Azərbaycanca

31 Mart soyqırımı – qanlı yaddaşımız

31.03.2014 | 14:16

1396260906_defaultXIX əsrin əvvəllərindən başlayaraq, Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsl mənasında, “qan çanağı”na çevirdilər. Tarixə nəzər salanda aydın olur ki,  ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları qabaqcadan düşünülmüş bir plana, fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun, bu torpaqlarda məskunlaşmaq niyyətlərini biruzə verirdilər. Mənfur niyyəti reallaşdırmağın yolu isə əsas maneə kimi yerli xalq olan azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin 30 mart və 3 aprel tarixlərində Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı onların Qafqazda məskunlaşmasına şərait yaratdı.

Millət vəkili Fərəc Quliyev “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında bildirdi ki, Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar: “Üç gün ərzində təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Həmçinin Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olunmuş, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilmişdir ki, qısa bir zamanda bu azərbaycanlı şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131970 nəfər öldürülmüşdür. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, demək olar ki, bütün kəndləri xarabalığa çevirmişlər”.

 

Millət vəkilinin sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin bütün qaranlıq səhifələri açılmağa və öz hüquqi qiymətini almağa başladı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. F.Quliyev bildirdi ki, 31 mart tarixi ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş və silinməzdir. 31 Mart Soyqırımı Günü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

 

 

 

Günel Cəlil

 

“KarabakhİNFO.com”

31.03.2014 14:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*