Azərbaycanca

Əsir həyatı şəhidliyin bir nümunəsidir

24.09.2012 | 16:06

1348484628_dsc03279 (1)Əsir həyatı şəhidliyin bir nümunəsidir.

 

Bugünkü müsahibimiz Quliyev Hüseynağa Aydın oğludur. 8 gün erməni əsirliyində qalan Xocalı sakini həm də Xocalı postunda baş komandir olub.

-Əsir həyatı yaşamış biri üçün Vətən nə anlama gəlir?

 

-Vətən mənim canım, damarımda qanımdı. Aldığım nəfəsdi. Elə məhz bu can da əhdinə vəfalı cıxdı. Vətəni uğrunda hər cür əzaba dözdü. Çox ağır günlər yaşasam da vətənimi sevdim, yenə də sevirəm.

 

Xocalıya hücumu necə xatırlayırsınız?

 

-Fevralın 25 – i 21:30 radələrində mərkəzi televiziyada Xocalıya hücum barədə məlumat verildi. Beləliklə də, SSRİ – nin Xankəndində yerləşmiş 366 – cı motoatıcı alayı fevralın 25 – dən 26 –a keçən gecə hücuma keçdi. Ruslarla birgə hərəkət edən ermənilər əvvəlcədən hazırlıq görmüşdülər. Əliyalın camaata qarşı xüsusi hazırlanmış döyüşçülərlə çıxmışdılar. Güclü texnikaları var idi. Bir saat ərzində 4 istiqamətdən mühasirəyə aldılar. Hər tərəf qar idi, yollar bərbad gündə, heç yerə çıxmaq mümkün deyildi. Güclü artilleriya və ağır texnikadan istifadə edən ermənilər 1 saatın içində şəhəri alova bürüdülər. Bizdə isə təkcə ov tüfəngləri var idi. Əliyalın camaata olmazın işgəncələr verib öldürdülər. (Hüseynağa bəy danışdıqca əsəbləşir, əllərini sıxır, səsini yüksəldir – red) Gördüklərimi danışmaq çox çətindi. Hamilə qadınların bətnindəki körpəni götürüb süngüyə taxırdılar, yerinə kişilərin başını kəsib qoyurdular. Körpəni, qocanı, xəstəni diri – diri yandırırdılar, dərisini soyurdular, gözlərini çıxarırdılar. İnsana xas olmayan bütün vəhşiliklərə əl atırdılar. Onlar bu gün də bu vəhşilikləri törədərlər. Bu ağır səhnələr  gözümüzün qabağında baş verirdi, biz isə aciz idik. Biz qorxmurduq, sadəcə gücümüz çatmırdı. Axı qol gücü ilə olan bir döyüş deyildi. Onların texnikasına qol gücü çatardı? Bacardığımız qədər qaçıb dağlara çəkildik, qar imkan vermirdi. Sanki, yer – göy bu dəhşətə ağlayırdı. Bir tufan, bir qiyamət var idi ki, gəl görəsən.

Məni BMP ilə vurdular, amma qəlpə dəyməmişdi, qarşımdakı qaya məni xilas etmişdi. Əynimdə milli forma var idi. Məni apardılar. Onlar mənə elə işgəncələr verirdilər ki, hətta danışmağı ar bilirəm. O qədər döymüşdülər ki, əl və ayaq barmaqlarımı sınmışdı. Sonra məcbur etdilər ki, ayağa qalxım. Bir az gec qalxdım deyə məni buz kimi suyun içinə atdılar. Özümdən getmişəm, heç nədən xəbərim olmayıb. Sən demə, soyuq sudan çıxarıb yanan odun üstünə qoyublar. Səhər gözümü açıb nə baş verdiyini öyrənəndə dəli olmuşdum. Əgər onlar gedən kimi məni odun üstündən götürməsəydilər mən də digərləri kimi yanıb kül olacaqdım. O qədər gözümün önündə yanıb kül olan olub ki.

1349786993_01İşgəncə verməkdən həzz alırdılar. Onların yalnız kişiləri yox hətta qadınları da “iş başında” idi. Mənim üz – gözüm qan içindəydi. Bir qadın gəldi və məni “bəyənmədi”. Dedi mənə salamat bir cavan verin ki, oğlumun ad günüdü qurban kəsəcəm. O, qurban mənim qaynım oldu. 18 il sonra nəzir – niyazla tapılan Xaqanı apardılar. Onun bağırtısı hələ də qulağımdadı.

 

-Bütün bu ağır günləri yaşaya – yaşaya vətənə qayıdacağınıza ümidiniz var idimi?

 

– Qətiyyən inanmırdım. Hər an ölüm qorxusuyla yaşayırdıq. Mənim bəxtim gətirdi sağ qaldım. Ya da Allah mənim canım almadı. Danışa bilmirdim, gözlərim görmürdü. Qabırğalarım qırılmışdı, ayaq barmaqlarımı, qolumu, çənəmi qırmışdılar, başımı partlatmışdılar, amma beynimə qan sızmamışdı. Gələndən sonra əməliyyat olundum.

