Anar İsgəndərov: “Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi”
BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “KarabakhİNFO.com”a müsahibəsini təqdim edirik.
-Anar müəllim, demək olarmı 1918-ci ildə daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı soyqırımları planlı şəkildə hazırlanmışdı?
-Bakıda soyqırım planı hələ 1917-ci ildən “Daşnaksütyun” partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstəriblər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi.
Təhqiqat Komissiyası tərəfindən şahid kimi dindirilmiş Bakı şəhərinin sakini A.N.Kvasnikin ifadəsində deyilir: “Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə onun ətrafında cismən məhv edilməsi, onların əmlakının və bütün var-dövlətlərinin qarət olunması və siyasi üstünlüyün ermənilərin əlinə keçməsi ermənilərin müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi.”. Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. Şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Sənədlərdən məlum olur ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunub. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar.
Mart qətliamında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı erməni ziyalıları, gəncləri də iştirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibə”də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “vətəndaş borcu”nu yerinə yetirirdi”.
-Bəs, Bakıya yaxın olan Şamaxı və Quba şəhərlərində hansı soyqırımlar törədilib?
-Şamaxı şəhəri dəhşətli talan və vəhşiliklərə məruz qalıb. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatlarının-şahid ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. – əsasında 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilib. Bu aktlarda olan rəqəmlərə əsasən Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetiriblər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olub. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 milyon manat, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olub.
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri – Gəncə quberniyasının Nuxa və Ərəş qəzalarında yoxlama keçirmiş N.Mixaylovun və N.Klassovskinin məruzəsində dəqiqləşdirilmişdir ki, təkcə bu qəzaların erməni dəstələri deyil, həm də başlıca olaraq, gəlmə hərbi hissələr və İrəvan quberniyasının erməniləri müsəlman əhalisini ucdantutma qırmaq, kəndləri dağıtmaq və dövlət hakimiyyət orqanlarını və müsəlman ərazilərini tutmaq üçün bütöv bir plan hazırlamışdılar.
Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü. Çünki qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər.
Bakıdan böyük bir silahlı dəstə ilə Qubaya gələn Hamazasp və onun əlaltıları küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlamışdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi.
Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olub. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.
Müsəlmanların müqəddəs dini ocaqlarını yerlə yeksan edən daşnaklar dinə, Şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları də məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar.
Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilıb. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
-Ermənilər Azərbaycanın digər bölgələrində də belə qırğınlar ediblərmi?
-Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etmək üçün dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar.Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri “Aleksandr Candar” paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddətləndi “
Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, pul verməkdən imtina edir, onları Osmanlı türklərindən qorumaq üçün səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyələrini keçirtməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdılar və minlərlə günahsız insanın həyatına son qoydular. 1918-ci ilin yanvarından 1919-cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu.
1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olub. Daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı bu qəzada general Andranikin erməni əsgərlərindən ibarət yaxşı təşkil olunmuş nizami qoşunları da var idi. Andranik Erməni hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olsunlar ya da qəzanın ərazisini tərk etsinlər. Guya bu ərazi Ermənistan Respublikasına daxildir. Qəzanın çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər.
Erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşilikləri 1920-ci ilin əvvələrində daha amansız bir şəkil aldı.
-Bunun səbəbi nə idi?
-1920-ci ilin yanvarından Zəngəzurda baş verən bütün hadisələrin bilavasitə təşkilatçısı məhz Ararat Respublikasının özü idi. Burada da əsas məqsəd Zəngəzur qəzasını tamamilə müsəlmanlardan təmizləyərək Paris sülh konfransı dövlətlərinin əli ilə buranı Ermənistanın tərkibinə daxil etmək idi. Bu təmizləmə əməliyyatlarında erməni quldur dəstələri ilə yanaşı Ararat Respublikasının on mindən yuxarı nizami qoşun dəstələri iştirak edirdi.
1918-ci ilin avqustunda İgdir və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını Dronun rəhbərliyi altında həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər götürülmüşdü.
Çəmbərəkənd (Krasnaselo) rayonunun Ağbulaq, Ardanış, Bəriyabad, Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Gölkənd (Qaraqoyunlu), Toğluca, Çaykənd, Cıvıxlı, Cil, Şorca və başqa kəndlərə hücum etmiş Andranikin quldur dəstəsi əhalini qırmış, kəndi dağıtmış, xalqın var-dövlətin talan edib aparmış, əhalinin bir qisminə ağır işgəncələr vermiş, qaça bilməyənləri, qocaları, qadın və uşaqları vəhşicəsinə qılıncdan keçirıb. Eçmiədzin rayonunda 1918-ci ildə azərbaycanlılar sayca üstünlük təşkil etsələr də, bu rayonun əksər kəndləri ermənilərin vəhşiliyinə, işgəncələrinə məruz qalmışdılar. Rayonun Ayarlı kəndi 1918-ci ildə bütünlüklə soyqırıma məruz qalıb. Bu kənddə həmin vaxt 700-dən çox azərbaycanlı yaşayırdı. Onların əksəriyyəti işgəncələrlə qırılmış, salamat qalanlar isə didərgin düşmüş, dağlarda-daşlarda tələf olmuşlar.
İri azərbaycanlı kəndi olan Qarğabazarın 800 nəfərdən çox əhalisi erməni quldur dəstələri tərəfindən işgəncələrlə öldürülüb. Bu kənd talan edilmiş, dağıdılmış, binaları yandırılıb. Qəmərli kəndinin də başına eyni müsibətlər gətirilmişdir. Bu kənddə yaşayan 500 nəfərə yaxın azərbaycanlı əhali erməni silahlı dəstələri tərəfindən qırılmış, bir qismi isə doğma yurd-yuvasını tərk etməyə məcbur olub.
1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə –yeksan edilıb. 1919-cu ilin axırında isə Zəngibasarın biri neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətiriblər.
İrəvan şəhərinin şimal – şərqində yerləşən Kotayk rayonu ərazisində də 1918-ci ildə erməni quldur dəstələri azərbaycanlılara qarşı geniş soyqırımı həyata keçirtdilər. Andranikin quldur qoşununun və daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara qarşı apardıqları soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 365 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə–baba torpaqlarından qovulmuş, didərgin salınmışdı. Erməni müəllifləri özləri bu faktı təsdiq edirlər. Tarixçi Z. Korkodyan “Sovet Ermənistanının əhalisi 1831-1931-ci illər” kitabında göstərir ki, 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk azərbaycanlı qalmışdı.
1918-ci ildə “İrəvan quberniyasında 211 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 1920 ev yandırılmış, 132 min azərbyacanlı məhv edilıb. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enıb. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan sovetləşən kimi Zəngəzur qəzası daxil olmaqla həmin ərazilər Sovet Ermənistanına bağışlandı. Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, “Daşnaksütyun” partiyasının “Böyük Ermənistan” yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırımı siyasəti olub.
Fuad Hüseynzadə
KarabakhİNFO.com