Azərbaycanca

ABŞ-da erməni diasporasının formalaşması və anti-türk fəaliyyəti

22.09.2012 | 17:15

1348316120_flag-pins-usa-armeniaABŞ-da erməni diasporasının formalaşması və anti-türk fəaliyyəti

 

XVII əsrin sonu-XVIII əsrin əvvəllərindən etibarən Şimali Amerika ərazilərində ictimai-siyası vəziyyət getdikcə gərginləşməkdə idi. Bir tərəfdən qitənin yerli sakinləri olan hindu qəbilələri arasında baş verən qanlı toqquşmalar, digər tərəfdən də ingilis müstəmləkəçilərinin burada uzun müddətli işğalçılıq siyasəti bütövlükdə bölgənin iqtisadi cəhətdən inkişafına mənfi təsir göstərirdi. Lakin bütün bu çətinliklərə baxmayaraq ərazinin hər iki tərəfdən okenlarla əhatə olunması və əlverişli-coğrafi mövqeyi burada təsərrüfatın və ticarətin inkişafına müsbət təsir göstərirdi. Xüsusilə, bu dövrdə Şimali Amerikada ən böyük liman şəhərinə çevrilən Boston şəhər rəhbərliyi dünyanın müxtəlif bölgələri ilə yanaşı, həmçinin Osmanlı imeratorluğunun bir sıra dəniz şəhərləri ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlı idi. Bu istiqamətdə Boston şəhərinin rəhbər heyyəti hətta bir sıra qanunlar da qəbul etdi. Beləliklə, qısa müddət ərzində Boston dəniz limanından Osmanlı imperiyası ərazilərinə doğru çoxlu sayda ticarət gəmiləri istiqamət götürdü. Gəmilər müəyyən olunmuş zaman müddətində, daha dəqiq desək, 1786-cı ildə İstanbul, 1797-ci ildə İzmir, 1800-cü ildə İsgəndəriyyə limanlarına yan almışdır. Beləcə, Amerika koloniyaları ilə Osmanlı imperatorluğu arasında münasibətlərə ilk olaraq iki tərəfli ticarət əlaqələrinin qurulması ilə start verildi. Burada Amerika koloniyalarının əsas məqsədi Osmanlı imperiyası ərazilərində iqtisadi maraqları təmin etmək, əmtəə və satış bazarlarında öz mövqeyini möhkəmləndirmək idi. Xüsusilə 1830-cu ildə Osmanlı imperatorluğu ilə bağlanmış ticarət müqaviləsi Amerika koloniyalarının burada bir sıra imtiyazlar əldə etməsi ilə nəticələndi. Məhz bu dövrdən başlayaraq Amerika koloniyalarından Osmanlı imperatorluğu ərazilərinə tacirlər və missionerlərdən ibarət dəstələr gəlməyə başladılar. İmzalanmış müqavilənin 3-cü maddəsinə görə amerikan tacirləri Osmanlı imperiyası ərazilərində sərbəst ticarət etmək üçün bölgədəki vasitəçilərdən istifadə etmək arzusunda idilər. Həmçinin burada qeyd edilirdi ki, vasitəçilər hər millətdən olmalı idi. Amerikan tacirləri isə burada daha çox yunan və erməni tacirlərinin vasitəçiliyindən yararlanmaq niyyətində idilər. Bütövlükdə 7 may 1830-cu il türk-amerikan ticarət müqaviləsi bir tərəfdən amerikalı tacirlərə Türkiyə bazarlarına sərbəst çıxış əldə etməyə imkan verirdisə, digər tərəfdən Osmanlı ermənisinə də Amerika bazarlarına sərbəst çıxış əldə etməyə şərait yaradırdı. (1, s.142) Burada missionerlərin əsas məqsədi xüsusilə iqtisadi maraqları qabardmaqla əslində Osmanlı imperiyası ərazilərində etnik azlıqların huquq və azadlıqlarının hamisi funksiyasını yerinə yetirmək idi. Milli azlıqların guya bu ölkədə təhsil almaq, sərbəst toplaşmaq, azad söz, mətbuat kimi hüquqlarının pozulduğunu bəhanə edən missioner təşkilatlar xüsusilə erməni gənclərinin Amerikaya getmələrinə şərait yaratdılar. Xüsusilə, Amerikaya gedən ermənilərə bu işdə daha çox yardım edənlər də missionerlərdən ibarət dəstələr oldu. Missionerlər erməni tacirlərinə mütəmadi olaraq ABŞ-ın əlverişli-cöğrafi mövqeyi, ticarət üçün lazım olan şəraitin yardıldığı barəsində ətraflı məlumatlar verməkdə idilər. Bu arzu ilə ABŞ-ın daha çox liman şəhərlərinə köçməyə üstünlük verən ermənilər burada ticarətlə və digər sənət sahələri ilə məşğul olmağa başladılar. İlk

