Azərbaycanca

96 yaşlı qürurumuz – ordumuz

27.06.2014 | 10:28

1403850480_orduBu gün Azərbaycan Milli Ordusunun yaranma günüdür. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kim qeyd olunur.

1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas yaratmış oldu. Dövr olduqca çətin idi. Rusiya işğalından, müstəqil dövlətçilik ənənəsinin qırılmasından təxminən 90 il ötürdü. 1828-ci ildə Şimali Azərbaycanın Rusiyaya birləşməsi prosesi başa çatmış, milli dövlətçilik institutları, hərbi birləşmələr ləğv edilmişdir. 90 il ərzində Azərbaycan xalqının zəngin hərb tarixini, döyüş ənənələrini gözəl bilən rus imperiyası bu xalqı ordudan, silahdan mümkün qədər uzaq tutmağa çalışırdı. Rus ordusunda Qafqazın xırda xristian xalqlarından çıxmış onlarla general olsa da azərbaycanlılar yalnız müstəsna hallarda  orduda yuxarı zabit heyətinə daxil ola bilirdilər. Əslində rus şovinizminin azərbaycanlıların döyüş ənənəsinin dirçəlməsindən qorxmaları tam təbii idi. Azərbaycan türklərinin böyük bir hissəsi Türkmənçay sülhündən sonra Qacar (sonradan İran adlandı-müəll.) dövlətinin tabeliyində qaldı. Qonşuluqda Azərbaycan türkləri ilə qan bir, can bir qardaş olan Osmanlı türkləri vardı.    Rusiya imperiyası azsaylı azərbaycanlı hərbçilərə inanmır, onları xidmət üçün imperiyanın digər sərhədlərinə göndərirdi. Lakin heç nə əbədi deyil. Türk xalqlarının amansız düşməni olan leşyeyən qoşa imperiya qartalınn da sonu çatdı. 1917-ci ilin fevralında rus imperiyası tarixin arxivinə verildi. Lakin əsarətdə olan türk-müsəlman xalqlarının, o cümlədən azərbaycanlıların zülmü bitmədi. İmperiyanın şovinist dairələri əyalətlərdə etnik münaqişələr miras qoyub getmişdilər. Bundan başqa çar generalları, Qafqazı yenidən ilhaq etməyə çalışan yeni rus hökumətləri müstəqil olmuş xalqların dövlət quruculuğuna hər vəchlə mane olurdular. Obrazlı desək, nəhəng imperiya çürük ağac kimi yerə dəymiş, tozanaq yatandan sonra silahsız, əli yalın olduğumuzu dərk etmişdik. Ölkənin şərqi erməni-rus hərbi birləşmələrinin əlində idi. Ermənilər İrəvana sahiblənmiş, Qarabağ bölgəsində isə separatçılığa başlamışdılar. 1918-ci ildə Qafqazdan Rusiya parlamentinə seçilmiş bir qrup azərbaycanlı deputat Zaqafqaziya seyminin yoxluğunda Azərbaycan Xalq Cümhuriyyətini elan etmişdilər. Lakin ortada real heç nə yox idi. AXC hökuməti iyunda Gəncəyə köçdü. Hökumətin ilk işi milli ordu hissələrinin yaradılması idi. Milli ordunun yaradılmasına hüquqi baza İstiqlal bəyannaməsində yazılmışdır. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, öz silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülmüş, dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrılmışdır. 1918-ci ilin avqustun 1-də isə Hərbi Nazirlik təsis olunmuş,  Xosrov bəy Sultanov Azərbaycanın ilk müdafiə naziri təyin edilmişdir. Daha sonra onu bu postda rus ordusunda azsaylı peşəkar hərbçilərimizdən olan general Səməd bəy Mehmandarov əvəzlədi. Rus artilleriyasının azman isimlərindən biri general-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edildi. Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olan Azərbaycan ordusu qısa zaman kəsiyində Osmanlı dövlətinin yaratdığı Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi.

 

Bu cümlələri yazmaq səlnaməçi, yazar üçün çox asandır. Ancaq hərb tarixi qanla yazılır. Azərbaycan şərəfli cümhuriyyət tarixi də şəhidlərimizin qanı ilə yazıldı. Rus-erməni hərbi birləşmələri üzərində qələbə asan olmadı. Milli ordunun qurulması çətinlikləri müşayiət  olunurdu. Hərbi ləvazimat, əsgəri geyim, silah-sursat çatmırdı. Amma vaxt itirmək olmazdı. Zamanın itirilməsi ölkənin şərqinin, Qarabağın birdəfəlik itirilməsinə səbəb ola bilərdi. Hələ 1918-ci ilin fevralında Qafqazdakı müsəlman qırğınlarını dayandırmaq üçün Osmanlı dövləti tərəfindən yaradılmış 12 minlik Qafqaz İslam Ordusu (sonralar azərbaycanlı və dağıstanlı könüllülərin hesabına 20 minə çatdı) Azərbaycan ordu birləşmlərinin qurulmasına kömək etdi.

