Azərbaycanca

“20 Noyabr hadisəsi ermənilərin sınaq terroru idi…”

20.11.2014 | 15:02

Şəkil0228XX əsrdə Azərbaycan xalqının başına gələn ən acı faciələrdən bir olan 20 noyabr vertolyot terrorundan 23 il ötür. Qeyd edək ki, 1991-ci ilin noyabrın 20-də erməni terrorçuları Qarakənd səmasında içində Azərbaycanın yüksək rütbəli dövlət məmurları və hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədəm Rusiya və Qazaxıstandan gəlmiş dövlət və hökumət nümayəndələri olan “Mi-8” vertolyotunu vurublar. Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həyatını itirib. Şəhid olanlar arasında Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, prezidentin müşaviri Məhəmməd Əsədov, Prezident Aparatında şöbə müdiri Osman Mirzəyev, telejurnalist Alı Mustafayev də vardı.

 

 

23 il ötsə də bu qanlı terror hadisəsi ilə bağlı müəmmalar hələ də qalır.
Hadisədən təxminən bir ay öncə Azərbaycan dövlət müstəqilliyini elan etmişdi. Və bu Moskvanı qəzəbləndirmişdi. Vertolyot terroru imperiyanın Azərbaycana qarşı cəza tədbiri ola bilərdimi? Erməni separatçılarına qarşı sərt mövqeyi ilə seçilən dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun vertolyotda olması təsadüf idimi? Bu və digər suallarımızı hadisənin şahidlərindən biri, Qarabağ müharibəsi veteranı, DQMV daxili işlər şöbəsi rəisinin sabiq müavini, istefada olan polis polkovniki, hüquq elmləri namizədi Sadir Məmmədov cavablandırır.

 

 

Sadir müəllim hadisələr başlanandan-1988-ci ilin fevralından Daxili İşlər Nazirliyində çalışıb. Daim qaynar nöqtələrdə xidmət edən polkovnik Xankəndində keçirilən ilk aksiyanın da şahididir:

 

 

-1988-ci ilin11 fevralında DİN Cinayət Axtarışı İdarəsinin rəis müavini Xəlil Quliyev məni çağırıb dedi ki, İctimai Təhlükəsizlik İdarəsindən Yaqub Mahmudovla Xankəndinə gedin. Orada ermənilər küçəyə çıxaraq aksiya keçiriblər. Yola düşdük, axşam çatdıq ora, gördük artıq vəziyyət pisdi və bu işlərin axırı yaxşı olmayacaq. Ermənilər artıq başlarına Azərbaycandan ayrılmağı qoymuşdular. Aksiyada deyirdilər ki, biz azərbaycanlılarla qardaşıq, ancaq Ermənistana birləşmək istəyirik. Hadisəni rəsmiləşdirib Bakıya teleqram vurduq. O vaxtdan mən DQMV-də xidmətə başladım. Sonra məni Şuşa rayon daxili işlər şöbəsinə rəis təyin etdilər. Dağlıq Qarabağ üzrə Xüsusi İdarənin rəhbəri Arkadi Volski ilə münasibətimiz yaxşı deyildi. Çünki o, azərbaycanlılara qarşı çox qərəzli idi. 1990-cı ildə Polyaniçkonun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradıldı. Həmin vaxt respublikanın daxili işlər naziri təyin olunan mərhum Məhəmməd Əsədov məni DQMV daxili işlər idarəsinə rəis müavini göndərdi. Ona qədər ermənilərin törətdiyi terror-təxribat hadisələri barədə mərkəzə məlumat verirdik. Ancaq heç bir reaksiya yox idi. Nə mərkəzdən, nə Bakıdan. Düzdür, Təşkilat Komitəsi zamanında ermənilərin qarşısı müəyyən qədər alınmışdı. Bayrağımız Xankəndində dalğalanırdı, ancaq ermənilər separatçı fəalliyyətlərini dayandırmırdılar.

