Azərbaycanca

17 yaşlı gəncin döyüş yolu

11.03.2014 | 15:50


1394538602_1964582_273914409439286_1755730443_nVətən müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal, ümdə arzudur. Azad olmayan vətəndə azad vətəndaş ola bilməz. Tərəqqinin əsası azadlıqdırsa, bu azadlığın da əsas obyekti vətən torpağı, doğma el-obadır. Lakin azadlıq nə verilmir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının canı bahasına əldə edir.   Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı, cəsurlar məskənidir. Son dövrlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycanın igid və cəsur oğulları, qeyrətli və ismətli qızları yenə də yetərincədir. Həm göz dağımız, həm də fəxarət yerimiz olan Şəhidlər Xiyabanı belə Vətən övladlarını öz ağuşuna almış, ölməzliyə qovuşdurmuş, şəhid ucalığına qaldırmışdır. Tarixdə adətən qələbə çalanlar qəhrəman sayılır. Zirvədə tutulur, ehtiramla anılır, adına olan-olmayan rəvayətlər qoşulur. Bu rəvayətlərin, qəhrəmanlıq dastanlarımızın ömrü qəhrəmanlığımızın ömründən daha uzun olur.  Mən bu yazımda Vətən uğrunda vuruşan, Vətən uğrunda ölən bir qəhrəman haqqında, Cavid Əlifağa oğlu Haqverdiyevin döyüş yolu barədə söz açmaq istəyirəm.   16 aprel 1975-ci ildə Biləsuvar rayonu Ağeyri kəndində anadan olan  Cavid Haqverdiyev Qarabağ müharibəsi başlayanda orta məktəbdə təhsil alırdı. 1992-ci ildə vətənin işğalına dözməyən Cavid aprel ayında təhsilini yarımçıq qoyaraq Laçın rayonuna, Biləsuvar könüllər dəstəsinə üzv olur. 17 yaşlı gəncin döyüş yoldaşları onun qorxmaz və rəşadətli olmasını qeyd edirlər. Laçının azadlığı uğrunda gedən qanlı döyüşlərdən birində ayaq hissəsindən yaralanan Cavid cəmi 10 gün müalicədən sonra dərhal döyüş bölgəsinə geri qayıdır. Ayağının yaralı olmasına baxmayaraq hər zaman ön hissədə döyüşən Cavid Haqverdiyev sentyabr ayında gedən ağır döyüş zamanı sinəsindən üç güllə yarası alsa da mövqeyini qorumaqda davam edirdi. Yoldaşları geri çəkilən zaman onu çiyinlərində aparmaq istəsələr də, o, razı olmayaraq döyüşə davam edir. Cavid bilirdi ki, əsgər yoldaşlarına yük olsa daha çox itki ola bilərdi. Əlində silahı son gülləyə qədər vuruşan Cavidi ermənilər yaralı halda səngərdən tapıb əsir götürmək istəyəndə o, ermənilərin üzünə tüpürərək, Azərbaycan əsgərlərinin onlardan qisas alacaqlarını deyir. Bundan hiddətlənən erməni qaniçənləri Cavidin başın kəsirlər.   Cavidin cəmi 17 yaşı var idi. Arzuları böyük idi. Son döyüş qabağı qarmonunda toy mahnıları ifa edib, əsgər dostlarından xahiş edir ki, əgər geri qayıtmasa qarmonunu anasına versinlər. Onun son sözləri isə “Mən Vətən uğrunda şəhid olsam belə ailəmizdə hər zaman toy büsat olsun. Çünki mənim qanım Vətən torpağına hopub. Ailəm bununla fəxr eləsin” olur.   Allah rəhmət eləsin!  

Aynur Tağıyeva

AMEA-nın əməkdaşı

  “KarabakhİNFO.com” 

11.03.2014 15:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*