Azərbaycanca

“2 aylıq xəlifəlik əlimə keçib və mən dərhal öz məsələmi həll edəcəm” – kimi düşünmək çox primitiv yanaşmadır.

18.05.2012 | 14:39

1337334009_rasim_musabeyov_090511Bu gün Azərbaycanın mövqeyi Beynəlxalq Münasibətlər sistemində möhkəmlənir və dünya arenasında olan beynəlxalq çəkisi artır. Bu isə bizə Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu nəticələrin əldə olunacağı ümidini verir. Münaqişənin bu günki vəziyyəti, tərəflər arasında görüşlərin keçirilməsi, dünya ictimaiətinin bu məsələyə münasibəti, güclü dövlətlərin prosesə təsiri hər birimizə maraqlıdır və bizdə bir çox suallar doğurur. Odur ki, suallarımıza mütəxəssis cavabı almaq istədik. Müsahibim tanınmış politoloq, millət vəkili Rasim Musabəyovdur. Ondan Dağlıq Qarabağ münaqişəsi haqqında aldığım müsahibəni hörmətli oxucularımıza təqdim edirəm.

– Rasim müəllim, regionda və dünyada gedən ictimai-siyasi proseslər fonunda Azərbaycanın öz problemlərini həll etmək üçün atdığı addımları necə qiymətləndirirsiniz?

 

– Çox ümumi sualdır. Nə deməkdir addımlar? Hər gün hansısa bir addım atılır. Hansısa biri uğur verir, hansısa bir istədiyimiz nəticəni vermir. Bu bir prosesdir və Azərbaycan bu prosesin içində öz təsirlərini, fəallığını artırır. Bu vacibdir. Azərbaycanın mövqeyi Beynəlxalq Münasibətlər sistemində möhkəmlənir. Bizim səsimiz eşidilməyə başlayır. Biz öz problemlərimizə diqqəti artıra bilirik. Çox uzağa getmək lazım deyil. Biz Təhlükəsizlik Şurasına üzv seçilmişik. Müşahidə edin Azərbaycana kimlər gəlir, kimlər gedir. Gürcüstanla müqayisə etsək, görərik ki, Azərbaycanın beynəlxalq çəkisi artır. Bu o deməkdir ki, seçdiyimiz siyasi xətt odekvatdır. Yəni ki, indiki vəziyyətə, artan gücümüzə cavab verir. Bu suala ümumi şəkildə cavab vermək mümkün deyil. Odur ki, hansısa addım istədiyimiz böyük uğuru verir, hansınınsa nəticəsini gözləməli oluruq. Hansısa biri nəticəsiz qalır. Bu həyatdır, belə də olmalıdır.

 

– Ölkəmiz gələn ay BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Sizcə, bu məqam Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərilən səylərin hansısa konkret nəticə verəcəyinə zəmin ola bilərmi?

 

– Yox. Yəni, sədr özü gündəliyə məsələ gətirmir. Təhlükəsizlik Şurası adətən, bilavasitə sülhə təhlükə yarananda, o zaman müzakirələr edir və qərarlar qəbul edir. O da tamamilə aydındır ki, gündəliyin formalaşmasında 5 daimi üzv və BMT-nin baş katibi iştirak edir. Düşünsək ki, Azərbaycanın əlinə sədrlik keçib və dərhal Dağlıq Qarabağla bağlı qətnamə verəcək və onu müzakirədən keçirdəcək, bu çox primitiv və sadəlövh yanaşma olardı. Belə deyil. Amma, söhbət ondan gedir ki, istər-istəməz Azərbaycan 2 ay – bu qurumda sədrlik etdiyi vaxtda böyük dövlətlərin nümayəndələri ya onu məlumatlandırmalı, ya da onun razılığını almalıdır. Azərbaycan hansı şəkildə o iclasları həyata keçirəcək, bu da çox vacibdir. Azərbaycan bu imkanlardan istifadə edərək öz beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək. Bu mümkündür və bunu bizi maraqlandıran məsələlərin həllində istifadə etmək olar. Ancaq, “2 aylıq xəlifəlik əlimə keçib və mən dərhal öz məsələmi həll edəcəm” – kimi düşünmək çox primitiv yanaşmadır.

 

– Bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış Minsk Qrupunun həmsədri olan Rusiya və Fransada prezident seçkiləri keçirildi. Birləşmiş Ştatlar isə bu seçkinin ərəfəsindədir. Bir politoloq kimi bu üç seçkidən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nələri gözləyirsiniz?

