Azərbaycanca

2013-ci il – işğal hələ davam edir…

22.06.2013 | 10:45

1371883346_1361776307_bahbb1shogzmssxndawmc8xmza2ndc5mty4qefsbjogruzbcdogcdokdgh1bwjjg0zmjz4mjewwy7bkyVəli ƏLİBƏYOV

 

Ermənistanın Azərbaycan ərazisinin 20 faizinin işğalı 23 ilə yaxındır davam edir. Bu müddət ərzində analitiklər hər ilin sonu artıq inersiyaya uyğun olaraq danışıqlar prosesində baş verən dəyişiklikləri təhlil edir, növbəti il üçün prosesin inkişaf istiqamətləri barədə fərziyələr yürütməyə, proqnozlar irəli sürməyə cəhd edirlər. Təssüflə qeyd etmək lazımdır ki, son 3 ildə beynəlxalq sənədləşmələrdə “Dağlıq Qarabağ münaqişəsi”, Azərbaycan tərəfinin isə “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kimi təqdim etdiyi, faktiki olaraq isə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı ətrafında aparılan danışıqlar prosesində heç bir ciddi irəliləyişlər qeyd etmək mümkün deyil. 1994-cü ildə tərəflər arasında əldə olunan atəşkəs haqqında razılaşmadan sonra beynəlxalq vasitəçilərin təmsil olunduğu Minsk Qrupunun fəaliyyəti il ərzində bir neçə dəfə Azərbaycan və Ermənistana “növbətçi” səfərlərindən savayı heç nə ilə yadda qalmadı. Bütün bunlara baxmayaraq, biz də, ənənəmizə uyğun olaraq 2012-ci ildə danışıqlar prosesinə nəzər salıb təhlil edək, perspektivlərlə bağlı mülahizələr yürütməyə cəhd edək.

 

ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesində hər hansı irəliləyiş müşahidə olunmasa da, bəzi tendensiyaları qeyd etmək olar. Məsələn, 2012-ci ildə də, ötən illərdə olduğu kimi, tərəflər beynəlxalq səhnədə öz mövqelərini daha da yaxşı tanıtdıraraq özlərinə müttəfiqlər qazanmağa cəhd edirdilər. Bu məsələdə Azərbaycan tərəfinin daha aktiv və səmərəli fəaliyyətini qeyd etmək lazımdır. Belə ki, artıq ilin başlanğıcında, 2012-ci ilin 7 fevral tarixində, Almaniya Bundestaqının Xarici Siyasət üzrə İşçi Qrupu “Dağlıq Qarabağ münaqişəsinin 20 ili: Münaqişənin sülh yolu ilə həlli üçün yeni bir təkan” adlı sənəd yaymışdır.

 

Sənəddə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınaraq, Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələrinin işğalı altında olması, BMT TŞ-nın münaqişə ilə bağlı 4 qətnaməsinin qəbul edilməsi, 1994-cü ildən bəri tərəflər arasında atəşkəs əldə olunsa da təmas xəttində mütəmadi şəkildə insidentlərin baş verməsi, Almaniyanın bu münaqişənin həllində öz mövqeyini dəyişməməsi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyin təmin olunmasında oynadığı rol öz əksini tapmışdır.

 

Sənəddə həmçinin Xarici Siyasət üzrə İşçi Qrup Almaniya Federal Hökumətini aşağıdakı məqamlara diqqət yetirməyə səsləmişdir:

 

1. ATƏT, NATO və BMT-dəki tərəfdaşlarımızla birgə Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayrılması, münaqişənin sülh yolu ilə həlli üçün bütün tərəflərin siyasi kompromislərə hazır olması, təmas xəttində yaşayan insanların həyatlarının təhlükəsizliyinə təminat verilməsi və qarşılıqlı etimad yaratma tədbirləri həyata keçirilməsi;

 

2. Münaqişənin həllində Avropa İttifaqının (Aİ) rolunun artması, Minsk qrupunda Fransanın tutduğu yerə Aİ-nin gətirilərək, münaqişə tərəfləri arasında vasitəçilik edə biləcək və Aİ-nin konkret mandatına malik olan  Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi müəyyənləşdirilməsi;

 

