Azərbaycanca

20 Yanvar faciəsinin qarşısını almaq olardımı?

20.01.2014 | 10:10

1390198051_1263893227_20-01-1990Ötən əsrdə istibdad altında inləyən Qafqaz xalqlarının iki dəfə milli oyanışı olub. Əsrin əvvəlində baş verən oyanış çar Rusiyasına, əsrin sonunda baş verən oyanış isə Sovet Rusiyasına qarşı olub. Lakin azadlıq uğurunda mübarizəyə qalxan bu xalqların hamısının milli oyanışı qanla nəticələnib. 20 Yanvar qırğını da bu baxımdan sovet Rusiyasının Bakıda həyata keçirdiyi qanlı terror təcrübəsidir. Lakin qırğının obyektiv və subyektiv səbəblərini araşdırdıqda aydın olur ki, bu hadisə baş verməyə bilərdi. Yəni bunun qarşısını almaq mümkün idi. Amma həmin zaman xalqı meydana səsləyənlər, bu baxımdan heç bir səy göstərməyiblər. Əksinə sonradan məlum oldu ki, elə belələri Moskvanın Bakıdakı bir nömrəli “əlləri” imiş.

20 Yanvar faciəsinin qarşısını almaq olardımı?Millət vəkili Kamilə Əliyeva da “KarabakhİNFO.com” beynəlxalq e -jurnalına açıqlamasında bu fikirləri bölüşdü. K.Əliyevanın sözlərinə görə, bu hadisə ilə Azərbaycanın müasir tarixinin ən qanlı səhifələrindən biri yazıldı: “24 il öncə Sovet ordusu azadlıq uğurunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı qanlı bir terror, soyqırımını həyata keçirdi. O zamanlar bu qanlı faciənin qarşını almaq olardı”. Millət vəkilinin fikrincə, bu faciənin baş verməsində yenə erməni siyasəti dayanırdı: “Bunun tarixi 1980-ci illərin sonundan başladı və Sovet hakimiyyətinin başında duranların ikili standart siyasət yürütməsi ermənilərə bir daha təkan verdi ki, Azərbaycana qarşı torpaq iddiası etsinlər. 20 Yanvar qırğını bu hadisələrin kulminasiya nöqtəsi oldu”. K.Əliyevaya görə, 20 Yanvar qanlı faciə olsa da, amma gərək bu gün ağlamayaq: “Biz möhkəm olmalıyıq. Çünki bu bizim qəhrəmanlıq tariximizdir. Bunu ulu öndər Heydər Əliyev də deyirdi. Şəhidlər heç vaxt unudulmur. Bu qan yerdə qalmayacaq. Mən ümidvaram ki, Ali Baş Komandanın rəhbərliyi altında bizim Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad ediləcək və bizim şəhidlərin ruhu şad olacaq. Allah bütün şəhidlərə rəhmət etsin”.

“Xalqı yalançı şüarlarla ayağa qaldırıb imperiyanın zor cihazının ayağının altına verdilər”

 

20 Yanvar faciəsinin qarşısını almaq olardımı?Politoloq Zərdüşt Əlizadənin fikrincə isə, bu hadisə Moskvanın məxfi xidmətlərinin, Azərbaycanda partiya mafiyasının və meydan hərəkatına salınmış agenturanın birgə əməliyyatı idi: “Mən dəfələrlə demişdim ki, biz Tiflis modelindən qaçmalıyıq. Hakimiyyət uğurunda mübarizədə xalqı yalançı şüarlarla ayağa qaldırıb imperiyanın zor cihazının ayağının altına verdilər”. Onun sözlərinə görə, Moskva istəyirdi ki, xalq hərəkatını əzsin: “Moskvanın imkanları geniş idi. Amma bizim imkanlarımız məhdud idi. Məsələn, mən Akademiyada adi bir elmi işçi idim. Mənim gücüm çatırdı ki, idarə heyətində bu fikirlərimi deyim. Əgər idarə heyətinin əksəriyyəti Azərbaycanı 70 il idarə etmiş partiya agenturası idisə, bir hissəsi isə səfeh idi. Mənim onlara gücüm çatmırdı. Mənə qarşı hesab edin ki, Moskva və Azərbaycan hakimiyyəti və xalqın cəhaləti işləyirdi. Ona görə qaçılmaz idi”.

 Z.Əlizadə deyir ki, AXC rəhbərliyi xalqı şüurlu sürətdə qırğına aparırdılar: “Onlar bilirdilər ki, bunu nə üçün edirlər. Fikirləşirdilər ki, bu, xeyirlərinə olacaq və həqiqətən də bir illik hakimiyyətə gəldilər. Amma xalqın başına elə yekə bir daş düşdü ki, onun altından indiyə kimi çıxa bilmir. Baxın, bir nəticə də odur ki, Qarabağ işğal olundu. Xalq həqiqətləri bilmirdi. Xalqı ayağa qaldıran, aldadanlar var idi. Onlar da hamısı siyasi dələduz və fırıldaqçılar idilər”.

