Azərbaycanca

Fərhad Cabbarov: “1905-ci il hadisələri 1918-ci il soyqırımının bir növ proloqu idi”

31.03.2015 | 17:04

IMG_0232

Müsahibimiz Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.

-Fərhad müəllim, 1905-ci il hadisələrinin tədqiq olunma səviyyəsindən razısınızmı?

– Deməzdim ki, çox razıyam. Çünki bizim tarixşünaslıq elmimiz əsasən 1918-ci il soyqırımının öyrənilməsinə yönəldilib. Halbuki 1905-ci il hadisələri 1918-ci il soyqırımının bir növ proloqu idi. Və 1918-ci ildə baş verən hadisələrin kökünü əslində elə 1905-ci il hadisələrində axtarmaq lazımdır. Amma eyni zamanda demək olar ki, son illərdə 1905-ci il hadisələrinin öyrənilməsində də irəliyə doğru müəyyən addımlar atılıb. Çox az da olsa, bəzi dissertasiyalar yazılıb və müdafiə olunub. Ermənilərin törətdikləri qırğından bəhs olunanda 1905-ci il hadisələrinə də toxunulur. Sadəcə olaraq bu hadisələrin öyrənilməsi, sənədlərlə araşdırılması hələlik məhdud saydadır. Bunun bir səbəbi onunla bağlıdır ki, 1905-ci il hadisələrinin araşdırılmasına sovet tarixşünaslığında 1905-ci il inqilabı prizmasından baxılırdı. Həmin inqilab araşdırılarkən vurğulanırdı ki, 1905-ci ildə çar hökuməti ermənilərlə azərbaycanlıları bir-biriləri ilə vuruşdurub. Tarixçilərimiz həmin dövrü öyrənərkən, əsasən iki əsərə istinad ediblər: bunlardan biri, Mir Möhsün Nəvvabın erməni-müsəlman qırğınına həsr olunmuş kitabıdır, digəri isə Məmməd Səid Ordubadinin “Qanlı illər” əsəri. Həm də sonuncu kitab bədii əsərdir. Mir Möhsün Nəvvabın əsəri isə bəzi tarixi faktları gündəmə gətirsə də, ədəbi-bədii üslubda yazılmış kitabdır. Ciddi monoqrafik araşdırma isə bizdə yoxdur. Güman etmək olar ki, arxivlərin açılması, sənədlərin araşdırılması sayəsində bu işdə böyük irəliləyiş olacaq. 1905-ci il hadisələri ilə bağlı bizim hələ də bilmədiyimiz bir çox məqamlar var.

– 1905-ci il hadisələrindən danışarkən bir məqam diqqəti cəlb edir. Bakıda qırğınlar üç, İrəvanda dörd dəfə olub və s. Bunun əsas səbəbləri nə idi?

– Bakıda bu qırğınlar fevralda, avqustda və oktyabrda olub. Həmin hadisələrdən danışmazdan əvvəl, onun köklərini araşdırmaq lazımdır. 1905-ci ildə yalnız Qafqazda deyil, bütün Rusiyada baş verən hadisələrə nəzər salmalıyıq. 1904-cü ildə Rusiya ilə Yaponiya arasında müharibə başlayır, 1905-ci ilin əvvəllərində Rusiyada inqilab baş verir. Sözsüz ki, bu təlatümlü hadisələr bölgələrdə də özünü biruzə verir. Ermənilər Qafqazda həm hökumətə, həm də türk-müsəlman əhaliyə qarşı çıxan bir qüvvə idi, mütəşəkkil siyasi və terror təşkilatları var idi. Fevral ayında başlanan hadisələr zamanı ermənilər müsəlman əhalini qırmaq və regionda qeyri-sabit vəziyyət yaratmaq istəyirdilər. Fevral ayında azərbaycanlılar onların qarşısını ala bildilər. Avqust ayındakı qırğınların əsas yükü isə Bakının neft rayonlarına düşdü. Ermənilər neft rayonlarında yanğınlar törətməklə, həm Bakı neft sənayesinin inkişafını ləngitmək, həm də Rusiyanın iqtisadi bazasına zərbə vurmaq istəyirdilər. Ermənilərin Rusiyaya qarşı bu siyasəti indiki prizmadan baxdıqda qəribə görünə bilər, hərçənd bunun da izahı var. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Rusiya hökuməti erməni siyasətində bir qədər dəyişiklik etmişdi. Onların separatçılıq meyllərinin, Rusiya ərazisində muxtar erməni dövlətinin yaradılması ideyalarından narahat olub, onları bir qədər sıxışdırmağa başlamışdı. Hətta erməni kilsəsinin əmlakı da müsadirə olundu. Bu isə ermənilərin Rusiya hökumətinə qarşı açıq müharibəyə başlamasına səbəb oldu. Oktyabrdakı hadisələr də təxribat nəticəsində baş vermişdi. Ermənilərin Bakıda törətdikləri hadisələri izləsək, görərik ki, bütün bunlar təxribat nəticəsində baş verib. Hansısa hadisəni ortaya atıb, əhalini qızışdırır, sonrakı mərhələdə isə ondan öz məqsədləri üçün istifadə edirdilər. Məsələn, fevral hadisələri nədən başladı? Ağarza Babayev adlı bir azərbaycanlı erməni kilsəsi yaxınlığında öldürüldü. Bizdə belə bir fikir var ki, bu ölüm faktı 1905-ci il qırğınlarının başlanğıcı oldu. Bir adamın ölümü ilə bu hadisələrin başlanacağı qeyri-real idi. Əslində fevralın 6-da Bakının müxtəlif yerlərində bir neçə azərbaycanlı öldürülmüşdü. Üstəlik bu amansızlıqla öldürülən azərbaycanlıların meyitləri də ermənilər tərəfindən təhqir olunmuşdu. Azərbaycan əhalisini qəzəbləndirən bu oldu. Azərbaycanlıların sərt reaksiyasının gördükdə isə ermənilər geri çəkilmək məcburiyyətində qaldılar. Oxşar ssenari İrəvanda, Naxçıvanda və Şuşada da müşahidə edilirdi. Bu qırğınlar azərbaycanlıların siyasi cəhətdən də təşkilatlanmasına səbəb oldu. 1918-ci ildə ermənilər Şamaxıya daxil olanda deyirdilər ki, biz 1905-ci il hadisələrinə görə sizdən intiqam alırıq. Yəni 1905-ci ildə azərbaycanlılar onları yerlərində oturtdular, qırğınların, təxribatların qarşısını mərdliklə aldılar. Həm ziyalılar, həm zəngin azərbaycanlılar, həm də sadə xalq birləşərək, ermənilərə layiqincə cavab verə bildi.

