Azərbaycanca

“Ağac dartıldıqca əsgərin dərisi başına doğru soyulurdu”

08.01.2013 | 14:45

1357641884_mg_0361Müharibə təkcə itirilənlərlə yadda qalmır. Müharibədən sonra yaranan nəsnələr də olur. Elə döyüşçü rəssam Bayram Əlioğlunun yaratdığı əsərlər kimi. Onun yaradıcılığının ana xəttini şahidi olduğu müharibə gerçəklikləri təşkil edir. Rəssamla olan söhbətimiz də elə bu mövzuda oldu. Qarabağ müharibəsi döyüşçüsü, hazırda isə Rəssamlıq Akademiyasında çalışan, rəssam Bayram Əlioğlu üçün gördüyü müharibə dəhşətlərini tablolara həkk etmək peşəkar olaraq asan olsa da, hadisələrin şahidi kimi o günlərə qayıtmaq çətindir.  

 

–  Rəssamlığa maraq hardan yarandı? Bu uşaqlıq arzusu idi, yoxsa müharibə illərində gördükləriniz sizi buna sövq etdi?  

 

–  Mən rəssamlığa hələ uşaq yaşlarımdan meyl göstərmişəm. Valideynlərim də məni bu sənətə yönəltdilər və dəstək oldular. Bu sənətə olan marağım məni Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə gətirdi. Sonra da elə oldu ki, müharibə başladı və 1991-ci ildə könüllü döyüşçü dəstələrinə qoşuldum və o vaxtdan müharibədə gördüklərimi çəkməyə başladım və şahidi olduqlarım artıq mənim üçün bir bazaya çevrilmişdi. 1996-cı ildə müharibədən tərxis olunduqdan sonra isə Dövlət Rəssamlıq Akademiyasının boyakarlıq fakultəsinə daxil oldum. Hər rəssamın yönəldiyi bir sahə var və mən də gördüyüm döyüş səhnələrini canlandırmağa üstünlük verdim.  

 

 

1357719457_1_bayram2-Belə deyirlər ki, Çaldıran döyüşündə yaralanan Şah İsmayıl Xətai belə deyib:  “məni ağrıdan bu yara yox, top-tüfəngə tuş olan torpağımdı”. Yəqin ki, gözünüz önündə talanan torpağımızın, mərmilərin xaraba qoyduğu yurdumuzun aqibəti yaradıcılığınıza təsirsiz ötüşmədi?  

 

–  Təsəvvür edin ki, həyətində böyüdüyün,  iz qoyduğun evi, bağ-bağatı kimsə gəlib yağmalayır, aparır, amma sənin nəsə etməyə heç cür gücün çatmır. Gözümüzün qarşısında evlər od tutub yanırdı, rabitələrdə qız-gəlinlərin ah-naləsi gəlirdi, ermənilər də acıq verirdi. İnsanın bu anda hansı hisslər yaşadığını təsəvvür etmək belə dözülməzdir.  

 

–  Müharibənin hər anı ölüm deməkdir.Yəqin sizin də ölümlə üz-üz qaldığınız anlar olub?  

 

–  Döyüşdüyüm vaxtlarda belə hadisələr çox olub. Döyüş yoldaşlarımı itirmişəm, mühasirəyə düşmüşəm, özümü öldürmək həddinə də çatmışam, amma sağ olsun döyüş yoldaşlarım məni bu ağrı-acılardan qurtarıb. Bir dəfə bizi təcili olaraq Ağcabədinin Yuxarı Qiyaməddinli kəndinə göndərdilər və həmin vaxt kənd ermənilərin əlinə keçmişdi. Bizi ora köməyə aparmışdılar, kənddə nabələd idik. Komandir dedi ki, Kraus, (məni Kraus deyə çağırırdılar B.Ə.) darıxma, hər şey yaxşı olacaq. Elə bu vaxt gördük ki, 3 tank gəlib dərənin dibində dayandı. Beləcə axşama qədər 12 hərbi texnika gəldi. Komandir dedi ki, səhər saat 5-in yarısına hazır olun hücum başlayacaq, hamı bir nəfər kimi döyüşəcəyik. Ağacın dibində uzanıb yatmışdım, yuxuda gördüm ki, mənim dil-ədəbiyyat müəllim qara maşınla gəlib ki, məni aparsın, amma sonradan nə fikirləşdisə dedi , “sən atana hələ lazım olacaqsan, səni aparmıram”. Yuxudan ayıldım və bir qədər sonra döyüş başladı. Ağdamın Mərzili kəndinə girə bilməsək də, Yusifcanlı və Novruzlu kəndini azad edə bildik. O vaxt 17 nəfər döyüşçümüz şəhid oldu. Geri qayıdandan sonra isə komandir mənə dedi ki, indi evə qayıda bilərsən, amma qayıdanda bir şəkil də çəkdir. Dedim şəkil nə üçündür?  Dedi baş daşı üçün… O vaxt biz ölümün gözünün içinə bax bu cür dik baxırdıq. Diriykən baş daşı üçün şəkil çəkdirirdik.