3. Şərq Tərəfdaşlığı çərçivəsində Ermənistan və Azərbaycanın siyasi və iqtisadi cəhətdən bir-birinə yaxınlaşdırılması üçün bütün mümkün vasitələrdən istifadə olunması və bu çərçivədə regional münaqişənin həlli mexanizminin işlənib hazırlanması;

 

4. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas ölkə olan tərəfdaşımız Rusiyanın status-kvonun saxlanması üçün deyil, regiondakı silahlanma yarışının dayandırılması və daimi sülhün təmin olunması üçün daha konstruktiv addımlar atmağa çağırılması;

 

5. Dağlıq Qarabağ münaqişəsinin həllində konkret inkişafın olacağı təqdirdə  təhlükəsizlik siyasəti sahəsində Aİ ilə Rusiya arasında dialoqun genişləndirilməsi;

 

6. Aİ üzvlüyünə namizəd ölkə olan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağa dəvət olunması və bununla da Ermənistanın Türkiyə ilə sərhədlərinin rus ordusu tərəfindən qorunmasına ehtiyac qalmayacağını düşünərək, Cənubi Qafqazda silahlanma yarışının dayandırılması;

 

7. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində oynadığı konstruktiv rolun və regiondakı öhdəliklərinin yerinə yetirilməsinin dəstəklənməsi.

 

Bu sənəddən cəmi 17 gün sonra Xocalı qətliamının 20 illiyi münasibətilə Almaniya-Azərbaycan münasibətlərinin təşviqi cəmiyyəti tərəfindən təqdim edilmiş petisiya əsasında Almaniya Bundestaqı Xocalı qırğını və Dağlıq Qarabağ münaqişəsinə dair yeni sənəd qəbul etmişdir.

 

Bundan əvvəlki sənəddə olduğu kimi, bu sənəddə də bir sıra ciddi məqamlara toxunulmuşdur: “Erməni silahlı qüvvələrinin 26 fevral 1992-ci il tarixində Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi bu qanlı hadisə, 600-dən çox insanın həyatını itirməsi ilə nəticələnən qırğın (massacre) fakt olaraq tanınmalıdır. Erməni xalqına qarşı soyqırımın baş verməsini iddia edən Ermənistan Azərbaycan xalqının bu məsələsini anlamalıdır. Davamlı barışığa nail olunması prosesi yalnız tarixi həqiqətlərin əsasında baş verə bilər.”

Petisiyada Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həll olunması məsələsi də öz əksini tapmışdır. Sənəddə “ilk növbədə Ermənistanın Dağlıq Qarabağ ətrafında yerləşən və əvvəllər Azərbaycanlıların yaşadığı 5 rayonun işğalını dayandırması və qaçqınların öz evlərinə qayıtmasına şərait yaratmasının vacibliyi” qeyd olunur.

Bundestaq bəyan edir ki, “Münaqişənin həlli üçün birinci addım ondan ibarət olmalıdır ki, beynəlxalq hüququn tətbiqi birmənalı şəkildə tələb edilməli və qaçqınlar problemi deportasiya olunmuşların evlərinə qayıtması hüququna müvafiq olaraq həll edilməlidir.”

 

Sənəddə həmçinin bildirilir ki, Almaniya Bundestaqı Dağlıq Qarabağ ətrafında problemin həlli üçün yeni səylərin göstərilməsinə öz töhfəsini verməlidir.

 

Almaniya Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla, parlament araşdırmasının nəticəsi sənəddə aşağıdakı kimi öz əksini tapmışdır:

 

“Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusilə ilk növbədə Dağlıq Qarabağ ətrafında yerləşən 5 Azərbaycan rayonunun işğalına son qoyulması və qaçqınların  evlərinə qayıtması” Almaniya tərəfinin mövqeyi kimi qeyd olunur.

 

Sənəddə Almaniya Bundestaqının hələ “14 may 2009-cu il tarixli sessiyasında qəbul edilmiş “Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın təşviqi” adlı qətnamənin hələ də hüquqi qüvvədə qalması” vurğulanır. “Münaqişənin bütün tərəflərinin BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələri, eləcə də Avropa Şurası və ATƏT-in müvafiq qərar və qətnamələrini yerinə yetirməsi” üçün xüsusilə fəaliyyət göstərilmələri tələb olunur.

