Azərbaycanca

Erməni yalanının və riyakarlığının hüdudu yoxdur

10.02.2015 | 14:44

d86b268c127db45ebe856d150e539c52

Erməni yalanının və riyakarlığının hüdudu yoxdur

 

 

 

Saxta “soyqırımı”ndan söhbət gedəndə rəngləri daha da tündləşdirmək və faciənin dəhşətlərini daha da qabartmaq üçün ermənilər tərəfindən bir rəmz kimi istifadə olunan “əyani vəsaitlər” arasında məşhur rus rəssamı Vasili Veraşşaginə məxsus bir əsərin də “özünəməxsus” yeri var.

 

 

İnsan kəllələrinin qalaqlandığı əks olunan bu mənzərəni onlar həvəslə özlərinə – qondarma erməni qırğınlarına bağlamağa cəhd edirlər. Faktlar, eləcə də hazırda Tretyakov qalereyasında saxlanan əsərin özü isə başqa həqiqətlərdən xəbər verir.

 

 

Saxta “soyqırımı”nın saxta “rəmzi”

 

 

Rəssam Vasili Veraşşaginin (1842-1904) yatsa yuxusuna da gəlməzdi ki, özgə bir məkanda, başqa bir niyyətlə – 1871-ci ildə müharibənin dəhşətləri haqqında çəkdiyi, “Müharibə apofeozu” adlanan bu əsəri illər sonra məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul sayan erməni “başbilənləri” tərəfindən açıq “dəlil-sübut” kimi gen-bol istifadə olunacaq və onların xəstə təxəyyülünün məhsulu olan, özlərinin uydurduqları saxta “soyqırımı”nın, bir növ rəmzinə, simvoluna çevriləcəkdir.

 
V.Veraşşagin Novqorodda dünyaya göz açıb, əvvəlcə Peterburq Rəssamlıq Akademiyasında (1860-1863-cü illər), daha sonra 1864-1865-ci illərdə Parisdə təhsil alıb. O, gəzməyi, səyahət etməyi çox sevirdi. Rəssam Qərbi Avropa ölkələrinə, eləcə də Suriya, Fələstin, Hindistan, Yaponiya, ABŞ-a səyahət edib, Orta Asiyanın istilasında (1877-1878-ci illər), Rusiya-Türkiyə və Rusiya-Yaponiya müharibələrinin də iştirakçısı olub.

 

Elə bu səfərlərdən doğan rəsmləri də çoxdur: “Türkistan”, “Balkan” silsiləsi, Vətən müharibəsi mövzusunda silsilə əsərləri və s… Rus batal janrında hərbi döyüş səhnələri, qanlı müharibə görüntüləri ilk dəfə məhz V.Veraşşaginin rəsmlərində fəlsəfi planda verilib.

 

Əsərlərində işğalçılıq müharibələrini demokratik mövqedən kəskin tənqid edən məşhur rəssam boyakarlıq tarixində ilk dəfə olaraq sadə əsgəri müharibənin bütün ağırlığını çiynində daşıyan əsas qüvvə kimi təsvir edib: “Müvəffəqiyyətsizlikdən sonra məğlublar”, “Hücumdan sonra Pleven yaxınlığında sorğu məntəqəsi”, “Şinkada sakitlikdir!”, “İngilislərin hind üsyanını yatırtması” kimi əsərlərində feodal vəhşiliklərini, dini fanatizmi, müstəmləkəçiliyi ifşa edən rəssam bir sıra mənzərə, etnoqrafik, məişət səhnələrini əks etdirən rəsmlərin də müəllifidir. V.Veraşşaginin Azərbaycan xalqının həyat və məişətini, memarlıq abidələrini əks etdirən rəsmləri də var. Vaxtilə Qarabağda səfərdə olan rəssam “Şuşada müsəlmanların dini mərasimi” (1865-ci il) adlı kompozisiya və portretlər işləyib, habelə Azərbaycan xalqı və şəhərləri haqqında maraqlı qeydlər aparıb. Onun “Mehriban kirvələr” və “Yapon qızları gəzintidə” tabloları hazırda R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

 
Böyük rəssam özü də həyatı boyu həmişə əleyhdarı olduğu müharibələrin qurbanına çevrildi. 1904-cü il aprel ayının 13-də Çerepovestdə “Petropavlovski” zirehli gəmisinin partlaması nəticəsində həyatını itirdi. Ancaq bu qanlı hadisə olmasa da, ölümündən on il sonra ermənilərin onun əsərləri üzərində qurduqları çirkin “soyqırımı” oyunları V.Veraşşaginin ürəyini mütləq partladacaqdı… Necə ki, indi uydurduqlarından Şarl Aznavur kimi bəzi ermənilərin də az qala ürəyi bulanır: “Baş verən bütün bu hadisələr artıq məndə ikrah oyadır.

