Azərbaycanca

“Artıq özümü qadın kimi hiss etmirdim” – MÜSAHİBƏ

12.02.2015 | 16:35

sekli 1

 

Azərbaycanlı qadın döyüşçü: Vəsilə Məmmədova:  “Xocalıda yoldaşım dedi ki, qayıt evə, qayıtmadım. Dedim ki, sən harada, mən də orada”

 

 

 Hərbi xidmətə çağırış haqqında qanuna düzəlişə əsasən, bundan sonra xanımlar da öz istəkləri ilə Azərbaycan Silahlı Qüvvələrində xidmət keçəcəklər. Əslində, tarixin bütün dövlərində Azərbaycan qadını daim öz qardaşı, həyat yoldaşı ilə çiyin-çiyinə addımlayıb, müharibə zamanı onların sadiq silahdaşına çevrilib.  Birinci Qarabağ savaşında onlarla cütlük, bacı-qardaş var ki, bir səngərdə döyüşüb, torpaqlarımızın müdafiəsində qəhrəmanlıqlar göstərib. Onlardan biri haqqında danışacağıq.

 

 

 

Müsahibimiz Azərbaycan Milli Ordusunun ilk döyüşçü xanımlarından biri Vəsilə Məmmədovadır. Əslən Zəngilan rayonundan olan Vəsilə xanım öz həyat yoldaşı mərhum Murad Məmmədovla birgə cəbhənin müxtəlif zonalarında erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib.

 

sekil

 

Vəsilə xanım 1965-ci ildə Zəngilanın Malatkeşin kəndində anadan olub. Hadisələr başlananda Bakıda yaşayırmış. Həyat yoldaşı-Murad Məmmədovla da Bakıda tanış olub. Əslən Ermənistan Respublikasından olan həyat yoldaşı Murad Daxili İşlər Nazirliyi orqanlarında xidmət edirmiş. Lakin erməni daşnaklarına qarşı nifrət hissi onu daim Qarabağa dartırdı.

 

 

1990-cı ildə Murad cəbhə zonasına yollanır: “Dedi ki, mən erməniləri yaxşı tanıyıram, onlar xaindir. Burada dayanmağın adı yoxdu. Onsuz da burada polis çoxdu, cəbhəyə gedəcəyəm. Dedi və Xocalıya yola düşdü. Mən onu tək qoya bilməzdim. Bu mənim üçün çox ağır idi. Uşaqları aparıb Zəngilana-anamgilə verib, Xocalıya yola düşdüm”. Vəsilə xanım deyir ki, Murad dəfələrlə ona deyib ki, qayıt, uşaqlara bax. Ancaq Vəsilə “sən haradasan, mən də orada olacam” deyib, qayıtmayıb. Murad Xocalıda polis orqanlarında, Vəsilə isə N saylı Milli Ordu hissəsində xidmət edib. Qısa müddət ərzində ordu həyatının çətinliklərinə öyrəşən Vəsilə cəbhə bölgəsində həm də həyat yoldaşına həyan olurmuş. Xocalı işğal edildikdən öncə Murad və Vəsilə Xanlar rayonuna (indiki Göygöl-müəll.)  ezam olunurlar.

 

 

Vəsilə həyat yoldaşı Muradın Xocalıda göstərdiyi qəhrəmanlıqlardan danışır: “Murad erməni dilini yaxşı bildiyi üçün kəşfiyyata gedirdi. Ən çətin əməliyyatlara onu göndərirdilər. Dəfələrlə erməni kəşfiyyatçılarını ələ keçirmişdi. Bir dəfə aeroportda Ermənistan Resublikasının rəhbərlərindən birini girov götürmüşdü. Əməliyyat gecə aparılmışdı, gecə saatlarına qədər həmin məmur aeroporta saxlandı.

 

 

Lakin Bakıdan göstəriş  gəldi ki, buraxın. Çünki bizim əsgərlər girovluqda idi, onlarla dəyişdirdilər”. Vəsilə xanım deyir ki, “ordu qadın üçün deyil” deyimi düzgün deyil: “Əlbəyaxa döyüşü də öyrənmişdim. Döyüşdən qorxmurdum.