 

 

– Bir sözlə, ermənilər 20 noyabra qədər artıq hər an qanlı cinayət törətməyə hazır idilər…

 

 

– Bəli. Vertolyot faciəsi ermənilərin törətdiyi ən qanlı terror aktı idi. Bu terrora aparan yol Hadrut hadisələrindən başlamışdı. 1991-ci ilin sentyabrında Hadrut rayonunun Tuğ kəndini ermənilər təzyiqlə boşaltmışdılar. Camaat yerindən-yurdundan didərgin salınmışdı. Bu hadisə bir siqnal idi. 1991-ci ilin oktyabrında Polyaniçko Təşkilat Komitəsindən uzaqlaşdırıldı. Onun yerinə Zülfü Hacıyevi sədr qoydular. Əslən martunili Leonard Petroysan adlı bir daşnak vardı, onu Aqrosənaye Birliyinin sədrliyindən çıxarıb DQMV İcraiyyə Komitəsinin sədri təyin etdilər. (Sonradan bu Petrosyanı Ermənistan parlamentindəki məşhur gülləbaranda öldürdülər-S.M) Zülfü Hacıyev Xankəndində az işlədi. Qurum Ağdama köçürüldü. Təşkilat Komitəsi Xankəndindən çıxarılanda buna etiraz etdim. Bildirdim ki, hərbi komendantlıq Xankəndindədir, Təşkilat Komitəsi buradan çıxsa hərbi hissələr nəzarətdən çıxacaq. Bakıya da xəbər verdim, ancaq xeyri olmadı. Təşkilat Komitəsi Xankəndindən Ağdama gətiriləndən sonra təsir gücünü tam itirdi. Hərbiçilər nəzarətdən çıxdı. Nə qədər ki Təşkilat Komitəsi Vilayət Partiya Komitəsinin binasında otururdu, nəzarət vardı. Ancaq qurum Ağdama köçəndən sonra vəziyyət dəyişdi. Ermənilər hərbi komendantlığın rəhbərlərini ələ alır, özlərinə işlədirdilər. Vəziyyət getdikcə gərginləşirdi. Azğınlaşmış erməni separatçıları noyabrın 14-də DQMV prokukorunun müavini (sonra prokuror oldu-S.M) mərhum Şükür Rzayevi girov götürdülər. Ermənilərlə danışıqlara başladıq. Dedilər ki, Martuni rayon prokuroru köməkçisinin xanımını azərbaycanlılar girov götürüblər, Rzayevi onunla dəyişmək istəyirik. Dedim ki, bu mümkündür. Gecə Ağdama gəldim. Saat 01.00 idi. Yorğun halda evdə oturmuşdum, telefon zəng çaldı. Dəstəyi qaldırdım ki, rayon partiya komitəsinin birinci katibi mərhum Səyyaf Verdiyevdir. Dedi ki, Qonaq evinə gəl. Dedim yorğunam, sabah gələrəm. Dəstəyi respublika prokuroru mərhum İsmət Qayıbov aldı, dedi ki, Sadir, gələ bilərsənsə, iş mühümdü, gəl. Durub getdim. Qayıbov mənə dedi ki, Rzayevin işi ilə bağlı Xankəndinə getmək istəyirəm, apara bilərsənmi? Dedim apararam, amma bu risklidir, çünki ermənilər azğınlaşıblar.

 

 

– Xankəndində ermənilər sizə toxunmurdu?

 

 

– Niyə toxunmur, dəfələrlə xidməti maşınımı daşa basıblar, gülləyə tutublar. 1991-ci ildə mərhum Kovolyovla birgə maşında gedirdik, bizi vurdular. Kovolyov özünü yerə atdı, mən oturacağa qısıldım, güllə dəymədi… Bir də ki Xankəndindən çıxanda onlara marşrutu bildirmirdik, “Ağdama gedirik” deyib, Şuşaya çıxırdıq, nömrələri dəyişdirirdik…

 

 