amerikan tacirlərinin Bostondan gəlməsi və Boston-İzmir limanlarında ticarətlə məşğul olmaları nəticəsində həm İzmirdə, həm də Bostonda varlı erməni burjuaziyası meydana gəldi(1,s.144). Amerikan tacirlərinin himayəsi altında varlanan İstanbul və Anadolu erməniləri də 1810-cu ildən başlayaraq Şimali Amerikaya köç etməyə başladılar və bir müddətdən sonra Amerika vətəndaşlığını qəbul etdilər(1,s.143). Beləcə qısa zaman müddətində ABŞ ilə Osmanlı arasındakı ticarətin həcminin genişlənməsi ilə paralel olaraq ABŞ şirkətləri ilə əməkdaşlıq edən Türkiyə ermənilərinin sayında da kəskin artım hiss olunmaqda idi.

XIX əsrin ilk onilliklərindən etibarən ABŞ-a göndərilən sadə tacir və sənətkar ermənilərdən fərqli olaraq 1840-cı ildən etibarən missionerlər bu dəfə erməni tələbələrinin göndərilməsinə başladılar. Əsas məqsəd kimi dini təhsil almaq nəzərdə tutulurdu. Xüsusilə bəhs olunan dövrdə ABŞ-ın ən nüfuzlu üniversitetlərinə göndərilən erməni tələbələrinin sayı 70 nəfər idi. Məhz bu tələbələr ABŞ-dakı erməni diasporasının rüşeymlərini təşkil edirdilər. Yüksək təhsil almış erməni gəncləri burada anti-türk fəaliyyətinə başladılar. XIX əsrin 30-40-cı illərindən etibarən aktiv fəaliyyətə başlayan ABŞ-dakı diaspora erməniləri burada bir sıra təşkilatlar, dərnəklər yaratmağa nail oldular. Buna misal olaraq 1810-cu ildə Bostonda yaradılmış Xarici Missiyalar üzrə Amerika Komitəsinı misal göstərmək olar. Təşkilatın yaradılmasında əsas məqsəd burada yüksək təlim görmüş erməni gənc missionerlərini Anadoluya göndərməklə ümummilli erməni hərəkatına (Hai Tahtda) təkan vermək idi. Türk tarixçisi Şenol Kontarcı bu haqda yazır: “Türkiyəyə “erməni məsəsləsi”nin toxumlarını ABŞ bu təşkilat vasitəsilə 1820-ci ildə səpmişdir.(1, səh.144) Belə ki, 1893-cü ilə qədər Türkiyədə 624 məktəb, 436 ibadətxana açılmışdır. Bəhs olunan dövrdə Türkiyədə 1317 amerikalı missioner fəaliyyət göstərirdi və 1893-cü ilə qədər onlar Türkiyədə 3 milyon İncil və təxminən 4 milyona yaxın müxtəlif səpkili kitabların əhaliyə çatdırılmasını təmin etmişdilər. Bunun üçün təşklat 10 milyon dollarından keçməyi də əsirgəməmişdir. Qeyd edək ki, bu vəsaitin yarıdan çoxu amerikan vətəndaşlarından toplanmışdı. Bu vəsait bəhs olunan dövr üçün olduqca yüksək bir rəqəm idi. Həmçinin bu işdə onlara Amerikan Prorestant Kilsəsinin verdiyi dəstək də xüsusilə diqqəti cəlb edir. Burada Protestant kilsəsinin əsas məqsədi Anadolu ermənilərini müxtəlif vasitələrlə ələ almaq, yağlı vədlər verməklə onları xristianlığın katolik, qriqoriyan və provaslav məzhəblərindən “xilas etmək” idi. Bu isə Rusiya başda olmaqla İngiltərə və Fransanın Anadolu siyasətinə qarşı atılmış əks addım idi.

