Azərbaycanca

“…adi bir xəbər belə ölkənin müdafiə qüdrətinə təsir edə bilər”

15.08.2013 | 17:16

1376571660_1Qarabağ müharibəsindən gələn təkcə qara xəbərlər deyildi, içində sevinclisi də olurdu. Və biz – müharibə uşaqları sevincli xəbəri deyənləri ailəmizin bir üzvü kimi sevərdik. Səslərindən tanıyardıq… Müharibə xəbərləri bizim üçün Şəmistan Əlizamanlı, Rahib Qəribin səsində həm də xoş müjdəli muştuluq kimi görünürdü..

Çünki, təlaş içində olan insanlar üçün hər xəbər bir ümid demək idi. Aradan 20 ildən artıq vaxt keçib, müharibə uşaqları böyüyüb, müharibə xəbərçiləri isə dəyişməyib, yenə xəbər verirlər…

 

“Mənə bir nəfər dedi ki, sən şuşalısan? Dedim yox. Dedi bəs niyə bu qədər müharibədən çəkirsən, səngərlərə gedirsən? Bu mənə pis təsir etdi. Qarabağ təkcə qarabağlılar üçün deyil. Mən Qarabağı ancaq müharibə vaxtı görmüşəm. Qarabağı və ümumiyyətlə, torpağı sevmək üçün qarabağlı, yaxud haralısa olmaq lazım deyil. Damarlarından bu torpağa kökən bağlı insanların qanı axmalıdı, tarixini bilməlisən, dəyərlərinə sahib olmalısan”.“...adi bir xəbər belə ölkənin müdafiə qüdrətinə təsir edə bilər”

 

Müsahibimiz Azərbaycanın hərbdən məlumatlı jurnalisti kimi tanınan və ANS televiziyasında efirə gedən “Marş” proqramının aparıcısı Rahib Qəribdi. 1984-cü ildən fasiləsiz olaraq mətbuat sahəsində çalışan jurnalist sabiq sovet ordusu sıralarında həqiqi hərbi xidmətini Uzaq Şərq və Şərqi Sibir üzrə Daxili Qoşunların orqanı olan “Dalnevostoçnıy çasovoy” qəzeti redaksiyasında keçib. M.Ə.Rəsulzadə adına BDU-nun jurnalistika fakültəsini bitirib. Yardımlı rayon qəzeti redaksiyasında müxbir, radioinformasiya şöbəsinin müdiri, “Molodyoj Azerbaydjana” qəzetində tərcüməçi müxbir, 1991-1993-cü illərdə Azərbaycan Dövlət Televiziyasında “Səhər” proqramının redaktoru və aparıcısı olub. 1993-cü ildən 2010-cu ilə qədər Azərbaycan Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində çalışıb. Bu müddət ərzində AzTV-dən efirə verilən “And” proqramının ssenari müəllifi və aparıcısı olub. Birinci Qarabağ savaşında jurnalist kimi iştirak edib. Müharibə veteranı, ehtiyatda olan mayordur. Xidməti fəaliyyəti dövründə fərqləndiyinə görə müxtəlif medal və Fəxri Fərmanlarla təltif olunub. 2010-cu ildən ANS televiziyasında “Marş” hərbi proqramının layihə rəhbəri, müəllif və aparıcısıdır.

 

“...adi bir xəbər belə ölkənin müdafiə qüdrətinə təsir edə bilər”–  Hərbi jurnalistikanın özü daim mübahisə obyekti olmasına baxmayaraq, fikrimcə, bu sahə Azərbaycanın mövcud durumunda çox lazımlı peşədir. Çünki ərazilərimiz işğal altındadır və eyni zamanda Silahlı Qüvvələrdə islahatlar prosesinin cəmiyyətə çatdırılma zərurəti var. Sovet dönəmində hərbi jurnalistika sahəsi çox güclü idi. Hərbi dairə qəzetləri vardı, yaxşı xidmət edən hərbi qulluqçuların təbliğatı aparılırdı. Ümumiyyətlə, o zamanlar cəmiyyətin vətənpərvərlik ruhunun qaldırılmasında ən vacib missiya məhz hərbi jurnalistlərin payına düşürdü.

