Azərbaycanca

22 ildir Zəngilana gedən yolları ot basıb…

29.10.2015 | 11:05

zengilan_271014

Vətən, torpaq itkisini 22 il əvvəl bu gün yaşadım.

O vaxt 8 yaşım vardı. Uşaq hafizəmdə həmin gün dərin bir iz buraxdı.

Hamı təşviş içindəydi. Müharibə, qan-qada elə bil məni vaxtından əvvəl böyütdü. Uşaqlığımı yaşamadım.

1993-cü ilin oktyabrın 24-ü idi. Kənddən bəzi insanlar çıxmışdı. Evimizin qarşısındakı meydançada uşaqlarla futbol oynayırdıq. Başımızın üstündən uçan qırıcı təyyarələri, silah səslərinin fərqinə belə varmadan.

Yaşımın az olmasına baxmayaraq, baş verənlər idi də gözlərimin önündədir. İnformasiya blokadasında yaşadığımızdan hadisələrin hansı məcrada davam edəcəyindən xəbərsizdik.

İnsanlar hər zaman səksəkədə idi. Yadımdadır, bir dəfə atam evdə anama Xocalıda tördilən qətliamdan danışanda çox qorxmuşdum. Sanki hiss edirdik ki, eyni aqibət Zəngilanı da gözləyir. Şimaldan Qubadlı, cənubdan isə Cəbrayılın boşaldılması Zəngilanın işğalı, itirilməsi, faciəsi demək idi.

Hər kəs Xocalı faciəsinin təkrarlanacağından narahat idi. Kimsə rayondan çıxmaq istəmirdi. Rayonumuzun cavanlarının əliyalın Zəngilanla həmsərhəd olan Ermənistanın Qafan rayonuna keçib 10-a yaxın ermənini əsir götürdükləri də yadımdadır.

Hadisələrin canlı şahidi olmaq çox ağırdı, sarsıdıcıdır. Xüsusi ilə azyaşlı üçün. Bəlkə də həmin oğlanların o vaxt əlində silah-sursat olsaydı, indi Zəngilansız deyildik.

Əliyalın camaat rayonu yavaş-yavaş tərk etmək məcburiyyətində qaldı…

Oktyabrın 29-u idi. Ermənilər Zəngilana hücuma keçdilər. Qubadlı və Cəbrayıl işğal olunduğundan Zəngilanı zəbt etmək ermənilər üçün elə də çətin olmadı. Müdafiəsiz qalan zəngilanlılar mühasirəyə düşüb ikinci Xocalı facisəinin yaşanmaması üçün Araz çayı ilə İrana keçdilər. O zaman Araz da mərhəmətli olmadı. Necə-neçə ailəni “uddu”. Uşaq ikən o dəhşətli mənzərənin şahidi oldum. O anlar yaddaşımda silinməz izlər qoyub. Haray, qışqırıq indi də qulaqlarımdadı. Doğmalarını itirən kim, çayda batan kim.

Deyir dərd gələndə batmanla gəlir. Zəngilanın işğalı uşaq ikən mənə çox şeyləri yaşatdı. Məndən çox şeyləri aldı – torpağımı, elimi, obamı. Hamı pərən-pərən düşdü. …

Artıq 22 ildir yuxularımda qonaq gedirəm Zəngilana. 22 ildir o dağın, o daşın, o Çinar meşəsinin həsrətini çəkirəm. Amma bütün bunlara rəğmən nikbinəm. Bu həsrətin bir sonu olacağına inanıram. …

Artıq 22 ildir Zəngilana gedən yolları ot basıb. 22 ildir bədnam erməni tapdağı altında olan Zəngilan torpağı inildəyir, fəryad qoparır. Yolumuzu gözləyir. Özü də səbrsizliklə. Zəngilan necə səbrsizliklə gözləyirsə, zəngilanlılar da eləcə.

Bu gün də həmyerlilərimizlə toplaşıb Zəngilanın işğal gününü anacağıq, yenə o illəri xatırlayıb, yaxın tarixə ekskurs edəcəyik. Amma bir onu bilirəm ki, ermənilər torpaqlarımızı əlimizdən alsalar da, inancımızı əlimizdən almayıblar. Hansı yolla olur-olsun Zəngilanı geri qaytaracağıq.

Trend.az

29.10.2015 11:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*