Azərbaycanca

20 Yanvar şahidi

19.01.2013 | 11:54

1358580683_ruxsare1Rüxsarə Cumayeva: “Küçələrdə qışqırıq və güllə səsləri bir-birinə qarışmışdı”   Sovet imperiyasının xalqımız üçün yaşatdığı ən ağır gün 1990-cı ilin 20 yanvar gecəsi oldu. Kreml milli azadlığına qovuşmaq istəyən xalqımızın səsini törətdiyi bu terrorla boğmaq istədi. Lakin Azərbaycanın vətənpərvər övladları öz al-qanları ilə şəhidlik zirvəsinə yüksələrək qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Milli azadlıq hərəkatının gənc fəallarından olan Rüxsarə Cumayeva 20 yanvar gecəsi ordunun Bakıya girdiyini ilk bilənlərdəndir. Rüxsarə xanım həmin gecənin şahidi kimi gördüklərini “KarabakhİNFO.com”a danışıb.

 

  – “20 Yanvar” faciəsinin şahidi kimi o gecəni necə xatırlayırsınız?  

 

– 20 Yanvar bir millət olaraq özümüzü tanıdığımız və dərk etdiyimiz gündür. Bizim milli mənəviyyatımız, dəyanətimiz, cəsarətimiz, qətiyyətimiz həmin gün qalib gəldi. Bir an da olsun yadımdan çıxmır o qanlı gecə. O zaman yaradılan müdafiə komitəsinin nəzdində telefonlara nəzarət edirdim. Mənimlə bir yerdə “Meydan hərəkatı”da olan oğlanlardan biri gecə zəng etdi ki, Naxçıvandan məlumat verilib, ermənilər artıq Sədərəyə giriblər. Bu xəbərdən sonra telefon xətti kəsildi. Rabitə əlaqəsi kəsildikdən sonra mən mərkəzi telefon qovşağının direktoru Orucun yanına getdim. O dedi ki, sən narahat olma, biz səninlə telefon əlaqələrini bərpa edəcəyik. Ordan qayıdanda gördüm ki, 3 avtobus saqqallı, yaşı 50-55 arası olan insanlar əli avtomatlı “Şuşa” restoranının yanında yerləşən bağa doluşdular. Bu haqda yoldaşlarıma məlumat verdim. Mən onları görəndə hardasa saat 8-9 radələri idi. Hələ atışma başlamamışdı.  

 

– O günlər milli azadlıq hərəkatının ən qızğın vaxtları idi. Meydanlarda, küçələrdə əhali heç gecələr də evlərinə getmirdilər. Bəs, belə insanlara necə xəbər verdiniz?  

 

– O zaman yoldaşlarım dedilər ki, hamıya bu barədə tez məlumat vermək lazımdır küçələrdən yığışsınlar. Elə bir az keçmişdi ki, televiziyanın partladıldığını eşitdik. Bundan sonra Azadlıq prospektinə getdim. Nəsimi rayonunda yerləşən polis məntəqəsi tərəfdə 9 mərtəbəli binanın qarşısında olanlara dedim ki, küçələrdən yığışmaq lazımdır, çünki atacaqlar. Bu sözü deyəndən sonra üstümə hücum edib məni döydülər. Çox dedim ki, mən düz deyirəm, inanmadılar. Bildirdilər ki, onlara tapsırıblar oranı qorusunlar və onlara güllə atmayacaqlar. Mən qayıdıb yoldaşlarıma dedim ki, dağılmırlar. Yenə tapşırdılar gedim dağıdım onları. Mən gələndə yenə mənə hücum etmək istəyirdilər, lakin elə bu zaman tankların səsi eşidildi. Saat təxminən 12-yə qalırdı. Bir də onda ayıldım ki, yana-yana gələn güllələrdən yanımda bir neçəsi uzanıb, qanın içindədir. Onları dərhal maşına qoyub xəstəxanaya apardıq.  

 

– Əsas qırğın şəhrin hansı hissəsində oldu?

