Azərbaycan 20 Yanvar faciəsinin 23-cü ildönümünü qeyd edir. …Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komtəsinin hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülüb, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. “Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Əksər ölkələr 20 Yanvarın Azərbaycandakı daxili siyasi mübarizənin, hakimiyyət davasının nəticəsi kimi dəyərləndirdi. Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin Yanvar hadisələri Moskvanın hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanındı.
1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən biri, millət vəkili Sabir Rütəmxanlı ilə 20 Yanvar gizlinlərinin bəzi məqamlarına aydınlıq gətirəcəyik.
–Sabir bəy, sizcə, 20 Yanvar faciəsini meydan hadisələrinin sonucu, Qarabağda baş verənləri isə faciənin başlanğıcı kimi dəyərləndirmək olarmı?
-Qarabağ hadisələri 1988-ci ildə başlamışdı və Azadlıq meydanına minlərlə insan yığılanda da Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq istəyən Moskva və onun əlaltıları meydan hadisələrini daxili bir qarşıdurmaya çevirib, Bakıda qan tökülməsinə çalışırdılar. Sumqayıt hadisələrinin ssenarisini yazan qüvvələr (hansı ki, ermənilər Moskva KQB-sinin əli ilə əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq Sumqayıt hadisəsini təşkil etdilər, sonra da özləri car çəkdilər ki, guya azərbaycanlılar Sumqayıtda ermənilərə qarşı qırğın törədiblər S.R.), eyni ssenari ilə də Bakida Ermənistanın torpaq iddialarına qarşı meydana çıxan, öz haqqını müdafiə edən xalqın arasında iğtişaş salmaq istəyirdi. O zaman isə Azərbaycan hökuməti xalqın təzyiqinə baxmayaraq vədlər verirdi və məsələni Qorbaçovun həll edəcəyini deyirdilər. Halbuki Qorbaçovun bu məsələni həll etmək niyyəti yox idi və o, ermənilərə satılmışdı. Düzdür, SSRİ-ni dağıtmaq yaxşı iş idi, amma bu cür bizim faciələrimiz əsasında yox. O zaman Qarabağ məsələsinin həlli çox yaxın idi. Çünki Qarabağda yaşayan ermənilər artıq kəndbəkənd yığışmışdı və evlərini Ermənistanda yaşayan azərbaycanlılarla dəyişmək istəyirdilər. Bu yolla Qarabağ məsəsləsi birdəfəlik həll olunacaqdı. Amma Moskvanın ssenarisinə aldanan o vaxtkı Azərbaycan hakimiyyəti bunun qarşısını aldı. Moskvanın diktəsi ilə, erməni düçüncəsi ilə oturub-duranların diktəsi ilə problemin həllinə imkan verilmədi. Beləliklə, Ermənistandan köçürülən azərbaycanlıları Bakıda, Sumqayıtda, Gəncədə yerləşdirilməklə onların Qarbağa getməsinin qarşısı alındı və göz görə-görə tarixi bir xəyanətə rəvac verilmiş oldu. Bu yolla həm də ermənilərin Dağlıq Qarabağda möhkəmlənməsinə imkan yaranmış oldu.
–Müəmmalı qalan məsələlrdən biri də insanların meydana kimlər tərəfindən çağırılması idi…
-1988-ci ildə 18 gün mitinqi mən darə etmişəm. Həmin vaxt mitinqi idarə edən iki nəfər var idi, biri mən, biri də hazırda həbsxanada olan Nemət Pənahlı – bir şair, bir fəhlə. Düzdür, sonralar çoxları bura adını yazmağa çalışdı, amma onların adı yapışmaz.
O vaxt çox çalışdılar ki, Moskvanın diktəsi ilə Bakıda Sumqayıt hadisələri təkrarlansın. Daha sonra meydana toplaşan insanların iradəsini görən vəzifə hərisləri istəyirdi hakimiyyət dəyişilsin, rəhbərliyə hərə öz adamını gətirsin. Amma bütün çirkin niyyətlərin qarşısında güclü milli iradə var idi və o meydanda qan tökülməsinə imkan vermədik. O zaman hətta mən demişdim ki, burada bir nəfərin belə burnu qanasa, onun ağırlığı mənim vicdanımda qalacaq. Ona görə də biz ciddi-cəhdlə çalışdıq ki, Sumqayıt hadisələri təkrarlanmasın. Amma təəssüf ki, 1990-cı ildə bu yanlışlıq baş verdi. Meydan hadisələrindən sonra isə bizə qarşı gizli və açıq şəkildə böyük təzyiqlər oldu. Açığı deyim ki, o zaman bu hərəkatdan incidim və o zaman “Azərbaycan” qəzetini buraxmağa başladım və bir qəzetlə bir meydanın görə biləcəyi qədər iş görə bildim.
