Azərbaycanca

Snayperçi qadın hərbçimiz: “Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram…”

29.06.2015 | 12:07

snayper_qizlar_290615_004

Karabakhinfo.com Müdafiə Nazirliyinin saytına istinadən snayperçi qadın hərbçimiz Könül Məmmədli ilə müsahibəni təqdim edir. Könül Şakir qızı Məmmədli – 1982-ci ildə Sumqayıtda anadan olub. Ali təhsillidir. 2014-cü ildən hərbi xidmətdədir.

– Könül xanım deyirlər hərb sənəti məsuliyyətlidir. Məsuliyyətli yola qədəm qoymanızın səbəbi nədir?

– Sumqayıtda dünyaya göz açsam da, uşaqlığım cəbhə bölgəsindəki Qazax rayonunda keçib və daim atəş səsləri eşitmişəm. Uşaq olsam da qorxmurdum. Böyüyəndə “hərbçi olacam” deyirdim. Lakin ailəm müəllimə olmamı istəyirdi. Atamın arzusu ilə Azərbaycan Dillər Universitetinə qəbul oldum. Universiteti bitirdikdən sonra müəllimə kimi çalışmağa başladım. Sumqayıtda, Gədəbəyin ucqar dağ kəndlərində və Qobustanda ingilis dili dərslərini tədris etmişəm.

Amma həmişə forma geyinmək istəyində olmuşam. Kimdəsə forma görəndə ürəyim dağa dönürdü, lakin hərbçi ola bilmədiyim üçün üzülürdüm. Son illər ordu sıralarında qadınların xidmətə başlamasına şərait yaradıldı. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yaratdığı bu imkandan mənim kimi xidmət etmək istəyən xeyli insan yararlandı.

Bildiyimiz kimi siz snayper kimi xidmət edirsiz. Bu sahə diqqət və məsuliyyət tələb edir. Qadın kimi bu sizi qorxutmur?
Səbr, dözüm və adaptasiya bacarığı – bütün bu göstəricilərə görə qadınlar daha üstündür. Yüksək özünümüdafiə instinktinə görə qadında pusquda qalmaq daha yaxşı alınır. Heç kim üçün sirr deyil ki, biz qadınların həddən artıq güclü müşahidə etmə bacarığı da var.

Müddətdən artıq həqiqi hərbi xidmət etmək istədyimi bildirdiyim zaman bir neçə ixtisas təklif olundu. Ali təhsilli olduğum, iki xarici dil bildiyim üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəllimə kimi fəaliyyət göstərməyimi tövsiyə etdilər. Lakin snayper olmaq istədiyimi bildirdim və xidmətə başladım. Bu yolu seçərkən çətinliyi də, məsuliyyəti də göz önünə almışam. Heç bir qorxum yoxdur.

– Hansı təlimlərdə iştirak etmisiniz? Snayper kimi hansı uğurlarınız var?

– Qeyd edim ki, mənə SVD snayper tüfəngi təhkim olunub. Bu silah peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanıb. Tüfəngdən atəş açmaq üçün adi, trasser, zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Silahımın taktiki-texniki xüsusiyyətlərinə yaxşı bələdəm. Keçirilən bir sıra təlimlərdə iştirak etmişəm. Təlimlər zamanı “əla” qiymət almışam. Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram.

– Bu yolda ən böyük dəstəkçiniz kimdir?

– Ən böyük dayağım atamdır. Bəli, mən atamın qarşısına çıxıb hərbçi olmaq arzusunda olduğumu dedim. İllər əvvəl hərbçi olmaq arzuma maneə olsa da, bu dəfə istəyimi və qəti qərarımı görüb mənə dəstək verdi.

– Bugünkü atışlardan nə deyə bilərsiniz?

– Bizim üçün çox önəmli gün idi. Atışlardan sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov bizi cəsarətli qəhrəmanlar kimi qiymətləndirdi. Biz də öz növbəmizdə xahiş etdik ki, cəbhə bölgəsinə göndərilək. Ön xətdə xidmət edərək həm döyüşçü yoldaşlarımıza dəstək olarıq, həm də təcrübəmizi artırarıq.

– Ordu sıralarında xidmət edən döyüşçü yoldaşlarınıza nə deyə bilərsiniz?

– Qeyd edim ki, respublikamızda istənilən sahədə inkişaf var. Lakin Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının daha çox olduğu diqqət mərkəzindədir. Bu hər bir döyüşçümüzə düşmən üzərində qələbə qazanmaq üçün əlavə stimul verir. Biz gənclər çox şanslıyıq ki, müasir və müstəqil ordumuzun sralarında xidmət edirik. Ümummilli liderimiz və müasir ordumuzun qurucusu Heydər Əliyevin bir zamanlar qeyd etdiyi kimi, “Bu günümzün gəncləri özlərini xoşbəxt sanmalıdır ki, onlara doğma Vətənimizin ordusunda xidmət etmək nəsib olub”.

Hər birimiz yaxşı başa düşürük ki, qarşımızda dayanan ən mühüm vəzifə düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı son qarışına kimi düşməndən azad etməkdir. Müqəddəs vəzifəmizi unutmamalıyıq…

29.06.2015 12:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*