XIX əsrin II yarısından başlayaraq ABŞ-a ermənilərin miqrasiyası daha da sürətləndi. Osmanlı arxiv sənədlərinə görə 1900-cü ilə qədər Amerikaya köç edən ermənilərin ümumi sayı 12 min nəfər təşkil etmişdir. Sənətkar və tacirlərdən ibarət kiçik dəstələr şəklində Amerikaya üz tutan ermənilərin sayından narahat olan ABŞ və Osmanlı hökuməti birgə bir sıra əngəlləyici tədbirlər həyata keçirdilər. Hər iki ölkənin əsas məqsədini analiz etdiyimiz zaman görərik ki, ABŞ sağlıq durumu normal olmayan erməni miqrantlarının qarşısını almaq üçün mübarizə aparırdısa, Osmanlı hökuməti isə bir sıra əyalətlərdə əhalinin sayının azalmasından bərk narahatçılıq keçirirdi. Bunun üçün hətta Sultan II Əbdülhəmidin

ABŞ hökumətindən yardım istəməsi də tarixi gerçəklikdir.(3,s.186)Lakin görülən qabaqlayıcı tədbirlər, hökumət tərəfindən atılan addımlar erməniləri fikirlərindən daşındıra bilməmiş və əksinə olaraq köç prosesində ildən-ilə artım müşahidə edilmişdir. Xüsusilə ABŞ-a köç edən ermənilərin əsas məqsədi çoxlu sayda pul qazanıb geri dönmək, ümummilli erməni hərəkatına maddi və mənəvi dəstək olmaq, eyni zamanda ailə yaşam tərzini normallaşdırmaq idi. Bu məqsədlə Anadolu torpaqlarını tərk edərək ABŞ-ın daha varlı şəhərlərində məskunlaşmaqla burada özlərinə yüksək səviyyəli yaşam tərzini təmin etmiş ermənilər Anadoluya geri dönmək niyyətindən vaz keçmiş oldular. Zəngin şəhərlərə, dəbdəbəli həyat tərzininə valeh olan ermənilər geri dönmək niyyətində deyildilər. Burada onların anti-türk fəaliyyətinin aparılması işində də hər cürə şərait yaradılmışdı. Lakin bütün bunlara baxmayaraq, erməni diasporasını formalaşdıran bu şəxslər erməni millətçi ekstremistləri tərəfindən təsis edilmiş, siyasi partiya, təşkilat və dərnəklərin Anadoludakı şöbələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində səylərini gücləndirdilər. Qarşıya qoyulan məqsədə çatmaq üçün külli miqdarda maaliyə vəsaiti ayıran ABŞ-dakı diaspora erməniləri hətta burada bir neçə fondun yaradılmasına da müvəffəq oldular. Bütövlükdə ABŞ-dakı yaşayış səviyyəsi ermənilərin qitəyə axınını daha da sürətləndirmişdir. Nəticədə ABŞ-a köç edən ermənilərin sayında artım baş vermiş və bu proses ermənilərin 1915-ci ildə Anadolu ərazilərindən imperiyanın Suriya, Mesopotamiya və Livan ərazilərinə köçürülməsindən sonra kəskin şəkildə yüksəlmişdir. Belə ki, 1908-ci ildə 3300, 1910-cu ildə 5500 və 1913-cü ildə 9355 erməni ABŞ-a köç etmişdir. Nəticədə I dünya müharibəsinə qədərki dövrdə qeyd olunan erməni diasporasının ümumi sayı 50 min nəfəri ötməmişdir.(1,s.148-149)I Dünya müharibəsinin başa çatmasından sonra ermənilərin ABŞ-a köçündə kəskin artım hiss olunmüşdur. Bu barədə türk ordu generalı Hasan Kundakçı yazır: “Ermənilər ABŞ-a 1890-cı illərdə Osmanlı dövlətində baş verən üsyanlardan sonra Anadoludan köç etməyə başladılar. Birinci dünya müharibəsindən sonra da köç daha da sürətləndi. Nəticədə Amerika Birləşmiş Ştatlarında Kaliforniyada (600 min), Nyu-Yorkda (100 min) və Bostonda (50 min) erməni yaşamaqdadır.(8, s.77) Birinci XX əsrin II yarısından başlayaraq köç prosesi daha da intensivləşmişdir. Belə ki, 1970-ci illərin ortalarında ABŞ-dakı erməni diasporasının sayı 350-400 min nəfər təşkil etmişdir. Xüsusilə, XIX əsrin əvvəllərindən başlayaraq iki əsr müddətində davamlı şəkildə ABŞ-a miqrasiya edən ermənilərin sayı XX əsrin sonlarında kəskin şəkildə artmağa başladı. 1990-cı illərdəki rəsmi mənbələrə görə bu ölkədə yaşayan ermənilərin sayı 700 min nəfər təşkil etmişdir. Bu gün bu ölkədə yaşayan ermənilərin sayı 800 minlə 1 milyon nəfər arasında olduğu təxmin edilir. Bunların 45%-i Nyu-England və Orta Atlantik əyalətində, 15%-i Miçiqan, İllinois, Ohayo və Vaşınqtonda, 25%-i Kaliforniyada yaşamaqdadır. Bu gün Bostonda 50 min nəfər erməni yaşamaqdadır. 2001-ci ilin məlumatlarına görə ABŞ-dakı erməni diasporasının ümumi sayı 800 min nəfər civarında müəyyənləşdirilmişdir.(2, s.74-75) Ümumiyyətlə, ABŞ-da erməni diasporasının formalaşmasında erməni miqrasiyasının səbəblərini türk tarixçisi Eldar İlter aşağıdakı kimi şərh etmişdir:

-ermənilərin pula (ticarətə) və sərvətə düşkünlükləri;

-ermənilərdə macərapərəstlik ruhu;

-xristianlıqdakı məzhəb ayrı-seçkiliyi, ermənilərin Ortodokslar tərəfindən lənətlənməsi və dini təzyiqlər;

-ermənilərin tarix boyunca mətbuatlarına qarşı xəyanət etmələri ( 4, s. 72)

Bu gün ABŞ-dakı erməni diasporasının yayılma coğrafiyası geniş bir ərazini əhatə etməkdədir. Demək olar ki, ABŞ-ın bütün ştatlarında özlərinə məskən salan diaspora erməniləri daha çox Massacusets, Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Orta Amerikada, həmçinin Kaliforniya ştatında fəaliyyət göstərirlər. Ştatlarla yanaşı Nyu-York Sity, Union Sity, Filadelfiya, Klivlend, Çikaqo, Detroit, Los-Angeles, Montebello, San-Fransisko, Texas, Florida və digər bu kimi iri şəhərlərdə çalışan diaspora ermənilərinin sayı da kifayət qədərdir. Ümumiyyətlə, bu gün ABŞ-dakı erməni diasporasının ən güclü olduğu ştat Kaliforniyadır. Kaliforniya ştatının ən iri şəhərlərində (Fresno, Vatertaun, Los-Anceles ) yaşayan ermənilərin sayı 1980-ci ildə 80 min nəfər təşkil etmişdir.(2, s. 75) Bu gün artıq Kaliforniya ştatında diaspora ermənilərinin sayında da kəskin artım hiss olunmaqdadır.

XIX əsrin 80-90-cı illərindən başlayaraq erməni tələbələri erməni millətçi ekstremistləri ilə birlikdə Osmanlı imperatorluğu ərazilərindən kənarda bir sıra siyasi təşkilatlar yaratdılar. Qısa müddət ərzində bu təşkilatların regional şöbələrinin yaradılmasına başlanıldı. Belə şöbələrin Anadolu ərazilərində yaradılması məsələsi də qarşıya məqsəd kimi qoyulmuşdu. Daşnaqlar tərəfindən yaradılan Daşnaqsütyun partiyası, sosialist baxışlı erməni gəncləri tərəfindən yaradılan Hıncaq təşkilatı və 1908-ci ildə mərkəzi İstanbulda yaradılan Ramqavar partiyalarının fəalları bu qurumların qısa zamanda ABŞ-ın bir sıra iri ştatlarında şöbələrinin açılmasını tələb etdilər. Belə ki, XIX əsri sonu-XX əsrin əvvəllərindən etibarən ABŞ-da bu təşkilatların artıq regional şöbələri fəaliyyətə başladı. 1903-cü ildən başlayaraq ABŞ-ın bir sıra şəhərlərində 36, 1907-ci ildə 48 və 1914-cü ildə 77 daşnaq komitəsi yaradılmışdı. (1, s. 150)ABŞ-a köç edən erməni miqrantlarından toplanan maaliyə vəsaiti hesabına bir sıra anti-türk əhval-ruhiyyəli tədbirlərin keçirilməsinə start verildi. 1909-cu ildə Adanada baş vermiş hadisələrlə əlaqədar olaraq Bostondakı 3 protestant erməni kilsəsinin papazları siyasi təşkilatların fəalları ilə birgə hazırladıqları məktubu ABŞ prezidenti V. Tafta ünvanladılar. Həmçinin 1905-ci ildə İllinois şəhərində yaradılan “Ermənistanın Amerikan dostları” dərnəyi 10 may 1909-cu ildə mitinq təşkil edərək alınan qərarı ölkə prezidenti V. Tafta ünvanladılar. Məktubda ABŞ prezidentindən “Türkiyədəki çarəsiz ermənilərin qılıncdan keçirilməsinə son qoyulması üçün insanlıq, xrisriyanlıq naminə” köməklik göstərməsi tələb edilirdi. (9, s. 83)