 

İnformasiya müharibəsinin tələblərini mən də mükəmməl bilmirəm, mən sadəcə bu sahəyə baş vurdum və gördüm ki,  bazardan, məişətdən yazdığın adi bir xəbər belə ölkənin müdafiə qüdrətinə təsir edə bilər. Məsələn, səngərə getmək üçün çəkdiyimiz çətinlikləri, keçdiyimiz yollardakı çətin situasiyaları mən də verirəm efirə, amma bütün gördüklərimizi, çəkdiklərimizi tam şəkildə efirə vermirəm. Düzdü, bu vasitə ilə mənim güclü təbliğatım gedə bilər, belə deyək də reytinqimiz artar, amma bu reklamın fonunda ordumuza böyük zərər vermiş olaram. Kəşfiyyat informasiyasını rahat şəkildə düşmənə ötürmüş oluram. Təəssüf ki, hamı bu xırdalıqları gözləmir.

 

     –  Sizcə hamı işinin öhdəsindən müəyyən qədər də olsa  gələ bilirmi? Söhbət bu sahədə çalışanların peşəkarlığından gedir?

 

–  Dəfələrlə hərbi sahədən məlumatı olan jurnalistlərdən ibarət qrup yaratmaq istəmişik. Hərtərəfli biliyə malik olan bir nəfər tapa bilməmişik. Amma yaradanlar var. Yalnız bir ictimai təşkilatın mövcudluğu xatirinə. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Azərbaycanda ilk səlist hərbi verilişin bünövrəsini biz qoymuşuq. Yəni, Müdafiə Nazirliyində yaradılan sənədli filmlər kino-telestudiyasının şəxsi heyəti və bu heyətə Şəmistan Əlizamanlı, Seyidağa Mövsümlü, Nizami Abbas, Nəriman Əbdülrəhmanlı və indi adını uzun-uzadı olar deyə çəkə bilmədiyim onlarla yaradıcı insan.

 

     –  Bəs “Hünər” verilişi? Ramiz Duyğunun aparıcısı olduğu…“...adi bir xəbər belə ölkənin müdafiə qüdrətinə təsir edə bilər”

 

–  Mən Müstəqil Azərbaycanın tarixində olan ilki nəzərdə tuturam. Müstəqil ölkəmizin Müdafiə Nazirliyində yaradılan telestudiyanın məhsulu olan “And” proqramının hər sayı müharibə, haqq davamız haqqında bir sənədli filmdir. Mən Lider televiziyasında da ilk hərbi verilişin bünövrəsini qoyanlardan olmuşam. Hələ Müdafiə Nazirliyinin telestudiyasında xidmətdə olarkən mənə Lider televiziyası üçün hərbi proqramın yaradılmasında yardımçı, məsləhtçi olmaq təklif olundu. Bu işə məni “Əkinçi” yaradıcılıq Birliyinin rəhbəri Şakir Eminbəyli dəvət etdi və “Hərbi baza” adlandırdığımız bu proqramın ilk sayında Şakirin təkidi ilə efirə çıxdım. Bu isə Müdafiə Nazirliyi tərəfindən birmənalı qarşılanmadığı üçün öz yerimə jurnalist axtarmağa başladım. Həmin vaxt bu sahə barəsində məlumatlı olan bir nəfər tapa bilmədik. Amma biz AzTV-də, Lider televiziyasında da ilk addımlar atandan sonra yağışdan çıxan göbələk kimi “hərbi telejurnalistlər” o qədər çoxaldılar ki, ağına-bozuna baxmadan proqram hazırlamağa cəhd göstərdilər.

