Azərbaycanca

“Ruhum hər gün Kəlbəcərdə dolaşır”

25.12.2014 | 16:54

ez“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının müsahibi əslən Kəlbəcər rayonundan olan tanınmış vəkil Əziz Qənbərovdur.

 

Müsahibimiz torpaq həsrətini bizimlə bölüşdü:

 

 

“Bilirsiniz vətənlə bağlı olan dərd və həsrətimizin dairəsi o dərəcədə genişdir ki, adam bilmir danışmağa necə başlasın. Bu dərdi duyan insan üçün həmin dərd onun özündən çox-çox böyükdür. İnsan yaşa dolduqca o dərd daha da böyüyərək nə insanın cisminə, nə də ki ruhuna sığır. Kəlbəcərlə bağlı acılı bir xatirəmi sizlə bölüşmək istərdim. Ailəmlə birlikdə məcburi köçkün düşərkən həmin vaxt 11 yaşım hələ tamam olmamışdır. Hadisədən 2-3 gün əvvəl yaşadığımız evin aşağı hissəsindən Tərtər çayının bir qolu olan “Qara Arxac” çayı keçir. Həmin çaya heyvanlarımızı sulamaq üçün endirmişdim. Bu proses hər gün davam etsə də elə bil ürəyimə damdı ki, bu gün mənim bu yolda son günümdür. Əvvəlki günlərdə heyvanları sulamaq 1 saata yekunlaşırdısa, həmin gün bu iş təxminən 3 saatdan artıq davam etdi. Maraqlısı odur ki, çaya baxan zaman ani olaraq məni ağlamaq tutdu. Qar əriməyə başladığından baharın ilk çiçəyi olan “Bənövşə” daşların dibindən çıxmağa başlamışdır. Bu hal mənim diqqətimi əvvəlki günlərdə çəkməsə də bu gün hər daşın dibindən çıxan bənövşənin sanki mənimlə dil açıb danışmaq istədiyini hiss etdim. “Diqqətlə bax, Əziz, sən bizi bir daha görməyəcəksən, bizim ətrimizi qoxlaya bilməyəcəksən”- bəlkə də demək istəyirdi ki, siz bizim dəyərimizi bizi itirəndən sonra biləcəksiniz. Elə o sözləri də mənə bənövşə öz incə dili ilə başa salmağa çalışırdı. Buna nail oldu da. Bənövşə, nərgiz və qaymaqçiçəyi bitkisi yalnız Kəlbəcərdə bitir. İstənilən yerdə bənövşə və nərgiz gülünə rast gəlmək olar. Amma Kəlbəcərdə bitən o çiçəklərin ətri bir aləm idi”.

 

 

– Kəlbəcərdə sizin nəyiniz qaldı?

azizBu sualı bayatı ilə cavablandırmaq istərdim.

Əzizim Kəlbəcərdə,

Dağıldı Kəlbəcər də.

Cismim burda dolaşır,
Ruhumda Kəlbəcərdə.

 

 

Ruhum mənli, mənsiz hər gün oralardadır, heç buralara gəlmək niyyəti də yoxdur…

 

 

– Əgər Kəlbəcərə kəndinizə getmək şansı sizə verilsəydi ilk olaraq haranı ziyarət etmək istərdiniz?

 

 

Mən inanıram ki, inşallah bu şans qismət olar. Onda ilk dəfə duyğulanıb ağladığım yer olan “Qara Arxac” çayının sahilinə gedəcəm. Məni ilk ağladan da o çayın sahilidir, son ağladan da orası olacaq…

 

azi

Kəlbəcərin işğalı zamanı mən tək doğma torpağımı deyil, eyni zamanda doğmalarımı da itirdim. Kəlbəcərin müdafiəsi istiqamətində döyüşən qohumlarımın əksəriyyəti şəhid oldu. Bir nəfər isə itkin düşdü və bu günə qədər də ondan heç bir xəbər yoxdur.

 

 

O yerlərin ab-havasını, toy-büsatlı anlarının yerini heç nə verməz. Ancaq ümidlə yaşayırıq, biz Kəlbəcərsiz yaşaya bilmərik, nə vaxtsa geri qayıdacağıq. Bu gün bütün kəlbəcərlilərin qəlbi yurd eşqi ilə döyünür.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

25.12.2014 16:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*