 

Milli Ordunun hərbi uğurları

 

Azərbaycan silahlı qüvvələri ölkənin ərazi bütövlüyünü, milli birliyini təhdid edən erməni-rus birləşmələri üzərində ilk qələbəsini də Qafqaz İslam Ordusunun yardımı ilə qazandı. İyunda Göyçayda güclü həmlə ilə məğlub edilən erməni-rus birləşmələri Bakıya sığındılar. Lakin ölkənin baş kəndini düşməndə qoymaq böyük yalnışlıq olardı. Milli ordu hissələrimiz Osmanlı qardaşlarımızın yardımı ilə sentyabrın 15-də Bakıya daxil olaraq ölkənin ərazi bütövlüyünü bərpa etdilər. Şanlı ordumuz bununla da 114 min kvadrat kilometr ərazidə milli hökumətin hakimiyyətini təmin etmiş oldu.

 

Lakin erməni təxribatları səngimirdi. 1919-cu ilin payız aylarından ölkənin qərbində erməni hərəkətlənməsi müşahidə olunurdu. Zəngəzur erməniləri qəzanı Azərbaycandan ayırıb daşnak hökumətinə birləşdirmək istəyirdilər.  Azərbaycana asi çıxan ermənilərin üzərinə Cavad bəy Şıxlinskinin komandanlığı ilə hərbi qüvvə göndərildi. Cəsur sərkərdənin rəhbərlik etdiyi piyada diviziyasının əzmkarlığı sayəsində separatçılar cəzalandırıldı, bölgə yenidən Azərbaycana birləşdirildi. Milli ordumuz ikinci qələbəsini cənub bölgəsində rusların fitnəsi ilə baş qaldırmış separatçılara qarşı döyüşdə qazandı. Şanlı ordumuzun üçüncü qələbəsi Qarabağda əldə edildi. 1920-ci ilin Novruz günlərində erməni separatçıları Qarabağda qiyam qaldırdılar. General Həbib bəy Səlimovun komandanlıq etdiyi  hərbi birləşməmiz 12 gün davam edən əməliyyatla qiyamı yatırdı, ələ keçirilmiş Əsgəran qalasını geri qaytardı, Şuşaya daxil oldu. Təəssüf ki, xalq cümhuriyyəti kimi, Milli ordunun ömrü də qısa oldu. 1920-ci ilin aprelində 11-ci Qızıl Ordu Azərbaycana daxil oldu. Nəhəng imperiya ordusunun qarşısında müqavimətin kütləvi insan qırğınına yol açacağını bilən hökumət qarşıdurmaya getmədi. Milli hökumət devrildi, milli ordu hissələri buraxıldı. Azərbaycan ordusunu qurmuş milli zabit heyətinin əksəriyyəti bolşevik repressiyalarına məruz qaldı. Qısa zaman kəsiyində mövcud olsa da Milli Ordu Azərbaycan tarixində şərəfli səhifələrdən birini yazmış oldu. Milli hökumət Azərbaycan xalqına istiqlal dadızdırdısa, Milli Ordu qələbə qürurunu yaşatdı, özünə inam yaratdı. Bir xalqın yalnız özünə, şanlı keçmişinə, şərəfli soyuna güvənib ordu qura biləcəyi fikrini formalaşdırdı.

 

1991-ci ilin 9 oktyabrında Azərbaycan Milli Ordu bərpa edildi. 23 ildə qanlı-qadalı yollar keçmiş Azərbaycan Silahlı Qüvvələri bu  gün Cənubi Qafqazda ən modern, güclü  ordu hesab edilir.  Ordumuzun gücünü güclü hamiləri hesabına torpaqlarımızn 20 faizini işğal altında saxlayan düşmən də bilir. Silahlı Qüvvələrimiz 94 il öncə azsaylı qüvvə ilə, az imkanlarla Qarabağda erməni qiyamını yatırmış, dövlətimizin suverenliyini bərpa etmişdir. Şanlı Milli Ordumuz bu dəfəki zəfər yürüşü torpaqlarımızda erməni fitnəkarlığına birdəfəlik son qoyacaq.

 

 

 

Elman Cəfərli

 

“KarabakhİNFO.com”

 

27.06.2014 10:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*