XX əsrin ortalarından etibarən ABŞ-dakı erməni diasporasının anti-türk fəaliyyətində nəzərəçarpacaq dərəcədə geriləmənin olduğunu görmək mümkündür. Bunun bir sıra mühüm səbəbləri vardır. Birincisi, 1929-1933-cü illəri əhatə edən dünya iqtisadi böhranı və böhranın doğurduğu problemlər, həmçinin böyük dövlətlərinin II dünya müharibəsində iştirakı və digər amillər erməni diasporasının fəaliyyətində ciddi ağsaqlıq yaratmışdır. Bəhs olunan dövrdə ABŞ-dakı erməni

diasporasının anti-türk fəaliyyətində passivlik nəzərə çarpsada lakin bir sıra iri şəhərlərdə siyasi partiya və təşkilarların regional mərkəzlərinin açılmasını prosesi davam etmişdir. Bununla yanaşı bir sıra universitetlərdə Qədim Şərq Dilləri İnstitutlarının, həmçinin Erməni dili və ədəbiyyatı şöbəsinin yaradılmasının da əhəmiyyətinin az olmadığını qeyd etmək olar. Universitetlərin bu şöbələrində dərs keçən müəllimlərin əksəriyyətinin ermənilərdən təşkil olunmaları və xüsusilə burada türk tarix və mədəniyyətinin saxtalaşdırılaraq tələbələrə yanlış şəkildə çatdırılması da diqqət çəkən mühüm məsələlərdən biridir. Həmçinin bu dövrdə ABŞ-dakı erməni diasporasının fəal üzvləri 20-30-cu illərdə olduğu kimi mitinq və nümayişlərin keçirilməsinə qismən də olsa nail olmuşlar. Lakin bu I mərhələdən nəzərəçarpacaq dərəcədə zəif təsir bağışlayırdı.

II Dünya müharibəsinin başa çatması və ABŞ-ın I dünya müharibəsində olduğu kimi bu dəfə də qalib dövlətlər sırasında yer alması erməni diasporasının fəaliyyətində canlanmaya səbəb olmuşdur. Lakin artıq bəhs olunan dövrdə beynəlxalq münasibətlər sistemində baş verən bir sıra dəyişikliklər, soyuq müharibənin başlanması, qərb dövlətlərinin SSRİ-iyə qarşı birləşməsi, həmçinin SSRİ-nin yaxın qonşusu Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməsi və digər bu kimi amillər Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdı. Məhz 1952-ci ildə Türkiyənin tələm-tələsik NATO sıralarına qoşulması hər iki dövlət arasında soyuq münasibətlərin aradan qaldırılmasına gətirib çıxartdı. Bu isə ABŞ-dakı erməni diasporasının narazılığına səbəb olmuşdur. Diaspora ermənilərinin keçirdikləri mitinq və nümayişlər də bütövlükdə ABŞ-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafına mane ola bilməmişdir. Belə ki, 1947-ci ildə açıqlanan Trumen doktirinasına görə külli miqdarda maaliyə vəsaitinin Türkiyəyə ayrılmasının əsas səbəbi kimi bu ölkənin Yaxın Şərqdə qüdrətli dövlətə çevrilməsi və SSRİ-yə qarşı mühüm fiqurlardan birinə çevrilməsi idi. SSRİ-nin isə Türkiyənin ABŞ-ın ən yaxın müttəfiqi olmasından bərk narahatlıq hissi keçirməsi və bu ölkənin tez bir zamanda Varşava paktına üzv olan dövlətlər sırasında görmək istəməsi də məsələnin həddindən artıq gərginləşməsindən xəbər verirdi. İstər Türkiyənin NATO sıralarına üzv qəbul olunması, istərsə də 1947-ci il ABŞ tərəfindən bu ölkəyə edilən maaliyə yardımları bu ölkədəki diaspora ermənilərini bərk hiddətləndirmişdi. Belə ki, təşkil olunmuş mitinq və nümayişlərdə diaspora erməniləri vaxtılə I dünya müharibəsi dövründə Anadolu ərazilərində yaşayan ermənilərin guya türklər tərəfindən “vəhşicəsinə qətlə yetirilməsi”nə cavab olaraq hələ də Türkiyənin beynəlxalq səviyyədə cəzalandırılmaması və ermənilərin tapdalanmış huquqlarının bərpa olunmaması məsələlərinin qabardılmasına cəhd göstərirdilər. Həmçinin diasporanın fəal üzvləri 4 may 1947-ci ildə Nyu-Yorkda toplanaraq Dünya Erməniləri Konqresini çağırmış, buradan BMT vasitəsilə Türkiyədəki ermənilərin hüquqlarının pozulduğunu dünya dövlətlərinin diqqətinə bir daha çatdırmışlar. Eyni zamanda toplantıda ermənilərin Türkiyədən torpaq və təzminat tələbləri də öz əksini tapmışdır.(9, s.83-84)

