Azərbaycanca

21 il Ağdamsız

23.07.2014 | 05:47

10555215_606863792760441_2075342966_nAğdam! Azərbaycanın dönməzliyinin, yenilməzliyinin, sarsılmazlığının, qeyrətinin, kişiliyinin, mərdlik və qoçaqlığının rəmzi Qarabağımızın mərkəzi sayılan Ağdam! Sevib-sevdirən, coşub-coşduran, yaşayıb-yaradan canlı bir möcüzə idi Ağdam! Xalqımızın həyat eşqi, yaşamaq sevgisi, mənəviyyat bulağı, milli xarakteri idi  Ağdam! Yer üzündə gözəlliyin, insanlığın, mədəniyyətin, cəsarət və hünərin, mərdlik və qəhrəmanlığın, sənətin və sözün, muğamın, nəhayət, böyük-kiçikliyin, ağsaqqal-ağbirçəkliyin, kişi-qadın davranışının, bir sözlə, bəşəri mədəniyyətin simvolu idi Ağdam! Azərbaycan torpağının nur parçası olan Ağdama mənəvi dünyaların gözü ilə baxanlar bu yurdun gözəlliklərini, toy-düyünlərini, insanların çal-çağır dövranlarını görüb necə də gözəl demişlər: Ağdam Qarabağın toy otağıydı. Ağdamda hər şeyə qadir təbiətin insanlara bəxş etdiyi bir əvəzsiz sərvət var idi. Bu yurd odlar diyarı Azərbaycanın solmayan gülzarıydı. Təbiətin bütün boyaları ilə çəkilmiş bu yerləri görənlərin qəlbi həmişə bu yerlərə möhtac qalırdı. Bircə dəfə görən bir könüldən min könülə aşiq, bənd olurdu bu yerlərə. Köksündə yerdən göyə ucalan hər bir abidə tarixləşib tunclaşmışdı bu yerdə. Bu yurdda ulu babalarımızın itməyən cığır izi, iti nal izi, Pənah xanın müqəddəs İmarət türbəsi vardır. Bu yerdə ağac da, daş da, torpaq da şeirlə dil açır, nəğmə oxuyurdu. Sanki hər ağac altında bir Cabbar, bir Xan zümzümə edirdi. Bir quş lələyində, bir ağ vərəqdə neçə dastan yatır, nəğmə uyuyurdu bu yerdə.

 

 

Ağdam! Bu ad nə zaman çəkilsə gözlərimizin önündə bir mərd, igid, dəliqanlı oğlan canlanır. Kamalı dərin, sinəsi şeirli, tarlı, ləhcəsi bal kimi şirin oğlan. Yer üzü dinləyir onun zənguləsini. Daşı daş üstə qalmayan, qəbristanlıqları hamarlanan, düzlənən, qoynuna gedən yolların ağı itən, viran edilmiş, tarımar qoyulmuş, bir zamanlar günəşlə yanaşı duran Ağdamımız bu gün 21 ildir ki, zülmət övladının əlindədir.

 

 

“KarabakhİNFO.com”

23.07.2014 05:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*