Azərbaycanca

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə ekspertlərin münasibəti

06.09.2014 | 13:52

photo_48096Məlum olduğu kimi, Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk rəsmi səfəri Azərbaycana photo_48096oldu. Sentyabrın 2-3-də reallaşan səfər nəticəsində ölkə başçıları arasında Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif aspektləri, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional hadisələrin müzakirəsi aparıldı.

Türkiyə Prezidentinin ilk rəsmi səfərini məhz qardaş Azərbaycana etməsi və bunun dövlətlərimiz arasındakı strateji tərəfləri dünyada və ölkəmizdə müxtəlif cür şərh olundu. Qardaş ölkənin rəhbərinin ölkəmizə ilk rəsmi səfəri ilə bağlı Milli Məclisin deputatlarının və politoloqların fikirlərini öyrəndik.

 

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli MƏSİMLİ:

 

 

eli_mesimli(2)

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra Azərbaycana səfər etməsi Türkiyə-Azərbaycan münasibətlərinin unikallığı, bir millət iki dövlətin ortaq dəyərlərindən qaynaqlanaraq çox möhkəm, sarsılmaz bir təməl üzərində inkişafı, Ankaranın xarici siyasətində Bakının tutduğu yerin önəmi və bu strateji əməkdaşlığın yeni keyfiyyət mərhələsinə qədəm qoyması baxımından dünyaya mesajdır. R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə keçirdiyi görüşdə iqtisadi, ticari, siyasi, mədəniyyət, xarici siyasət və digər sahələrdə əməkdaşlıq məsələri müzakirə edilib. Bundan əlavə, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirəsi də davam etdirilib. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın genişlənməsi və dərinləşməsi hər iki dövlətin güclənməsinə, regionda sülhə və əmin-amanlığa xidmət edir, həm də bütövlükdə türk dünyası üçün yaxşı nümunədir. Bu səfər iki ölkə arasında iqtisadi-ticari əlaqələrin yeni hədəflərə doğru hərəkət götürməsinin və qarşılıqlı sərmayə qoyuluşlarının artmasına müsbət impuls verən amil olacaqdır.

 

 

Milli Məclisin deputatı, professor Musa QASIMLI:

 

 

загружено

Rəcəb Tayyib Ərdoğan Türkiyə tarixində böyük iz toymuş siyasətçilərdəndir. Mustafa Kamal Atatürkdən sonra Türkiyə tarixində xüsusi yeri olan dövlət və siyasət adamıdır. Onun Baş nazir olduğu illərdə Türkiyə dünyanın güclüləri cərgəsinə daxil oldu, dövlət kimi dünya siyasətində həlledici söz sahiblərindən birinə çevrildi. Şübhəsiz ki, R. T. Ərdoğanın Prezident kimi xarici ölkələrə ilk səfərinin Azərbaycandan başlaması böyük əhəmiyyət daşıyır . Bu, əslində, Türkiyə dövlətinin xarici siyasətində Azərbaycana böyük yer verildiyini bir daha sübut edir, ölkələrimiz arasında strateji müttəfiqliyin ən yüksək səviyyədə olmasını təsdiqləyir. Bu, belə də olmalıdır. Çünki, hər iki xalqın kökü, tarixi və mədəniyyəti paylaşması eyniliyi buna əsas verir. Dövlətlər arasında münasibətləri təkcə hökumətlər deyil, həm də xalqlar müəyyənləşdirir.

Belə səfərlər artıq ənənə halını almışdır. Prezident İlham Əliyev də dövlət başçısı seçiləndən sonra ilk səfərini məhz Türkiyəyə etmişdi. Yəni bu siyasət qarşılıqlıdır, səmimidir. R. T. Ərdoğanın ölkəmizə səfəri qarşılıqlı münasibətlərdə daha bir yeni səhifənin açılacağını deməyə əsas verir.

 

 

Milli Məclisin deputatı, Fazil MUSTAFA:

 

 

1385805426fazil_mustafa

Bu səfər Türkiyənin daxili siyasətinə yönəlik ən ciddi mesajdır. Yəni AKP iqtidarı xarici siyasətdə Azərbaycana böyük əhəmiyyət verdiyini göstərir. Xarici siyasətdə də eyni motivlə Ermənistana və bölgə dövlətlərinə verilən mesajdır. Səfər strateji münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək.

Azərbaycan daha müstəqil güc olaraq özünə aid problemlərin həllinə müdaxilə etmək imkanına sahibdir.

 

 

Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Vəli ƏLİBƏYOV:

 

 

 

1939831_276075572549117_1567012563_o

Cənab Ərdoğanın prezident seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi, əlbəttə ki, simvolik bir jestdir. Bu, həmçinin Türkiyə dünyada özünə ən yaxın müttəfiq kimi hansı ölkəni görür, sualına cavab kimi də qiymətləndirilməlidir.

Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə ilə həmişə yaxın olub. Lakin son illərdə iki dövlət arasında münasibətləri diqqətlə izləsək, görərik ki, bu münasibətlər artıq yeni müstəviyə keçib. Əgər əvvəllər Türkiyə Azərbaycan üçün daha çox “böyük” və qüdrətli qardaş idisə, son illər görmək olar ki, söhbət artıq bir-birinə dayaq olan qardaş ölkələrdən gedir.

Azərbaycan artıq regionun güclü dövlətinə çevrilməklə Türkiyəyə bu regionda strateji maraqlarının təmin olunmasına yardım edir.

Dünya siyasətindəki son hadisələr isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə bizim regiona ciddi təsirlər gözlənilir. Bu baxımdan region dövlətləri strateji müttəfiqləri ilə indidən buna hazırlaşmalıdırlar. Bu baxımdan bir müddət əvvəl, Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi sahədə əməkdaşlıq niyyətlərinin olması, bu yaxınlarda hətta birgə hərbi təlimlərə start verəcəkləri barədə bəyanatları xüsusi əhəmiyyət kəsb edir.

Bu səfər regionda “gözü” olan tərəflərə onu dedi ki, Türkiyənin bu regionda öz maraqları var, və bu, Azərbaycanın maraqları ilə eynidir və regionda kənar qüvvələrin hakimlik edəcəklərinə imkan verilməyəcək. Azərbaycan, Türkiyə və Gürcüstan üçlüyü regionun problemlərini özü həll edəcəkdir.

 

 

 

Anar TURAN,

“Xalq qəzeti”

 

 

06.09.2014 13:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*