– 1905-ci il hadisələri zamanı Rusiyanın siyasətindən danışdınız. Doğrudanmı, Rusiyanın bu hadisələr zamanı mövqeyi azərbaycanlıların mövqeyinə uyğun idi? Hərçənd həmin dövrdə Qafqaz canişini Vorontsov-Daşkov çara məktubunda erməni kilsəsinin əmlakını geri qaytarmağı təklif edirdi…

– Deməzdim ki, bu siyasət azərbaycanlılara meylli idi. Lakin Qafqazın əvvəlki baş rəisi Qolisının vaxtında ermənilərin fəaliyyətini bir qədər məhdudlaşdırdılar. Lakin Rusiya hökumətinin bunu azərbaycanlılara görə etdiyini demək olmaz. Vorontsov-Daşkovun gəlişindən sonra bu siyasət niyə dəyişdi? Rusiya hökuməti və Qafqaz administrasiyası ermənilərin burada daha inqilabçı ünsür olmasını başa düşürdü. Bütün təxribat və terror aktları ermənilərin əli ilə törədilirdi. Onları özlərinə yaxınlaşdırmaqla, ermənilərin inqilabi fəaliyyətlərinə, terror aktlarına son qoymaq istəyirdilər. Ona görə də Vorontsov-Daşkov kilsə əmlakını geri qaytarmağı, erməni məktəblərini yenidən kilsəyə tabe etdirməyi təklif edirdi. 1905-1906-cı il hadisələrində çar hökuməti ermənilərə yenidən öz müttəfiqi kimi baxdığından, qırğınlar get-gedə səngiməyə başladı. Bildiyiniz kimi, Rusiya Osmanlı dövlətinə qarşı daim düşmən münasibəti bəsləyib. 20-ci əsrin əvvəllərində baş verən hadisələr göstərirdi ki, bu iki ölkə arasında yaxın gələcəkdə hərbi toqquşma olacaq. Rusiya hökuməti bu toqquşma zamanı ermənilərdən istifadə edəcəkdi. Vorontsov-Daşkovun məktublarından da görünür ki, osmanlılarla gələcək müharibədə Rusiya ermənilərə öz müttəfiqi kimi baxırdı. Elə müharibə başlayanda da ermənilər ərazisində yaşadıqları Osmanlı dövlətinə xəyanət edərək, Rusiyanın tərəfini tutdular. Bu 1905-1906-cı illərdə Vorontsov-Daşkovun əsasını qoyduğu kursun davamı idi. Hərçənd bu siyasət Rusiyanın siyasi dairələrində birmənalı qarşılanmırdı. Dövlət Dumasının bəzi deputatları canişinin bu siyasətini tənqid edirdilər. Bildirirdilər ki, Vorontsov-Daşkov bölgədə ermənipərəst siyasət yürüdür. Sadəcə olaraq, çar Vorontsov-Daşkova etibar etdiyindən, onun mövqeyi çox güclü idi. Onun ermənilərlə daha da yaxınlaşmaq kursu II Nikolayla razılaşdırılmışdı.

– 1905-ci il hadisələrində “Difai”nin rolunu necə dəyərləndirirsiniz?

