Xalqımızın tarixinə qanla yazılmış səhifələrindən biri də 20 Yanvar faciəsidir və bu hadisədən artıq 21 il keçir. Düz 21 il bundan əvvəl 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə Sovet hərbi hissələri Azərbaycana daxil olmuş və xalqımıza qarşı bu vəhşi terror aktını törətmişdilər. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni indi də Qorbaçovun rəhbərliyi altında Azərbaycana qarşı həyata keçirirdi. XIX əsrdə dünyada Avropa ölkələrində baş qaldıran milli-azadlıq hərəkatlarını boğması ilə “Avropa jandarmı” adını qazanan Çar imperiyasının varisi olan SSRİ hökuməti öz sələfindən fərqli olaraq bu missiyanı öz tabeçiliyində olan ölkələrə, həmçinin Azərbaycana qarşı həyata keçirdi. Digər SSRİ ölkələrinə edilən müdaxilələrdən Azərbaycana edilən müdaxilənin fərqi o idi ki, həmin vaxt Azərbaycan həm də Ermənistanın təcavüzünə məruz qalmışdı və SSRİ bu münaqişənin qarşısını almağa heç bir cəhd göstərmirdi. SSRİ rəhbərlərindən və onun Azərbaycandakı əlaltılarından heç bir kömək görməyən xalq öz haqlarının müdafiəsinə qalxmışdı. 20 Yanvar faciəsindən iki il əvvəl, 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların öz doğma yurd-yuvalarından qovulması və Qarabağın birtərəfli şəkildə Ermənistan tərəfindən ilhaq edilməsi , SSRİ rəhbərlərinin buna göz yumması Azərbaycanda milli-azadlıq hərəkatının yüksəlməsinə, həmin ilin noyabrın 17-də özünün pik nöqtəsinə çıxmasına səbəb olmuşdu. O zaman da milli azadlıq hərəkatını boğmaq üçün SSRİ qoşun hissələri Bakıya yeridilmişdi. 1990-cı ilin 20 yanvarında baş verən hadisələri rəsmi Moskva Azərbaycanda dini və milli ekstremizmin qarşısını almaq, bununla yanaşı “hərbi qulluqçuların ailə”lərini qorumaq bəhanəsilə pərdələmişdi. SSRİ-yə o dövrdə rəhbərlik edən Mixail Qorbaçov yanvar hadisələrinə qədər olan dövrdə jurnalistlərə verdiyi müsahibəsində demişdi:
“ Azərbaycanda nəyin bahasına olursa-olsun İslam Dövləti qurmaq istəyirlər. Biz əlbəttə ki, qəti tədbir görəcəyik”.
Ancaq bu sözlər yalandan və öz terrorist hərəkətlərinə bəraət qazandırmaqdan başqa bir şey deyildi. Bəzi məlumatlara görə Azərbaycana yeridilmiş qoşun kontingentinin sayı 60 min nəfərə çatırdı. Onların tərkibində Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da var idi. Əgər rəsmi Moskvanın rəhbərliyinin gətirdiyi dəlillər həqiqətə yaxın olsaydı belə, 60 minə yaxın ordu hissələrinin Bakıya yeridilməsinə ehtiyac yox idi. Buna dünya praktikasında o vaxtadək az rast gəlinmişdi. Həm də, həmin vaxt Bakıda Bakı qarnizonunun hərbi hissələri , daxili qoşunların 11, 5 min əsgəri, hava hücumundan müdafiə qüvvələri və 4-cü ordunun komandanlığı yerləşirdi. Bakıya yeridilən qoşun hissələrinin heyətinə bu “döyüş tapşırığını” yerinə yetirmək üçün psixoloji hazırlıq da keçmişdilər. “ŞİT” təşkilatının müstəqil hərbi ekspertlərinin hesabatında bu aşağıdakı kimi öz əksini tapmışdı;
“ Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan “ Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Bu haqda xalqa məlumat verilməsin deyə SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı. Televiziya verilişləri dayandırıldı. Gecə isə fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə qoşun hissələri yeridildi. Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi ilə bağlı fərman qüvvəyə minənədək-yanvarın 20-də saat 00-dək 9 nəfər qətlə yetirilmişdi. Bakıda fövqəladə vəziyyətin elan olunması ilə bağlı məlumat isə xalqa yanvarın 20-də səhər saat 7:00-da dövlət radiosu ilə çatdırıldı.