Ertəsi gün İsmət Qayıbovla birgə Xankəndinə getdik. Qayıbov orda erməni fəallarını çağırdı, danışdıq. Onlar dedilər ki, prokuror köməkçisinin xanımını verin, Şükür Rzayevi qaytaraq. Qayıbov razılaşdı. Dedi ki, qadını girov saxlamaq bizim millətə yaraşmaz! Qayıbova işarə etdim ki, bunlar namus-qeyrət qanmırlar, qoy Şükürü alaq, sonra verərik. Dedi ki, yox bizə yaraşmaz. Həmin gecə o prokuror köməkçisinin xanımını Xocalıda ermənilərə təhvil verdik. Ancaq ermənilər sabah günü həyasızlıqla razılaşmanı pozdular, dedilər ki, onları neynirik, bizə Salatın Əsgərovanı öldürənləri verin. Noyabrın 18-də, gecə xəbər gəldi ki, Xocavənd rayonun Qaradağlı kəndinin camaatını ermənilər silah gücünə çıxarıblar, qaçqınlar Ağdama gəlib. Gecə ikən BTR-lə Ağdama çıxdım. İsmət Qayıbova da dedim ki, siz sabah vertolyotla gələrsiz. Çünki yol təhlükəli idi. Gəldim, gördüm ki, camaatı zorla çıxarıblar. Noyabrın 19-da İsmət müəllim də Ağdama gəldi. Axşam Qonaq evində idik. Qayıbov dedi ki, hazırlaş, Bakıya gedək, o dedikləri adamları gətirək, Şükür Rzayevi alaq. İsmət müəllim dedi ki, sabah bu hadisə ilə əlaqədar Bakıdan nümayəndə heyəti gələcək, elə onların təyyarəsi ilə biz də gedərik. Səhər saat 11.00 idi. Bakıda nümayəndə heyəti gəlmişdi. Dövlət katibi mərhum Tofiq İsmayılov, sabiq daxili işlər naziri Məhəmməd Əsədov (o, bir həftə idi ki, prezidentin müşaviri idi-S.M), Zülfü Hacıyev, Osman Mirzəyev, Qurban Namazəliyev, Alı Mustafayev “Yak-40” təyyarəsində gəlmişdilər. SSRİ daxili işlər nazirliyinin nümayəndəsi Koçerov, Qazaxıstan daxili işlər nazirinin müavini Serikov da orda idi. Qazaxıstandan Lukaşov da gəlmişdi. Rayon XDS İcraiyyə Komitəsinin sədri Xuraman Abbasovanın xidməti otağında fövqəladə toplantı keçirildi. Tofiq İsmayılov çox əsəbi idi. Vilayətin hərbi komendantı Vladimir Jinkin, daxili işlər idarəsinin rəisi Vladimir Kovalyov, DQMV prokuroru İqor Plavski, DTK DQMV şöbəsinin rəisi Sergey İvanov toplantıya 15 dəqiqə gecikmişdilər. Yaranmış durumla bağlı Tofiq müəllim çox əsəbi idi. Olduqca emosional tərzdə Kovalyovu və Jinkini ayağa qaldıraraq tənqid etdi. Onların üstünə qışqıraraq dedi ki, bu vəziyyətə görə siz günahkarsız! Ermənilər camaatı evindən-eşiyindən çıxarır, ancaq siz tədbir görmürsünüz. Saat 13.00-ə qədər toplantı davam etdi. İsmayılov Jinkinə dedi ki, mən camaatı geri-kəndə qaytarmalıyam, sizi nəqliyyatınız varmı. Jinkin dedi ki, bəli bir döyüş vertolyotumuz var. Tofiq müəllim əlini masaya vuraraq “getdik” dedi və hamı ayağa qalxıb hava limanına yollandı. Vertolyot səmaya qalxanda saat 13.48 idi.

 

 

-Bu, belə bir gərgin vəziyyətdə əsəbi halda verilmiş bir qərar deyildimi?

 

 

-Vəziyyət elə gətirdi. Qaradağlı bizim kəndimizdi. O nə biləydi ki, belə bir terror olacaq…Vertolyot Qaradağlıya uçmalı idi. Orda qayda yaradıb, camaatı geri qaytarmalı idik.

