Azərbaycanca

Kərkinin ermənilər tərəfindən işğalının görünməyən tərəfləri

04.04.2015 | 09:22

magerram_zulfugarly

Azərbaycan tarixinin öyrənilməmiş səhifələrindən biri də  Şərur rayonun Kərki kəndinin işğalıdır. Kərki kəndi Sədərəkdən 10 km aralı Azərbaycanın 1990 – cı il yanvarın 20 – sinə qədər Ermənistan tərəfdə anklav ərazisi idi.

1988 – ci ilin fevralından erməni ekstrimistlərinin təxribatları başlanandan ilk hədəflərindən biri də məhz Kərki kəndi olmuşdur. Hadisələri xronoloji ardıcılıqla izlədikdə məlum olur ki, Kərki Moskvanın tapşırıqlarını canla, başla yerinə yetirən o zamankı respublika rəhbərliynin acizliynin qurbanı olmuşdur. Bəs 25 il əvvəl Kərkinin işğalına qədər hadisələr hansı istiqamətdə getmişdi?

Ermənilərin təxribatlarına baxmayaraq 1989 – cu ilin martın 17 – də Novruz bayramı münasibətilə Kərkililərin bayramını təbrik etmək üçün  Sədərək kəndinin nümayəndə heyəti bayram  xonçaları ilə Ermənistan SSR – in Arazdəyən kəndindən (indiki Erasx) keçməklə oraya getmişlər. Kərki kənd  orta məktəbində təşkil olunmuş təntənəli bayram şənliyində Sədərəkdən gəlmiş musiqiçilər, Bahar qızı, Kosa və Keçəl kənd əhalisinə böyük sevinc bəxş ediblər. Nümayəndə heyəti geri qayıdarkən silahlı erməni quldurları KAMAZ və ZİL markalı maşınlarla Sədərək sərhəddinə qədər onları təqib edərək atəşə tutmuş, lakin xoşbəxtlikdən xəsarət alan olmamışdı.

umm257

1989 – cu ilin yayında ermənilərin ara verməyən atəşlərinə baxmayaraq Sədərək və Kərki əhalisi ruhdan düşmür, hətta toy şənliklərini də keçirirdilər. Bu toylardan birində Sədərəkdə təşkil olunmuş toya gəlin Kərki kəndindən gətirilməli idi ki, bu da mböyük risk tələb edirdi. Erməni saqqallıları bu iki kənd arasında post qoymuş, Kərki kəndinin əlaqəsi hər yerdən kəsilmiş, iki gəncin bir – birinə qovuşması qeyri – mükün etmişdilər.       Toy məclisində iştirak edən Sədərəyin qeyrətli oğulları gəlini Kərki kəndindən gətirməyi öz boyunlarına götürdülər. Həyatlarını təhlükə qarşısında qoyan igidlər gizli yollarla Kərkiyə gələrək gəlini götürüb Sədərək kəndinə yola düşmüşlər. Sədərəkli gənclər söz vermişdilər ki, əgər ermənilər müqavimət göstərib onları və gəlini girov götürmək istəsələr düşmən əlinə keçməmək üçün son anda özlərini öldürəcəklər. Onların maşınları Sədərək və Kərki kəndlərinin bir – biri ilə əlaqəsini kəsən, Arazdəyən kəndində yerləşən posta yaxınlaşarkən maşının sürətini artıraraq saqqallı ermənilərin şlaqbaumu endirməsinə imkan vermədilər. Birinci maşın sürətlə keçdikdən sonra gəlin maşını da onun ardınca sürətlə postu keçərək Sədərəyə tərəf yollandı.  Ermənilər atəş açsalar da xoşbəxtlikdən xəsarət alan olmadı. Gəlin karvanı Sədərəyə çatdıqdan sonra toy şənliyi yenidən başladı.