– “Difai” ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğında azərbaycanlıları müdafiə etmək üçün yaradılan üç təşkilatdan biri və birincisidir. Çox maraqlıdır ki, qırğınlar başa çatdıqdan sonra da 1907, 1908-ci illərdə polis sənədlərində “Difai”nin adı çəkilir. Bundan belə nəticəyə gəlmək olar ki, qırğınlar başa çatsa da, çar hökuməti və ermənilərin azərbaycanlılara qarşı müəyyən mənfi münasibəti qaldığından “Difai” fəaliyyətini dayandırmamışdı. Əhməd bəy Ağayevin yaratdığı bu təşkilat əslində öz proqramında bir sıra sosial, iqtisadi, siyasi məsələləri də qoymuşdu. Amma əsas məqsəd azərbaycanlıları müdafiə etmək idi. Onlar müəyyən dairələrdən silah əldə edir və onu dinc azərbaycanlılara paylayırdılar ki, ermənilərdən müdafiə olunsunlar. “Difai” öz taktikasında terrordan da istifadə edirdi. Erməni və rus müəllifləri bu amildən “Difai”yə qarşı mənfi çalar kimi istifadə edirlər. Amma “Difai”nin terroru qırğın və terrora cavab idi. Məsələn, “Difai” Şuşa qubernatoru Qaloşapovun ölümünə onun azərbaycanlılara qarşı münasibətinə görə qərar vermişdi. Ermənilər azərbaycanlıları öldürəndə buna göz yumulur, azərbaycanlılar cavab verdikdə isə cəzalandırılırdılar. Həm də fərdi şəxslər deyil, kütləvi əhali, bütöv kəndin camaatı cəzalandırılırdı. “Difai” həm də milli şüurun oyanmasında böyük rol oynamışdı. “İrşad” qəzetində “Difai” partiyasının proqramı dərc edilmişdi. Yəni onun müəyyən siyasi platforması da var idi. Partiyanın proqramında torpağın kəndlilərə paylanması kimi sosial məsələlər də qoyulmuşdu. Halbuki partiya üzvlərinin əksəriyyəti bəylər, iri torpaq sahibləri idi. Görünür, onlar əhalinin daha geniş təbəqələrini öz sıralarına cəlb etmək istəyirdilər.

– 1905-ci il qırğınlarını erməni və azərbaycanlı əhalisinin ilk açıq qarşıdurması saymaq olarmı?

– Bəli, bu ilk açıq və silahlı qarşıdurmadır. Əslində ermənilər və azərbaycanlılar arasında o vaxta kimi də müəyyən qarşıdurmalar olub. Hətta məşhur senator Kuzminiskinin təftişində yazılıb ki, məişət zəminində toqquşmalar olur. Kuzminiski bitərəf adam olduğundan, duyulur ki, bu qarşıdurmaları əsasən ermənilər başlayıblar. Məsələn yazır ki, 1904-cü ildə qar əriyəndən sonra altından meyitlər çıxırdı və deyirdilər ki, bunu ermənilər ediblər. Yəni belə hadisələr ara-sıra olurdu, 1905-ci ilin fevralındakı hadisə isə bir növ azərbaycanlıların səbr kasasını daşırdı. Maraqlıdır, arxivlərdə o dövrün şahidlərinin ifadələri var. Onların hamısı bildirir ki, erməni komitələri (daşnaklar) hələ 1904-cü ildən deyirdilər ki, Bakıda azərbaycanlıların qırğınlarını törədəcəklər. Çünki onlar ermənilərlə birlikdə hökumətə qarşı çıxış etmirlər. Yəni azərbaycanlılar eserlər, bolşeviklər, menşeviklər, sosial demokratlar və daşnaklardan fərqli olaraq hökumətə qarşı çıxmırdı. Buna görə də qırğın törədib, azərbaycanlıları cəzalandırmaq istəyirdilər. Bu ilk qarşıdurma nəticə etibarilə azərbaycanlıların qələbəsi ilə yekunlaşdı. Biz bunu qəbul etməliyik. 1905-ci il hadisələri zamanı elə faktlar var ki, biz onunla öyünə bilərik. Bizim insanlarımız ermənilərə elə cavab veriblər ki, onlar geri çəkilməyə məcbur olublar. 1905-ci il qırğını adlandırdığımız hadisədə ermənilər yalnız azərbaycanlılara qarşı deyil, bütün müsəlmanlara qarşı çıxırdılar. Bu hadisələr ərəfəsində ermənilər təxribat edərək broşür buraxmış və Məhəmməd peyğəmbərin karikaturasını çəkmişdilər. Bu böyük narazılığa səbəb oldu. Hətta Əlimərdan bəy Topçubaşov bu broşürü hökumət dairələrinə də çatdırmışdı. Məsələnin necə çözüldüyü barəsində məlumat olmasa da, fakt göstərir ki, ermənilər hətta bu yolla da azərbaycanlıları təxribata sövq edirdilər. Bu gün də bəzi Avropa ölkələrində bu tendensiyanı, müsəlmanları təxribata çəkmək cəhdini müşahidə edirik.

– Maraqlı söhbət üçün minnətdaram!

Gündüz Nəsibov

1905.az

31.03.2015 17:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*