Qeyd etmək lazımdır ki, II dünya müharibəsinin başa çatması və soyuq müharibənin başlanması, həmçinin bir sıra regional və beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi ilə əlaqədar olaraq

yenidən diaspora ermənilərinin fəallaşmasında nəzərəçarpacaq irəliləyişlərin olduğunu görmək mümkündür. Belə ki, bu dövrdə qondarma “erməni soyqırımı”nın 50-ci ildönümü ilə əlaqədar olaraq dünyanın bir sıra bölgələrində kütləvi şəkildə mitinq və nümayişlərin keçirilməsinə başlanıldı. 1965-ci ildə ilk dəfə olaraq uzunmüddətli mübarizədən sonra SSRİ hökumətinin razılığını almaqla qondarma “erməni soyqırımı”nın 50-ci ildönümü ilə əlaqədar olaraq Yerevanın mərkəzi meydanlarının birində soyqırımı abidəsinin ucaldılması işində ABŞ-dakı diaspora ermənilərinin xidməti danılmazdır. Məhz bu hadisə ABŞ-dakı diaspora ermənilərini daha da ruhlandırmış, qarşıda duran məsələlərin həllinə yol açmışdır.

XX əsrin 70-ci illərindən etibarən ABŞ-dakı erməni diasporasının fəaliyyətində yeni bir mərhələ başlamışdır. 22 dekabr 1973-cü ildə Los-Angelesdəki türk konsulunun və konsul köməkçisinin vəhşicəsinə qətlə yetirilməsi, həmçinin 1973-cu il Santa-Barbara şəhərində baş vermiş terror hadisəsi ilə bu ölkədə türk diplomatlarına, missiyalarına və təşkilatlarına qarşı erməni terroruna start verilmişdir. Nəticədə, 1973-1985-ci illər arasında Türkiyə sərhədlərindən kənarda 45 nəfər vəhşicəsinə qətlə yetirilmişdir. Bunlar içərisində öldürülən türk vətəndaşlarının sayı 34 nəfərdir. Öldürülənlərdən 4 nəfəri Türkiyənin digər ölkələrdəki səfirləridir. Altı nəfər baş konsul və konsuldur. Yerdə qalanlar isə səfirlik və konsulluqların əməkdaşlarıdır. (6, s. 208-209). Vəhşicəsinə qətlə yetirilmiş türk diplomatlarının əsas təşkilatçısı ASALA erməni terror təşkilatı və təşkilatın regional şöbələridir.

XX əsrin sonlarında qondarma “erməni soyqırımı” məsələsinin ermənipərəst konqresmenlər tərəfindən yenidən ABŞ konqresinin gündəliyinə salınmasına cəhd göstərildi. Belə ki, 21 sentiyabr 2000-ci ildə Təmsilçilər Məclisi İnsan Haqları Alt Komitəsi qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar qərar qəbul etdi. Qərar daha sonra Təmsilçilər Məclisinin Ölkələrarası Əlaqələr Komitəsindən də keçərək Senatın müzakirəsinə göndərildi. ABŞ-ın dövlət başçısı Bill Klintonun və Müdafiə naziri Henri Şheltonun təzyiqləri nəticəsində Təmsilçılər Məclisinin gündəliyinə daxil edilmiş, qondarma “erməni soyqırımı” ilə bağlı keçiriləcək dinləmələr təxirə salındı.(5, s. 77)

XX əsrdə ABŞ-dakı erməni diasporasının fəaliyyətinin bu və ya digər istiqamətləri haqqında məlumat verərkən ilk öncə diaspora ermənilərinin bu ölkədə uzun illərdən bəri formalaşdırdıqları siyası partiyaların şöbələrini, tədqiqat mərkəzlərini, radio və televiziya kanallarını və digər kütləvi informasiya vasitələrini (qəzet, jurnal, dərgi və.s), həmçinin maaliyə fondlarının yaranma səbələrini, məqsədlərini, diasporanın anti-türk fəaliyyətində tutduğu mövqeyi təhlil etməyə çalışacağıq. Bildiyimiz kimi, 1965-ci ildən sonra ABŞ-da erməni diaspor təşkilatlarının sayında kəskin artım hiss olunmağa başladı. Yeri gəlmişkən, 1887-ci ildən başlayaraq müasir dövrümüzədək, burada yüzlərlə təşkilatların, siyasi partiyaların müxtəlif ştatlarda regional şöbələrinin yaradılması prosesi davamlı surətdə aparılmışdır. Bu gün ABŞ-dakı erməni diasporasının himayəsi altında yaradılan təşkilatlar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir: Erməni Araşdırmaları və Tədqiqat mərkəzləri, İcma mərkəzləri, həmvətənlər təşkilatları, Mədəniyyət təşkilatları,

Təhsil təşkilatları, Fondlar, Xeyriyyə təşkilatları, Siyasi və İctimai İşlər təşkilatları, Qaçqınların Məskunlaşdırılması təşkilatları, Dini təşkilatlar, Sosial xidmət təşkilatları, Gənclər təşkilatları, Erməni kilsələri, Qəzetlər (gündəlik və həftəlik), Radio və Televiziya proqramları.

Müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən bu təşkilatlar içərisində ilk yeri siyasi partiyaların bu ölkədəki regional şöbələri tutur. ABŞ-da fəaliyyət göstərən, erməni diasporasının maraqlarına xidmət edən mühüm siyası partiyalardan biri Daşnaqsütyun partiyasıdır. Partiyanın qarşısına qoyduğu məqsəd müstəqil sosialist Ermənistan dövlətinin yaradılmasıdır. Xüsusilə, bu dövlətin sərhədləri Sevr müqaviləsinin şərtlərinə uyğun müəyyənləşdirilməlidir. Buraya Şərqi Anadolu vilayətinin 6 rayonu, Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ və digər ətraf ərazilər daxil edilməli idi. Bütün bu məkirli planlar partiyanın mətbu orqanı olan “Hayrenik” və “Ermənistan xəbərləri” qəzetlərində mütəmadi olaraq işıqlandırılır. Buradan göründüyü kimi, Azərbaycan və Türkiyə torpaqları hesabına Böyük Ermənistan dövlətinin yaradılmasına cəhdlər bu gün də diaspora erməniləri tərəfindən davam etdirilməkdədir. Bu istiqamətdə diasporanın apardığı anti-türk fəaaliyyəti bütövlükdə türk dünyasının birliyinin sarsıldılmasına, həmçinin ərazilərinin hissə-hissə zəbt edilməsinə qarşı yönəldilmişdir.

Daşnaqsütyun partiyası ilə yanaşı ABŞ-da fəaliyyət göstərən ən böyük siyası qurumlardan biri də Hınçaq Sosial Demokrat Partiyasıdır. Partiyanın əsas məqsədi erməni xalqının milli maraqlarının bu ölkədə layiqincə qorunması, ermənilərin tapdalanmış haqqlarının müdafiəsi, həmçinin türk millətini dünya ictimaiyyətinə “vəhşi barbarlar” kimi tanıtdırmaqdır. Ölkədə çoxlu sayda işıq üzü görmüş kitab, jurnal, qəzet, buklet səhifələrində, həmçinin televiziya və radio verilişlərində bununla bağlı kifayət qədər dezinformasiyalar yayılmaqdadır.

ABŞ-dakı erməni diasporasının əsas ideoloji mərkəzi funksiyasını yerinə yetirən Araşdırma Mərkəzlərinin fəalliyyəti sistemli şəkildə həyata keçirilməkdədir. Müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən bu təşkilatlar diasporanın gələcək planlarının müəyyənləşdirilməsində, həyata keçiriləcək məsələlərin sistemli şəkildə sintez və analiz olunmasında mühüm əhəmiyyət kəsb edir. Əsas fəaliyyətlərini bu ölkənin ən nüfuzlu universitetlərində təşkil edən araşdırma mərkəzlərinin əsas məqsədi xüsusilə qondarma “erməni soyqırımı” ilə bağlı tədqiqatların daha çox elmi cəhətdən araşdırılması və bu istiqamətdə konfrans, simpoziumların təşkil edilməsidir. Həmçinin erməni diasporası daxilində erməni mədəniyyətini, dilini, tarixini, maddi mədəniyyət nümunələrini, musiqisini daha dərindən araşdırmaq və dünya ictimaiyyətinə çatdırmaq, dünyanın müxtəlif yerlərinə səpələnmiş diaspora ermənilərinin demoqrafik artım səviyyəsini müqayisəli şəkildə təhlil etmək, ailə daxilində doğum-ölüm hallarının mütəmadi olaraq nisbətini, sağlıq durumunu, seçki kompaniyalarında iştirakını, vergi ödənişi zamanı yarana biləcək hər hansı anlaşılmazlığın dərhal aradan qaldırılmasını, kilsə tikintisinı və nəhayət kilsələrə gənc keşişlərin hazırlanmasını təşkil etməkdir. Eyni zamanda Türkiyə, Azərbaycan, Gürcüstan,

İrandan daha çox torpaq mənimsəmək və bu torpaqların qədimdən ermənilərə məxsus olduğunu xəritələrlə, saxta faktlarla sübut etməkdir. Ümumerməni milli hərəkatına (Hai Tahtda) bu və ya digər formada dəstək verən ABŞ-dakı araşdırma mərkəzlərindən aşağıdakıların adlarını xüsusilə qeyd etmək lazımdır: Amerika-Erməni Beynəlxalq Universiteti, Ermənistan Siyasi Təhlil, Tədqiqatlar və Planlaşdırma İnstitutu, Stress və Genosid Tədqiqatları üzrə Erməni-Amerika cəmiyyəti, Ermənistan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Ermənistan Film Fondu, Ermənistan Şəcərə Cəmiyyəti, Kaliforniya Dövlət Universitetinin Fresko Erməni Araşdırmalar Proqramı.