 

Sözügedən qətnamədə öz əksini tapmış Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması ilə bağlı narahatlıq yeni qəbul olunmuş sənəddə də vurğulanır. Sənədə görə, “həll olunmamış regional münaqişələr istənilən vaxt gərginliyin artırılması üçün istifadə oluna və ekstremal vəziyyətdə silahlı qarşıdurmalara gətirib çıxara bilər.”

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həyata keçirilən diplomatik səylər və mühüm siyasətçilərin, xüsusilə də Minsk qrupu çərçivəsində, eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin çoxsaylı görüşləri hələ ki, ümid edilən irəliləyişə gətirib çıxarmamışdır. Bununla da regionda hələ də qəfil müharibə təhlükəsi mövcuddur.”

Bu istiqamətdə görülən bütün səylərə və demarşlara dəstək vermək üçün Petisiya komitəsi Petisiyanı Almaniya hökumətinə – Xarici İşlər Nazirliyinə – material kimi göndərməyi tövsiyə edir.

 

Qeyd etmək lazımdır ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycanın apardığı təşviqat kampaniyası son illər geniş vüsət almış və yaxşı nəticələr vermişdir. 2012-ci ilin fevralında Azərbaycanın Macarıstandakı Səfirliyi və mərkəzi ofisi Budapeştdə yerləşən Soyqırımı və Kütləvi Qırğının Beynəlxalq Səviyyədə Qarşısının Alınması üzrə Fondun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir. Xocalı faciəsi beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq hüquq üzrə tanınmış ekspertlər tərəfindən müzakirə edilmişdir. Konfransın iştirakçıları arasında Avropa İttifaqının, Yuqoslaviya üzrə beynəlxalq tribunalın rəsmiləri, BMT və ATƏT-in keçmiş səfirləri, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin başçıları, ictimai-siyasi xadimlər və jurnalistlər olmuşdur.

 

Bu istiqamətdə Azərbaycanın növbəti ideoloji qələbəsi kimi Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Litva Respublikası Seymi üzvləri Emanuelis Zingeris, Egidiyus Vareykis, Arunas Valinskas və digər parlamentarilərdən ibarət 21 nəfərlik qrupun 24 aprel 2012-ci il tarixində Avropa Parlamentinə müraciət etməsini göstərmək olar.

Müraciəti imzalayanlar faciə ilə bağlı Azərbaycan xalqının kədəri ilə həmrəy olduqlarını, Yuqoslaviya dövlətinin ərazisində müharibə cinayətləri törətmiş şəxslərin əməllərinin siyasi və hüquqi baxımdan dəyərləndirilməsindən fərqli olaraq, Xocalı faciəsinin təqsirkarlarının indiyə qədər cəzalandırılmamasından təəssüfləndiklərini ifadə etmişlər.

Litva Seyminin üzvləri Avropa parlamentarilərinin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək Avropa Parlamentinin 20 may 2010-cu ildə qəbul etdiyi 2216 saylı Qətnaməsini mühüm sənəd kimi qəbul etdiklərini, bu sənəddə erməni təcavüzkarların hərəkətlərinə verilmiş mənəvi və siyasi dəyərləndirmələrə tərəfdar olduqlarını və sənəddə təsbit olunmuş prinsipial müddəaların dərhal yerinə yetirilməsini dəstəklədiklərini vurğulamışlar.

 

Seym üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd etmişlər.

 

Litva parlamentariləri Avropa Parlamentinin 2216 saylı Qətnaməsinin tələblərinin ciddi şəkildə yerinə yetiriləcəyinə və bu yolla tarixi ədalətin bərpa olunacağına ümidvar olduqlarını bildirmişlər.

 

2012-ci ildə Azərbaycan Dağlıq Qarabağ məsələsində islam ölkələrinin dəstəyini hiss etməkdə davam etmişdi. 14-15 avqust tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyasında dünya müsəlmanlarının narahatçılığına səbəb olan məsələlər müzakirə olunmuş, Suriya, Fələstin, Mali və Myanmadakı vəziyyətlə bağlı müvafiq qətnamələr qəbul edilmişdir. Zirvə Toplantısının sonunda müzakirə olunmuş məsələlərlə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mövqeyini əks etdirən Yekun Bəyannamə qəbul olunmuşdur.

