Azərbaycanca

ABŞ Rusiya qarşısında revanşa hazırlaşır

07.12.2013 | 10:52

1386398611_img1489672Qərbin Cənubi Qafqazda Qarabağla möhkəmlənmək planı

 Türkiyənin də cəlb olunduğu bölgədəki yeni prosesdə Azərbaycan manevrlərlə qarşıduran tərəfləri özündən asılı vəziyyətdə saxlayır; Əhməd Davudoğlunun sərhədlərin açılmasının əvəzində işğal altındakı ərazilərin boşaldılmasını razılaşdırmaq üçün Ermənistana gedəcəyi iddia olunur

Cənubi Qafqaz regionu, o cümlədən də Azərbaycan ətrafında maraqlı proseslər cərəyan edir. Belə ki, bu region uğrunda supergüclərin mübarizəsi artıq həlledici mərhələyə çatmış kimi görünür.

Bəzi məlumatlara görə, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqda israrlı olan ABŞ və Qərb region dövlətləri ilə fəal şəkildə təmaslara keçib. ABŞ və Qərbin MDB məkanı ilə bağlı hədəflərinin Vilnüsdə böyük ölçüdə iflasa uğraması supergüclər arasında münasibətləri daha da gərginləşdirib. İndi Qərb siyasi dairələrində Rusiyanın Avropanı biabır edərək, bu mərhələdən qalib ayrılması ilə bağlı rəylər daha ön planda tutulmaqdadır. ABŞ Rusiya qarşısında revanşa hazırlaşır

Belə məlumatlar da mövcuddur ki, son olaylara qədər Rusiya və Qərb arasında müəyyən anlaşmalar olub. Həmin anlaşmalarda Rusiyaya MDB məkanında, o cümlədən Cənubi Qafqazda daha sərbəst fəaliyyət hüququ tanındığı bildirilirdi. Hətta ABŞ və Qərbin Cənubi Qafqazı müvəqqəti də olsa, Rusiyanın öhdəsinə buraxması barədə müəyyən məlumatlar mövcud idi. Bunun əvəzindəsə, Kremlin ABŞ və Qərbin MDB məkanındakı maraqlarına daha tolerant yanaşacağı razılaşdırılıbmış.

Ancaq son olaylar, xüsusilə də Vilnüs sammiti ərəfəsində və həmin zirvə toplantısından sonra Ukrayna ətrafında baş verənlər Rusiyanın Qərblə əldə olunan həmin razılaşmaları birtərəfli qaydada pozduğunu göstərir. Kremlin son davranışlarının ABŞ və bütövlükdə Qərbdə ciddi qıcıqla qarşılandığı iddia olunur. İndi Qərb siyasi dairələrinin anlaşmanı pozan Rusiyaya dərs verərək, revanşa hazırlaşdığı bildirilir.ABŞ Rusiya qarşısında revanşa hazırlaşır

Əslində ABŞ və Qərbin bu revanşa hələ aylar öncəsindən hazırlaşması qətiyyən şübhə doğurmamalıdır. Çünki Qərbin xüsusi xidmət servislərinin Rusiyanın anlaşmanı pozacağı və Yanukoviç hakimiyyətini Ukraynanın Avropa Birliyi ilə assosiativ üzvlük sazişini imzalamaqdan imtinaya zorlayacağı barədə məlumat ala bildikləri istisna deyil. Hər halda, prezident Putinin Serj Sərkisyanı Moskvaya çağıraraq, ona Avropa Birliyi ilə analoji məzmunlu sazişi imzalamağa hazırlaşan Ermənistanın Gömrük İttifaqına üzv olacağını dedizdirməsi Kremlin hədəflərini göstərirdi. Bu baxımdan, Ukraynada avrointeqrasiya tərəfdarlarının qısa müddətdə belə intensiv və hazırlıqlı xalq hərəkatı təşkil edə bilmələri də Qərbin revanş qərarı verdiyini təsdiqləyir. Belə anlaşılır ki, Qərb Ukraynanı da Rusiyaya vermək niyyətində deyil. Ukraynanın gələcək taleyinin necə olacağı yəqin ki, yaxın günlərdə aydınlaşmağa başlayacaq.