 

 

– Siz niyə getmədiniz? Tamerlan Qarayevin də hansısa səbəbdən vertolyota mindəmiyi deyilir…

 

 

 

– Aeroporta getdik, hamı doluşdu vertolyota. Vertolyotun pilot komandiri Kotov və heyət üzvü Domov deyinirdilər ki, bu qədər adam minə bilməz! Vertolyot cəmi 14 adam tutur. Yüyürdüm ki, mən də minəm, Məhəmməd Əsədov məni qaytardı ki, yer yoxdu.

 

 

Tamerlan Qarayevə gəlincə, o, şəhərdə idi. Ona başqa tapşırıq verilmişdi. Ağdama gələn Qaradağlı camaatı ilə söhbət edirdi. Bu hadisədən bəzi məkrli adamlar öz kirli məqsədləri üçün istifadə edirlər. Tamerlan heç aeroporta gəlməmişdi, vertolyota necə minə bilərdi?..Sonra vertolyota İsmət Qayıbov mindi. Dedi ki, Sadir, sən niyə minmirsən. Dedim ki, məni Əsədov düşürdü ki, yer yoxdur…Bəlkə də mən minsəm, başqa istiqamətdən sürdürərdim. Ağcabədinin, Beyləqanın üstündən uçub getmək olardı…

 

 

Vertolyot uçdu, biz də Ağdamda Dram Teatrının qarşısında dayanmışıq. Bir neçə saat keçmişdi. Mərhum Xuraman Abbasova soruşdu ki, bunlar niyə gəlmədilər? Dağlıq Qarabağ üzrə komendantın müavini Vladimir İqnatyeviç Kuşnarik vardı, onu gəzdirmək üçün azərbaycanlı taksi sürücüsü Vidadini təhkim etmişdilər. Həmin o Vidadi mənə yaxınlaşıb dedi ki, bəs Kuşnarik xəbər göndərib ki, polkovnik Məmmədov bütün təcili yardım maşınlarını Mərzili postuna yığsın. Soruşdum ki, bəs nə baş verib? Dedi ki, vertolyotu vurublar. Mən tez Ağdam Milis Şöbəsinə gəlib telefonla Bakıya-DİN-də Kərim adlı növbətçiyə məlumat verdim ki, bəs Tofiq İsmayılovla gedən nümayəndə heyətinin vertolyotunu Qarakənddə vurublar. O da elə qeyd etmişdi. Ratsiya ilə Ağsu aşırımındakı növbətçi avtomobil müfəttişliyinin postuna da məlumat verdim.

 

Şəkil0229

Sonra təcili yardım maşınlarını Mərzili postuna yığdım. Özüm maşınla Mərzili postuna getdim. Kuşnarik ratsiya ilə göstəriş verdi, bizi bir neçə hərbçi və sürücümlə buraxdılar. Ora çatanda artıq qaranlıq düşürdü. Yanan vertolyotun yarım kilometrliyinə belə yaxın getmək olmurdu. Zülmət gecədə bütün dağ yanırdı. Vertolyot yerə dəyib parçalanmış, bir nəfər də sağ qalmamışdı. Gəldik Ağdama, xəbər gəldi ki, Polyaniçko gəlir. Uzundərədə onu da qarşıladıq, Ağdam Milis İdarəsinin kabinetinə gəldik. Hadisə yerinə gedəcək insanların siyahısını tutduq. Polyaniçko, Kuşnarik, mən, bir neçə dövlət məmuru, jurnalistlərdən Allahverdi Əsədov, Çingiz Mustafayev və digərləri vardı. Getdik, hadisə yerinə baxış keçirdik. Partlayış dalğası Tofiq İsmayılovu 75 metr kənara atmışdı. Onun cəsədi tanınırdı. Məhəmməd Əsədovu qohumu Qüdrət Paşayev tanıdı. O, rəhmətliyi kəmərindən tanımışdı.

