Azərbaycanca

“1991-ci ildə Bakı hərbi hissələrə hücum edərək silahları, texnikanı götürən biz idik”

23.01.2015 | 11:54

20150117_125006“Qurtuluş” batalyonunun komandiri Fuad Rzayev: “Orda yüzlərlə erməni yaraqlısını gəbərtdik”

 

 

 

 

Birinci Qarabağ savaşında Azərbaycan Milli Ordusunun ən döyüşkən hissələrindən biri olmuş məşhur “Qurtuluş” batalyonundan, bu taborun qəhrəman əsgərlərinin keçdiyi şərəfli döyüş yolundan danışacağıq.

 

 

Bizə bələdçiliyi taborun cəsur komandirlərindən biri, Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədri Fuad Rzayev və təşkilatın sədr müavini, istefada olan polkovnik Telman Mehdiyev etdi. Onlarla təşkilatın Bakının məşhur “Kubinka” məhəlləsində yerləşən ofisində görüşdük. Fuad Rzayev “Qurtuluş” batalyonunun yaranma tarixindən, Milli Ordunun silahla, hərbi texnika ilə təmin olunmasında idmançı dostları ilə birgə gördüyü işlərdən, Telman Mehdiyev “Qurtuluş” batalyonunun döyüş yolundan, ümumilikdə ordu quruculuğunda və müdafiənin təşkilində buraxılan səhvlərdən danışdı.

 

20150117_124955

 

 

Gənc yaşlarından Milli Azadlıq Hərərkatına və xalq özünümüdafiə işinə qoşulan Fuad Rzayevin işğalçı ermənilərə nifrəti hələ uşaqlıqdan yaranıb:

 

 

– Bu məhəllə qədimdir, Bakıda salınan ilk məhləllədir. Bu məhəllənin qədim tarixi var. Rusiyada çar hökuməti devriləndən sonra erməni silahlı birləşmləri Qafqazda:Qarabağda, Bakıda, Şamaxıda müsəlmanlara qarşı qətliamlara başlamışdılar. Mənim ulu babam zəngin insan olub. Onun limonat zavodu varmış. O vaxt kasıblar əli yalın idi, varlı insanların silahı vardı. Mənim ulu babamın da odlu silahları var. Hətta pulemyotu belə olub. O vaxt Şamaxı yolu “Semaşko”nun yanından keçirdi. Ermənilər Bakıya girəndən həmin babamın başçılığı ilə onların qarşısı kəsilib. Quldurlardan 40-ı qaçıb, onları Xızıya qədər təqib ediblər. Xızıda tutub gəbərdiblər. Erməni quldurlarına qarşı nifrət mənə irsən keçib. Mən Sovet vaxtı bilirdim ki, ermənilər xain millətdir, hər zaman adamı kürəyindən vurmağa hazırdır. Babamdan, nənəmdən eşitmişdim ki, ermənilər bizim düşmənimizdir…

 

 

1988-ci ildə Sovet ordusundan qayıtdım. Onda münaqişə yenicə başlanmışdı. Xalq Hərəkatına qoşuldum. 5-6 nəfər hərəkat fəalı ilə “Qurtuluş” batalyonunu yaratdıq. 1991-ci ildə Bakı hərbi hissələrə hücum edərək silahları, texnikanı götürən biz idik. Müdafiə Nazirliyi yenicə yaranmışdı, heç nəyi yox idi. Onlara silah-sursatı biz verirdik. Bizə MN-dən mərhum Arif Salahov və ehtiyatda olan polkovnik Telman Mehdiyev kuratorluq edirdi. Biz MN-nin təchizatı ilə məşğul idik. İki dəstə idik, biri mənim qrupum, ikincisi Nurəddingilin dəstəsi idi…Cavan uşaqlar idik.

 

 