1989 – cu ilin avqust ayında Kərkini müdafiə etmək üçün Sədərəkdən oraya göndərilmiş milis işçiləri silahı posta təhvil verərək növbədən geri qayıdarkən Cəhənnəm dərəsinin boğazı Əncirlikdə, Həsənqulu bağını zəbt edərək bostan əkmiş ermənilər tərəfindən mühasirəyə alınmışlar. Bir az keçməmiş İliç rayon (indiki Şərur) partiya komitəsinin birinci katibi Məmməd Abbasov Azərbaycan SSR Daxili İşlər Naziri Aydın Məmmədovla birlikdə hadisə yerinə gəlirlər. Bu zaman yerli əhali vəziyyətin ağırlığını nəzərə alaraq onlardan toplanmış silahların qaytarılmasını nazirdən xahiş etmişlər. Bundan dərhal sonra nazirin əmri ilə Sədərəklilərdən yığılmış ov tüfənglərini geri qaytarmış, əlavə olaraq Sədərək milisinə  bir neçə avtomat da verilmişdi. Gərgin döyüşlərdən sonra milis  rəisinin müavini Novruz Quliyevin rəhbərlik etdiyi milis işçiləri, yerli əhali ilə birlikdə ermənilərin mühasirəsini yararaq mühasirədə olan milis işçilərini azad etmişlər.

Kərki kəndinin müdafiəsini zəiflətmək  və əhalinin ərzaqla təmin edilməsinə imkan verməmək üçün erməni quldurları Kərkiyə Arazdəyəndən gedən yolu  tez – tez bağlayırdılar. Buna  görə İliç (Şərur) rayon XDS İcraiyyə Komitəsinin sədri Vəli Əsgərovun təşəbbüsü ilə Kərki kəndindən Şurut bulağından, Tejgar dağının ətəyindən Həsənqulu bağından keçməklə Sədərəyə yol çəkilişinə başlanılmışdı. Lakin vəziyyətin get – gedə daha da ağırlaşması  bu işin başa çatdırılmasına imkan vermədi.

Kərkinin müdafiəsində fəal iştirak etmiş A. Əliyev  bu çətin günləri belə xatırlayır: «1989 – cu ilin sentyabr ayının əvvəllərində rayon Partiya Komitəsinin birinci katibi M. Abbasov, İcrayyə Komitəsinin sədri V. Əsgərov və digər rəhbər işçilər sərhəd postuna yığışaraq  Kərki kəndinin əhalisinə necə kömək etmək məsələsini müzakirə edirdilər.  1957 – ci ildə Ermənistan tərəfindən İliç(Şərur) rayonun Dövlət  Bankına 16 min rubl ödənildikdən sonra  Azərbaycan rəhbərləri Cermux – Yerevan şossesinin Kərkidən keçməsinə icazə vermişlər. O vaxtdan həmin yol ermənilərin nəzarəti altında idi.  O, dövrdə Azərbaycan rəhbərliynin çıxardığı səhv qərar 1989 – cu ildə ermənilərin Arazdəyən – Kərki yolunu da bağlamalarına şərait yaratmışdır. Bura ermənilər hətta milli  münaqişələrin qarşısını almaq üçün göndərilmiş rus qoşunlarını da buraxmırdılar. Kərki əhalisi ilə əlaqə demək olar ki, tam kəsilmişdi. Əhali aclıq çəkirdi. Kərkiyə yalnız Həsənqulu bağındakı ermənilərin bostan sahəsindən gizlincə keçməklə kömək etmək olardı və çətinliklə öu yolla kəndə ərazaq aparılması təşkil olunurdu»

1990 – cı ilin əvvəllərində Kərkini müdafiə etmək üçün  kənddə cəmi 17 nəfər  qalmışdı. Bunlar Topçu Ağoş, ovçular Manaf, Abbas və Vaqif , Vaqifin həyat yoldaşı Xavər , Əli Orucov, Əli və İsa qardaşları, Nadir və başqaları idilər. Hər iki gündən bir Sədərəkdən 20 – 30 nəfər könüllü növbə ilə onlarla birlikdə Kərkini qoruyurdular.