 

Hərbi veriliş hərbi qurum kimi dəqiq, səlist olmalıdı. Ruslar ağılsız deyillər ki, hərbi proqramları, qəzetləri, verlişləri hərbi strukturların içində yaradırlar. Rusiyada ümumiyyətlə, təsadüfi halda bu sahəyə girişənlər yoxdu. Azərbaycanda isə əksər agentliklərdə hərbi ilə bağlı olan məlumatlar 1984-cü ildə Yardımlının “Yenikənd” qəzetində çıxan üzümçülüklə bağlı xəbərlərindən heç nə ilə fərqlənmir. Hərbidən yazan jurnalistlərin əksəriyyəti yaydıqları məlumatların arxasında nə dayandığını görmürlər. Elə xəbər yaymaq olar ki, jurnalist özü məhşurlaşar, amma bununla ölkə çökə bilər.

 

     “...adi bir xəbər belə ölkənin müdafiə qüdrətinə təsir edə bilər”–   Hərbi jurnalistika həm də düşmənə yönəlmiş ideoloji silahdı və sizcə, Azərbaycanda bu silah hədəfə doğru düzgün istiqamətləndirilə bilibmi?

 

–   Həqiqətən də hərbi jurnalistikanın maarifləndirici tərəflərindən çox ideoloji hücum, həmlə xarakteri var. Eyni zamanda, hərbi jurnalistika ordunun və eləcə də cəmiyyətin informasiya dəstəyi funksiyasını yerinə yetirir. Müharibə dövrləri üçün hərbi informasiyanın əhəmiyyətini, yəqin ki, peşəkar hərbçilər yaxşı bilər. Misal üçün, 1992-ci ildə Şuşa şəhəri işğal olunanda Azərbaycan Televiziyası müxtəlif mənbələrə istinadən fərqli, ziddiyyətli məlumatlar yayırdı. Fikrimcə, Şuşanın işğal olunmasında həmin informasiyaların mənfi tərəfə böyük rolu oldu. Bu məlumatlar insanlarda çaşqınlıq yaratdı.

 

    –   Situasiyadan asılı olaraq jurnalist hərbçi olmalıdı, yoxsa hərbçi jurnalist?

 

–   Mən onun da tərəfdarı deyiləm ki, jurnalist hökmən hərbini, silah-sursatdan istifadə qaydalarını mükəmməl bilməlidir. Hərbini bilən böyük sərkərdələr var ki, onlar da  heç vaxt jurnalist ola bilməzlər.  Hərbi jurnalistika iki sənətin sintezindən yaranıb və burada daha çox jurnalist məharəti əsas rol oynayır və mən bunu sovet dönəmində işlədiyim “Dalnevostoçnıy çasovoy” qəzetində işlədiyim vaxtda da görmüşəm. Yaradıcı insanın hərbiyə münasibəti fərqlidi. Hərbi jurnalistika ilə məşğul olanlar ancaq xəbər dilində, sensasiya, qonarar, şöhrət  xatirinə işləməməlidir. Jurnalistikanın spesifikası itib gedir. İndi hamı xəbər yazmaq uğrunda yarışa girib sanki. Hanı reportaj, feleyton, pamflet və digər janrlar? Yoxdu…

 

Hərbçi jurnalist ilk növbədə jurnalist olmalıdı, sonra sahəsi üzrə istiqamətlənməlidi. Hərbi sirr nədi onu bilməlidi, hansı xəbəri yazmaq olar, ya olmaz bunu bilməlidi.

 

    –  Ümumiyyətlə, hərbi ilə bağlı bütün məlumatlar özündə hərbi sirr daşıyır?

 

–  Xeyr. Texnologiyaların inkişaf etdiyi bir zamanda sirr qalacaq heç nə yoxdu.

 

    –  Qarabağ müharibəsindən bəhs edən müəyyən kadrlar var hansı ki onların efirə veriməsi birmənalı qarşılanmır. Sizcə, bu cür çəkilişlərin müharibə gedən zaman efirə verilməsi düzgündürmü?