İdmançılardan ibarət dəstə idik. Özüm boksçuyam. 1991-ci ildə respublika çempionu olmuşam. Batalyonu özüm yaratdım, ancaq gənc idim, cəmi 23 yaşım vardı. Bizə bir sözükeçən ağsaqqal lazım idi. Batalyonu yaradanda Şahinə dedik, razı olmadı. Dedi ki, balalarım var, getmirəm. Sonra rəhmətlik Cahangir Kərimov adlı bir kadr zabit vardı, ona dedim. Biz Tərtərə yola düşdük, 1 aydan sonra Cahangir gəldi, komandir olaraq onu təyin etdik. Tərtərə gələndə orda ancaq özünümüdafiə qüvvələri və silahlı polis vardı. Açıq döyüş olmurdu. Hərdən ermənilər basqın edir, qoyunları, çobanları aparırdı. Tərtərin icra nümayəndələri də benzin verib girovları alırdı, vəssalam. Biz gələn kimi bu durum dəyişdi. Bu, 1991-ci ilin sonları idi.
– Tərtər istiqamətində ən şiddtəli döyüş nə zaman oldu?
– Azərbaycanın əsas uğurları əslində elə Tərtərdə oldu. Ermənilər birinci Qarabağ savaşında ən böyük itkini Marquşavanda verdilər. Marquşavan Tərtərlə üzbəüz yerləşən böyük bir qəsəbədir. Aramız 500-700 metr idi. Ən böyük erməni qırğını orda oldu. Xocalı facisəsindən təzə çıxmışdıq, içimizdə bir qisas hissi vardı. Fevralda Xocalı faciəsi olmuşdu, aprelin 10-da da Marquşavanda erməni silahlılarını məhv etdik. Hər il biz fevralın 26-da Xocalı şəhidlərini andığımız kimi, aprelin 10-da da ermənilər Marquşavana yas saxlayırlar. Həmin ərazi bizdən yüksəkdə yerləşdirdi, ermənilər oranı xeyli möhkəmləndirmişdilər. Güclü döyüş oldu, xeyli sayda hərbçi və  erməni silahlılarına yardım edən digər daşnak öldürüldü… Bu istiqamətdə ən böyük yüksəklik Vəng idi. Bu yüksəkliyi heç zaman ala bilmədik. Azərbaycan Ordusunun Ağdərə əməliyyatları zamanı “Qurtuluş” batalyonu Sırxavənd və Kiçanı öhdəsinə götürmüşdü. Biz hər iki kəndi aldıq. Lakin digər cinahlar irəliləyə bilmədikləri üçün biz əmr verdilər ki, geri çəkilin. Qərargahda müzakirə olundu ki, niyə digər cinahlarda irəliləyiş olmayıb?!  Dedilər ki, ən çətin yer Dovşanlıdır. Bu kəndin alınmasını öhdəmizə götürdük. Ertəsi gün hücum edib Dovşanlını da aldıq…
Döyüş epizodlarından, cəbhə bölgəsində göstərdiyi igidliklərdən danışmağı xoşlamadığı aşkar hiss olunan cəsur komandir söhbəti dəyişir: “Gəlin, sizə başqa maraqlı bir epozudu danışım. Xocalı hadisələrindən 15-20 gün qabaq olardı. Səhər saat 6-nın yarısı idi . Tərtərin polis rəisi zəng etdi ki, rayona tanklar girir. Polis rəsi Ələsgər adında çox gözəl, vətənpərvər, vuruşan insan idi. Bir hadisə olan kimi mənə xəbər edirdi . Dedi ki, Tərtərə tanklar girir. Telefonda tankların səsini eşidirdik. Tez uşaqları götürüb hadisə yerinə getdik. Gələn texnikanın 5-i BMP-2, qalanı tank idi. Cəmi 21 texnika idi. Tankın lyukundan bir polkovnik-leytenant çıxıb dedi ki, yolu açın. Deyirdi ki, onlar 366-cı alayı tərksilah etməyə gedirlər. Biz ona inanmadıq. Hesab edirdik ki, onlar rusların və ermənilərin mövqelərini möhkəmləndirməyə gedirlər. Biz UAZ maşınında idik. Oturub maşına qayıtdıq hissəyə. Özümüzə arxayın idik, bilirdik ki, bunların qarşısını kəsə bilərik. Bizim silahlarımız çox idi. Bakıdan hazırlıqlı getmişdik. Hətta qonşu Bərdə və Gəncə batalyonlarına da silah, hərbi texnika vermişdik. Batalyona həyəcan siqnalı verdim. Tanklar Ağdama getməli idi. Qərvənd körpüsündə bunların qarşısını kəsdik. 2 qrantamyotçu sağa, 2 qrantamyotçu sola qoyduq, tanklar dayandı. Həmin polkovnik-leytenant çıxıb ultimatum dili ilə danışmağa başladı. Dedim ki, sağa-sola bax, qrantamyotçulara bax. O çəkindi, içəri girib gözlədi. Hiss olunurdu ki, kiminləsə ratsiya ilə danışırdı. Bizim uşaqlar tankı vurmaq istəyirdi, onları güclə sakitləşdirdim. Müharibə vaxtı belədir, bir güllə atıldısa, ardını saxlamaq olmurdu. Həm də bizə ruslarla vəziyyəti qəlizləşdirmək lazım deyildi. Amma texnikanı da buraxmaq istəmirdik. Bu qədər tank hara gedirdi? O zaman Laçın bizdə idi. Dağlıq Qarabağın Ermənistanla quru sərhəddi yox idi. Ermənilər Qarabağa silah ötürə bilmirdilər. Deməli, qərara alıblar ki, texnikanı ermənilərə buradan aparsınlar. Sonralar, bu hadisədən sonra generallarla, polkovniklərlə məsləhətləşdim, hamısı dedi ki, düz eləmisən, o tankları buraxmaq olmazdı…