 

 

İlk günlər qorxursan, darıxırsan, sonra sonra döyüş həyat tərzinə çevrilir. Xocalı hadisələrindən sonra da qorxmadım. Artıq özümü qadın kimi hiss etmirdim. Xocalı hadisələri məndə intiqam hissini alovlandırmışdı. Ermənilərdən qisas almaq istəyirdim. O vaxt hamıda bu hiss vardı. Milli Orduda, polis işçilərində psixoloji hazırlıq, döyüş ruhu çox yüksək idi”.

 

20150118_131028

 

 

Vəsilə xanım deyir ki,  “Azərbaycan xalqı döyüşə bilmir” fikri doğru deyil: “Bu, dost sözü deyil! Mən hələ 20 yanvarda gördüm ki, bizim xalqın ölümdən qorxmayan oğulları var. Qarabağda da belə idi. Azərbaycan əsgəri qorxmazdır, döyüşkəndir. Ancaq bunu ermənilər haqqında demək olmaz. Sanki onları Qarabağ müharibəsinə vadar etmişdilər. Kəşfiyyata gələndə əsir düşmüş erməni hərbçilərinin necə rəzil günə düşdüyünü görmüşəm. Biz xalq olaraq müharibəni uduzmadıq, sadəcə, yaxşı təşkil oluna bilmədik”.

 

 

Vəsilə xanımın döyüşdüyü hissə Çaykəndin və ətraf  kəndlərin erməni quldurlarından təmizlənməsində iştirak edib. Dəfələrlə erməni quldurları ilə üzbəüz qalsa da, təhlükə ilə üzləşsə də, geri qayıtmaq fikrinə düşməyib. Deyir ki, erməni quldurları özləri haqqında mif yaradıblar, əslində erməni əsgəri qorxaqdır: “Kəndlərə hücum edirdilər, bir az müqavimət görən kimi silahı, texnikanı qoyub qaçırdılar”. Xanlarda  snayper tüfəngindən atəş açmağı öyrənən Vəsilə 50-yə yaxın erməni quldurunu məhv edib. Deyir ki, həyat yoldaşı Murad da cəsur döyüşçü olub, erməni quldurlarına divan tutub: “Murad kimi cəsur igidlərimiz çox idi. Erməni əsgərləri çox zaman içkili olurdular, narkotika istifadə edirdilər. O vaxt vahid komandanlıq olsaydı, müharibə bizim xeyrimizə başa çatardı, torpaqlarımız işğal olunmazdı”.

 

l

 

Vəsilə xanımın çətinlikləri də olub. Həyat yoldaşı qəbul etsə də, yaxın qohumları müharibəyə getməsini istəmirmiş. Qardaşları onu bir müddət danışdırmayıblar. Ancaq vətən sevgisi, həyat yoldaşına olan məhəbbəti onu Qarabağa çəkirmiş: “Yoldaşımı çox istəyirdim. Onsuz yaşamaq çətin idi. Düşündüm ki, ayrı qalmaqdansa, bir yerdə ölmək yaxşıdır”. Vəsilə xanım Göygöl bölgəsində ayağından yaralanıb. Həyat yoldaşı da çoxlu yara alır. Döyüşlərdə aldığı yaralar sonralar səhhətində ciddi problemlər yaradır: “Sağ qolu işləmirdi. Bədənində şişmə yarandı. Həddən artıq şişmişdi. Səhiyyə Nazirliyinin xətti ilə İrana, Türkiyəyə müalicəyə göndərildi. Ancaq xeyri olmadı. 2013-cü ilin mayında dünyasını dəyişdi”.

 

 

Ailə başçısını itirmiş Məmmədovlar ailəsi maddi imkansızlıq şəraitində yaşayır. Vəsilə xanım 5 övladını böyütmək, oxutmaq üçün ən ağır fiziki işlərdə çalışmaq zorunda qalıb. Bununla belə bircə dəfə cəbhəyə getdiyinə peşman olmayıb: “Hər kəs həyata bir missiya ilə gəlir. Görünür, bizim missiyamız da bu imiş. Qarabağda ermənilərlə savaşmağıma qəti peşman deyiləm! Bu gün olsa, yenə cəbhəyə yollanaram. Biz o davanı haqq davası bilib getmişik”.

 

 

 

Elman Cəfərli 

 

“KarabakhINFO.com”

 

 

12.02.2015 16:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*