Azərbaycanca

6 ay, 25 gün qaranlıqlar içində

05.09.2012 | 12:20

???????????????????????????????6 ay, 25 gün qaranlıqlar içində

Hüseynov Kamil Dadaş oğlu 1953-cü ildə Xocalı şəhərində anadan olub. 6 ay, 25 gün Ermənistanda əsir qalıb.

 -Bizə yaşadıqlarınızı danışardınız, zəhmət olmasa. Bütün bunlar necə baş verdi?

 -O anları bölüşmək çox çətindi. Danışdıqca sanki yenidən yaşayırammış kimi həyəcan məni boğur. Qarlı-tufanlı bir qış axşamı idi. Hər tərəf zülmət qaranlıq. Tufandan göz-gözü  görmürdü. Fevral ayının 25-dən 26-a keçən gecə ermənilər  Xocalı şəhərinə dörd bir tərəfdən tanklar və BTR-lərlə hücum etdilər. Biz isə əliyalın idik. Gücümüz yalnız balta, yaba, dəhrə, bir-iki ov tüfənginə çatdı. İcra başısı göstəriş verdi ki, bütün cavanlar, kişilər bir yerə toplaşsın sona kimi döyüşək, qoca, qadın, uşaqları da qorumaq məqsədilə məktəbin zirzəmisinə salaq və bizə kömək gələnə kimi gözləyək.

Gözlədik, amma heç bir kömək gəlmədi. Hələ üstəlik ermənilərin aeroportu, sonra ahıska türklərinin yaşadığı fin evlərini yandıra – yandıra gəldiklərini görəndə camaatın əli hər şeydən üzüldü. Çarəsiz qalıb meşəyə tərəf üz tutduq. Qış fəsli, şaxta da var, addım ata bilmirdik. Meşəni yarıya kimi getmişdim. Birdən gördüm ki, camaatın arasında yoldaşım və uşaqlar yoxdu. Fikirləşdim ki, yəqin başqa yerdə gizləniblər. Amma sonra bütün qarşı çıxmalara baxmayaraq, birbaşa evə qayıtdım. Evə gəlib heç kəsin olmadığını görəndə məyus oldum. Qohumların, qonşuların da evinə baxdım gördüm hamı qapısını bağlayıb, elə bil qonaq gediblər, qayıdacaqlar. Əynimi dəyişib, bir-iki şey götürüb evdən çıxdım. İstədim evi yandırım ki, erməniyə heç nə qalmasın, əlim gəlmədi, axı min bir əziyyətlə tikmişdim. Tövlənin ağzını açdım ki, mal – qara da qaçsın. Elə qapıdan çıxırdım ki, gördüm ermənilər qonşumuzun evinin qabağından biz tərəfə keçirlər. Aramızda hardasa 25-30 metr məsafə vardı. Biri məni görüb o birilərə ermənicə dedi ki, baxın biri o tərəfdədi gedir və başladılar mənə tərəf avtomatla atmağa. Bizim evin tini bir az çıxıntılıdı deyə gizləndim, məni vura bilmədilər.

Qaçdım meşəyə, gəlib çıxdım kənd camaatının getdiyi yola, gördüm heç kəs yoxdu. Onların iziylə bir xeyli getdim. Arxada qalan 2-3 nəfər xəstə, qoca var idi. Onlara da kömək edib özümlə camaat gedən tərəfə apardım. Camaatın da hansı tərəfə getdiyini tapa bilmirdim, üstəlik ailəmdən də xəbərsizəm. Hər tərəf qar idi, buz bağlamışdı. Sürüşüb yıxılsaq heç meyidimiz də tapılmaz elə qurd-quşa yem olarıq.