 

–  Ümumiyyətlə, müharibə haqqında yazıdan çox vizuallıq böyük əhəmiyyət kəsb edir. Jurnalistdən çox, kadr danışır. Tanınmış operator Seyidağa Mövsümlünün Qarabağda çəkdiyi elə kadrlar var ki, jurnalistin günlərlə deyə biləcəyini bir baxışla çatdırır. Belə kadrlar müharibəni çəkən çox adamda var, amma çoxlarında kadra yanaşma istedadı yoxdu. Müharibə haqqında sözü kadrlar deyir. Bundan əlavə, kadra savadlı şəkildə yanaşmaq lazımdı. Qardaş Türkiyədən olan jurnalist İrfan Sapmaz qədər Qarabağ müharibəsindən məlumatlı, zəngin arxivi olan ikinci bir xarici müxbir yoxdur. Təəssüf ki, onun çəkdikləri arxivə dönüb və hazırda o kadrlardan əlimizdə olan yoxdur.

 

Müharibə gedən zaman, elə atəşkəs dövrü olsa belə indi hər şeyi efirə vermək olmaz və bunu anlamaq lazımdır. Müəyyən kadrların efirə verilməsi düşmənin dəyirmanına su tökməkdir.

 

    –  Son vaxtlar ermənilərin azərbaycanlı əsirlərlə bağlı yaydıqları videolarda ermənilərin özlərini humanist kimi təqdim etmələri Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi?

 

–  Belə videoları yaymaq növbəti erməni hiyləgərliyindən, ikiüzlülüyündən başqa bir şey deyil.

 

     –  Qeyd edim ki, rəsmi məlumatlara görə həmin əsirlərin çəkilişdən sonra öldürüldüyü bildirilir…

 

–  Bir məqamı unutmaq lazım deyil ki, erməni heç vaxt əsir götürdüyü türkü sağ-salamat buraxmır. Odur ki, “humanist” notlara yüklənmiş videolara baxıb erməniyə olan münasibət qətiyyən dəyişilməməlidir.

 

     –  Əsgərlər arasında mütəmadi olan biri kimi Azərbaycan əsgərini necə xarakterizə edərdiniz?“...adi bir xəbər belə ölkənin müdafiə qüdrətinə təsir edə bilər”

 

–  Mən əsgərlərin hamısını müqəddəs sayıram. Amma unutmayaq ki, onların da hər biri yaşadığımız cəmiyyətin bir üzvüdür və yaxşı adamlarsız kimi, pis adamlarsız da cəmiyyət yaşaya bilməz. O cümlədən əsgərlərin də içində yaxşısı, pisi, sözötürəni, qorxağı, yalançısı, sözəbaxmayanı var. Ləyaqətli əsgər obrazlarımız az deyil. Ən böyük qəhrəmanlıq nümunəsi göstərən, ləyaqəti, dəyanəti ilə əsgər adını şərəfləndirən Mübariz İbrahimovu xatırlamaq yetər. Mənə görə qəhrəman əsgər 1992-ci ildə bayrağı ermənilərə verməyən Natiq Qasımov kimiləridi. Bu barədə məlumat 1992-ci ildə Moskvadakı “Oqonyok” jurnalında çıxıb, şəkili də var idi, İki nəfər saqqalı erməni qolundan tutub aparırlar, amma bayrağı əlindən yerə qoymur. O şəkil mənə çox pis təsir etmişdi. Mən bu barədə çox müraciətlər etdim ki, bu hadisənin şahidi olan jurnalisti tapaq, heç kim kömək etmədi. Bu barədə düzdü sujet hazırladım, amma o şəkli çəkəni və müxbiri tapa bilmədim

 

     – Bu faktdan çıxış edərək demək olarmı ki, əcnəbi jurnalistlərin Qarabağ müharibəsini işıqlandırması bizim xeyirimizə işləyirdi?

