Azərbaycanca

Əsir, girov və itkin düşənlərin taleyi…

01.10.2013 | 15:49

1380627711_2Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülən şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir. Komissiya əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatlar toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülən vətəndaşların Azərbaycana qaytarılması və onların hazırkı durumu ilə  bağlı adı çəkilən quruma müraciət etdik.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi  Şahin Sayılov “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına müsahibə verdi.

 

– Hazırda neçə Azərbaycan vətəndaşı əsir və girovluqda saxlanılır? 

 

– Hazırda Ermənistanda və bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) qeydiyyatında olan  Azərbaycan vətəndaşlarının əsir-girovluqda saxlanması barədə məlumat yoxdur.  12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına düşən və barəsində öz ölkəsinə məlumat verilən şəxs rəsmi olaraq  əsir-girovluqda saxlanılan hesab edilir.  Ancaq bu o demək deyil ki, Azərbaycan vətəndaşlarının əsir-girov götürülməsi və saxlanması barədə məlumat yoxdur. Belə məlumatlar var və özü də şahid ifadələrinə əsasən toplanıb və sənədləşdirilib. 1 sentyabr 2013-cü il tarixə olan məlumata əsasən, 4035 nəfər (onlardan 46-sı uşaq, 255-i qadın, 353-ü qocalardır) itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır ki, onlardan da  877 nəfəri (o cümlədən 22 uşaq, 99 qadın, 133 qoca) əsir-girov götürülüb, işğal edilən ərazilərdə qalıbdır. Dövlət Komissiyasında bu şəxslər barədə konkret faktların mövcud olmasına baxmayaraq , Ermənistanın müvafiq hakimiyyət dairələri bu faktları danır və beynəlxalq təşkilatlardan  gizlədir.Əsir, girov və itkin düşənlərin taleyi...

 

Cari il ərzində neçə Azərbaycan vətəndaşı  əsir-girovluqdan azad edilib?

 

– 2013-cü il ərzində yalnız bir Azərbaycan əsgəri əsirlikdən azad olunmuş hesab edilir. Bu, 26 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası ilə həmsərhəd ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğludur. BQXK-nın məlumatına əsasən, F.Fərəcov Ermənistanda – Yerevan şəhərində saxlanılıb, bu qurumun vasitəsi ilə ailəsinə məktub və məlumatlar göndəribdir. Əsir düşdükdən az sonra Ermənistan kütləvi informasiya vasitələrində onun Azərbaycana qayıtmayacağı və üçüncü ölkəyə getmək istəyi barədə məlumatlar yayılıbdır. Lakin 7 avqust 2013-cü il tarixdə  Ermənistan hərbçisi İnciqulyan Akop Gevorkoviç əsir düşdükdən  az sonra, Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, bu ölkə rəsmilərinin 15 avqust 2013-cü il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevandakı nümayəndəliyinin əməkdaşı Draqan Rankoviçlə keçirdiyi görüşdə Firuz Fərəcovun Azərbaycan Respublikasına qayıtmaq arzusunu ifadə etdiyi  bildirilirsə də,  30 avqust 2013-cü il tarixdə F.Fərəcovun əsirlikdən azad edildiyi və Ermənistandan üçüncü ölkəyə göndərildiyi   rəsmi elan edildi.

 

Azərbaycan Respublikası isə bu il ərzində 2 Ermənistan vətəndaşını girov düşdükdən bir neçə gün sonra azad edibdir. Bunlar  16-17 mart 2013-cü il tarixdə, Azərbaycan Respublikasının Qazax rayonu, ərazisində saxlanılan Ermənistan Respublikasının vətəndaşları – 1926-cı il təvəllüdlü Kareyan Dovruş Sarkisoviç və 1965-ci il təvəllüdlü Arakeriyan Anahid Hamazasovna olublar. Beynəlxalq humanitar hüquq normalarını əsas götürərək, Azərbaycan Respublikası hər iki şəxsi qısa müddət ərzində – 20 mart 2013-cü il tarixdə BQXK-nın vasitəçiliyi ilə Ermənistan Respublikasına qaytarıbdır.

 

Əsir, girov və itkin düşənlərin taleyi...Nəzərinizə çatdırım ki, müharibə başlandığı vaxtdan bu günə kimi  1402 Azərbaycan vətəndaşı əsir-girovluqdan azad edilib.

 

– Ümumiyyətlə, əsir və girovların azad edilməsi  necə həyata keçirilir?

 

Azərbaycan Respublikasının da qoşulduğu 12 avqust 1949-cu il Cenevrə Konvensiyalarına görə, əsir düşmüş şəxs heç bir şərt olmadan öz ölkəsinə qaytarılmalıdır. Lakin onların öz ölkəsinə qayıtmaqdan imtina etmək barədə qərar vermək hüququ da tanınır. Vətəninə qayıtmaqdan imtina edən əsir-girov BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının vasitəçiliyi ilə onları qəbul etməyə razılıq vermiş üçüncü ölkəyə göndərilir. Əsir düşmüş hərbçi onu əsir götürən ölkədə daimi saxlanıla bilməz.

 

– Əsir və girovlar qarşılıqlı şəkildə qaytarıla bilərmi?

 

Yuxarıda qeyd etdiyim Konvensiyaların tələbinə uyğun olaraq əsir və girovlar qarşılıqlı şəkildə dəyişdirilə və ya alver obyektinə çevrilə bilməz. Lakin azad edilmə prosesində iştirak edən rəsmi şəxslərin və BQXK əməkdaşlarının təhlükəsizliyinin təminatı üçün hər iki tərəf eyni anda əsir-girovları azad edə bilər. Bu isə əsir-girovların dəyişdirilməsi anlamını vermir.