 

Bu işlərdən heç nə qazana bilməyəcəyik. Düşmənlərimiz yaddaşında “erməni məsələsi” ilə bağlı məlumat saxlayan hər kəsin ölməsini gözləyəcək, bununla da mövzu qapanacaq. Gəlin görək bu gün hansı ölkələr “erməni məsələsini” dəstəkləyir? Heç biri! Bircə Fransa soyqırımını tanıdı, bundan başqa heç nə. Bu şeylərlə haraya gedib çıxacağıq? Bütün bu müddət ərzində əziyyət çəkən yenə də Ermənistandır. Ermənistan – hər gün, hər saat boşalan Ermənistan. Bir az da vaxt keçsin, Ermənistan boş bir balıqqulağına dönəcək… Bunun kimə faydası var? Üç varlı qulduramı? Üç mafiozamı? Bəs dünyanın dörd yanına səpələnmiş yüz minlərlə yoxsul erməninin halına kim yanacaq? Bütün bunları düşündükcə narahat oluram, özümdən çıxıram… Bütün bunlar Türkiyəyə “genosid” sözünü yedirtmək üçündürmü? Ermənistan böyük təhlükə qarşısındadır, insanlarsa “genosid”ə ilişib qalıblar. Bilmirəm bunun ölkənin tərəqqisinə nə təsiri olacaq? Belə məntiqlə hara gedib çıxacağıq? Görün bu sözlərimə görə məni tənqid edənlər kimlərdir? Onlar özləri Ermənistan üçün nə ediblər? Mən siyasi xadim deyiləm, siyasətdə çox şeydən xəbərim yoxdur, ancaq bircə şeyi dəqiq bilirəm: xilas olunmuş bir parça vətənimiz ikinci dəfə ölüm ayağındadır. İnsanlarsa terminlərə ilişib qalıb…”

 

 

Əsl soyqırımını yaşadan rəmz

 

 

Bu isə bizim faciəmizi əks etdirən, heç bir rəssam, sənətkar təxəyyülündən, fantaziyasından asılı olmayan, vaxta-zamana tabe olmayan sənəddir, foto faktdır. Onu kimin çəkməsindən, nə vaxt və hansı şəraitdə çəkməsindən asılı olmayaraq mənası dəyişməyəcək, ağrısı-acısı azalmayacaq. Onun bircə adı var: SOYQIRIMI!
Xatırladaq ki, məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının inkarolunmaz sübutudur. Onun ümumi sahəsi 514 kvadratmetrdir.

 

Qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkarlanıb. İnsanların hamısının soyuq silah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları tapılıb. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanları isə əsasən yaşlı kişilərdir. Arxiv sənədlərindən məlum olduğu kimi, 1918-ci ilin aprel-may ayları ərzində ermənilər təkcə Quba qəzasında 36 min 782 nəfəri qətlə yetirib, 122 kəndi tamamilə dağıdıb.

 
Tədqiqatçılar deyirlər ki, ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər. Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir.

 

Quyular arasında 2 metr məsafə var. Böyük quyuya yüzlərlə insan skeleti tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra sanki şaqqalanaraq bura atıldığını göstərir. “Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin Qubada soyqırımı həyata keçirdiyini sübut edir. İnanın ki, dəhşətdən burada işləyə bilmirik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq.” – Bu sözlər isə Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayevə məxsusdur.

 
İnanırıq ki, dünya bu vəhşilikləri görüb biləcək və saxta rəmzlərin yerini əsl soyqırımı qurbanlarının şəkilləri əvəz edəcək. Bu acı həqiqətdən heç kim, eləcə də ermənilər yaxa qurtara bilməyəcəklər.

 

 

 

“Azərbaycan”  qəzeti

 

 

 

10.02.2015 14:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*