 

 

Bir saat keçdi, Ağdamdan Tamerlan Qarayev gəlib çıxdı. Dedi ki, bəs 366-cı alay komandanlığa tabe olmur, bunlar gedirlər ki, alayı tərksilah etsinlər, gərək buraxasınız. Dedim ki, Tamerlan bəy, iki rusun arasında döyüş olacaq, bunlar onları silahla tabe edəcəklər? Bu, mümkün deyil! Mübahisə gücləndi. Tamerlan getdi, Ağdamdan üstümüzə bir dəstə gətirdi, onlar gəlib bizim tərəfimizi tutdular. XTPD-ni gətirdi, onlar da bizim tərəfimizə keçdi. Qüvvəmiz artdı. Ruslar çox acınacaqlı vəziyyətdə qalmışdılar. Artıq tankın içindəki polkovnik-leytenant yalvarışlı tonda danışırdı, deyirdi ki, bizi vurmayın, qayıdırıq. Başladıq öz aramızda məsləhət etməyə ki, bu tankları alaq bunlardan, yoxsa yox. “Qurtuluş”un əsgərləri tankları almaq istəyirdi. Ancaq Ağdamdan gələn yaşlı komandirlər dedilər ki, buraxaq, rədd olub getsinlər. Tanklar geri qayıtdılar. Geri qayıdanda həmin polkovnik-leytenantı bizdə bir Balaxan adlı əsgər vardı, vurub öldürmüşdü…

 

 

Söhbətə Telman Mehdiyev qoşulur: “Məni o zaman Müdafiə Nazirliyində bu sahəyə təhkim etmişdilər. Zabit kadrların orduya cəlb edilməsi, Milli Ordunun təchizatı məsələləri mənə həvalə olunmuşdu. Mən Hacıkənd-Tərtər zonası üzrə təyin olunmuşdum. O bölgədə ermənilərin ən güclü istehkamı Marquşan kəndi idi. O kənddə 1200 ev vardı, hər bir evdə 12-15 yaraqlı gizlənmişdi. Dəqiq məlumatımız vardı ki, o kənddə çoxlu sayda İrəvandan, xaricdən gəlmiş muzdlu erməni və digər millətlərin nümayəndələri vardı. Marquşavan bizə ən böyük təhlükə yaradan bir məntəqə idi. Onların strateji planları bizə aid idi. Mənə tapşırıq verilmişdi ki, orada iki batalyon yaradım. Onların birini yaradıb qurtarmışdıq. Sonra “Qurtuluş” gəldi…

10934238_916853931682707_1395157057_n

 

 

Milli Ordu yarananda əsas çətinliklərimizdən biri də ordunun silah və hərbi texnika ilə təminatı idi. Fuad kimi qeyrətli oğlanların köməyi ilə bu problemi həll edirdik. Onlar Sovet ordusunun hissələrinə basqın edir və ələ keçirdikləri silah-sursat və hərbi texnikanı bizə verirdilər. Azərbaycan strateji bölgə sayılırdı, ona görə də 4-cü ordunun, o cümlədən digər nazirliklərin hərbi bazaları burda yerləşirdi. Cənub ordusunun bütün resursları Azərbaycanda yerləşdirilmişdi. Bunları buraxmaq olmazdı. Buraxsaydıq, Milli Ordumuz silah-sursatsız, texnikasız qalacaqdı. Bunu da rəsmən ala bilməzdik. Fuadın idmançı dostları bu işi görürdülər. Onlar imkan vermirdilər ki, silahlar hərbi hissələrdən çıxsın. Özləri müsadirə edir və Milli Orduya təhvil verirdilər. Biz də lazım olan yerlərə göndərirdik…O tankların Ağdama buraxılmaması məsələsində də Fuadgil düzgün qərar qəbul etmişdi. Sovet ordusunun Mingəçevirdə raket diviziyası vardı. Fuadgil o raketləri də ələ keçirmişdilər.

