Azərbaycanca

1988-ci il Sumqayıt hadisələri ədalətin gözüylə

25.02.2014 | 14:19

1393323304_sumqayit-olaylari1988-ci il 27-28 fevral tarixində Sumqayıtda cərəyan edən qaranlıq hadisələrdən 1 il sonra 1989-cu il 23 sentyabrda Ermənistan SSR-nin İrəvan şəhərində “Huşamatyan” (Xatirə) maarif-tarixçi cəmiyyəti 300 nəfərlə və xarici jurnalistlərin iştirakı ilə “Sumqayıt, Soyqırım, Aşkarlıq” adı altında konfrans keçirdilər. Konfransda çıxış edən Samvel Şaxmuradyan, Ruben Rştuni əsassız fikirlərlə xarici mətbuata Azərbaycanlıları bir “cani” kimi təqdim edərək, Azərbaycana qarşı anti fikirlər yaratmağa çalışdılar. Sumqayıt hadisələrini genosid kimi qələmə vermələri tez bir zamanda Sovet İttifaqına habelə avropaya da yayıldı. Bu gün də biz üzərimizə  atılan bu qara böhtandan tam qurtula bilməmişik. Bu hadisələrə aydınlıq gətirməyin vacib olduğunu düşünərək, qısa da olsa Sumqayıt hadisələrini dərindən analiz etmək  yerinə düşərdi.

 

Erməni tərəfi bu hadisəni Azərbaycana qarşı istifadə etməkdə artıq peşəkarlaşıb. Necə ki, törətdikləri Xocalı soyqırımını inkar edirlər. Sumqayıt hadisələri erməniləri hədəflərinə yaxınlaşdırdı. “Azərbaycanda rasizmin anatomiyası Sumqayıt sindromu” adlı kitabda Azərbaycanda “ermənilərə ölüm” şüarı adı altında ermənilərə qarşı etnik təmizləmə aparılması göstərilib. Haqsız ittihamları tək erməni tərəfi deyil “Qara bağ” adlı qərəzli kitabın müəllifi Tomas de Vall, rusiyalı diplomat Viktor Krivopuskov, ABŞ Nümayəndələr Palatasının üzvü Frank Pallone irəli sürmüş, Sumqayıt hadisələrini “genosid” kimi təqdim etmişlər. Amma nədənsə kitabda bu hadisələrin təşkilatçısı olan Eduard Qriqoryan haqda heç bir məlumat yoxdur.

Qriqoryan kim idi? Qriqoryan Eduard Robertoviç 1959-cu ildə Sumqayıtda erməni fəhlə ailəsində doğulub. Adından  göründüyü kimi əslən erməni olan Edikin  ailəsinə  nəzər yetirsək, ondan başqa iki qardaşının da məhkum olduğunu görərik. Qriqoryan müxtəlif vaxtlarda: 1976-cı ildə 3 il azadlıqdan şərti məhrumetmə cəzasına, 1981-ci ildə 1 il islah işlərinə, 1982-ci ildə isə 5 il, 2 ay, 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qriqoryan  məhkəmə dindirmələrində  sərrastlıqla suallardan çıxa bilirdi. Haqqı danmaq və anti-humanist davranışlar, əlbəttə, ona yad deyildir, burada genin rolu böyükdür. Diqqət çəkən məqam onun fiziki görünüşüdür. Belə ki, o  antropoloji quruluşuna görə  heç də erməniyə oxşamır. Məhkəmədə üzləşdirmə zamanı Lyuda Mejlumyan onu  milliyətcə ləzgi  bilirdi, yalnız  məhkəmədə  onun erməni olduğundan xəbərdar oldu.  Nə qəribədir  ki,  E. Qriqoryan Sumqayıtda çilingər çalışdığı  Azərbaycan Boru Prokatı zavodunda belə, hamı onu milliyətcə ləzgi bilirdi. Azərbaycan dilində  təmiz danışması  onun erməni olmasında heç bir şübhə yaratmırdı. Sual yarana bilər ki, o  bir qrup Azərbaycanlıları ətrafına necə topladı? Belə ki, Sumqayıt məhlələrinin bəlalı  gənclərinə Qarabağda Azərbaycanlıların öldürülməsini deyərək, Sumqayıtda yaşayan ermənilərin yerini bildiyini,  onlardan intiqam almağın vacib olduğunu bildirmişdir.  Digər məqam Qriqoryanın hadisə iştirakçılarına narkotik həblər verməsidir. Sözsüz ki, həblər qəbul etmiş  şəxs istənilən hər şeyi edə bilər. Qrup iştirakçıları Qriqoryanın həb paylamasından, bunu qəbul etdikdən sonra daha güclü olduqlarını vurğulayırdılar. Qriqoryanın digər iştirakçıları ermənilərə qarşı daha qəddar olmağa çağırması onun əslində qrup təşkilatçısı olmasını aydın göstərir. Aydındır ki, Qriqoryanın “kömək etməsinin”  arxasında əslində  başqa məqamlar gizlənirdi.

