Azərbaycanca

Millət vəkili: “Azərbaycanın əhalisi öz azadlığı uğrunda qurban getməyə hazırdır” – EKSKLÜZİV

21.01.2015 | 12:02

asas

20 Yanvar faciəsi qəhrəmanlıq hadisəsidir

 

 


Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. 20 Yanvar faciəsi barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına müsahibə verib. 

 

 


–  Nizami müəllim, 20 Yanvar faciəsi tarixə qara hərflərlə yazılıb. Bu faciə barədə nə deyərdiz?

 

 

20 Yanvar hadisəsi xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsidir. Həmin gün millətimizin övladları imperiyaya qarşı hansı iradəyə malik olduğunu sübut etdi. 20 Yanvar hadisəsi Azərbaycan xalqının milli azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu göstərdi.

 

 

Bu faciənin baş verdiyi dövrün ictimai-siyasi vəziyyətini necə xarakterizə edərdiniz?

 

 


20 yanvar hadisəsi hər şeydən əvvəl Sovet İmperiyasının Azərbaycana qarşı cinayətkar hərəkəti idi. İstər-istəməz imperiyanın dağılması ərəfəsində ona qarşı çıxan ölkələrə dərs vermək istəyirdi. 20 Yanvar hadisəsi sovet rejiminin iç üzünü açdı. Sübut olundu ki, çıxışların kəskinliyinə baxmayaraq, Pribaltikada, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda və Ermənistanda imperiya Azərbaycana qarşı olduğu qədər amansız tədbirlərə əl atmadı. Sovet rejimi hərbi texnikanı əliyalın xalqımızın üzərinə yeritdi. Xalqımız ötən əsrin əvvəllərində verdiyi şəhidlərin ruhu ilə silahlanaraq sovet imperiyasına qarşı mübarizə aparırdı.

 

 


Həmin gün matəm günü ilə yanaşı, qəhrəmanlıq günü kimi də sayılır…

 

 


20 Yanvar hadisəsi Azərbaycanın müstəqil olmaq uğrunda apardığı mübarizənin nəticəsi idi. 20 Yanvar faciəsi həm də qəhrəmanlıq hadisəsi kimi tarixə yazıldı. O gün xalqımızın tarixinə tək matəm günü deyil, həm də qələbə, azadlıq uğrunda mübarizə kimi də yazıldı. 20 yanvarda biz nə qədər faciəli anlar yaşasaq da, onu  anladıq ki, Azərbaycanın əhalisi öz azadlığı uğrunda qurban getməyə hazırdır.

 

 


Nizami müəllim, 1990-cı il 20 Yanvar hadisəsini necə xatırlayırsınız?

 



O günü unutmaq mümkün deyil. Güllərin səsi, insanların üzündə olan əzm gözümün qabağından getmir. Həmin gün mən öz yoldaşlarımla birlikdə 20 Yanvar metrostansiyanın yanına toplaşmışdıq. Orda olarkən bəzi şəxslər bizə yaxınlaşıb deyirdilər ki, möhkəm olun silahlar gələcək. İnsanlar inanmırdı ki, Sovet qoşunu Sovet dövlətinin vətandaşına silah çəkər. İçi mən qarışıq, hər kəs sovet qoşunun sovet adamına silah tuşlayacağını düşünmürdü. İnsanlar sadəlövhlükdən düşünürdü ki, onlar tankın qarşını kəsə bilər. O gecə öncə elə sandım ki, insanları qoxutmaq üçün havaya bir-iki güllə atırlar. Sonra güllə səslərinin sayının artması, şəhəra tankların daxil olması faciənin yaşanacağından xəbər verirdi. Televiziyada yayımın dayandırılması ilə əhali daha da çaş-baş vəziyyətə düşdü.

 

 

 

Sonda onu da deyim ki, 20 Yanvar hadisəsi istiqlal mübarizəmizin zirvələrindən biri sayılır.

 

 

 

 

 


Günel Cəlil
KarabakhiNFO.com

 

 

21.01.2015 12:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*