Azərbaycanca

Adını gözləyən naməlum əsgər məzarları

20.12.2013 | 11:45

1387525310_img10797Nə adın bilinir, nə də soyadın,
Nə kəndin, şəhərin, nə ömür yolun,
Təkcə ürəklərdə qalacaq adın,
Ey, azad yurdumun qəhrəman oğlu!

Elə ucaldın ki, bəşəriyyətə,
Sənə qibtə edir göydə mələklər!
Sən canlı heykəlsən əbədiyyətə!
Yaşa, ey, soydaşım, naməlum əsgər!

Eldar

 

Müharibənin ən ağır faciəsi özündən sonra qoyub getdiyi öldürülən və itkin düşən insanlardır. Bundan da pisi bu öldürülənlərin naməlum məzarlarda dəfn edilməsidir. Digər ağrıdıcı məqam isə naməlum məzarlarda dəfn olunan şəhidlərin itkin kimi qalmasıdır. Çox təəssüf ki, Qarabağ müharibəsi illərində bizdə də bu dəhşət yaşanıb. Bəzən aydınlatma aparılmadan vətən yolunda şəhid olan əsgərlərimiz “Naməlum” adla dəfn ediliblər. Bu gün Ağcabədi, Füzuli, Beyləqan, Ağdam, Tərtər və digər cəbhə rayonlarındakı qəbiristanlıqlarda, eləcə də Bakıdakı Şəhidlər Xiyabanında belə saysız şəhid məzarları var. Bu da başqa bir yazının mövzusudur ki, bəzən naməlum şəhid məzarları baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üzləşirlər. Bu şəhidlər müharibənin şiddətli və qızığın vaxtlarında dəfn olunublar. Bütün hallarda belə naməlumluq, şəhid ruhuna hörmətsizlikdir. Necə olur ki, kimsə əsgərliyə çağırılır və ya könüllü gedib müharibədə döyüşərkən şəhid olur. Amma onu “Naməlum” adla dəfn edirlər. Yəni onların vətən uğrunda şəhid olması məlum ola-ola, naməlum məzarda uyuması bizlərə bağışlanası deyil. Bunun səbəbi təkcə müharibənin dəhşəti deyil, eyni zamanda həmin dövrlərdə hərbi komandanlığın laqeydliyi və məsuliyyətsizliyidir.

 

 

Əsgər meyitlərinə qarşı səhlənkarlıq və etinasızlığın yaranmasına, görünür müharibə zamanı bu kimi məsələlərlə bağlı ölkədə qanunvericiliyin olmaması da təsir edib. Hazırda şəhid əsgərlərin də məzarlarının qeydiyyatı və qorunması qanunla tənzimlənir. 1997-ci il ildə Azərbaycanda “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanun qəbul edilib. Bu qanun vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi, naməlum əsgər məzarlarının, əsgər cənazələrinin tapılması, onların şəxsiyyətinin müəyyən edilməsi üçün axtarış işlərinin aparılması qaydalarını müəyyən edir. Qanuna görə, əsgər məzarları dövlət qeydiyyatına alınır. Hazırda Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən respublika üzrə 158  naməlum məzar qeydiyyata alınıb. Lakin Dövlət Komissiyasının katibi Şahin Sayılov  KİV-ə müsahibəsində deyib ki, bu, dəyişən rəqəmdir: “İşğal olunmuş ərazilər üzrə məzar yerləri dəqiqləşəndə, bu say daha da artacaq. Döyüş əməliyyatları işğal olunmuş ərazilərdə getdiyindən həmin yerlərdə naməlum məzarların sayı daha çoxdur. Üstəlik, proqram tam işləyəndə Ermənistan ərazisində ermənilərin açacağı məzarlar, eyni zamanda bizim burada göstərəcəyimiz erməni qəbirləri var. Rəqəmlər təbii ki, artacaq”.

 

Adını gözləyən naməlum əsgər məzarlarıXatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında 2008-ci ilin aprelində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişi imzalanıb. Sazişin əsas məqsədi işğal nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadədən ibarətdir. Bu sazişə Ermənistan da imza atıb. Ş. Sayılov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində naməlum məzarların açılmasına ermənilərin hər hansı maneə yaratmayacağını bildirib: “Bu proqram hər iki tərəfin qarşılıqlı olaraq naməlum məzarları açmasına razılıq verdiyinin göstəricidir. Yəni bu layihə Azərbaycanla paralel olaraq Ermənistanda da keçiriləcək. Ermənistanda və bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində isə naməlum məzar yerlərinin axtarışı və qeydiyyata götürülməsi işinin aparılması barədə Komissiyaya heç bir məlumat daxil olmayıb. Əlbəttə ki, bu işin işğal olunmuş ərazilərdə aparılması daha vacibdir. Hələlik münaqişədə status-kvonun mövcudluğu bizə həmin ərazilərdə iş aparmağa imkan vermir”.