 

–  Müharibə görmüş bir döyüşçü kimi necə hesab edirsiniz, müharibə olarsa, sizcə biz də ermənilərə qarşı eynilə onların etdikləri işgəncələri təkrarlamalıyıq?  

 

–  Hə bir insanın özünəməxsus davranış qaydası var. Amma döyüşün qayda-qanununu əsgər özü yazır. Əgər mənim döyüş yoldaşımı ermənilər işgəncə ilə öldürübsə, onlara qarşı necə yaxşı davranmaq olar. Məncə, düşmənlə düşmən kimi davranmaq lazımdır.

 

–  Elə bil döyüş səhnəsi olubmu ki, siz onu rənglərin dili ilə çatdırmaq istəyirsiniz, amma bacarmırsınız?  

 

–  Olub. Mərmilərin səsindən atın balası anasının qucağına qısılmışdı, həmin vaxt isə atın gözündən yaş gəlirdi. Heyvanların müharibəyə reaksiyasını görmüşəm ki, bunu hər hansı vasitəylə çatdırmaq olmur.   –  Məncə, bizim mənsub olduğumuz mənəvi dəyərlər ki, var onlar imkan vermir ki, ermənilərlə onlarsayağı davranaq.

 

Siz necə düşünürsüz?  

 

–  Peyğəmbərimiz də buyurur ki, əsirlərlə əsir kimi davranın. Yeyib-içdiyinizdən, geyindiyinizdən onlara da verin. Mən şahidi olduğum bir hadisə olub. Bir erməni qadını əsir düşmüşdü. Hamilə idi. Bizimkilər onu sərhəddən yola saldılar erməni tərəfə və dedilər ki, get, heç olmasa denən ki, azərbaycanlılar mənə heç bir işgəncə vermədi. Amma onlar görün Xocalıda nələr etdilər. Neçə-neçə qız gəlinlərimizin başına olmazın oyunlar gətirdilər. Mənim bir döyüş yoldaşım gördüyü erməni vəhşiliyindən az qala dəlilik həddinə çatmışdı. O gördüyünü belə danışırdı: Ermənilər rabitədə deyib ki, biz çıxıb gedirik, amma sizə bir sürpriz qoyub gedirik. Sürprizin mina, qranat olduğunu güman edirdik. Amma əraziyə yaxınlaşanda inilti eşitdik. Gördük ki, ermənilər bizim əsgərimizi əlindən, qolundan qaraağacın gövdəsinə bağlayıb, ağacın budağını əsgərin başının üstündən əyib, boğazının altından çənəsinə kimi ətini kəsib ağacın budağına bağlayıblar. Qaraağac elastik olduğuna görə, dartıldıqca əsgərin dərisi başına doğru soyulurdu. Bizimkilər əzabdan qurtarmaq üçün həmin an əsgərimizi güllələmişdilər. Təsəvvür edin ki, ermənilər bizi bu həddə qədər çatdırıblar. Ümumiyyətlə, Qarabağ müharibəsində böyük dostlarımızı itirdik. Amma yaxşı dostlar da qazandım, indi onların demək olar ki, hamısı ilə mütəmadi əlaqələrimiz olur.

 

–  Hazırda üzərində işlədiyiniz əsər varmı və o da Qarabağ mövzusundadır?  

 

–  Bəli. Əslində mən bu əsəri bir dəfə işləmişəm, amma yenə də həmin mövzuya qayıtdım. Əsərin adı “Murova gedən yol”-du və bədii mövzuda bir əsər olacaq.

 

 

 

 

Söhrab İsmayıl

Naibə Qurbanova  

“KarabakhINFO.com “

08.01.2013 14:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*