 

– Hələlik, bilavasitə nəsə gözləmək düşünürəm ki, düzgün deyil. Dağlıq Qarabağ konflikti bu seçkilər zamanı heç bir şəkildə gündəlikdə yoxdur. Və yeganə ermənilərdir ki, öz qondarma soyqırımı məsləsini gözə soxurlar. Bu Fransada mövcuddur və istisna etmirəm ki, ABŞ-da da seçkilərdə bu mövcud olsun. Ancaq, bilavasitə Dağlıq Qarabağ konfliktinin seçkilərdə səslənməsi qeyri-mümkündür. Ayrı məsələdir ki, bu seçkilər diqqəti bizim problemlərdən daha çox, daxili problemlərə yönəldir və müəyyən mənada bu ölkələrin Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı səyləri arxa plana keçir. Bu baxımdan seçkilər, müəyyən mənada Azərbaycan üçün vaxt itkisinə gətirib çıxarır.

 

– Sizcə, Minsk Qrupunun həmsədrlərindən kiminsə dəyişdirilməsi müsbət nəticə verə bilərmi? Məs; Fransanın əvəzinə Avropa İttifaqının həmsədr seçilməsini israr edirlər. Nə qədər səmərəli olar?

 

– Söhbət təkcə səmərəlilikdən getmir. Onun heç mexanizmləri də yoxdur. ATƏT dövlətlərin birliyidir. Avropa Birliyi ATƏT-in üzvü deyil. Hansl şəkildə onu ora daxil edəcəklər, kifayət qədər açıq məsələdir. Sonra onun mexanizmləri var – yəni Ermənistan desə “YOX” , bu qeyri-mümkündür, Fransa özü desə “YOX” bu qeyri-mümkündür. Yəni, öz-özlüyündə bu dəyişdirilmə, prosedur qaydasında dəqiq deyil. Gəlin hələlik məsələnin mahiyyətini kənara qoyaq, həmsədri hansısa şəkildə dəyişməyə vaxt itirək. Bu mənə səmərəli görünmür. Əslində Avropa Birliyi bu prosesdə iştirak etsə onun heç də Minsk qrupunun üzvü olmağına ehtiyac yoxdur. Avropa Birliyi çox nəhəng bir qurumdur və onun ya prezidenti, ya da Xarici Ələqələrlə məşğul olan vitse-prezidenti Ketrin Eşton sadəcə olaraq öz təşəbbüsü ilə, töhvə vermək imkanındadırsa prezidentlərin görüşünü təşkil edə bilər, hansısa bir təkliflə çıxış edə bilər və gücü çatarsa o təklifin qəbuluna da nail ola bilər. Mütləq deyil ki, Avropa Birliyi hansısa bir məmuru Fransanın əvəzinə Minsk qrupuna versin. Ona görə, düşünürəm ki, Avropa Birliyinin bu prosesdə daha fəal iştirakı pis olmazdı. Ancaq, “həmsədrin dəyişdirilmə oyunu” bizi məslənin mahiyyətindən uzaqlaşdıracaq, nəyinki yaxınlaşdıracaq.

 

– Ümumiyyətlə, Minsk Qrupunun bu münaqişənin həllində hansısa konkret nəticəyə imza atacağına inanırsınız?

 

