Azərbaycanca

“20 Yanvar”la bağlı bəyanat

15.01.2015 | 19:53

publika.az1419344867elmira-suleymanova

 

 

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına,  Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, beynəlxalq və Avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin insan hüquqları üzrə müvəkkillərinə, Azərbaycanın xarici ölkələrdəki və xarici dövlətlərin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarımıza bəyanat ünvanlayıb.

 

 

 

 

“KarabakhİNFO.com”-un məlumatına görə, bəyanatda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, millətçi ermənilərin respublikamıza qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulub.

 

 

 

Qeyd edilir ki, sovet qoşunlarının təcavüzü nəticəsində milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxs amansızcasına qətlə yetirilib, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra isə daha 21 nəfər öldürülüb. Yaralıları çıxaran təcili tibb yardım maşınlarına və həkimlərə də atəş açılıb, tibb işçiləri yaralanıb, şəhid olublar.

 

 

 

Bildirilir ki, həmin dövrdə faciə ilə bağlı ən ciddi bəyanatı o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev vermişdi. Məhz imperiyanın mərkəzində, dünyanın aparıcı KİV təmsilçiləri qarşısında irəli sürülən, 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edən bu bəyanat ciddi rezonans doğurmuşdu. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis həmin tarixi Ümumxalq Hüzn Günü elan etdi və bu gün respublikamızda hər il qeyd edilir.

 

 

 

Bəyanatda diqqətə çatdırılır ki, bu günlərdə “20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiqlənib. Həmin plana əsasən, respublikanın bütün şəhər və rayonlarında toplantı, konfrans və mühazirələrin təşkil olunması, bu tədbirlərin aparıcı KİV-lərdə geniş işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması nəzərdə tutulur.

 

 

 

Qeyd edilir ki, insanlıq əleyhinə törədilmiş bu müdhiş əməl nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir. Lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Qanlı Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi baza var.

 

 

 

“Ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaqlar”, – deyə bəyanatda bildirilir.

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

 

15.01.2015 19:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*