Azərbaycanca

56 günlük əsir həyatı

02.10.2014 | 17:28

10717882_646351138811706_1180974424_nSahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində Ermənistan Respublikası tərəfindən işğal olunub. Xocavənd əhalisi doğma yurdun düşmənə təslim olmaması uğrunda mücadilə aparırdılar. Yerli camaat canları bahasına torpaq uğrunda vuruşdu. Torpaq uğrunda mübarizə aparanlardan biri də Baxşeyiş Hüseynovdur. Baxşeyiş Hüseyov əlində silah Xocavəndi qoruyarkən düşmən tərəfindən əsir götürülüb. Qəhrəmanımız 56 gün əsir həyatı yaşayıb.

 

 

B.Hüseynov əsir düşməsi və əsirlikdə olarkən yaşadığı ağrı, acılı xatirələrini “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına danışdı.

 

 

Əsirlikdə qayıdarkən çəkim 38 kiloqram idi

 

 

Müsahibimiz qeyd edir ki, oktyabrın 2-də rus və erməni əsgərləri mikrofonla qışqırırdılar ki, təslim olun, biz sizi sərbəst buraxacağıq: “Üzərimizdə silah yox idi. Ermənilər bizi əhatəyə aldılar və avtobusa mindirdilər. Avtobusla 2 kilometr getmişdik ki, Pir deyilən yerdə maşını saxlayıb, təxminən 35 xocavəndlini gözümün qabağında güllələdilər.Telman Tağıyevin qoynunda qranat var idi. Telman dedi ki, mən ermənilərə əsir düşməkdənsə ölərəm daha yaxşıdır. Telman üzərində gizlətdiyi qranatı parlatdı. Və özü ilə birlikdə yanında olan 5-6 ermənini də öldürdü. Ərəstun Məmmədovda yaralı idi. O da yaralı halda ermənilərə əsir düşməmək üçün daş parçası ilə özünü öldürdü. Sağ qalanları isə Xankəndinə kimi piyada aparıb orada bir zirzəmiyə saldılar. Düz 56 gün mən qaranlıq zirzəmidə qaldım. Zirzəmidə keçirdiyim hər an, hər saniyə cəhənnəm əzabı idi. Əsir düşməzdən əvvəl təxminən 96 kiloqram idi. Əsirlikdən qayıdan zaman 38 kiloqram idi. Bizə nə yemək, nə də su verilirdi. Elə günlər olub boğazımızdan bir qurtum da su keçməyib. İşgəncəyə tab gətirmək üçün bizə quru çörək verilirdi. Onu da iki-üç gündən bir verirdilər.

 

 

10708193_646351142145039_2091295729_nMeyitlərlə eyni yerdə qalırdıq

 

 

Ermənilər əsirlərlə heyvan kimi rəftar edirdilər. Erməni məktəbli qızlarını bizə baxmaq üçün gətirirdilər. Sanki zooparka gətiriblər. Onlar da bizə vəhşi heyvan kimi baxırdılar. Bəziləri üzlərimizə tüpürür, söyüş söyürdülər. Hətta emənilərdən biri siqaretini yana-yana alnımda söndürdü. Döyə-döyə öldürdükləri meyitlər yanımızda günlərlə qalırdı. Həmkəndlim Fazili döyə- döyə öldürdülər. Rəhmətliyin meyiti düz 3 gün yanımızda qaldı. Və mən gecələr başımı onun ayağına qoyaraq yatırdım .

 
Ermənilərdən kiminsə yaxını döyüş zamanı yaralanar və ya ölərdisə bax o zaman bizləri ölümünə döyürdülər. Eldar əmimi isə ağacla döyərək öldürdülər. Bizə çox ağır işgəncələr, zülmlər verirdilər. Zirzəmidə 3-4 gün saxlandıqdan sonra 4 nəfəri – kəndçilərimiz Vətəni, Abdullanı və digər 2 nəfəri çıxarıb harasa apardılar. Sonra eşitdik ki, onları işgəncə ilə öldürüblər”.

 

 

Zorakılığa məruz qalan qadınların səsini eşitmək…

 

 

B.Hüseynovun sözlərinə görə, o özü saxlanılan zirzəmidə qadın və uşaq saxlanıldığını görməyib. Amma əsir götürüldükdən təxminən 10-15 gün sonra qadın naləsi, iztirabının səsi gəlirdi. Bizim üçün işgəncədən dözülməz qadınların naləsinin səsi idi. Birinin yoldaşı, bacısı, anası və ya istəklisinin səsi idi. Erməni zorakılığına məruz qalan qadınların səsini eşitmək biz kişilər üçün dözülməz idi.

 

 

Erməni dilini bildiyim üçün…

 

 

10723647_646351145478372_937955641_nMüsahibimiz bildirdi ki, azda olsa o erməni dilini bilib: “Əsirlikdə olarkən ermənilərdən biri sual verib ki, erməni dilini kim bilir. Mən bu dili bildiyimi dedim. Və sual verdilər ki, qarabağlılar hansı erməni kəndlərini yandırıb. Mən də elə başa düşdüm ki, o məndən hansı erməni kəndləri tanıdığımı soruşur. Başladım bir-bir tanıdığım kəndləri saymağa. Sözümü bitirməmiş ermənilər üzərimə gəlib dedilər ki, sən qoçaqlıq edib bizim kəndləri yandırıbsan. Və məni elə döydülər ki, düz 3 gündən sonra asta-asta ayağa qalxa bildim. Və bir daha erməni dilini bildiyimə deməyəcəyimə dair tövbə etdim”.
B.Hüseynov qeyd etdi ki, Xocavəndin işğalı zamanı o doğmalarının çoxunu itirib. Bacımoğlunu gözümün qabağında güllədilər. Bibim oğlanlarını ağacla döyərək öldürdülər. Doğmalarımın əksəriyyəti Xocavəndin işğalı zamanı vəfat etdi.

 
Həmsöhbətimiz sonda onu da əlavə etdi ki, Ağdamın milli qəhrəmanı Nağı Allahverdiyev onu əsirlikdən azad edib.

 

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

02.10.2014 17:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*