Azərbaycanca

7 dekabr Azərbaycan Parlamentinin yaranması günüdür

07.12.2012 | 12:21

1354868418_800px-azgterbaijan_parlamentParlament  (alm.parlament, ing. parliament, fr. parlament < fr. parler  danışmaq) – demokratik  dövlətlərdə ali nümayəndəlik və qanunvericilik orqanının adı. Parlament ilk dəfə İngiltərədə (1265) təbəqə, silk nümayəndəliyi orqanı kimi çağırılmışdır, real mahiyyətini isə XVII- XVIII əsrlər burjua inqilablarından sonra tapmışdır.

                                                   Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət

                                                   İdarəçilik Akademiyası “Politologiya” lüğəti (səh 237).

 

28 may 1918 – ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ilk addım kimi gənc dövlətin sözün əsl mənasında müstəqil  bir dövlət kimi demokratik əsaslara uyğun şəkildə fəaliyyət göstərə bilməsi üçün bu fəaliyyəti koordinasiya edən və həyata keçirən vacib dövlət strukturları təsis olundu. Bu addımlardan biri də müstəqil Azərbaycan dövlətinin parlamentinin təsis edilməsi oldu.

1918 – ci il may ayının 27 – də Zaqafqaziya seymində Azərbaycan fraksiyasının keçirdiyi toplantıda  Müvəqqəti Milli Şuranın qurulması haqqında qərar qəbul olundu. Lakin o bir çox səbəblərə görə 1918 – ci ilin noyabrına kimi fəaliyyət göstərə bilmədi. 1918 – ci il noyabrın 16 – da fəaliyyətini bərpa edən Milli Şura noyabrın 20 – də  “ Azərbaycan parlamentinin yaradılması haqqında” qanunu qəbul etdi. Qanuna görə təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Əhalinin çoxmillətli olmağını nəzərə alan qanunda parlamentdə 80 yerin azərbaycanlılara, 21 yerin ermənilərə, 10 yerin isə ruslara verilməsi qeyd olunmuşdu ( Lakin əvvəllər olduğu kimi, nankor ermənilər bu dəfə də 1920-ci ilin aprelində Azərbaycanın Qırmızı Ordu tərəfindən işğal olunmasında xüsusi canfəşanlıq göstərmişdilər ).  1918 – ci ilin dekabrın 7 – də AXC Parlamentinin təntənəli açılışı olur. Alman, gürcü, polyak xalqlarının hərəsinə 1 yer, həmkarlar ittifaqlarına 5 yer verilirdi. Respublika ərazisində yaşayan vətəndaşlara, o cümlədən hər iki cinsin nümayəndələrinə seçki hüququ verilirdi. Bununla da Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət oldu.

Fəaliyyət göstərdiyi 17 ay ərzində parlamentin 130 iclası keçirilmiş, parlamentə 270 – dən çox qanun layihəsi təqdim olunmuş, bu layihələrdən 230 – a  yaxını müzakirələr zamanı qəbul olunmuşdu.

Azərbaycan 1920 – ci ilin aprelində XI Qızıl Ordu tərəfindən işğal olunduqdan sonra parlament yeni tərkibdə təşkil olundu, onun adı dəyişdirildi və Azərbaycan SSRİ Ali Soveti adlandırıldı. SSRİ dövründə bu qurum öz funksiyasını yerinə yetirə bilməyən oyuncaq bir quruma çevrildi.

1991 – ci  il 18 oktyabrda Azərbaycan öz müstəqilliyini yenidən bərpa olunduqdan sonra Azərbaycan SSRİ Ali Soveti Azərbaycan Respublikası Milli Məclisi adlandırıldı. Müstəqillik tarixində Milli Məclisə ilk seçkilər 1995 – ci il noyabrın 12 – si keçirildi. Ümumxalq səsverməsi nəticəsində Müstəqil  Azərbaycanın ilk demokratik parlamenti quruldu.  Milli Məclisə müxtəlif partiyaları təmsil edən 125 deputat seçildi. Milli Məclisin işinin dövrün tələblərinə uyğun təşkil edilməsi məqsədilə  dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilməyə başladı. Beynəlxalq hüquq normalarının tələblərinə uyğun  qanun layihələrinin hazırlanması və qəbul edilməsi məqsədilə 1996 – ci ilin fevralında Prezident yanında xüsusi hüquqi islahatlar komissiyası təsis olundu.  Milli Məclisdə qəbul edilmiş çoxsaylı qanunlar əsasında  siyasi, iqtisadi, hüquqi demokratik islahatlar keçirildi.

Bu gün Parlamentin qurulmasının 94 ili tamam olur. Ötən bu bir əsrə yaxın tarixə nəzər salsaq, onun keçdiyi keşməkeşli inkişafını təhlil etsək  aradakı inkişaf  fərqini aydın görə və parlamentin gələcəkdə bu sahədə fəaliyyət göstərmək istəyənlər üçün böyük bir siyasi məktəb olduğunu dərk edə bilərik.

Yekunda onu deyə bilərik ki, bugünkü Azərbaycan parlamenti  beynəlxalq standartlara uyğun şəkildə durmadan inkişaf edir,  gələcəkdə  dövlət və vətəndaş maraqlarının daha mükəmməl şəkildə qorunması  üçün mühüm işlər görür.

 

Söhrab İsmayıl

 

07.12.2012 12:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*