Üç gün meşədə ac-susuz qaldıq. Qışın şaxtasında bədənimizdən tər axırdı. Sıradan geri qalanlar, atışmadan qaçanlar, hamı yığılıb qadınlı-uşaqlı, qocalı-cavanlı 120-130 nəfər olduq. Üç gün də meşədə qaldıq, ermənilər bütün keçə biləcəyimiz yollarda postlar qurmuşdular. Biz Ağdamın Gülablı kəndinə keçmək istəyəndə atışma oldu. Ölən öldü, qaçan qaçdı. Ermənilərin Dəhraz kəndinin yaxınlığında bizi əsir aldılar, üç gün də bizi orda ac-susuz saxladılar. Təxmini 50-60 nəfər olardıq. İçimizdən 12-13 nəfər boy-buxunlu oğlanları seçib apardılar və hələ də onlardan xəbər yoxdu, öldülər yoxsa sağdılar, heç kəs bilmir. Sonra 19 nəfəri ayırdılar, mən də onların içində idim. Nəyimiz vardısa hamısını əlimizdən aldılar, yaxşı paltarlarımızı da götürdülər, lüt qalmışdıq.

Arvad-uşaqları, qocaları Abdal-Gülablı tərəfə apardılar, bizi də mindirdilər KAMAZ-a. Dedilər ki, guya aparırlar Xankəndinə, orda iki azərbaycanlı var, ermənilərin də Şuşada 21 nəfər əsiri var, bizi onlarla dəyişəcəklər. Getdik, bizi türməyə apardılar, gördük ki, iki nəfər nədi, ora da doludu azərbaycanlılarla. Bizdən bir həftə qabaq Xocavənddə qırğın olub, camaatı əsir götürüb burda saxlayırlar. Bir kamerada 6-7 nəfər əvəzinə 12-13 nəfər qalır. Qışın şaxtasında şüşələr də yoxdu, döşəmədə də iri-iri deşiklərdən soyuq hava dolurdu içəri, soyuqdan ölürdük.

Aclıq, susuzluq, soyuq bir tərəfdən, döyülüb söyülmək də bir yandan. Ermənilərdən kimin adamı atışmada ölmüşdüsə gəlib bizi döyür sanki özlərinə təskinlik verirdilər. Bir adamın üstünə beş adam gəlirdi, döyüb gedirdilər. Onlar gələndə səs-küylərindən bilirdim, yanımdakılara deyirdim ki, “dostlarımız” gəlirlər, hazırlaşın. Danışdıqca hələ də həyəcanlanıram.

6 ay, 25 gün qaranlıqlar içində6 ay, 25 gün ərzində çox əzab-əziyyət çəkdim. Bu cür vəhşiliyi necə etmək olar axı?! Hələ də düşünəndə, az qalır ağlım başımdan çıxsın. Bütün günümüz döyülmək-söyülməklə keçirdi. Altı ay ərzində bir kilo çörək vermədilər. Bu vandallar su da vermirdilər. Balaca erməni uşaqları gətirirdilər. Bizi zooparkdakı vəhşi heyvan kimi göstərib deyirdilər ki, baxın, bu axırıncı türklərdi ki, siz görürsünüz, daha bundan sonra bir də sağ müsəlman, türk görməyəcəksiniz, bunlar bizim qatı düşmənlərimizdi. Üzümüz tüklü olurdu, kağızı yandırıb uşaqlara verirdilər ki, saqqalımızı ütsünlər, başımızı çevirib qoymayanda avtomatın qundağıyla, dəyənəklə döyürdülər ki, uşaqların xətrinə dəyməyin, qoyun ütsünlər. Kəlbətinlə, “otverka”yla dişlərimizi çıxarırdılar. Dişlərimizin üstündə damağımızın əti çıxırdı. Mənim də 12 dişimi çıxardıblar, indinin özündə də damağım protezimi saxlamır.

Gəldikdən sonra iki dəfə əməliyyat keçirməyimə baxmayaraq, hələ də sağlamlığım qənaətbəxş deyil. 12 gün susuz, çörəksiz qalandan sonra bizə çörək verdilər, yeyə də bilmirdik. Yanımızda aclıqdan, susuzluqdan ölənlər də oldu. Suyumuz, çörəyimiz yox ki, verək ölməsinlər. Əlimizdən heç bir şey gəlmirdi. Axırda kamerada 7-8 nəfər qalmışdıq, bizim hamımıza bir qab su verirdilər.

Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərindən gəldilər, soruşdular necəsiniz, sizə necə baxırlar? Qorxumuzdan heç nə deyə bilmədik. Tərcüməçiləri də erməniydi. Guya pis baxırlar desəydik tərcümə edəcəkdilər? Onsuz da ingilislər özləri hər şeyi görüb başa düşürdülər. Biri dedi ki, ağzınızı  açın. Açanda gördü ki, damağımız pis gündə, dilimiz ağzımızda partlaq-partlaq, susuzluqdan torpaq necə çat verirsə o cür. Başını yellədib getdi. Onlar gedəndən 3 gün sonra bizə köhnə adyal verdilər, elə bilirdik 15 kiloluq yun döşəyin üstündə yatırıq. Sonra əsirləri dəyişməyə başladılar. Bəzilərini dəyişdirməyə apardılar. Bizim kamerada 2 nəfər ayaq üstə dura bilən qalmışdı: Yusiflə mən. Digərləri heç gəzə bilmirdilər, tuta-tuta sürünürdülər. Yusiflə məni götürüb apardılar, soruşdular ki, sizin adamınız olacaqmı ki, bizim qardaşlarımızı tapıb sizinlə dəyişsinlər. Dedim ki, sağ qalanımız varsa, yəqin ki, tapıb dəyişərlər. Bu ermənilərin qardaşlarını o vaxt rəhmətlik İsmət Qayıbov tutub, həbs etmişdi, onlar da Naxçıvanda olmalıydılar.

Bizi maşına oturtdular. Yerevana, ordan da Gorusa aparacaqdılar. Bizə məktub yazdırdılar. Bərdədə yaşayan qaynatama yazdım ki, qardaşım sağ qalıbsa, bu məktubu ona çatdır, erməniləri tapıb bizimlə dəyişsin. Qaynatam özü qoca adam idi, çətin ki, gedib onları tapa biləydi. Həm də qardaşım savadlı idi, o vaxt “partşkola” oxumuşdu. O vaxt rəhmətlik, ulu öndərimiz Heydər Əliyev artıq Naxçıvanda Ali Sovetdə idi. Onun yanına gedib vəziyyəti danışırlar, məktubu göstərirlər, o da öyrənib deyir ki, bu adamları bir neçə gün bundan qabaq Bakıya Şüvəlana aparıblar. Şüvəlana da gələndə deyirlər ki, bir çoban kişi var, Şuşa-Daşaltı əməliyyatında onun oğulları itib, o bu erməniləri aparıb. Nə isə bir zülm-zillətlə bu kişini tapırlar. Bu kişi də öz oğullarına görə erməniləri vermək istəmir. Deyirlər, gəl, bunların əvəzinə sənə lap beş erməni verək, amma bizə məhz bu ermənilər lazımdı.Qardaşımızı geri qaytarmaq üçün yeganə yol budu. Kişi çox çətinliklə razılaşır. Bu müddət ərzində bizi bir erməninin evində zirzəmidə saxlayırdılar, artıq işgəncə vermirdilər. Quru beton üstündə qalsaq da bizə su, yemək, bir də arada siqaret verirdilər. Siqaret gətirənin adı Serjik idi. Bu Serjikdən soruşdum ki, birdən bizimkilər sizin adamları tapmadılar və ya sizin adamlar sağ olmadılar, o zaman bizim aqibətimiz necə olacaq? Xeyli fikirləşdikdən sonra dedi ki, adamlarımızı sağ versələr sağ, meyitlərini versələr, sizin də meyitlərinizi verəcəyik.

Deməli, may ayının 2-i, ya 3-ü olardı dəqiq xatırlamıram zirzəmidə gurultu səsi eşitdik, partlayış elə güclü idi ki, hətta şüşələr sındı. Fikirləşdik ki, bu partlayışda ölən olsa, vay halımıza, bizi də gəlib öldürəcəklər. İki saatdan sonra gəldilər ki, ara Kamil, sağsınız? Dedim hə. Serjikdən soruşduq ki, siz necəsiz, bu nə səs idi? Dedi ki, bizimkilər səhvən siz tərəfə yox, öz tərəfimizə raket atıblar. Biz başa düşdük ki, özlərini sındırmamaq üçün belə deyirlər.