 

  1358581761_ruxsare2– O dəhşətli gecədə Bakı əsil mənada qana boyanmışdı. Yaralılar hər tərəfdən gəlirdi. Biləcəri tərəfdən, Aeroport yolundan, dəniz kənarından gələn saqqallılar camaata aman vermədən qırırdılar. İndiki Azadlıq prospekti, “Sahil” bağı, “20 yanvar” və “İçəri şəhər” metrolarının qan icində boğulurdu. Günahsız insanların çığırtısı, qışqırıqlar, tükürpədici anlar heç vaxt gözümün önündən getməyəcək.   – Yaralıları əsasən hansı xəstəxanaya aparırdınız?   – Atışma baslayandan sonra sagım solum artıq yaralılarla dolu idi. Məni döyən oglana da güllə dəydi. Onu tez “Moskiviç” markalı maşına qoyub Musa Nağıyev xəstəxanasına apardım. Gördüm ki, ora yaralı və meyitlərlə doludur. Həkimlar çaş – baş qalmışdılar. Hər kəsin köməyinə ehtiyac var idi. Mən yenə özümü itirmədim. Qayıtdım Azadlıq meydanına doğru. Küçələrdə qışqırıq və güll səsləri bir-birinə qarışımdı. Yolda adamlar bir-birinə kömək edirdilər. Mən qərərgaha gələndə İbrahim adlı oğlan vurulmuşdu. Onu tez apardım məscidə. Burada daha cox vəhşilik etdiklərini gördüm. Dərd, qəhər məni boğurdu. Fikirləşdim ki, bunu bizə niyə etdilər? Günahımız nə idi? Hələ də bu sualların cavablarını tapa bilmirəm.  

 

– Qırğını törədənlər hətta Təcili Yardım maşınlarına da atəş açıblar. Hər halda siz bunun şahidi olubsunuz…  

 

1358581725_ruxsare– Mən indiki Musa Nagıyev xəstəxanasına yaralıları aparanda həkimlər dedilər ki, kimin nəyə gücü catırsa kömək etsin. Mən Təcil Yardım maşınına minib getdim. Bizdən öndə də başqa Təcili Yardım maşını gedirdi. Salyanski kazarmanın yaxınlığında o maşını güllə-borana tutdular. Tankdan atılan güllələr sag-solu tuturdu. Tank həmin maşının üstüdən keçib əzdi. Maşının içindəkilərin hamısı şəhid oldu. Bizim soferimiz bərk qorxdu. Biz indiki “20 Yanvar” metrosuna doğru gedirdik. Çətinliklə ora gedib çatdıq. Orda nələrə sahid oldum! Aman Allah, bu nədir? Görməyənə asan gələr. Allah bu qiyaməti hələ də yerdə qoyub. O vəhşilər hətta balkonda paltar asan qadına, çanta ilə məktəbə gedən körpəyə də qıydılar. Qorbaçov kimi qaniçən vampirlər hələ də cəzalanmayıblar. Sinəmizə elə birə dağ cəkdilər ki, ölən günümüzə qədər yadımızdan cıxmaz. Bizdən sonrakı nəsil bu faciəni heç zaman unutmamalıdır.   Xatırladaq ki, Ruxsarə xanım Zaqatala rayonuda dünyaya göz açıb. Uşaq ikən omba çıxığından II dərəcli əlil olub. Bakı 2 saylı Tibb Texnikumunda təhsil alıb. Daha sonra Bakı Dövlət Universitetini bitirib. 20 Yanvar hadisəsindən o, hospitalda tibb bacısı kimi könüllü işləyib. Amma 1991-ci ildən sonra isə Qarabağ müharibəsinə yollanıb. Ümumi olaraq Ağdam, Ağdərə və Kəlbəcərin ən ağır döyüşlərində iştirak edib. Ruxsarə xanımın dediyinə görə, o, ilk dəfə əlil kimi döyüşlərdə iştirak edən qadındır. Onun sözlərinə görə, əlillərlə bağlı bir neçə təşkilat araşdırma aparıb və dünyada belə bir addımı atan başqa bir xanım tapılmayıb.  

 

 

Fuad Hüseynzadə

” KarabakhİNFO.com” 

19.01.2013 11:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*