Azərbaycanca

ABŞ-ın ATƏT-dəki səfiri: “Vaşinqton Qarabağ münaqişəsinin tərəfləri ilə işləməyi davam edəcək”

11.11.2016 | 10:57

353d48e1-ed81-45b2-b0a8-900b6e02d580-w987-r1-s

ABŞ ATƏT Minsk Qrupunun həmsədrlərini tam dəstəklədiyini bir daha bəyan edir və onların Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində tərəflərlə birgə işi davam etdirməsini yüksək qiymətləndirir. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer deyib.

 

“ABŞ təmas xəttində gərginliyin və zorakılıq hallarının artmasından narahat olmuşdur. ABŞ, ATƏT Minsk Qrupunun həmsədri kimi, gərginliyin azaldılması üçün  təcili tədbirlər görmüşdür. ABŞ dövlət katibi Con KerriVyanada mayın 16-da “3+2” formatında görüşün təşkil olunması təşəbbüsü ilə çıxış edib və bununla onu təsdiqləmiş oldu ki, ABŞ, Rusiya və Fransanın yüksək səviyyədə birgə səyləri zorakılığın qarşısının alınmasında və sülh prosesinin irəliləməsində dəstək ola bilər. Yüksək səviyyədə görüş əhəmiyyətli nəticələr verdi. Tərəflər atəşkəsin bərpa olunmasına hörmətlə yanaşmağa razılaşıblar və vəziyyət təmas xətti boyunca xeyli sabitləşib”, – deyə o əlavə edib.

 

Səfir tərəfləri ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatının genişləndirilməsini dəstəkləməyə və insidentlərin araşdırılması mexanizminin yaradılmasına dair təklifin üzərində işləməyə çağırıb.

 

“ABŞ ermənilər və azərbaycanlılar arasında etimadın yaradılması və dialoqun  genişləndirilməsi istiqamətində tədbirləri dəstəkləyir. Bu, təhlükəsizlik nöqteyi-nəzərdən vəziyyəti sabitləşdirməyə və danışıqlar üçün daha konstruktiv mühitin yaradılmasına yardım edə bilər.  ABŞ təşkilata sədrlik edən Almaniyanın və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin sıx əməkdaşlığını, onların həmsədrlərin vasitəçi səylərinə və yerlərdə vəziyyətin sabitləşməsinə dəstək verməsini yüksək qiymətləndirir”, – deyə Baer qeyd edib.

 

“Biz münaqişənin həddindən artıq uzanmasına görə tərəflərin məyusluğunu bölüşürük. Münaqişəni hərbi yolla həll etmək olmaz. ABŞ, ATƏT Minsk Qrupunun həmsədri olaraq, münaqişənin davamlı və dinc yolla nizamlanmasına nail olmaq üçün əvvəlki kimi  tərəflərlə işləməyə tam sadiqdir”, – deyə ABŞ nümayəndəsi qeyd edib.

Apa.az

11.11.2016 10:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*