Mayın 9-u, ya 10-u olardı yenə dəqiq xatırlamıram, küçədə avtomat səsləri eşitdik, bütün gün səs-küy idi. Səhər Serjik gələndə soruşdum ki, yenə nə səsiydi, dedi, ara, bilmirsən, bizimkilər Şuşanı alıblar, Şuşa bizimdi. İnanmadım, Yusifə dedim ki, yalandan bizə təsir etmək üçün belə deyir. Şuşanı almaq olar?! Şuşanın bir yolu var, heç kim keçə bilməz. Sən demə, düz deyirmiş.

Orda olduğumuz müddətdə ailəmizdən, qardaşımın sağ olub olmadığından xəbərim yoxuydu. Serjikgilin ratsiyayla danışıqlar apardıqlarını bilirdim, amma mənim yoxsa Yusifin qardaşıyla danışdıqlarını bilmirdim. Xahiş etdim ki, öyrən, gör kimin qardaşıyla danışırlar. Serjik soruşub ona deyiblər ki, fərqi yoxdu, onlar hər ikisi bizim qardaşlarımızdı. Sən demə, danışan elə mənim qardaşım imiş.

Bizi Serjikin xalası evinə apardılar, 10 gün də orda qaldıq. O vaxt girovları dəyişmək işinə Eldar Bağırov baxırdı, onu da minaya salıb öldürdülər deyə bizi dəyişə bilmədilər. Sonra bizi yenə apardılar başqa yerə, türmə kimi bir yer idi, ermənilər də vardı orda, amma dəyişdiriləcəkdik deyə bizə dəymirdilər. Bir müddət sonra Serjik gəldi ki, sizi 2-3 günə gəlib aparacağıq. Üzümüzü-gözümüzü tük basıb, ancaq gözlərimiz görünürdü. Bizi Gorusa gətirdilər, sonra QAZ-66-ya mindirdilər. Mən də Seyidin qoluna girib ona kömək etdim. Sərhəddə çatanda bizimkilər onu qucaqlarına alıb apardılar. Amma elə bil, indicə məni girov götürüblər, kefsiz, fikirli gedirdim. Məni yeganə düşündürən hara gedəcəyim və ailəmin aqibəti idi. O meşədə, qarda gəliblərsə çətin sağ qalalar, qohum-qardaşlarımdan da xəbərim yox. Polislər deyirlər ki, ay Kamil, niyə gülmürsən, artıq öz vətənindəsən.

Deməli, qardaşımgil mühasirədən çıxa biliblər. Bir qızımın meyidi üstündə oturub ağlayan yoldaşıma qardaşımın oğlu gəlib deyib ki, ay bibi, burda girov düşmək üçün dayanmısan? Ayağa durub yeni getməyə başlayır ki, ermənilər onu ayağından vururlar. Elə oradaca yıxılıb qalır. Meyitləri yığanda görürlər ki, nəfəsi gəlir. Birbaşa Bakıya gətirirlər. Qohumlarımdan 50-60 nəfər şəhid olur. Çox ağır günlər keçirirlər. Yoldaşım ayağından güllə yarası alıb, 6 ay xəstəxanada qalır. Əvvəl ayağını amputasiya etmək istəsələr də, sonradan bir həkim onu sağaldacağına söz verir və sözünün üstündə də durur. İndi isə Mərdəkan qəsəbəsində yerləşən Günəşli sanatoriyasında müvəqqəti məskunlaşmışıq. Sonumuz nə olacaq məlum deyil.

 -Sonda nə demək istərdiniz?

  -Gənclərə sözüm budur ki, yüz il də, min il də, milyon il də keçsə ermənilərin tək Xocalıya yox bütün Azərbaycanın başına gətirdiyi oyunları yaddan çıxarmasınlar. Bu balaca, qorxaq millət öz havadarlarının köməyi ilə nə qədər vəhşiliklər törətdilər. O, ermənilərdən qisas almağa qocalı-cavanlı hamımız hazır olmalıyıq. Bu saat da baxmayaraq ki, 60 yaşın içindəyəm, sağlam olmasam da, hərbi hissədə gedib əsgərlərimizə kartof soyaram, yaralılara kömək edərəm, əlimdən gələni edərəm. Yetər ki, Vətən yaşasın, torpaqlarımız azad olsun, qisasımızı alaq!

 Aysel Talıblı.

 

05.09.2012 12:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*