Azərbaycan xalqı 20 Yanvarın qanında birləşdi”

 

20 Yanvar faciəsinin qarşısını almaq olardımı?Politoloq Cümşüd Nuriyevsə “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına bildirdi ki, Qorbaçov etnik qarşıdurmanı sırf siyasi müstəviyə keçirməyi bacardı. 1990-cı ilin əvvəlində Azərbaycanda həm hakimiyyətə gəlmək istəyən, həm də xaricdən alınan sifarişləri yerinə yetirən qüvvələr var idi. Bu, yanvarın əvvəlində Bakıdakı hadisələrdə də özünü göstərirdi. Burada yanvarın 13-də təxribatlar törədildi. Sonra Milli Müdafiə Şurası yaradıldı. Bunlar bir növ hadisənin qabağına yox, arxasına düşmək məcburiyyətində qaldılar. Eyni zamanda bunların şəxsi maraqları milli maraqlarını üstələdi. Yəni o insanlar başqalarının sifarişini yerinə yetirmək məcburiyyətində qaldılar. Bakıda qırğının  bütün hallarda qarşısını almaq mümkün deyildi. Amma miqyası kiçik ola bilərdi. Yəni burada da 130 nəfər yox, hər halda onun yarısından da az ölə bilərdi. 630 nəfər yaralanmazdı, 100 nəfər yaralanardı”.

C.Nuriyev bildirdi ki,  biz bir millət kimi öz iradəmizi ortaya qoymağı bacardıq: “Azərbaycan xalqına nədəsə  birləşmək lazım idi, o da 20 Yanvarın qanında birləşdi. Təəssüf ki, belə bir qana,deyəsən, zaman-zaman ehtiyacımız var. İndi Qarabağda da belə bir qanın olması lazımdır ki, bəlkə bu millət yenə də bir araya gələ bilər.

Onun fikrincə, 20 Yanvarın baş verməsi Azərbaycan müxalifətinin yarıtmaz fəaliyyəti, eyni zamanda Azərbaycanda xalqa rəhbərlik etmək qabiliyyətinin olmaması ilə bağlıdır: “Bu hadisələr birmənalı şəkildə indi də  özünü göstərir ki, Azərbaycan müxalifəti Azərbaycan xalqının arxasınca sürünür. Amma o zaman Azərbaycan xalqı bugünkü qədər ağıllı, dərrakəli və düşüncəli deyildi. Eyni zamanda səbirli deyildi. Biz bir-birimizə qarşı səbirli olmaq əvəzinə hadisələrə qarşı çox səbirliyik. Qorxulu xasiyyətimiz də budur. Azərbaycanın Qarabağ boyda itkisi var, amma ona səbirliyik…”

“Meydan hərəkatı fəalları ciddi səy göstərib 20 Yanvar faciəsinin qarşısını ala bilərdi”

20 Yanvar faciəsinin qarşısını almaq olardımı?Siyasi şərhçi Qabil Hüseynli bizimlə söhbətində dedi ki, o zaman Azərbaycan xalqı kifayət qədər fəal idi: “1980-ci illərin sonlarına yaxın ermənilər Qarabağda separatçılıq edirdilər. Azərbaycan xalqı yaxşı başa düşürdü ki, erməniləri bu cür separatçı hərəkətlərə sövq edən bilavasitə Moskvadır. Ümumiyyətlə, Moskva Azərbaycanı parçalamaq istəyirdi. Ona görə, milli azadlıq hərəkatı iki istiqamətdə gedirdi; həm ermənilərin separatçılığına, həm də Moskvanın bu hərəkətləri körükləndirməsinə”.

Q.Hüseyinliyə görə, belə olan təqdirdə Azərbaycanda milli azadlıq hərəkatı və ona qarşı cəza tədbiri kimi düşünülmüş 20 Yanvar hadisəsi baş verməyə bilməzdi: “Yəni xalq ayağa qalxmışdı. Xalq bir yandan suverenlik uğurunda, digər tərəfdən də ermənilərin separatçı hərəkətlərinin qarşısının alınmasını tələb edirdi. Həmçinin lazım gələrsə, həmin separatçı hərəkətləri yatırmaq uğurunda mübarizəyə qalxmaq istəyirdi. Belə bir zamanda Moskva o zamanki SSRİ-də ən böyük cəza tədbirlərindən birini həyata keçirdi”.

Politoloqun fikrincə, 20 Yanvar hadisə o zaman olmaya bilərdi ki, xalq bütün onun başına gətirilən müsibətlərə biganə qalardı: “Onda 20 Yanvar qırğını baş verməzdi. Amma Azərbaycan xalqı nəinki milli qeyrət ortaya qoydu, həm də milli azadlıq mübarizəsi ilə BMT tərəfindən ilin xalqı hesab olundu. Ona görə bu hadisələrə təbii tarixi proses kimi baxmaq lazımdır. Və bunlar mütləq baş verməli idi”.

Avropa Palatasının Mərkəzi Ofisinin Diplomatik Məsələlər və Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti, gənc politoloq Ülvi Kazımsa bu qənaətdədir ki, həmin dövrdə meydan hərəkatı öncülləri daha diqqətli və sayıq olsaydı, itkilərimiz daha az olardı. “Yalnız o dövrkü meydan hərəkatı liderləri ciddi səy göstərib 20 Yanvar faciəsinin qarşısını ala bilərdi”-deyə, O, əlavə etdi.

20 Yanvar faciəsinin qarşısını almaq olardımı?Ü.Kazım e-jurnalımıza bildirdi ki,  20 Yanvar hadisəsi xalqımız üçün qəhrəmanlıq nümunəsidir: Sovet imperiya başçıları 1990-cı ildə xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün müdhiş bir qırğın planı hazırlamışdılar. M.Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi SSRİ-nin dağılmasının qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da “dərs vermək” üçün bütün SSRİ ərazisində azadlıq hərəkatının ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi. Lakin imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi. Azərbaycan xalqı bu böyük faciədən ibrət dərsi aldı, daha da sıx birləşdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı”.

 

 

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

20.01.2014 10:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*