Əməliyyatdan qabaq Almaniyanın birləşdirilməsindəki xidmətlərinə görə Nobel Sülh mükafatına layiq görülən Qorbaçovun hərbi əməliyyata başlamaq siqnalı verildi və Bakıya hücumla bağlı “İspaniyanın səması buludsuzdur” parolu da eşidildi. Edilən hücum nəticəsində 133 nəfər qəddarlıqla qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər həbs olundu, 5 nəfər itkin düşdü, 200-dən artıq ev və mənzil qarət edildi, yandırıldı. Eyni zamanda 80 avtomobil, həmçinin təcili yardım maşınları da zirehli döyüş maşınları ilə əzildi. Dövlət müəssisələrinin dağıdılması, partladılması nəticəsində dövlət büdcəsinə 5 milyon 637 min 286 manat ziyan dəydi. Əməliyyatı həyata keçirməklə sovet rəhbərliyi SSRİ Konstitusiyasının 119-cu maddəsini və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozdular.
“ ŞİT” təşkilatı ekspertlərinin hesabatından:
“ adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
“Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.”
Yanvar faciəsinin ertəsi günü xalqımızın ümummilli lideri Heydər Əliyev həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Moskvanın Azərbaycana qoşun yeritdiyini və dinc əhaliyə divan tutduğunu bəyan etdi.
SSRİ-nin o zaman ideoloji təbliğatı ilə məşğul olan və onun rəhbərlərinin siyasətinə bəraət qazandıran “Pravda” qəzetinin 22 yanvar tarixli buraxılışında yazılırdı:
“Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Onda məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır”…
Yanvarın 22-də xalqımız öz şəhid övladlarını Dağüstü parkda dəfn etdi. O gündən bura “ Şəhidlər Xiyabanı” adllandırıldı və xalqımızın and yerinə çevrildi. 1937-ci ildə SSRİ rəhbərliyi tərəfindən burada olan 1918-ci il şəhidlərinin məzarları sökülmüş və yerinə park salınmışdı. Bu xalqa öz tarixini, tarixi kimliyini və düşmənlərini unutdurmaq siyasətinin təzahür forması idi. 1918-ci il şəhidlərinin ruhları və sümükləri bugün bir-birinə qovuşurdu.
20 Yanvar faciəsinin törədilməsinin əsas məqsədi xalqımızın milli azadlıq hərəkatını qanla boğmaq idi. Lakin bu faciəni törətməklə SSRİ rəhbərliyi həm də öz iç üzünü xalqımıza göstərdi. Xalqımızın müstəqillik qazanma istəyi və qətiyyəti daha da artdı. Bunun nəticəsi kimi 1991-ci ilin 18 oktyabrda Azərbaycan özünün dövlət müstəqilliyini yenidən bərpa etdi. 1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verdi.
Üstündən 22 il keçməsinə baxmayaraq xalqımız və dövlətimiz 20 Yanvar faciəsini və şəhidlərini unutmur, hər zaman yad edir. Dövlətimiz bu faciənin əsl mahiyyətinin, nəticəsinin və onun səbəbkarlarının kimliyini xalqımıza, xüsusən də gənc nəslə çatdırılması məqsədilə çoxsaylı tədbirlər həyata keçirir.
20 Yanvar faciəsi həm də xalqımızın qanla yazılmış qəhrəmanlıq səhifələrindən biridir. Xalqımız heç vaxt 20 Yanvar şəhidlərini və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizi, düşmənlərimiz tərəfindən ona qarşı həyata keçirilən soyqırımların qurbanlarını unutmayacaq . Allah hamısına rəhmət eləsin! Amin!
Söhrab İsmayıl
“|KarabakİNFO.com”