 

 

Vertolyot göydə vurulmuşdu, 3 güllə dəymişdi. Meyitlərin 12-i tanınırdı. 7 nəfərin külü qalmışdı. Vertolyotda həyatını itirən Vaqif Cəfərov Şuşa rayon partiya komitəsinin birinci katibi deyildi. O təzəcə Bakıya tikinti nazirinin müavini vəzifəsinə aparılmışdı. Vertolyot gedəndə vurulmuşdu. Qayıdanda vurula biməzdi, çünki Şuşaya uçmalı idi. Cəsədləri toplayıb Ağdama gətirdik. Daxili işlər naziri Tofiq Kərimov mənə tapşırıq verdi ki, rus generallarını aparım. Çünki Rusiyada ajiotaj yaranmışdı ki, rus generallarını Azərbaycanda öldürüblər. Rus generallarının meyitini Rusiyaya apardım. Mənimlə Əsgəran milisinin rəis müavini Teymur Manafov da gedirdi. Gəncədən bizə hərbi təyyarə verdilər, Jinkini Minvodda düşürtdüm. Koçerovu Moskvada, Kovolyovu Qorkidə (indiki Nişni Novqorod-müəll.) düşürdük. 9 gün Nijni Novqorodda qaldıq, yasda iştirak etdik. Orda təbliğat apardıq ki, Qarakənd Azərbaycan ərazisidi, ancaq orda ermənilər yaşayır və vertolyotu da erməni terrorçuları vurub.

 

 

-20 noyabrdan bir ay öncə Azərbaycan öz müstəqilliyini elan etmişdi. Bu hadisəni ermənilərin əli ilə Moskva törədə bilərdimi?

 

 

-Bu barədə birbaşa nəsə demək olmaz. Ancaq hadisələr başlayandan Moskva ermənilərin tərəfində idi. SSRİ prezidenti Mixail Qorbaçov ermənilər himayə edirdi və Azərbaycan xalqının düşməni idi. Bircə faktı deyim ki, 1987-ci ildə ümummilli lider Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosundan və Nazirlə Soveti sədrinin müavini vəzifəsindən uzaqlaşdırılandan sonra Qorbaçovun köməkçisi İrəvanda demişdi ki, artıq Dağlıq Qarabağın önündəki sipər yoxdur. Qarabağı alacağıq.

 

 

– 20 noyabr, ondan öncə baş vermiş terror aktlarının qarşısnı almaq olardımı?

 

 

-Bunun üçün silahlı qüvvələri formalaşdırmaq, milli özünü müdafiə hissələri yaratmaq lazım idi. Mərhum Məhəmməd Əsədov bu işə başlamışdı. O, Moskva ilə “qırğına çıxıb” Xüsusi Təyinatlı Milis Dəstəsi yaratmağa, onun sayını artırmağa nail olmuşdu. Mənim təklifimlə kəndlərdə milis bölmələri yaratdı. XTMD sərhəd bölgələrinin, Laçın, Qubadlı, Kəlbəcər kəndlərinin əhalisini qoruyurdu. Ermənilər bu dəstəyə “Əsədovun bandası” deyir və qorxurdular. Onu niyə nazir postundan uzaqlaşdırdılar, heç kim bilmədi… Biz ermənilərin düşmən olduğunu bilirdik. Onlara qarşı tədbirlər görürdük. Ancaq güclü siyasi hakimiyyət yox idi. Qarakənd hadisələrindən sonra biz bu kəndi, bu kənddə yuva salmış erməni terroçularını darmadağın etməli idik! Ancaq rəhbərlik olmadı, milləti səfərbər etməli lider olmadı. Qarakənd hadisələrinin ardınca kəndlərimiz getməyə başladı… Onlar Azərbaycanın çox lazımlı övladları idi. Bu hadisə Azərbaycan xalqına çox böyük zərbə oldu. Bu, bir sınaq terroru idi. Ermənilər yoxlayırdılar ki, görək Azərbaycan xalqı buna nə reaksiya verəcək?!

 

 

Elman Cəfərli

 

“KarabakhİNFO.com”

 

 

20.11.2014 15:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*