 

Qəbul olunmuş bəyannamədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Ermənistanı silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına çağırmışlar.

 

Növbəti uğur Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin dekabrın 12-də Parisdə keçirilən iclasında qazanılmışdı. İclasda, Azərbaycan üzrə həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramuntun Azərbaycana etdikləri son səfərlərinin nəticələrinə dair məruzələri, Azərbaycan tərəfinin fikirləri dinlənilmiş, Azərbaycanın öhdəliklərinə dair qətnamə layihəsi müzakirə olunaraq, sənədin komitə mərhələsində son variantı təsdiq edilmişdir.

 

Hesabatda Azərbaycanın geopolitik, sosial və iqtisadi vəziyyəti, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycannın son zamanlar imzaladığı və ratifikasiya etdiyi Avropa Şurasının Konvensiyaları və Avropa İttifaqı ilə münasibətlərinə dair müddəalar var idi. Sənədin 3-cü bəndində Azərbaycanın geopolitik vəziyyətinə və xüsusən də Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, hesabatın bu bəndində sadəcə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin olduğu qeyd edilmişdi.

 

Lakin, bir gün sonra Komitənin iclasında Azərbaycanla bağlı məruzə ətrafında müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov DQ münaqişəsi ilə bağlı 3-cü bəndin sonuna aşağıdakı əlavəni irəli sürmüşdür: “Assambleya təəssüflənir ki, bu danışıqlar indiyə qədər heç bir nəzərə çarpan nəticə əldə etməyib, hərbi işğalı pisləyən BMT, AŞPA, Avropa Parlamenti və ATƏT-in müvafiq qətnamələri indiyədək icra edilməyib və 20 ildən bəri bir milyona yaxın Azərbaycanlıların hüquqları pozulmaqdadır”. Qızğın gedən müzakirələrdən sonra Azərbaycan tərəfinin təkidi ilə bu əlavə qəbul edilmişdir.

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 17 dekabr tarixində Brüsseldə keçirilən 13-cü iclasında da müzakirə olunmuşdur.

 

İclasın gedişində Avropa Birliyi bir daha təsdiqləyib ki, status-kvo vəziyyətinin davam etməsi yolverilməzdir və münaqişənin nizamlanması AB üçün əsas prioritet olaraq qalır. Hər iki tərəf ATƏT-in Minsk Qrupunun səylərinə dəstək verdiklərini ifadə etmişlər.

 

2012-ci ildə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə 5 ölkənin ali qanunverici orqanında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağla bağlı dinləmələr keçirilməsinə və geniş müzakirələr aparılmasına nail olunmuşdur. Bunlar İtaliya, İspaniya, Belçika, Finlandiya və Andorra parlamentləridir. Qeyd edilən Avropa ölkələrinin parlamentlərində keçirilən tədbirlərdə Azərbaycan hökuməti və parlamentinin nümayəndə heyəti geniş tərkiblə, eləcə də həmin ölkələrin parlament üzvləri, ictimai-siyasi, elm və dövlət xadimləri iştirak etmişdir. Dinləmələrin əsas məqsədi beynəlxalq təşkilatların hərbi işğalla bağlı qəbul etdikləri qərarların yerinə yetirilməsini milli parlamentlərin tələb etməsinə nail olmaqdan ibarətdir. Belə ki, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməməsi faktiki olaraq onların təcavüzkar Ermənistana köməyi kimi qiymətləndirilə bilər. Təcavüzkara qarşı mübarizə isə bəşəriyyətə və insanlığa xidmət deməkdir. Odur ki, dinləmələr zamanı Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhükəsizlik Şurası və Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamələrin icra olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

 

Göründüyü kimi, 2012-ci il Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox səmərəli olmuşdu. 2013-cü il yanvarın sonunda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında növbəti görüş keçiriləcək. Görüşdə vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni ideyalarının müzakirə olunacağını gözlənilir. Lakin, 2013-cü ilin hər iki ölkədə seçkilərin keçiriləcəyini nəzərə alsaq ümidverici nəticə əldə olunacağına inam azdır.

 

Ocaz.eu

 

 

22.06.2013 10:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*