1990 – cı il yanvarın 12 – də gündüz İliç (Şərur) rayonunun mərkəzində izdihamlı mitinq keçirildi. Sədərəyin, o cümlədən Şərur rayonun digər ərazilərinin erməni təhlükəsi qarşısında qalması və hökümətin buna laqeydlik göstərməsi mitinqdə kəskin tənqid olundu.

Mitinq başa çatan kimi, təxminən saat 17-00-da İliç  (Şərur)rayon partiya komitəsinin növbədənkənar pleumu öz işinə başladı. Plenumda rayonun bütün kəndlərindən, o cümlədən Sədərəkdən ağsaqqallar, idarə və müəssisə rəhbərləri, ziyalılar və Muxtar Respublika rəhbərliyindən dəvət olunmuş bir sıra məsul şəxslər iştirak edirdilər. Gecə plenumda iştirak etmiş Sədərəyin rəhbər işçiləri bir yerə yığışaraq baş verənləri bir daha müzakirə etmiş və qərara gəlmişlər ki, bütün aidiyyatı orqanlara bu təhlükə barədə rəsmi xəbər versinlər.

Səhəri gün, yanvarın 13-də, saat 14.00-da Sədərək kənd 1 saylı orta məktəbində geniş yığıncaq keçirildi. Gərgin keçən yığıncaq 7 saata qədər davam etdi. İclasda son dövrlər baş vemiş hadisələr ətraflı təhlil edilmiş və iclas iştirakçılarının irəli sürdüyü təkliflər toplanaraq 27 nəfərin imzası ilə Muxtar Respublikanın bütün rəhbər orqanlarına  göndərilmişdi. Beş maddədən ibarət olan müraciətin sonunda qeyd edilirdi ki, biz Sədərək və Kərki kəndinin azğın erməni basqınının təhlükəsi altında olduğunu və həmin kənd sakinlərinin tam gərgin vəziyyətdə yaşadığını Sizin nəzərinizə çatdırırıq. Bildiririk ki, 2 gün ərzində təcili tədbirlər görülməzsə, Sədərək və Kərki kəndləri əhalisinin təhlükəsizliyi təmin edilməzsə baş verə biləcək bütün faciəli halların məsuliyyəti sizin üzərinizə düşəcək.

15 yanvardan 16-na keçən gecə Kərki kəndindən hava telfonu ilə bildirmişlər ki, təxminən 2-3 min nəfər silahlı erməni kəndi mühasirəyə almışdır. Onlar səhər saat 7-dən kəndi atəşə tutmağa başlamış, kəndin müdafiəçiləri, Daxili Xidmət Qoşunlarının 60 nəfər əsgəri  köməyə gələnə qədər onlarla döyüşmüş, düşmənin qarşısını kəsmişlər. Ermənilər kənddəki mağazanı, pavilyonu və bir evi yandırsalar da geri çəkilməyə məcbur olmuşlar. Bu döyüşdə bir erməni öldürülmüş, ikisi isə yaralanmışdır. Kərki müdafiəçilərinə Sədərəkdən BTR – lə gəlmiş 3 nəfər Lənkəranlı hərbçi yaxından köməklik etmiş, onların səyi nəticəsində faciənin qarşısı alınmışdır. Ermənilər geri çəkildikdən sonra körpünün altından ABŞ-da istehsal olunmuş 2 avtomat və çoxlu patron tapılaraq SSRİ Müdafiə Nazirliyinə təhvil verilmişdir.