 

 

Fuad Rzayev: “28 ədəd 200-lük raket götürdük. 1992-ci ildə keçirilən paradda 100-lük raketləri göstərdi. Ancaq 200-lüklərimiz də vardı. Bu raketlər çox güclüdür. Deməli, bu “Yer-Hava” tipli raketlərin 14 ton ağırlığı, 9 metr uzunluğu var. Partlayanda 29 min qəlpə verir. Çox güclü silahdır. 30 kilometr yuxarıda uçan kəşfiyyat təyyarələrini vurmaq üçündür. Bunun təyinatını dəyişib yerüstü obyektləri vurmaq üçün də istifadə etmək olur. Öyrəndik ki, ruslar bunu Əfqanıstanda tətbiq ediblər və təcrübədən yaxşı çıxıb. 60 – 100 metr məsafə qalmış raket öz-özünə partlayır. O raketləri gətirib Bərdədə yarısını parkda, yarısını isə Betonzavodda gizlətdik. Gecə ilə raketləri daşıdıq.

 

 

 

Ertəsi gün rusların təyyarələri, vertolyotları Tərtərin, Bərdənin üstündə fırlanmağa başladı. Ruslar müdafiə naziri Rəhim Qazıyevə təzyiqlər edirdilər ki, raketləri qaytarın. Amma nazirin olan-bitəndən xəbəri yox idi. Bakıda o qədər Sovet hərbi hissələrinə basqın etmişdik ki, artıq təcrübəmiz vardı. Mingəçevirdə, Qarabağda da bu işi davam edirdik. Nazir öyrəndi ki, raketlər bizdədir, məni çağırdı. Ruslar hədələmişdi ki, raketlər qaytarılmasa, Tərtəri və Bərdəni vuracaqlar. Gəncə batalyonunun komandiri Mehmanı götürüb getdik. Xeyli mübahisə etdik. Sonda razılaşdıq. Raketlər bizdə qalır, ancaq ermənilərə atmırıq. Çıxan kimi Müdafiə Nazirliyində işləyən Fəhmin Hacıyevlə rastlaşdıq. Gözəl münasibətlərimiz vardı, hərəkatdan tanış idik. Nazirliyin xətti ilə Ağdama gedib-gəlirdi, çox vaxt ona problem yaradırdılar. Biz gedib yoluna qoyurduq. Çünki ilk yaranmış batalyon kimi bizə hörmət vardı.

 

 

 

Camaat bizi sayırdı, sözümüzü eşidirdi. Fəhmin mənimlə soyuq görüşdü. Mehmanı kənara çəkib söhbət etdi. Az sonra Mehman gəldi, dedi ki, Fəhmin deyir ki, bunlar (yəni, “Qurtuluş” batalyonu-müəll.) nazirliyə tabe olmur, sən onlardan ayrıl. Yaxın günlərdə gəlib bunların hamısını güllələyəcəyik. Mehman mənim dostum idi. Bunu deyəndə, qayıtdım geri. Fəhmini tapmadım, nazirin yanına getdim. Qəbul otağında polkovnik Şiriyevin itələyib yıxdım. Girdim kabinetə, Rəhimə dedim ki, burdan mənimlə danışıq aparırsan, ordan da bizi güllələtmək istəyirsən? And içdi ki, xəbərim yoxdu, Fəhmin burada casusdur. Mən ona inanıb çıxdım. Tərtərə gəldik, batalyonu yığdım, durumu başa saldım. Qərara aldıq ki, ictimai rəyi xeyrimizə dəyişmək üçün möhtəşəm bir hücum etməliyik, yoxsa bunlar bizi tutub həbs edəcək. Elə bir iş görüb xalqın gözündə qalxmalıydıq ki, bunların bizə gücü çatmasın.

 

 

 

1992-ci ilin aprel ayının ilk günləri idi. Maşınla rus hərbi hissələrini gəzib, rus zabitləri ilə danışıqlar apardım. Polkovniklərlə, polkovnik-leytenantlarla, çoxlu kapitanla danışıqlar apardım ki, raketləri atmaqda bizə kömək etsinlər. Pulla, zorla maşına doldurub gətirdik. Əskiparada raket qurğularını qurduq. Aprelin 9-da bu qurğular hazır oldu. Polis rəisinin otağında batalyonları komandirləri ilə iclas etdik. Öncə raketləri atıb erməniləri təlaşa salmalı, sonra hücuma keçməli idik. O raketlər atılanda ətrafa işıq saçır, hər yerdən görünür. Batalyon komandirlərinin ikisi “biz qoşulmuruq” deyib, otaqdan çıxdı. Bərdə batalyonunun komandiri Ələmşah dedi ki, mən sizinləyəm. Xəbər göndərdik ki, bizim raketlər atılmağa başlayanda eyni anda Ağdamdan, Goranboydan artilleriya hücumu başlasın. Erməni bizdən zəif idi. Qəfil hücuma keçib işi bitirmək, məsələni biryolluq həll etmək olardı…

 

 

 

(ardı var)

 

 

 

 

 

 

Elman Cəfərli

“KarabakhİNFO.com”

 

 

 

23.01.2015 11:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*