əsasən bilirdik ki, artilleriyanı ermənilər özləri atmırdı. Topu, qradı, snayperi muzdlu ruslar atırdı. Ermənilər çox qorxaq idi. Dəfələrlə görmüşəm, əsir düşmüş erməni əsgərləri ayağımımıza düşüb yalvarırdılar ki, bizi öldürməyin.Bizim dildə yalvarırdılar. Yaşlısı da, cavanı da qorxaq idi. Atışma güclənən kimi mövqeləri qoyub qaçırdılar.Ratsiyada özümüz eşidirdik ki, bizim hərbi hissədən çox qorxurlar”.

 

Elman Cəfərli
“KarabakhİNFO.com”

 

 

25.09.2014 15:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*