Azərbaycanca

Аkop Badalyan: “Müharibə seçkiqabağı “təam” kimi”

30.10.2012 | 16:19

1351599608_serjErmənistanda onsuz da ağır olan ictimai-siyasi vəziyyət 2013-cü ilin prezident seçkiləri yaxınlaşdıqca daha da gərginləşir. Serj Sarkisyanın rəhbərlik etdiyi mafiya şəbəkəsini xatırladan bir qrup oliqarx ölkəni istədikləri kimi çapıb talayır. Xalq qarşısında etimadını çoxdan itirmiş Sarkisyan və əlaltıları 2013-cü ilin seçki kampaniyasında qələbə çala bilməyəcəklərinə əmindirlər. Buna görə də mafiya qruplarına xas olan şantaj, təhdid və digər üsullardan istifadə etməkdən belə çəkinmirlər. Sarkisyan iqtidarı 2013-cü il prezident seçkilərində qalibiyyətlərini sığortalmaq üçün hətta Dağlıq Qarabağ münaqişəsindən vasitə kimi istifadə etməyə, xalqı daim qorxu içərisində saxlamağa da hazırdır. Bu isə Sarkisyana olan antipatiyanı getdikcə gücləndirir. Sözügedən məsələ ilə bağlı erməni mətbuatında, o cümlədən, xəbər  portallarında mütəmadi olaraq Serj Sarkisyan haqda yazılar gedir. “lragir.am” saytında da dünən yerləşdirilmiş, Akop Badalyanın müəllifi olduğu  bu cür yazılardan birini sizə təqdim edirik:

   “Serj Sarkisyan bir qrup fəal gənclərlə olan görüşündə çox maraqlı bəyanatla çıxış edib. O, böyük ordu saxlamağın Ermənistan üçün məcburi prioritet olduğunu və bu sahəyə külli miqdarda vəsaiti sərf etməyə məcbur olduqlarını qeyd edib. Sarkisyan vəziyyət gərginləşəndə hamının təhlükəsizlik haqqında düşünməyə başladığını, lakin gərginlik aradan qalxan kimi hamı məişət problemlərini xatırlmağa başladığını bildirib. Sarkisyan təbii ki, bunu hesab edib, lakin o, vəziyyətin gərginləşəcəyi təqdirdə təhlükəsizlik xərclərinin artmasının əmək haqlarının artmasından daha mühüm olduğunu xüsusi olaraq qeyd edib.

Bu prezident seçkiləri ərəfəsində və Ermənistanın problemlərinin ağırlığı fonunda son dərəcə simptomatik (1. tib. xəstəliyin əsas səbəbini deyil, onun zahiri əlamətlərini yox edən; 2. bir şeyin xarici əlamətini təşkil edən-S.İ) bəyanatdır. Ermənistan bu ağır problemlərlə seçkiyə gedir.  Bunlar  sosial gərginlik və mürəkkəb iqtisadi situasiyadır. Görünür, indiki vəziyyətdə Serj Sarkisyanın mövqeyi kifayət qədər zəifdir.

Əgər onun rəqibləri sosial-iqtisadi problemlərə daha çox diqqəti cəlb etməyi bacarsalar, Sarkisyanın mövqeyi o qədər yaxşı olmayacaq. Sarkisyan gənclərlə görüşündə təhlükəsizliyin sosial problemin alternativi  olduğunu və bu problemin aktiv şəkildə üzə çıxması halında hamının əmək haqqını unudacağını faktiki olaraq qeyd edib.

Çox güman ki, Serj Sarkisyanın yeganə “ kredo”su olan təhlükəsizlik, seçkiqabağı proqram zamanı onun qalib gəlməsini sığortalayan amildir. Əlbəttə, bu problemin həlli onun öz nəzarətində olmalıdır, yoxsa o, gündəlik məsələlərin tərtibi zamanı ilk “qurbana” çevrilə bilər.

Şübhəsiz, Ermənistanda təhlükəsizlik problemlərini qabartmaq üçün çox güc sərf etmək lazım deyil. Seçkiqabağı kampaniya zamanı Sarkisyan öz planlarını sərhəddə informasiya dəstəyinin  köməkliyi ilə kiçik bir təxribat törətməklə, təhlükəsizlik problemini ölkənin birinci dərəcəli probleminə çevirməklə həyata keçirmək niyyətindədir. Görünür, əgər Serj Sarkisyan digər metodlarla qalibiyyətini zəmanət altına ala bilməsə, məhz ölkənin təhlükəsizlik problemi onun “seçkiqabağı silah”ı olacaq.

Əlbəttə, burada Sarkisyanın xarici köməyə də ehtiyacı olacaq. Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə vasitəçilər situasiyada “qarant” rolunu öz üzərlərinə götürməlidirlər, əks halda Serj Sarkisyan onlarsız vəziyyətə nəzarəti itirə bilər və daxili vəziyyətə təsir etmək əvəzinə o, qlobal təxribat törədə bilər.

Beynəlxalq ictimaiyyətin müxtəlif mərhələlərdə Ermənistan hakimiyyətinin Qarabağ münaqişəsindən öz məqsədi üçün istifadə etməsinə göz yummasına əsaslansaq, Ermənistandakı xaotik inkişafı cilovlamaq probleminin qarşıda durduğu vaxtda bunun indi də təkrarlanmasına göz yummaları mümkündür.  Həqiqətən hadisələrin inkişafı bu təzadlı və amorfativ ölkədə spontan formada elə inkişaf edə bilər ki, Serj Sarkisyanın rəqibinin meydana çıxması zəruri hal alar.

Xaotik inkişaf həm də ona görə mümkündür ki, ictimaiyyətin seçkilərdə rolu minimuma endirilib və onlar proseslərə praktiki şəkildə təsir edə bilmirlər.

Hazırda cəmiyyətin rolu yalnız buna görə vacib deyil.  Məsələ bundadır ki, erməni cəmiyyətinə daxili siyasi məsələlərin həllində təhlükəsizlik məsələsini öz məqsədləri üçün istifadə edən  bu sistemin  məhvi lazımdır. Çünki  təhlükəsizliyin bu formada istifadəsi dövlətin və cəmiyyətin inkişafında ən böyük maneə olmaqla  mövcud sistemin qalmasının təminatıdır. Görünür ki, bu sual Ermənistan gündəminin ictimai-siyasi müzakirələrində  çoxdan həlli vacib olan məsələlər üçün də açar rolunu oynayır.

Ruscadan çevirdi: Söhrab İsmayılov.”

                                                                                

Mənbə: “iragir.am”

 

30.10.2012 16:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*