 

Ş. Sayılov deyib ki, bundan əvvəl itkin düşən şəxslərin ailələrindən ağız suyu (buqqal) və ya qan nümunələrinin toplanmasına başlanacaq: “Ağız suyu nümunələrinin dəqiqliyi qan nümunələrinin dəqiqliyi qədərdir. Lakin bu nümunələrin götürülməsi daha rahat başa gəlir. Qanın saxlanmağı bir az problemlər yaradır. BQXK-nın təklifi oldu ki, ağız suyu nümunələri üzərində eksperiment aparmağa başlayaq. Dövlət Komissiyası bu analizlərin aparılmasına razılıq verib. Yaxın vaxtlarda itkin düşən şəxslərin ailə üzvlərindən bu nümunələrin toplanmasına başlanacaq”.

 

Onun sözlərinə görə, Dağlıq Qarabağın işğalının nəticəsində 4000 nəfərdən çox azərbaycanlı itkin düşüb: “Həmin şəxslərin ailə üzvlərindən nümunələr götürülməmiş qəbirlərin açılması məqsədəuyğun deyil. Respublika üzrə naməlum qəbirlərin, döyüş zonalarında basdırılan qəbirlərinin şəkilləri çəkilib. Onların dəfnində iştirak edən şəxslərlə danışıqlar və dəqiqləşdirmələr aparılıb. Qəbirlər açılandan sonra analizlərin nəticələrinin müqayisə edilməsi üçün ailə üzvlərindən götürüləcək nümunələr əvvəlcədən hazır olmalı, analizləri  aparmaq üçün həkimlər hazırlanmalıdır”.

 

Nəzərə çatdıraq ki, bu məsələ ilə bağlı 2011-ci ilin aprel ayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Prezident bununla əlaqədar Nazirlər Kabinetinə göstəriş verib və məsələnin icrası Səhiyyə Nazirliyinə tapşırılıb. Qan və ağız suyu nümunələrinin toplanması üçün mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılacağı planlaşdırılır.

 

Adını gözləyən naməlum əsgər məzarlarıNaməlum məzarların açılıb məlumlaşdırılması vacib amildir. Çünki bu gün oğlu müharibədə itkin düşüb deyə hansısa ananın gözü yoldadır. Kim bilir, bəlkə də bu itkinlərdən hansısa haradasa naməlum məzarda dəfn olunub.

 

Qəribədir ki, naməlum məzarlar itkin siyahısındadır. O da qəribədir ki, itkin düşənlərə müəyyən müddət keçəndən sonra şəhid statusu verilir. Şəhid anası ilə itkin anasının oxşar faciəsi odur ki, hər ikisi oğul itirib. Amma onların fərqli faciəsi odur ki, birincinin oğlunun məzarı var, ikincinin isə heç bir tutacağı yoxdur. Şəhid anası heç olmasa gedib oğlunun məzarı üstə ağlayıb ürəyini boşaldır. İtkin anası isə heç bunu da edə bilmir. Burada yeri gəldi deyə bildirirəm. Qarabağ müharibəsi bizim də ailəyə öz yarasını vurub. Müharibədə iştirak edən dayım, gizir İlham Aslan oğlu İsmayılovun adı 1993-cü ilin 23 iyulundan sorağı bilinməyən igidlərin sırasına düşüb.

 

Sara nənəm hər Şəhidlər Xiyabanına gedəndə bilmir harada, kimin məzarı üstə ağlasın. 20 illik oğul nisgili, övlad itkisi dərdindən qəlbi göynəyən nənəm baxır ki, hansı məzar üstə ağlayan varsa, gedib ona qoşulub ağlayır. Kim bilir, bəlkə də bütün itkin anaları şəhid analarına oğularının məzarı var deyə qibtə edirlər. İtkinlərə həsr olunan xatirə abidəsinin ucaldılması bəlkə də bu acıyla yaşayan anaların yarasına məlhəm olar.

 

 

Fuad Hüseynzadə

 

“KarbakhİNFO.com”

 

20.12.2013 11:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*