       

Məhkəmə prosesində neqativ hallar: Qriqoryanın vəkili xanım Trubavskayanın hər dəfəsində məhkəməyə gecikməsi şübhə doğuran məqamlardan biri idi. Nədənsə o dövr mətbuatı azərbaycanlıları “cani” adlandırdıqdan sonra məhkəmə prosesinə laqeyd idilər. Dövrün nə “Pravda”, “İzvestiya” qəzetində, nə də xəbərlər proqramı “Vremya”da  prosesin gedişi haqda heç bir məlumata, xüsusən erməninin təşkilatçı olması haqda heç bir xəbər yayımlanmırdı. Sadalanan qəzetlərin xüsusi müxbiri Zaur Kadımbekov prokuror Aslan İsmayılovla görüşmüş, məhkəmə prosesində iştirak etmişdir. Z. Kadımbekov A. İsmayılova bu haqda məlumatı mətbuatda işıqlandıracağına söz versə də, nədənsə o görüşdən sonra nəinki mətbuatda bu haqda yazı dərc olunmadı, hətta həmin müxbir məhkəmədə bir daha iştirak etmədi. Aydındır  ki,  kimlərsə, “gözə görünməzlər”  ona mane olmuşdular. Prosesin xüsusi nəzarət altına alınması onun  sistemli, planlı şəkildə idarə olunması demək idi.

       

Nəticə: 1988-ci il fevral ayında  baş vermiş hadisələrdə 32 nəfər həlak oldu. Onlardan 6-sı azərbaycanlı, digərləri erməni idi. Məhkəmənin nəticəsi kimi Qriqoryan 12 il, V. Hüseynov 6 il, N.Nəcəfov 7 il, N. Səfərov 8 il, Ə.İsayev 3 il, Q. Məmmədov 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Qriqoryan 12 il cəza aldı. Qısa müddət sonra cəzasını çəkmək üçün Rusiyaya, sonra isə Ermənistana göndərildi, sonrakı taleyi haqda məlumat yoxdur. Həbs olunmuş Ə. Əhmədovun məhkəmə prosesi qanuna zidd olaraq, Azərbayacanda deyil, Moskvada keçirildi. Çox təəssüf ki, erməni millətçiləri Zori Balayan və Silva Kaputikyanın can-fəşanlığı ilə Əhməd Əhmədov güllənmə hökmünə məhkum edildi və tez bir zamanda hökmü icra olunaraq, güllələndi. Qəribədir ki, 1988-ci il 20 fevral tarixində DQMV Xalq Deputatları Sovetinin sessiyasında qəbul edilən qərara əsasən Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi nəzərdə tutulurdu. Bu qərardan 8 gün sonra bu hadisənin qərəzli törədilməsi azərbaycanılara qara ləkə yaxmaq idi. Bununla da ermənilər üçün əsas dayaq nöqtəsi “24 aprel soyqırımı”ndan sonra Sumqayıt “genosid”i oldu. Beləliklə, “əzilmiş xalq” obrazı adı altında haqları olmayan torpaq iddialarını həyata keçirmək üçün qapı rolunu oynadı.

Deyə  bilərəm ki, internet saytlarında Eduard Qriqoryan haqqında   erməni mətbuatında hər hansı  bir xəbərə rast gəlinmir.  Onun   cəza  alması  isə  12  il yox, 9 il   göstərilir. Nə qəribədir, deyilmi? Qriqoryanın nədənsə bu hadisədə iştirak etdiyi açıqlanmır. Hələ  1989-cu ildə keçirilən “Sumqayıt, Soyqırım, Aşkarlıq” adlı  konfransda jurnalistlərdən biri S.Şaxmuradyana  erməninin  iştirak etdiyini   bildirir. Şaxmuradyan  çox  yaxşı  ustalıqla   sualdan çıxaraq, guya Qriqoryanın Azərbaycanlıların təzyiqi altında  bunu etdiyini bildirir. Necə də gülünc fikirdir.  Amma təəssüf ki, ermənilər absurd fikirləriylə  ictimaiyyətə  təsir edə bilirlər. Qanuna görə, artıq Qriqoryan azadlıqdadır. Bəlkə də   çoxdan, vaxtından əvvəl azadlığa buraxılıb. Bunu fikirləşmək o qədər də çətin deyil. Çünki Monte Melkonyan kimi  biri terroristin  Fransadan Yəmənə ekstradisiya edildikdən sonra Ermənistana gəlməsi və  “qəhrəman” adı verilməsi  bizim bu sadaladığımız  fikrlərin doğruluğunu yüz faiz  artırır.

Qriqoryanın iştirakının arxasında bütün ermənistanın  məqsədi gizlənirdi.  Onlara  görə, öldürülən 2 erməni və digər yaralananlar utopik  “dənizdən dənizə böyük imperiya” üçün  qurban getdilər. Əslində, Qriqoryanın  azərbaycanlılara nifrəti böyük idi. Belə ki, məhkəmədə özünü soyuqqanlı və lovğa aparan Qriqoryan təqsirləndirən Azərbaycanlının doğruları deməsi  onun maskasını düşürdü, kimliyi bu cümləsi ilə daha aydın bəlli oldu: “Mən səni nə üçün yedirtmişəm? Sənin kimi farsa yaxşılıq etməkdənsə, qoynumda ilan bəsləmək yaxşıdır”. Axırıncı cümləyə diqqət edək özlərinin olmayan tarixlərini necə yazıb qəbul etdirə biliblərsə, indi də  bizim tarixmizi  saxtalaşdırmağa cəhd edirlər. Gəlmə bir etnik birliyin   neçə minillik tarixə malik  türksoylu Azərbaycanlını   fars adlandırması, əslində onun necə cahil olduğunu, doğurdan da tarixdən anlayışı  olmadığını  göstərir. Haqq var, nahaqların inkişaf edib çoxalması haqqın olmaması demək deyil. Gec-tez xeyir şərə qalib gələcək.

 

 

Türkan Məhərrəmova

 

 

“KarabakhİNFO.com”

 

25.02.2014 14:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*