Müxtəlif məqsədlər üçün yaradılmış bu təşkilatların bütövlükdə əsas qayəsi gənc erməni nəslini bir araya toplamaq, onlara ümumtürk düşmənçilik duyğularını aşılamaq, qondarma “erməni soyqırımı”nın görünən və görünməyən tərəflərini dərindən öyrənmək və bununla bağlı çoxlu sayda kitab, buklet, qəzet, jurnallar nəşr etdirmək, diaspora icmaları arasında telekörpüləri mütəmadi şəkildə təşkil etmək və digər məsələlərin həlli istiqamətində səyləri birləşdirməkdir. Qeyd etdiyimiz iri lahiyələrin baş tutması üçün xeyriyyə fondlarının ayırdığı maaliyyə vəsaitləri də ümumi işin gedişinə müsbət təsirlərini göstərməkdədir.

Qeyd etmək lazımdır ki, ABŞ-da erməni diasporası tərəfindən təsis olunmüş ən qədim qəzet 1899-cu ildə erməni dilində nəşr edilən Hayrenik Weekly qəzetidir. 1908-ci ildə Kaliforniyada erməni və ingilis dilində nəşr edilən Asbaraz Armenian Daily qəzeti də xüsusi mövqeyə malikdir. Bu qəzetlərlə yanaşı 1922-ci ildə Massacusetsdə təsis edilmiş Bakiar Monthly və eyni tarixdə Kaliforniyada yaradılmış Nor Or Semi-Weekly qəzetləri də fəallığı ilə seçilməkdədir. Xüsusilə Nor Or Semi-Weekly qəzeti həftədə iki gün olmaqla yalnız erməni dilində nəşr olunmaqdadır. Çoxsaylı erməni və amerikan vətəndaşlarının rəğbətini qazanan bu qəzetlərlə yanaşı digər qəzetlər də erməni diasporası tərəfindən maaliyələşdirilməkdədir. Bunlara misal olaraq 1933-cü ildə ingilis dilində həftəlik nəşr edilən Armenian Weekly, həmçinin 1958-ci ildə ingilis dilində nəşrə başlayan California Courier qəzetlərini misal göstərmək olar.

Beləliklə, apardığımız araşdırmalar nəticəsində gəldiyimiz son qənaətə görə ABŞ-da erməni diasporasının təşəkkülü və formalaşması uzun bir tarixi inkişaf mərhələsi keçmişdir. İlk olaraq XIX əsrın əvvəllərindən etibarən missionerlər tərəfindən ABŞ-a gətirilən erməni sənəkar və tacirlərin burada sərbəst ticarət əlaqələrinin qurulması, genişləndirilməsi və ardından erməni tələbələrinin yüksək təhsil almaları üçün ABŞ-a köç etmələri bütövlükdə burada erməni diasporasının təşəkkülünün başlanğıc mərhələsini təşkil etmişdir. Xüsusilə iki əsr müddətində ermənilərin buraya davamlı miqrasiyası nəticəsində ABŞ-da ermənilərin sayında kəskin artıma gətirib çıxarmışdır. Hal-hazırda ABŞ-da ermənilərin ümumi sayı 800-1milyon arasında dəyişməkdədir. Onların diaspora şəkilində birləşmələrinə, möhkəmlənmələrinə, lobbiçilik fəaliyyəti ilə məşğul olmalarına, müxtəlif səpkili təşkilat, dərnək, siyasi partiya və digər qurumlar yaratmalarına, xüsusilə anti-türk fəaliyyəti ilə bağlı intensiv çalışmalarına

baxmayaraq türk diasporası ilə Azərbaycan diasporasının düşmənə qarşı apardıqları birgə mübarizə Azərbaycanın, eləcə də Türkiyənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə gətirib çıxarmışdır.

 

 

 

 

Taleh CƏFƏROV

Azərbaycan Dövlət Pedoqoji Universitetinin

Türk və Şərq Avropa xalqları tarixi və

tarixin tədrisi metodikası kafedrasının müəllimi

 

 

22.09.2012 17:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*