–O zaman xalq hərəkatını idarə edənlər arasında daxili müzakirələr olurdumu və baş verəcək faciə ilə bağlı hər hansı məlumatlar var idimi?
-Artıq 1990-cı ildə meydana yığılan insanları biz idarə etmirdik. Düzdür, biz o zaman Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətindəydik və Xalq cəbhəsində də iki qrup var idi. Qruplardan biri milli şuranın yaradılmasının, silahlanmanın camaatın küçələrə axışmasının, ermənilərə qarşı mübarizə aparılmasının tərəfdarı idi. Mən deyirdim ki, əgər bu dövlət varsa və onun ordusu, generalı varsa, dövləti də o idarə etməlidir. İdarəçiliyi meydandan gələn, hərbi təcrübəsi olmayan birinə həvalə etmək əslində xalq hərəkatını gözdən salmaq üçün qurulan bir işdir. Bunu 1990-cı ildə Müdafiə Şurası yaradılanda da dedim. Mən o vaxt bunu demişdim ki, ordu Bakıya girəcəksə, biz onun qarşısını ala bilməyəcəyik və meydana yığılan insanlara, qurulan barrikadalara etirazım var idi, bu hərəkətlərin tərəfdarı deyildim. İndi üstündən 20 ildən artıq vaxt keçib, hər şey göz qabağındadır. Ordunun Azərbaycana yeridilməsi üçün bir neçə bəhanələr var idi. Birincisi, Azərbaycanda xalq hərəkatı silahlanıb, ikincisi, Azərbaycanda silahlanmış xalq hərəkatı qanuni dövləti devirməyə çalışır, üçüncüsü, xalq hərəkatı Güney Azərbaycanla olan sərhədləri pozmağa cəhd edir. İrəli sürülən bu kimi bəhanələr ordu Bakıya gəlməmişdən var idi. Fikrimcə, buna biz əvvəlcədən şərait yaratmalı deyildik. Amma bu o demək deyil ki, ordu başqa bir bəhanə tapıb Bakıya girməyəcəkdi. Bu bəhanələr olmasaydı da, ordu başqa bir bəhanə ilə Bakıya daxil olacaqdı . Amma hər bir halda həmin dövrdə 20 Yanvar faciəsindən qaçmaq olardı. Burada hakimiyyətin ən böyük səhvi ordunu Bakıya çağırması oldu. Kim deyir ki, ordu Bakıya çağrılmamışdı, böyük səhv edir. Hökumət özündən qorxurdu və ona görə ordu Bakıya çağrılmışdı. Mən yanvarın 15-də özüm şəxsən Mockvadan ordunun Bakıya göndərilməsi ilə bağlı göndərilmiş teleqramı rəhbər şəxslərdən birinin – Elmira Qafarovanın (həmin vaxt Elmira Qafarova Azərbaycan SSR Ali Sovetinin sədri idi N.Q.) stolunun üstündə görmüşdüm. Elmira Qafarova millətini sevən adam idi və onun 20 Yanvar öncəsi bəyənatı da hamımızın yadındadı. Amma ölkənin digər rəhbərliyi səviyyəsində ordu çağırılmışdı və camaatın başının altına yastıq qoymaq üçün, bəhanə olsun deyə, televiziyada ordunun Bakıya girməyəcəyi ilə bağlı çıxışlar olurdu. Həmin günlərdə isə KQB-nin əli ilə binaların damında, müəyyən yerlərdə silahlı adamları gizlətmişdilər ki, ordu şəhərə girəndə yuxarıdan bir-iki dənə güllə atılsın və desinlər ki, qarşılıqlı silahlı müqavimət olub. Bir sözlə, çox ciddi bir ssenariylə 20 Yanvar hadisələrini hazırlamışdılar.
–Özünüz də qeyd edirsiniz ki, ordunun Bakıya çağrılmasından çoxları xəbərdar idi. Bəs, bu barədə küçələrə toplaşan insanları xəbərdar etmək də çətin idi, yoxsa başqa səbəb var idi?
-Yanvarın 19-da Xalq Cəbhəsi İdarə Heyətinin ümumi yığıncağında səhərdən axşamadək bu barədə müzakirələr getdi. Son qərarımız bu oldu ki, barrikadalardakı insanları geri çağıraq, çünki insan barrikadaları ilə silahlı bir ordunun qarşısında müqavimət göstərmək mümkün deyildi. Biz bu barədə Müdafiə Şurasını da xəbərdar etdik, onlar da dedilər ki, bizim camaatı geri çağırmağa gücümüz çatmır. Amma doğrudan da camaat şuraya qulaq asmırdı, ordunun Bakıya gəlməsinə etiraz edirdilər. Qarabağda torpaqlarımızın əlimizdən alınması prosesinə hazırlıq gedirdi, orada baş qaldıran narazılıqlara məhəl qoyan yox idi, SSRİ-nin konstitusiyası pozulurdu, ordu Ermənistana getməkdənsə, Bakıya gəldi.