– Ümumiyyətlə, bu sualı bir az çevirmək olardı ki; Diplomatik yolla bu məsələnin həlli mümkündür ya yox? Düşünürəm ki, mümkündür. O ki, qaldı Minsk qrupuna, tərkibinə baxın – kifayət qədər nüfuzlu tərkibi var. Yəni, Rusiya böyük və bilavasitə konfliktə bağlı dövlətdir; ABŞ super dövlətdir; Fransa isə sanki, Avropanı təmsil edir. Hər bir halda kifayət qədər nüfuzlu tərkibdir. Üç dövlətin üçü də Təhlükəsizlik Şurasının daimi üzvüdür. İqtisadi cəhətdən “Böyük səkkizlik”-ə daxildirlər. İstəsələr də bundan qüdrətli format tapmaq çətindir. O ayrı məsələdir ki, erməniləri ağıla gətirmək üçün öz nüfuzlarından istifadə etməyə tələsmirlər. İkincisi də, məsələ ondan ibarətdir ki, həmsədrlər arasında zahirən vahid mövqe var. Ancaq, daxilən rəqabət var, fərqli yanaşmalar var və bu da imkan vermir ki, proses irəli getsin. İstənilən halda kifayət qədər qüdrətli bir vasitəçilik missiyasıdır. Uzağa getməyək : Gürcüstanla bağlı istəyirlər ki, belə qedrətli vasitəçi qrup olsun, yarada bilmirlər. Dnestryanı konfliktlə də bağlı heçnə edə bilmirlər. Ayrı məsələ ki, əvvəla maraqların bir-biri ilə toqquşmaması, o biri tərəfdən ermənilərə yanaşma tərzi. Sanki, bunlar hamısı erməniləri mükafatlandırmaq istəyirlər. Amma, biz də erməniləri təmin edən güzəştə getmirik. Müəyyən mənada bir stereotip yaranıb ki, bunlar yazıqdırlar, vaxtilə türklər bunları əzib, indi də gəlin bunları Azərbaycan hesabına kompensasiya edək. Nə üçün? Azərbaycan öz torpaqlarını kiməsə güzəştə gedəsi deyil. Əslində prosesi dayandıran da odur ki, Azərbaycan öz torpaqlarını ermənilərə güzəştə getmir. Erməniləri də hələ məcbur etmirlər ki, əziyyət çəkib işğal etdikləri Azərbaycan torpaqlarından çıxsınlar. Hər bir halda düşünürəm ki, o formatı qınamağa dəyməz.

 

– Münaqişənin həllində Türkiyə və İranın oynaya biləcəyi rol barədə fikirləriniz də maraqlıdır.

 

– Nə ola bilər Türkiyənin rolu? Türkiyənin ən böyük rolu mənim üçün odur ki, Azərbaycana dəstək olsun. Mən Türkiyəni heç vasitəçi görmək istəmirəm. Vasitəçi istər-istəməz gərək tərəflər arasında müəyyən bir distansiya tutsun. Quyruq bulayan çoxdur. Türkiyə birmənalı şəkildə yanımızda olsun, heç onun vasitəçiliyinə ehtiyac yoxdur. İrana gəlincə, əvvəla heç İranın nə səmimiliyinə inam var. Ona görə ki, heç kəsin yadından çıxmayıb, o Tehran sazişi. Sazişin mürəkkəbi  qurumamış ermənilər Şuşanı işğal etdilər. Odur ki, İran heç nüfuzunu qorumaq istəyində olmadı. Ona görə düşünmürəm ki, bizim İranın hansısa bir vasitəçiliyinə ehtiyacımız var. İkinci bir tərəfdən isə, bu vasitəçilik missiyasını həyata keçirən ATƏT-dir və İran ATƏT-in üzvü deyil.

 

– Yeri gəlmişkən, Avropa İttifqanın postsovet məkanından olan ölkələrinin formalaşdırdığı AVRONEST in Qarabağ münaqişəsinin həllinə nə dərəcədə müdaxilə etməsi mümkündür?

 

– Yox, orada müdaxilədən söhbət getmir. Ancaq, qəbul olunmuş qərarlarda, o cümlədən, erməniləri işğalçı niyyətlərindən uzaqlaşdırmaqla bağlı müəyyən təsir etmək imkanı var. Bir daha təkrar edirəm, bu konfliktin həlli ilə bilavasitə AVRONEST məşğul olmur.

 

– Nəhayət, sonda bilmək istərdik ki, siz həmsədrlərin tövsiyə etdiyi “Xalq diplomatiyası” na,  yəni, azərbaycanlı və erməni ziyalılarının tez-tez görüşməsinə necə baxırsız?

 

– Hər bir halda bu vasitəçi bir üsuldur. Yəni, kimlərsə düşünür ki, diplomatlar məsələni həll edə bilmir və ziyalılar bu məsələni həll edəcək, bu gülünc fikirdir. Mən həm rəsmi diplomatiyanın iştirakçısı olmuşam, yəni vaxtiylə Azərbaycanın adından o danışıqları aparmışam. Həm də sonra, o “Xalq diplomatiyası”-nın fəal iştirakçısı olmuşam. Ona görə tam səmimiyyətlə deyə bilərəm ki, o iş vacibdir, ancaq yardımçı xarakter daşıyır. Əsas məsələləri diplomatlar həll etsələr “Xalq diplomatiyası” tərəflər arasında körpünün yaradılmasında, etimadın artmasında kömək edə bilər. Ancaq, rəsmi diplomatiyanın əvəzinə məsələni həll edə bilməz

 

 

Söhbətləşdi : Sadiq Qaçayev

18.05.2012 14:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*