Azərbaycanca

ABŞ Dövlət Departamentinin rəsmisi Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb

31.01.2018 | 18:27

Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun regional əlaqələndiricisi Conatan Heys Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və bugünkü siyasi durum, ölkəmizdəki qaçqın və məcburi köçkün problemi və onun həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilən Azərbaycan modeli barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə daim sadiqliyini nümayiş etdirsə də, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi nəticəsində bu problem hələ də öz həllini tapmayıb. Nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, onun qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, işğalçı ölkə bunların heç birinə əməl etmir.

Azərbaycanın öz torpaqlarının işğal altında qalması faktı ilə heç vaxt barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcəyini, işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinə başlayacağını diqqətə çatdıran komitə sədrinin müavini bütün bunların Cocuq Mərcanlı kəndinin timsalında “Böyük qayıdış”ın bir nümunəsi kimi reallaşdığını bildirib.

Fuad Hüseynov qeyd edib ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ölkəmizdə qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində böyük işlər görüblər. İndiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 97 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 265 min nəfər bu qəsəbələrə köçürülüb. Bunlarla yanaşı, ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva da ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox ciddi tapşırıqlar verib və bu işlər uğurla davam etdirilir.

Conatan Heys münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq, Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə qonağın sualları cavablandırılıb. Dövlət Departamentinin rəsmisi Azərbaycan dövlətinin Cocuq Mərcanlı kəndində apardığı bərpa-quruculuq işlərinin onlarda böyük maraq doğurduğunu vurğulayıb.

Sonda Fuad Hüseynov 1990-cı illərin əvvəllərində beynəlxalq humanitar təşkilatlar tərəfindən ölkəmizdə olan qaçqın və məcburi köçkünlərə göstərilən humanitar yardımlardan danışıb və bunun bir xeyirxahlıq nümunəsi kimi ölkəmiz tərəfindən həmişə yüksək qiymətləndirildiyini qeyd edib.

AZƏRTAC

31.01.2018 18:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*