Arazdəyənlə Sədərək arasında yerləşən milis postunda növbədə olan milis kapitanı Vidadi Qafarov yanvarın 17 – də telefonla İliç rayon Daxili İşlər Şöbəsinə bildirdi ki, ermənilərin bir qrupu Sədərək mebel sexinin tuşundan dəmir yoluna tərəf enərək sərhədlərimizə yaxınlaşırlar. Bu xəbərdən sonra  milis rəisi Allahverdi Həsənov xidməti maşını ilə hadisə yerinə gələrək əməliyyata rəhbərlik etməyə başladı. Şərab zavodu yaxınlığındakı posta milis əməkdaşları Azər Seyidov, Vidadi Qafarov, Bayram Rzayev, Əli Əliyev, Samil Rəhimov, mebel sexi yaxınlığındakı posta isə kapitan Məhərrəm Seyidov, milis əməkdaşları Saleh Əzizov, Səfər Məmmədov göndərildi. Bir qədər sonra vəziyətin gərgin olmasını nəzərə alaraq həmin əraziyə  baş leytenant F. Novruzov, leytenant F. Zamanov və baş leytenant Ş. Hüseynov da göndərildi. Postların gücləndirildiyini görən ermənilər səhər saat 11.00 radələrində həmin postları raket, plumyot və top atəşinə tutdular. Az sonra cavab atəşi ilə qarşılaşdıqlarını görən ermənilər fürsətdən istifadə edib müxtəlif istiqamətlərdən Sədərək kəndini mərmi atəşinə tutdular.

Yanvarın 18-i səhər də Kərki kəndi inadla müdafiə olunurdu. Axşama qədər Kərkinin igid müdafiəçiləri ermənilərə layiqli müqavimət göstərdilər. Lakin qüvvələr nisbəti qeyri – bərabər olduğuna görə vəziyyət faciə ilə nəticələnə bilərdi. Daxili Xidmət qoşunlarının nümayəndələri telefonla Sədərəkdəki komandirlərinə bildirirdilər ki, mülki şəxslər və polis işçiləri kəndi tərk etməlidirlər. Bundan sonra Kərkini erməni quldurlarından müdafiə edən 34 nəfər mülki şəxs və iki milis işçisi Moskvadan idarə olunan Azərbaycan rəhbərliyinin əmri ilə kəndi tərk edib, dağ yolları ilə Sədərəyə gəldi. Bundan sonra rus hərbiçilərinin təkidi ilə Kərkini əhalisi kəndi tərk etməyə məcbur edildi və Kərki rus hərbiçilərinə təhvil verildi. Onlar da kəndi ermənilərə hədiyyə etdilər.  Beləliklə, Kərki hadisələr başlayandan ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi oldu. Kərki də digər işğal olunmuş ərazilərimiz kimi xəyanət  nəticəsində düşmənin əlinə keçdi.

Kərkinin işğalından sonra sovet hərbiçilərinin Sədərək ərazisindən Naxçıvana girməsinin qarşısının alınması böyük bir facənin qarşısını almış oldu. Rus zabitləri guya hərbi birləşmənin Naçıvandan  keçərək Mehriyə təlim keçməyə getdiyini bildirsə də sonradan bunun yalan olduğu üzə çıxdı. Onların məqsədi Bakıda 20 yanvar facəsi  baş verən zaman qarışıqlıqlardan istifadə edib, Naxçıvanın idarəsini əllərinə almaq və sonradan bu ərazilərini ermənilər tərəfindən işğalına yardım etmək idi. Bu təxribatın qarşısının Naxçvan Respublikası  Məclisinin o zamanki sədri Afiyəddin Cəlilovun rəhbərliyi ilə özünü müdafiə qüvvələri tərəfindən alınması sonrakı faciələrin baş verməsinə imkan vermədi.

Fikrimizcə Kərki və digər işğal olunmuş kəndlərin müdafiəsində iştirak etmiş qəhrəman insanların fəaliyyəti tədqiq olunmalı, işğalın səbəbləri araşdırılmalı, bundan başqa Sədərək uğurunda gedən döyüşlər barədə obyektiv tədqiqatlardavam etdirilməlidir. Fikrimizcə bütün bunlar Azərbaycan tarixnin ağ ləkələrdən təmizlənməsinə, vətənin ərazi bütövlüyünün bərpasında mühüm rol oynaya bilər.

