Azərbaycanca

Yohannes Han: “Dağlıq Qarabağ münaqişəsində hazırkı “status-kvo” qəbuledilməzdir, siyasi həllə ehtiyac var”

13.03.2015 | 16:05
d1910b26caf410f63395fd4122583531
“Azərbaycanın assosiativ sazişlə bağlı mövqeyini diqqətə almışıq”

Bakı. Məlahət Nəcəfova – APA.Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarıYohannes Hanın (Joannes Han)APA-ya müsahibəsi

Avropa İttifaqı qonşuluq siyasətinə dair müzakirələr keçirir. Yeni Avropa Qonşuluq Siyasətində Azərbaycanla bağlı hər hansı dəyişiklik olacaqmı?

– Müzakirələrin məqsədi regiondakı tərəfdaşlarımız, o cümlədən Azərbaycanla əlaqələrimizin tam potensialına nail olmaqdır. Biz qonşuluq siyasətimizi dəyişən şəraitlərə, istəklərə və çağırışlara uyğunlaşdırmalıyıq. Əmin olmaq istəyirik ki, yeni Avropa Qonşuluq Siyasəti gələcəkdə Azərbaycanın və Avropa İttifaqının ortaq stabilliyi, təhlükəsizliyi və tərəqqisinin inkişafını daha effektiv şəkildə dəstəkləyə bilər. Nəticədə effektli Avropa Qonşuluq Siyasətinin Avropa İttifaqı və üzv ölkələrin bütün mexanizmlərindən istifadə etməklə bütöv Avropa İttifaqı siyasətinə daha sıx inteqrasiyası mümkündür.

– Azərbaycan Avropa İttifaqı üçün nə deməkdir və bu ölkə niyə “Şərq Tərəfdaşlığı” proqramında bu qədər vacibdir?

– Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Azərbaycan Avropa İttifaqının şərq ölkələri ilə münasibətləri çərçivəsində qurulmuş “Şərq Tərəfdaşlığı” proqramının əsas üzvlərindən biridir. 2009-cu ildən bəri biz “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bütün sahələrdə sıx əlaqələr şəbəkəsi qurmuşuq və mobillik, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi kimi sahələrdə sektoral əməkdaşlığımızı əhəmiyyətli dərəcədə gücləndirmişik.

– Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq üzrə hüquqi sənədin imzalanmasına hazırlığını ifadə edib və bildirib ki, Azərbaycan assosiativ sazişdə maraqlı deyil. Avropa İttifaqının bununla bağlı mövqeyi necədir?

– Biz Azərbaycanın mövqeyini diqqətə almışıq və Azərbaycan tərəfindən təklif gözləyirik. Avropa İttifaqı 1999-cu ildə imzalanmış mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsindən kənarda Azərbaycanla əlaqələrini yeniləmək və dərinləşdirmək istəyir.

– Azərbaycan Avropa İttifaqının həll olunmamış münaqişələrlə bağlı selektiv mövqeyini tənqid edir. Biz bunu Krım məsələsinə münasibətdə də gördük. Azərbaycan hesab edir ki, işğalçı ölkə ilə ərazisi işğala məruz qalmış ölkəyə münasibət eyni olmamalıdır.

Avropa İttifaqı münaqişələrin beynəlxalq hüquq və müvafiq format çərçivəsində danışıqlara uyğun sülh yolu ilə həllini dəstəkləyir. Avropa İttifaqı Ukraynaya məxsus Krımın 21 mart 2014-cü ildə Rusiya tərəfindən ilhaqını tanımır. Nə Avropa İttifaqı, nə də Ermənistan da daxil olmaqla başqa ölkə Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Cənubi Qafqazda stabilliyi Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmadan əldə etmək mümkün deyil. “Status-kvo” qəbuledilməzdir və siyasi həllə ehtiyac var. Ərazidə zorakılıq və qisasa qisas fəaliyyətlər, qarşılıqlı ritorikalar sülhə yardım etmir. Avropa İttifaqı tərəfləri davamlı şəkildə fəaliyyətlərində və sözlərində təmkinli olmağa çağırır. Bu, Minsk qrupu tərəfindən aparılan sülh prosesində inkişafa nail olunması üçün əlverişli mühitin yaranmasına imkan verəcək.

– Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanla Avropa İttifaqı arasında azad viza rejiminin bir neçə ildən sonra tətbiq oluna biləcəyini açıqlayıb. Bu barədə Avropa İttifaqının mövqeyi necədir?

– Azərbaycanla Avropa İttifaqı arasında Viza sadələşdirilməsi və Readmissiya razılaşması 2014-cü il sentyabrın 1-dən qüvvəyə minib. Biz həmçinin 2013-cü ilin dekabrından Avropa İttifaqına üzv ölkələrlə Azərbaycan arasında mobillik üzrə tərəfdaşlığa başlamışıq. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsində təcrübələri nəzərə almaqla mobillik sahəsində əməkdaşlığı daha necə inkişaf etdirə biləcəyimizin yollarını axtarır.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrindən bəzilərinin Avrasiya İttifaqına da qoşulmasına münasibəti necədir?

– Regional inteqrasiyanın digər növləri ilə bağlı “Şərq Tərəfdaşlığı” üzvləri təbii olaraq öz yollarını seçməkdə azaddırlar, çünki bu mövcud beynəlxalq öhdəliklərə uyğundur.

13.03.2015 16:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*