 

–  Komissiyanın son illərdəki hesabatlarından aydın olur ki, Ermənistanın Dağlıq Qarabağa təcavüzü  nəticəsində həlak olmuş və şəxsiyyəti müəyyənləşdirilmədən dəfn edilmiş şəxslərə aid məzar yerlərinin axtarışı və qeydiyyata götürülməsi işi aparılır.  Bu sahədə vəziyyət nə yerdədir və bu iş ermənilər tərəfindən də həyata keçirilirmi?

 

– Komissiya artıq üç ildən artıqdır ki, naməlum məzarların axtarışı və qeydiyyatını həyata keçirir. Bu məqsədlə demək olar ki, Azərbaycanın bütün rayonlarında işlər görülür. Aidiyyəti yerli strukturlarla yazışmalar aparılır və Komissiyanın İşçi qrupunun əməkdaşları yerlərdə, hətta qoşunların təmas xəttinə yaxın mümkün ərazilərdə də  axtarış işi aparırlar. Aparılmış araşdırmalar ciddi məlumatların ortaya çıxması ilə nəticələnibdir. Hazırda Komissiyanın İşçi qrupunda bütün Respublika üzrə 158 naməlum məzar barədə məlumat qeydiyyata alınıbdır ki, yaxın gələcəkdə  onların açılması , identifikasiya edildikdən sonra ailələrinə bildirilməsi nəzərdə tutulmuşdur.Bunun üçün bütün itkin ailələrindən, itkinlərin  yaxınlarından müvafiq analizlər götürüləcəkdir.  Ermənistanda və bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində isə, naməlum məzar yerlərinin axtarışı və qeydiyyata götürülməsi işinin aparılması barədə Komissiyaya heç bir rəsmi məlumat daxil olmamışdır. Əlbəttə ki, bu işin işğal olunmuş ərazilərdə aparılması daha vacibdir. Hələlik münaqişədə status-kvonun mövcudluğu bizə həmin ərazilərdə iş aparmağa imkan vermir. Ermənistana isə bu işi aparmağa heç nə mane olmur.Əsir, girov və itkin düşənlərin taleyi...

 

– İtkin düşmüş şəxslərin ailə üzvləri və  qohumları  ilə iş necə aparılır?

 

– Ümumiyyətlə, Komissiya fəaliyyətə başladığı ilk illərdən vətəndaşlarla əlaqəli şəkildə işləyir və şəffaflıq prinsipini əsas götürülmüşdür. İtkinlərin taleyinin aydınlaşdırılması işində valideynlərin rolu vacibdir. Komissiya yaradılmazdan əvvəl axtarış işini övladları itkin düşmüş valideynlər özləri başlamış,  övladlarının sorağı ilə döyüş yoldaşları, komandirləri və  onlar haqqında hər hansı məlumatı olan insanları müəyyən edib söhbətlər aparıblar. Ona görə də biz gündəlik şəkildə valideynlərlə təmasdayıq. Onlar Komissiyanın İşçi qrupunda  istədikləri vaxt qəbul edilirlər və bunun üçün hər hansı məhdudiyyət yoxdur. Araşdırma prosesində əldə olunan hər hansı məlumat onlara bildirilir və onların vasitəsilə dəqiqləşdirilir. Eyni zamanda, valideynlərin verdiyi məlumatlar tərəfimizdən araşdırılır və dəqiqləşdirilir. Misal üçün, əgər valideyn itkin düşmüş övladının döyüş yoldaşının itkin barəsində vaxtı ilə ona hər hansı məlumat verdiyini bildirirsə, biz həmin döyüşçünü müəyyənləşdirib onun ifadəsini alırıq və məlumatı təhlil edirik. Bundan başqa, biz aidiyyəti yerli qurumların vasitəsi ilə də valideynlərlə əlaqələr yaradırıq. Zəruri hallarda isə əməkdaşlarımız yerlərə ezam olunaraq onlarla iş aparırlar.

 

– Əsir-girovluqdan azad edilənlər, xüsusilə də qadınlarımız cəmiyyət tərəfindən necə qarşılanır, onların sosial və tibbi reabilitasiyası işləri necə  aparılır?

 

– Bildiyiniz kimi, Azərbaycan cəmiyyətində heç bir diskirminasiya mövcud deyil. Bu baxımdan deyə bilərəm ki, əsir-girovluqdan azad edilmiş şəxslərə qarşı münasibət də bütün insanlara olan münasibət kimidir. Eyni zamanda, bu şəxslər Respublikamızda müharibə qurbanları ilə bağlı və ümumiyyətlə hər bir vətəndaşa şamil edilən bütün imtiyazlardan istifadə edirlər. Azərbaycan xalqının mentaliteti və milli-mənəvi dəyərləri barədə məlumatı olan hər kəs bilir ki, bizdə  ağır vəziyyətlə üzləşmiş hər kəsə cəmiyyətin humanist münasibəti mövcuddur və onlar qayğı ilə əhatə olunur. Bundan başqa, qeyd edə bilərəm ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 1 mart 2001-ci il tarixli sərəncamına uyğun olaraq əsir-girovluqdan azad edilmiş vətəndaşlarımızın sosial və tibbi reabilitasiyasına da Komissiya tərəfindən yardım edilir. Bu iş Komissiyada təmsil olunan aidiyyəti nazirliklərin nümayəndələri vasitəsi ilə həyata keçirilir.

 

Bundan başqa, bizim əməkdaşlıq etdiyimiz BQXK-nın da bu sahədə ayrıca layihələri mövcuddur.

 

 

Günel Cəlil

 

“KarabakhİNFO.com”

 

01.10.2013 15:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*