04.04.2015 09:22
  1. Mən bunu təsdüfən oxudum.Yazı tarixinə baxanda 1 il öncə yazılmışdır. Sevindim bir Kərkili kimi.Bugün Kərki kəndi dövlət səviyəsinde nəyinki müzakirə olunmur,bəzi halda bu hadisə unutdurulur. Buna misal olaraq,bir neçə il bundan önçə ANS tv də Naxçvandan olan birneçə deputatımız böyük səylə hər kəsi inandırmaga çalışırdılar ki güya Naxçıvanda bir qarış torpaqda işgal edilməyib.Bu isə ermənilərin işinə yarıyır.Bu gün Kərkililər əsasən dövlətin qaygısından və diqqətindən kənarda qalır. Sanki bu kənd unutdurulmaga çalışılır.Çox təsüf.Yenədə mən gecdə olsa müəlifə bir Kərkili kimi bu diqqətə görə öz təşəkkürümü bildirirəm

  2. Hörmətli Məhərrəm Zülfüqarlını “Sədərəyin mərd mübarizləri” kitabının müəllifi kimi tanıyıram.Yuxarıda yazılanlar da əsasən həmin kitabda öz əksini tapmışdır və bütün bunlara görə ona bir Kərkili kimi dərin minnətdarlığımı bildirirəm.
    Hələ 1990-cı ildə Kərki hadisəsindən 1-2 gün sonra “Komsomolskaya pravda” qəzetində qısa bir yazı getmişdir. Orada göstərilmişdir ki, Kərkidə 250-dən artıq erməni yaralanmışdır. Ermənilər özləri biabır olmamaq üçün həqiqəti gizlədirlər.
    1990-cı ilin yanvarın 15-də 3 minlik erməni silahlıları Kərkiyə hücüm etdikləri gecə kənddə cəmi 25 nəfər qalmışdı. Bunlardan 5-i qadın idi. Dərhal 3 nəfər kişi qadınları dağ yolları ilə kənddən çıxarıb Sədərəyə gediblər. Qalan 17 nəfər kəndin müdafiəsini təşkil edərək hücumun qarşısını almış, hava işıqlanandan sonra isə özləri düzəltdikləri topla 8 dəfə atəş açaraq düşmənləri məhv edərək pərən-pərən salmış və onları qaçmağa məcbur etmişdilər.
    Vedi rayonunun Şirazlı kəndində yaşamış yaxın qohumum Nigar xanım bu hadisələrdən sonra Yerevanda yaşayan keçmiş “rəfiqəsi” ilə telefonla danışarkən erməni qadın Kərkidə 74 nəfərin öldüyünü və hücumu o zamankı Artaşat rayonunun 1-ci katibinin oğlu Tiqranın təşkil etdiyini və onun da orada öldüyünü bildirmişdir.
    Hal-hazırda ermənilər 15 yanvarda orada ölmüş Tiqranın şərəfinə Kərkini Tiqranaşen adlandırıblar.
    Məhərrəm müəllimdən Kərkidə ölən və yaralanan ermənilərin sayında düzəliş aparmasını xahiş edirəm.Doğrudan da Naxçıvanda Kərkinin və digər işğal olunmuş Günnüt kəndinin tarixinin və işğalın səbəblərinin araşdırılmasına böyük ehtiyac var. Bu sahədə tarixçilərimizə əlimdən gələn köməyi etməyə hazıram.

  3. Məni bir məsələ cox maraqlandırır:- Nəyə görə bu illər ərzində işğal olunmuş torpaqlarımızdan danışılan zaman bir kəlmə ilə də olsun Naxcıvanın Kərki kəndi haqqinda söhbət getmir, siyahıya ilk şəhid torpağımız olan Kərkinin adl salınmır? Kərkinin son günlərində mən bir necə nəfərlə ora vertalyotla səfər etmişik və ərzaq aparmışıq. Kəndin mərd oğlanları bu gündə mənim gözlərim qarşısındadlr. Kərki yaddan cıxmamalıdır

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*