23 il bundan əvvəl baş verən 20 Yanvar hadisələri xalqımız üçün bir milli örnək oldu. Ona görə də ictimai-siyasi xadimlər bu günün yalnız faciə kimi yad edilməsinin tərəfdarı deyillər. Bəs, 20 Yanvar qırğını gənc nəsilə necə təqdim olunmalıdır. “KarabakhİNFO.com” bu sualla həmin günlər ictimai-siyasi hadisələrin içində olanlardan bir neçəsinə müraciət edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirdi ki, bu qırğın idi, eyni zamanda xalqın cəsarətini, heysiyyatını göstərən şərəfli bir hadisə idi. Həm faciə idi, həm də fərəh idi”.
Onun fikrincə, bu hadisə olmaya bilərdi: Lakin bu, bizdən aslı deyildi. O zaman Ali Sovet tətildə idi. Qarboçov Ali Sovetdən gizlin qərar qəbil etdi və qoşunu Bakıya yeridib camaatı qırdılar. Biz də o vaxt öz sözümüzü demişdik”.
Milli Dirçəliş Hərkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə hesab edir ki, Şimali Azərbaycanda dövlətin quruluması 20 Yanvarla çox əlaqəlidir: “Çünki millət son sözünü o gün dedi və imperiyanın iç üzü açıldı. Bunu bir az matəm kimi qəbul edirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların yeri Allahın yanındadır. Amma hesab edirəm ki, bu çox şərəfli gündür. Bu, mübarizəmiz üçün simvola çevrilən rəmzdir. 20 Yanvar qəm-qüssə yox, daha çox şərəf, mübarizə günü kimi qeyd olunmalıdır”.
F.Quliyevə görə, milli azadlıq mübarizəsində toqquşmaların olması labüddür: “Heç bir örnək göstərilə bilməz ki, haradasa milli azadlıq hərəkatı getsin və bu, qansız sona çatsın. Bu mümkün deyil. Bir millət özünün şərəf işini həyata keçirirdi və bunu layaqətlə də yerinə yetirdi. Tarixdə çox olub ki, müxtəlif xalqlar yüz minlərlə qurban veriblər və sonda azadlıqlarını qazanıblar. Bizdə də şəhidlərimiz oldu, amma bu böyük rəqəmlə ifadə olunmadı”.
Millət vəkili hesab edir ki, bu hadisələrin baş verməsi heç də xalqımızın siyasi təcrübəsizliyi ilə bağlı deyil: “Ruslar 60-cı illərdə Macarıstanda, Polşada belə qırğınlar etmişdilər. Sonra da Qazaxıstanda, Baltikyanı ölkələrdə, Gürcüstanda anoloji hadisələr oldu. Mən bunu siyasi təcrübəsizliklə əlaqələndirmirəm. O vaxt bütün xalq qəhrəmanlıq edirdi. Xatırlayırsınızsa 1989-cu ildə Azərbaycan xalıqı “İlin ən mübariz xalıqı” elan olunmuşdu. 20 Yanvar hadisələri xalqın böyük qələbəsidir. Bu böyük düşmən qarşısında mübarizə idi və qələbə də çalındı”.
Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli də 20 Yanvarın kütləvi insan qırğını ilə nəticələnən hadisə olduğunu bildirdi: “Amma bu hər nə qədər qırğındırsa, bir o qədər də qəhrəmanlıq səlnaməsidir. 20 Yanvar şəhidləri milli azadlıq və müstəqillik uğurunda mübarizə yolunun ilk mücahidləridir. Ona görə də bu məsələyə sırf faciə nöqteyi-nəzərindən baxmaq düzgün deyil”.
Tarixçi-alimin fikrincə, sovet sisteminin böhranının əsasını 1990-cı ilin Bakı hadisələri qoydu: “20 yanvar hadisələrindən sonra, ayın 26-da Qarboçovun Siyasi Büroda çıxışı var. O deyir: “Bizim indi Azərbaycanda vəziyyətimiz Almaniyada olduğu kimidir. Hamı bizə nifrət edir. Hakmiyyətə qoymağa adam tapa bilmirik”. Ona görə də sovet sistemi elə bir böhranın içərisinə daxil olmuşdu ki, bir daha o bərpa oluna bilmədi”.
20 Yanvarın nəticəsinə gəlincə, C.Həsənli qeyd etdi ki, bu, Azərbaycanın müstəqilliyinin bərpa olunmasıdır: “Müstəqilliyin bərbasına gedən yol 20 Yanvardan keçdi. Necə ki ilk müstəqilliyə gedən yol 1918-ci ilin mart hadisələrində keçdi”.
Fuad Hüseynzadə
KarabakhINFO.com