 

– Birinci Qarabağ savaşı zamanı daha çox rusiyalı jurnalistlərin müharibəni işıqlandırmaq imkanı var idi və bu lazım idi. Kənardan baxış həmişə daha maraqlı və daha səmimi qəbul olunan olub. Lazım idi ki, biz vaxtında xarici kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edək. Məsələn, Vahid Mustafayev o vaxt RTR telekanalında “VİD” Yaradıcılıq Birliyi ilə əlaqələr qurmuşdu və Qarabağla bağlı həqiqətləri bu kanalın vasitəsilə verilirdi. Eləcə də digər beynəlxalq televiziyalarla əlaqələr haqqımızda səhih məlumat və faktların yayılması üçün həmişə xeyrimizə olub və olacaq.

 

     –  Etiraf edək ki, Qarabağ mövzusu kütləvi informasiya vasitələrində geniş oxucu, tamaşaçı auditoriyası olan mövzu deyil. Bu mövzunu sevdirmək üçün nə etmək lazımdı?

 

–          Sözün düzü, mən də yollarını axtarıram. Maraq yaratmağın kökü məsələyə peşəkarcasına yanaşmadan keçir. Təəssüf ki, o atmosfer, o mühit yoxdu. Kimdi hərbi jurnalistimiz? Yoxdu, çünki həmin atmosfer yoxdu… Ümumiyyətlə, hərbi vətənpərvərlik tərbiyəsi işinə təkan vermək barəsində heç kəs düşünmək istəmir. Mənim ANS-dəki 3 illik fəaliyyətimi hələki Dövlət Sərhəd Xidmətinin rəhbərliyindən başqa heç kim dəyərləndirməyib.

 

     –  AzTV-dəki “And”proqramı ilə ANS-in “Marş”ı arasında hansı fərq var?

 

–  “And” proqramı laqeydliyin qurbanı oldu. Müstəqil Azərbaycanın ilk hərbi vətənpərvərlik mövzusunda olan verilişi laqeydlik üzündən bağlandı. Ən azı əslən qarabağlı olan Arif Alışanov bu verilişi bağlamalı deyildi. Bu verilşin bağlanması ilə informasiya cəbhəmizdə boşluq yarandı, Müdafiə Nazirliyində böyük zəhmət hesabına yaradılan bir mexanizm, hərbi telestudiya iflic hala salındı… Baxmayaraq ki, hegemon dövlətlərdən olan Rusiyada hərbi proqram ORT-nin sifarişi ilə hərbi TV tərəfindən hazırlanır. Digər ölkələrdə də bu təcrübə var. Amma bizim AzTV heç bi əsas, alternativ təklif irəli sürmədən Müdafiə Nazirliyinin telestudiyası tərəfindən hazırlanan “And” proqramını bağladı. Mən də 3 il əvvəl ehtiyata buraxıldıqdan sonra o boşluğu yeni formatdakı “Marş” verilişi ilə doldurmağa çalışıram hələ ki…

 

Hərbinin, ordunun ciddi strukturu olduğu kimi, hərbidən danışan hər hansı verilişin də səlis quruluşu olmalıdı və mən bu mənada “Marş” verilişinin strukturunu yaratdım. Çalışıram ki, yeni formatda hazırlanan “Marş” proqramı təkcə hərbçilər üçün maraqlı olmasın, eyni zamanda digər sahənin insanlarının marağını da nəzərə alırıq.

 

     –  Fəaliyyətinizin övladlarınıza təsiri varmı və Rahib Qəribin davamçısı olmaq istəyirlərmi?

 

– Təsiri var, amma tərəfdarı deyiləm ki, övladım mənim davamçım olsun. Bu, bizim cəmiyətimizdə hərbi jurnlistikanın vəziyyətindən xəbər verir. Bəlkə də bunu fəaliyyətimə layiqincə verilməyən qiymətdən dolayı belə deyirəm. Amma bilirəm ki, Vətən üçün təmənnasız çalışmaq vərdişi artıq onlara da keçib.

 

Naibə Qurbanova

 

“KarabakhİNFO.com”

15.08.2013 17:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*