–Sabir bəy, müstəqilliyin qazanılması üçün hökmən 20 Yanvar olmalı idimi?
-Xeyir, hadisələr onsuz da müstəqilliyə doğru aparırdı. 1988-ci ildə başlayan meydan hərəkatı SSRİ-ni artıq sarsıtmışdı. Bakıda qan tökülməməsi ilə Azərbaycan üçün müsbət imic formalaşdıran bu hərəkat Azərbaycanı ilin xalqı etmişdi. Bizim demokratiya, milli azdlıq uğrunda mübarizəmizi dünyaya sübut etmişdi. 90-cı ildə artıq bizim hərəkata bir qədər silahlı, qan-qadalı toplum kimi rəng qatmağa çalışdılar. Bu da təbii ki, təsirsiz ötüşmədi. Artq biz seçkiyə hazırlaşırdıq və normal seçkilərin olacağını gözləyirdik. 1988-ci ildə başlayan milli ruh elə bir həddə gəlib çatmışdı ki, artıq hakimiyyət seçkilərdə uduzacaqdı, xalqın içindən çıxmış adamlar seciləcəkdi. Beləcə, dinc yolla Azərbaycan müstəqilliyini elan edəcəkdi. Amma bu olmadı. Əvəzində 20 Yanvar, ardınca isə 1 ildən artıq davam edən komendant saatı və fövqəladə vəziyyət elan olundu. Bu dövrdən istifadə edib Qarabağı bizdən qopardılar. Azərbaycanın dövlət olaraq artıq özünü müdafiə haqqında düşündüyü bir vaxtda bunların qarşısı alındı. Xalq hərəkatını darmadağın etdilər, bu fövəladə vəziyyət Azərbaycanın əl-qolunu bağladı və düşmənlərimizə imkan verdi ki, onlar kifayət qədər silahlansınlar və sonrakı məğlubiyyətlərimizin təməli qoyulsun. Düzdür, 20 Yanvar bizim and yerimizdi, tariximizin bir parçasıdı. Bu faciə xalqın azalığı uğrunda ölüm iradəsini göstərdi. Amma eyni zamanda bu hadisə bizim hərəkata çox ciddi təsir göstərdi. Fövqəladə vəziyyətdə biz çox şeyləri uduzduq. Hətta SSRİ-nin tərkibindən çıxaraq müstəqil olduğumuzu belə elan edə bilmədik. Komendant saatına arxalanan hakimiyyət nə istədisə, millətə onu qəbul etdirdi. 1991-ci ilin mart ayında SSRİ-nin tərkibində qalmaqla bağlı referendum keçirdi və bunu qəbul etdirdi. Yalnız 1991-ci il avqustun 23-də zorla, silahların, tankların üzərindən keçərək meydana qayıtdıq və bundan sonra hakimiyyət məcbur olub avqustun 30-da müstəqillik bəyannaməsini verdi, oktyabrın 18-də isə məcbur etdirdik ki, müstəqilik aktı qəbul olunsun. Fövqəladə vəziyyət olmasaydı, bunlar daha tez ola bilərdi. Hadisələr elə cərəyan edirdi ki, bizdən geridə qalan dövlətlər müstəqilliyini bəyan etdilər, amma Azərbaycanda orduya arxayın olan hakimiyyət milləti elə bir günə qoydu ki, biz çox gec elan etdik. Ona görə də bu məsələ birmənalı şəkildə qəbul oluna bilməz və hadisələrə dəqiq qiymət verilməlidir.
–Sizcə, qiymət verilirmi və nəticə olaraq 20 Yanvar faciəsinə görə məsuliyyət daşıyan hansı qüvvələrdir?
-20 Yanvarla bağlı o vaxt komissiya yaradıldı və mən də o komissiyada təmsil olunurdum. Bu komissiya 6-7 ay işlədi və müəyyən araşdırmalardan sonra sənədlər toplandı. Amma sonradan hansısa qüvvənin əli ilə həmin sənədlər də yoxa çıxdı. Verilən qiymət də unuduldu. Sonda Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yenidən məsələyə baxıldı və qiymət verildi. Bildirildi ki, bu dinc xalqa qarşı cinayətdi, işğaldı və bu hadisəni törədənlər tarix qarşısında və ölkə qarşısında məsuliyyət daşıyırlar. Hər halda hesab edirəm ki, hadisəyə qiymət verildi.
Naibə Qurbanova
KarabakINFO.com