Gözümün qabağında uşaqlara nə işgəncələr verirdilər. Diri – diri başını kəsir, ağzından lomu salıb belinnən çıxarır, sinəsində avtomatla yazı yazır, dərisini soyub əzələsini çıxarır, ağaca bağlayıb yandırırdılar… ( Danışdıqca əliylə başını tutur, gözləri dolur – red)

70 yaşlı babamın başının dərisini gözümün qabağında soydular. Hər gün gəlib 2 – 3 nəfəri aparır, kiminin diri – diri başını kəsir, kimini güllələyirdilər.

Məhəmməd kişi var idi, onun alnından vurdular, qayadan düşdü öldü. O an bu cür ölümü hamı arzulayırdı. Amma nə qədər işgəncələr gördümsə Allah canımı almadı, 20 ildir ki, dayanmadan müalicə alıram, dərman içirəm.

Çox şükür ki, Azərbaycan kimi dövlətimiz var, möhtərəm prezidentimizin diqqət və qayğısı altında yaşayırıq. Bizə göstərilən bu diqqət, qayğı yeganə təskinliyimizdi.

 

-Neçə oldu sizi dəyişdilər? Bu xəbəri necə öyrəndiniz?

 

-Məni 10 erməni dığasıyla dəyişdirdilər. Gəlib aparanda dedilər ki, bunu diri istəyirlər elə döyün ki ora çatanda ölsün. Ağlım başımdan çıxana kimi armaturla döydülər. Dəyişdirməyə az qalmış sillələyib ayıltdılar. Sərhəddən birbaşa xəstəxanaya apardılar. Vəziyyətim o  qədər ağır idi ki, xəstəxanada təcrübəçi tələbələrə baxmağa icazə vermirdilər. (gözləri dolur – red) Bəlkə, biz bu həyatda olmadıq, amma inanıram ki, haqq – ədalət nə vaxtsa öz yerini tapacaq.

 

– Nə qədər əsirlikdə qalmısınız?

 

– Sənədlə 8 gün əsir qalmışam, 2 ay isə sərhəddə qaldım. Yoxlanış gedirdi. Həm də dindirirdilər ki, görsünlər satqınlıq olub ya yox. Deməli, ermənilər əsir götürdükləri vaxt kimin əlində silah var idisə onu öldürürdülər. Mənim də əlimdə silah var idi. Amma nə qədər etdilərsə bunu boynuma qoya bilmədilər. Onda 26 yaşım var idi. Şirin dillərinə də uymadım, dedim ki, məndə silah olmayıb. Aralarında Suriyadan, Livandan gələn ermənilər var idi, saçları qırmızımtıl idi, dilimizi də bilirdilər. Həmin gün Xocalıdan sağ adam çıxmalı deyildi. Kütləvi şəkildə hamını öldürürdülər ki, şahid qalmasın. Xəstə, şikəst olsaq da ordan sağ çıxdıq. Çox sağ olun ki, siz bizi tapır, danışdırır, səsimizi dünyaya çatdırırsınız.

 

-Ailə üzvlərinizdən, qohumlarınızda əsir düşən vardı? İndi yaşayırlarmı?

 

-Babamın dərisini gözümün qabağında soydular. Qaynım, anamın əmisi, əmiuşaqlarım, anamın əmisi nəvələri hamısının meyidi gəldi. Anam da əsir düşmüşdü, indi yataq xəstəsidi. Qaynanam da oğlundan sonra xəstəlik tapdı. O cür ölümə hansı ana dayanar. Elə qohumlarım var onlara itkin düşüb deyirlər. Nə itkin? 20 il itkin olar? Sonradan nə qədər əsir dəyişdirdilər, onlardan Xocalıdan birini gördüm deyən olmadı. Xocalıların hamısını öldürürdülər.

 

 -Hüseynağa müəllim, 46 yaşınız var, yəqin ki, övladlarınız var? Onlar necə vətənpərvərdilərmi?

 

-Əlbəttə. 2 oğlum var, əkiz. Onlar da əsir düşmüşdülər, birini erməniylə dəyişdilər, birini də dövlətimiz aldı. Onlar elə ruhda böyüyüblər ki, hər an vətənə xidmət etməyə hazırdılar.

 

– Sizi çox yorduq, son sözünüz nədir?

 

1349787051_02-Mən həmişə deyirəm, yeganə yolumuz müharibədir. Valideynlərə sözüm budur, uşaqlarına rüşvətlə hərbi bilet almaqla kişi böyütmək olmaz. Mənim 2 oğlum polisdir. Müharibə olsa onları niyə gizlədim axı? Oğul vətən üçündür deyiblər. 1 – 2 il əsgərlik çəkmək hamının borcudur, amma müharibəyə getmək ürəkdən olmalıdı, canını fəda etməyi bacarmalısan. Mən uşaqlıqdan millətpərəst olmuşam. Bu ruhda kitablar çox oxumuşam, filmlərə baxmışam, uşaqlıqdan şəhid olacam deyə düşünmüşəm. Mən vətənim üçün yaşayıram. Həmişə şəhidlərimizə qibtə etmişəm. Müharibə olsa yenə gedərəm, qisasımı almalıyam.

Mən diri – diri şəhid olmuşam, əsirliyin özü də şəhidliyin bir nümunəsidir.

 

 

Aysel Talıblı.

 

24.09.2012 16:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*