Ancaq indi mübarizənin əsas ağırlıq mərkəzinin artıq Cənubi Qafqaza keçməkdə olduğu müşahidə edilir. Belə ki, ABŞ və Qərbin istəyi üzərinə bu regionda Rusiyanın təsir dairəsinin zəiflədilməsi məqsədilə Türkiyənin də dövrəyə girdiyi açıq-aşkar nəzərə çarpır. Hər halda, son günlər Azərbaycan və Türkiyənin siyasi dairələri arasında diplomatik təmasların intensivləşməsi barədə xəbərlər mövcuddur. Hətta bugünlərdə Azərbaycan-Türkiyə münasibətlərində əvvəlki dövrlərlə müqayisə edilməyəcək səviyyədə yaxınlaşmanın olduğu sezilir. Yəni iki qardaş dövlət arasında olduqca önəmli istiləşmə dönəminin, məsləhətləşmə trafikinin yaşandığı diqqətdən yayınmır.ABŞ Rusiya qarşısında revanşa hazırlaşır

Bu günlərdə İstanbulda keçirilən III Xəzər Forumuna Azərbaycanın geniş tərkibli və yüksək ranqlı heyətlə qatılması da bəzi məqamlardan xəbər verir. Üstəlik, bu forumda Azərbaycan prezidenti İlham Əliyevin “İlin dövlət adamı” elan edilməsi də bəzi çevrələrdə xüsusi mesaj olaraq dəyərləndirilir. İddia olunur ki, Qərb siyasi dairələrində Azərbaycan prezidentinin yaxın vaxtlarda bütövlükdə Cənubi Qafqaz regionu üçün taleyüklü sayıla biləcək qərarlar vermək məcburiyyətində qala biləcəyi nəzərə alınır.

Məsələ ondadır ki, Rusiya Azərbaycandan Ermənistan və Ukrayna hakimiyyətlərinin atdığı addımları eynilə təkrarlamasını istəyir. Ancaq Kremlin Azərbaycanla bağlı problemi eyni asanlıqla həll etməsi bir qədər çətin görünür. Çünki Azərbaycanın Ukrayna və Ermənistandan kifayət qədər ciddi fərqləri var. Bu fərqlərin sırasında Azərbaycanın Rusiyadan iqtisadi və siyasi cəhətdən demək olar ki, heç bir asılılığının qalmaması ön planda durur. Enerji sektorundan əldə olunan gəlirlər və bu sahə üzrə Qərbə bağlılıq Azərbaycana Rusiyadan asılılıq iplərini qırmağa imkan verib.

İndi Kreml Azərbaycana yalnız Rusiyada yaşayan azərbaycanlılar və Dağlıq Qarabağ münaqişəsi üzərindən təzyiq imkanlarını saxlayır. Bu təzyiq mexanizmlərindən biri yaxın illərdə öz əhəmiyyətini itirə bilər. Çünki Avropa Birliyi dövlətləri ilə viza rejiminin sadələşdirilməsi yaxın illərdə Rusiyada pul qazanan azərbaycanlılara artıq Azərbaycan üzərindən Avropaya üz tutaraq orada iş qurmaq şansı yarada bilər. ABŞ Rusiya qarşısında revanşa hazırlaşır

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə ABŞ və Qərbin bu məsələdə də Azərbaycanın əlini möhkəmləndirməyə çalışdığı bildirilir. Hazırda dövrəyə girən Türkiyənin Azərbaycanla apardığı danışıqlarda bu məsələnin ön planda olduğu vurğulanır. Bəzi məlumatlara görə, ABŞ və Qərb Türkiyə vasitəsilə Sürix protokollarını yenidən gündəmə gətirməyə çalışır. Yəni rəsmi Bakının Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razılıq verməsinə cəhd göstərilir. Çünki bu, baş verəcəyi təqdirdə, ABŞ və Qərb Ermənistana Rusiyanın nəzarət edə bilməyəcəyi yeni “pəncərə” aça bilər. Bu halda, Rusiyanın son aylarda canlı qüvvə sayı ciddi şəkildə artırılan hərbi bazaları öz əhəmiyyətini böyük ölçüdə itirəcəyindən Ermənistanın da Qərbə daha yaxın olması mümkünləşərdi.

Ancaq rəsmi Bakının bu plana belə asanlıqla razılaşmayacağı qətiyyən şübhə doğurmur. Hər halda, rəsmi Bakı Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana Qərbə sığınmaq şansı tanımaz. Yəni rəsmi Bakını buna razı salmaq üçün Azərbaycanın da maraqlarını təmin etmək lazım gələcək. Əks halda, Azərbaycanın Türkiyə-Ermənistan sərhədlərinin açılması planına müqaviməti, bu prosesi Sürix protokollarının ilk dəfə gündəmə gətirildiyi dövrdə olduğu kimi növbəti dəfə iflasa uğrada bilər. Deməli, bunun baş verməməsi üçün Türkiyə-Ermənistan sərhədlərinin açılmasından əvvəl Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi lazım gələcək.

Maraqlıdır ki, artıq bu istiqamətdə ilk addımların atılmasına müəyyən cəhdlərin göstərildiyi də müşahidə edilir. Dekabrın 5-də Kiyevdə ATƏT-in Nazirlər Şurasının toplantısı keçirilib. Həmin toplantı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri də görüşüblər. Tədbirdən sonra açıqlama verən xarici işlər naziri Elmar Məmmədyarov “Nəticə olarsa, bu görüşü tarixi hesab etmək olar” deyib: “Kiyev görüşündə biz ilk dəfə konkret məsələləri müzakirə etdik. Bundan əvvəl ümumi müzakirələr aparırdıq, yəni ümumi mühit barədə… Bu dəfə artıq konkret məsələlərə toxunub, onları müzakirə etdik”. E.Məmmədyarovun açıqlamasına və digər qaynaqlara istinad edən müşahidəçilərə görə, Kiyev görüşündə Dağlıq Qarabağa dair nizamlanma planının bəzi detalları aydınlaşıb. Onların fikrincə, münaqişə tərəfləri arasında əvvəlcə Azərbaycanın işğal altındakı 5 rayonunun, ardınca isə Laçın və Kəlbəcərin azad olunması müzakirə edilir. Eyni zamanda 2014-cü ilin əvvəlində yenidən görüşmək barədə razılıq da əldə olunub. ABŞ Rusiya qarşısında revanşa hazırlaşır

Nəhayət, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana dekabrın 12-də reallaşdırılacaq səfəri ABŞ və Qərbin Cənubi Qafqaz siyasətinin bəzi məqamlarına aydınlıq gətirə bilər. Çünki Türkiyədəki bəzi qaynaqlar Ə.Davudoğlunun rəsmi İrəvanı Ermənistanla sərhədlərin açılması üçün Azərbaycanın işğal altındakı bir neçə rayonunun dərhal azad edilməsinin vacibliyinə inandırmağa çalışacağını iddia edirlər. Bu məsələdə anlaşma olmayacağı təqdirdə, Azərbaycanın sərhədlərin açılmasına razılıq verməyəcəyi rəsmi İrəvanın diqqətinə çatdırılacaq.

Son məlumatlara görə, Azərbaycan ərazilərinin azad edilməsi prosesinə start veriləcəyi təqdirdə, rəsmi Bakının Türkiyə-Ermənistan sərhədlərinin açılmasına loyal yanaşa biləcəyi istisna deyil. Türkiyə ilə ilkin təmaslarda rəsmi İrəvanın da bu plana ciddi yanaşdığı bildirilir. Əgər bu proses reallaşarsa, Azərbaycan Cənubi Qafqaz regionunun, eləcə də Rusiya və Qərb arasında qarşıdurma yaradan MDB məkanının gələcəyi ilə bağlı taleyüklü qərarlar vermək hüququ qazana bilər. Hələliksə, Azərbaycan müəyyən manevrlər edərək hər iki tərəflə məsafə saxlamaqla, həm ABŞ və Qərbi, həm də Rusiyanı öz mövqeyindən asılı vəziyyətdə saxlamağa çalışır.

Musavat.com

Elçin XALİDBƏYLİ 

 

07.12.2013 10:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*